“MƏN BU MƏNƏVİYYAT DÖYÜŞÜNDƏ İLHAM ƏLİYEVƏ QALİB GƏLDİM”

Kəmalə Bənənyarlı: “İşgəncə ilə məndən Əli Kərimli haqqında yalan ifadə almaq istəyirdilər”

“Erməni əsir qadına qarşı belə, bu cür davranış göstərilməzdi”

“İlham Əliyevin bu gün tapdaladığı qanunlar sabah onun özünü tapdalayacaq”

Həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən, mayın 6-da Bakıda keçirilən etiraz aksiyasında saxlanılmış və mayın 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası almış AXCP üzvü Kəmalə Bənənyarlı bu gün azadlığa çıxıb. Cəzasını Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində çəkən Kəmalə Bənənyarlı saat 15.00-da azadlığa buraxılmalı idi. Amma onu əvvəlcədən elan olunan vaxtda deyil, bir qədər tez azad ediblər. Görünür, məqsəd ictimaiyyətin diqqətində olan olayın əhəmiyyətini azaltmaq, daha böyük səs-küyün qarşısını almaq istəyiblər. Kəmalə Bənənyarlının saxlanılan zaman polis bölməsində işgəncələrə məruz qaldığı barədə onun vəkili Əsabəli Mustafayev məlumat vermişdi. Amma baş verənlər barədə Kəmalə xanımın özündən də eşitmək maraqlı olardı. Onunla müsahibəmizə həbs olunduqdan sonra baş gələnlər barədə soruşmaqla başladıq. Kəmalə xanım əvvəlcə həbsdə olarkən ona dəstək olan şəxslərə təşəkkür etdi:

– Fürsətdən istifadə edərək, «Azadlıq» qəzetinin bütün əməkdaşlarına, media mənsublarına təşəkkürümü bildirirəm. AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli başda olmaqla mənim müdafiəmi təşkil edən bütün insanlara minətdaram. Dəyərli vəkilim Əsabəli Mustafayevə, hüquq müdafiəçisi Elçin Behbudova “sağ olun” deyirəm.

Həbsim iki məqsədə hesablanmışdı. Əsas məqsəd AXCP sədri Əli Kərimlinin ətrafında olan insanlara təzyiq etmək idi. İşgəncə ilə məndən Əli Kərimli haqqında yalan ifadə almaq istəyirdilər. Təbii ki, mən bunu etmədim. Başqa bir məqsəd Azərbaycan qadınının gözünü qorxutmaq idi. Məndən istənilən ifadələri ala bilmədiklərinə görə işgəncəyə məruz qaldım, təhqir olundum. Məhkəmə prosesi də çoxsaylı pozuntularla keçirildi. Qərarda mənə verilən həbsin müddəti 20 gün yazılsa da, 30 gün azadlıqdan məhrum edildim. Hakim öncə 20 günlük qərarı oxuyandan sonra 40 dəqiqə müşavirə otağından qayıtmadı. Mşüavirə otağından hakimin gec gəlməsinə reaksiya verərək, dedim ki, hələ mənimlə bağlı qərarı almamısınız?. Həmin bir cümlə sözə görə cəzama daha 10 gün əlavə olundu.
İzləri itirmək üçün 30 sutka

– Sizi müdafiə edənlər 30 gün həbs cəzası almağınızı belə izah etdilər ki, polisdə sizə yetirilən xəsarətlərin izlərinin itməsini istəyiblər…

– Bu da istisna edilmir. Çünki işgəncənin nəticəsi olaraq mənim başımda şiş əmələ gəlmişdi. Fiziki zorakılıqdan sonra ayıldığım zaman ağzımın yanları demək olar ki, cırılmışdı. Dodaqlarım da yara idi. Otaqda məndən alınan ifadəni qeydə almaq üçün kamera quraşdırılmışdı. Amma mən danışmamaq üçün var gücümlə dodaqlarımı dişləmişdim. Dönə-dönə işgəncə tətbiq edərək Əli Kərimli əleyhinə ifadə almaq istəyirdilər. Deyirdilər, kamera qarşısında bəyan etməlisən ki, Əli Kərimli sənə aksiyalarda iştirak etmək üçün hər ay 400-500 manat pul verir, Əli Kərimli də bu pulu Amerika və Fransadan alır. Mən isə susurdum. Danışmadığıma görə mənə təzyiq edidilər. Qolumu burmuşdular. Hazırda da həmin qolumu hərəkət etdirə bilmirəm.

“Üç nəfər iki saatdan çox mənə işgəncə verdi”

– Həbs olunduqdan sonra polis bölməsində nələr baş verdi? Sizə işgəncə verənlər kimlər idi?

– Aksiyada həbs olunandan sonra bizi Nəsimi rayonunun polis bölmələrindən birinə apardılar. Oradan da Nəsimi Rayon Polis İdarəsinə. Məni hansısa şöbə rəisinin otağına saldılar. Otağa girərkən qapının üzərindəki ad və soyadı oxusam da, aldığım zərbələrdən hazırda onları xatırlaya bilmirəm. Otaqda üç nəfər var idi. Otağa daxil olarkən adını bilmədiyim, mülki geyimdə olan şəxs məni təhqir etdi. İnanmıram ki, erməni əsir qadına qarşı belə, bu cür davranış göstərilərdi. Mülki geyimli şəxs məni ağır formada təhqir etdi və soruşdu ki, bundan sonra da aksiyalarda iştirak edəcəyəmmi? Mən də dedim ki, nə qədər ölkədə haqq-ədalət bərqərar olmayıb, aksiyalara qatılacam. Bu şəxs məni yenə təhqir etməyə başladı və üzümə tüpürdü. Bu zaman mən özümü saxlaya bilməyib onun üzünə tüpürdüm və təhqirlərinin həyat yoldaşına aid olduğunu dedim. Daha sonra həmin şəxs yerindən duraraq mənim boynumun arxasından yumruqla vurdu. Hiss edəndə ki, bu şəxs ikinci dəfə məni vurmağa hazırlaşır, otağın küncünə çəkildim. Özümü qorumaq üçün əllərimi önə sipər etdim. Bu zaman şöbə rəisinin müavini Nadir Aslanovun ayağa qalxdığını gördüm. Düşündüm ki, Nadir Aslanov məni müdafiə etməyə hazrlaşır. Amma o, mənim əllərimdən tutdu və döyülməyimə imkan yaratdı. Məni döyə-döyə deyirdilər ki, indi boynuna alarsan pulları kimdən alırdın. İki-üç zərbəyə dözsəm də, daha sonra özümü saxlaya bilmədim. Qolumu kəskin formada bururdular ki, protokola imza atım. Dəfələrlə huşumu itirsəm də, dərmanla məni ayıldırdılar. Sakitləşdirici kimi verdikləri dərmandan isə imtina edirdim. Çünki bu cür rəftardan sonra nə gözləyəcəyimi bilmirdim. Daha sonra məni başqa otağa apardılar. Həmin otaqda da mənə işgəncə verdilər. Məni yenə təhqir edir və deyirdilər ki, Leyla Yunus kimi vətən xainisən. Dəfələrlə pəncərəyə yaxın getmək istədim ki, kimisə köməyə çağırım. Hiss edirdim ki, əqidə dostlarım yaxınlıqdadır. Amma buna imkan vermədilər. İşgəncə zamanı Allaha yalvarırdım ki, mənə dözüm versin, dostlarımın yanında üzüqara olmayım.

– Sizə işgəncə verilməsi nə qədər davam etdi?

– İki saatdan çox. Daha sonra məni həmin axşam cəza kamerasına saldılar və Nadir Aslanov tapşırdı ki, mənə yemək verməsinlər.
«Bu bir mənəviyyat döyüşü idi»

– Sizə yalnız zor tətbiq etməklə ifadə almağa çalışırdılar, yoxsa müəyyən şirnikləndirici təkliflər də oldu?

– Yox, həbs olunduğum gün mənə yalnız zor tətbiq edildi. Şirnikləndirici təkliflər sonradan oldu. Təcridxanada olarkən Daxili İşlər Nazirliyindən təmsilçilər gəldi. Onlar məndən şikayət etməməyimi istəyirdilər. Amma hüquqi müstəvidə mübarizə davam edəcək. Mən onların vasitəsilə Ramil Usubova İlham Əliyevə çatdırması üçün bir neçə mesaj ünvanladım. Dedim ki, biz alınası və satılası insanlar deyilik, sənin məni almağa gücün, pulun yetməz.

– Təcridxanada sizinlə necə rəftar edirdilər?

– Təcridxanada rəftar normal idi.

– Yolunuzdan dönməyiniz üçün ailənizlə, şxəsi həyatınızla bağlı hədə-qorxu gəlindimi?

– Nəsimi Polis İdarəsində şəxsi həyatımla bağlı hədə-qorxu gəlinmişdi. Orada artıq mənə məlum oldu ki, bir vaxtlar sahib olduğum kiçik biznesin müflisləşdirilməsi də təsadüfi deyilmiş. Bunun bir repressiya olduğu dəqiqləşdi. Mənə bundan da pis vəziyyətə qalacağımı söylədilər. Mənə ölkədən getmək də təklif olunmuşdu. Ölkədən çıxmağımı da özləri təşkil edəcəkdi. Daha bir təklif AXCP daxilində qalaraq onlarla lazım olan məlumatları ötürməklə bağlı oldu. Məndən susmağımı dönə-dönə istəyirdilər. Çünki baş verənlərin bu qədər geniş vüsət alacağını gözləmirdilər. Mən heç nəyin qarşısında sınmayan insanam. Bunlar məni səhv saldılar. Elə düşündülər ki, qadındır, döyüldükdən sonra bunu ictimailəşdirməyəcək. Amma mən mübarizədə sona qədər varam. Bir daha YAP bununla əxlaqını göstərdi. Bu «Eurovision» yarışması deyildi ki, İlham Əliyev pul tökərək onu qazansın. Bu bir mənəviyyat döyüşü idi və bu mənəviyyat döyüşündə mən İlham Əliyevə qalib gəldim. İlham Əliyevin bu gün tapdaladığı qanunlar sabah onun özünü tapdalayacaq.

– Sizə verilən işgəncələrin nəticələri təcridxanaya daxil olan zaman qeydə alındımı?

– Başımda olan şiş qeydiyyata alınmışdı. Amma sonradan Elçin Behbudov mənim yanıma gələndə həmin qeydiyyat kağızı ortada yox idi.

– Səhhətinizdəki fəsadlarla bağlı həkim rəyi varmı?

– Başımda şişlə bağlı sonuncu dəfə müstəntiq yanıma gələn zaman ekspertizadan keçirildim. Amma artıq gec idi. Çünki başımdakı şişin izi itmişdi. Sol qolum isə işləmir. Stəkanı belə çətinliklə götürürəm. Bu fəsad protokola qol çəkməyim üçün sol qolumu buran zaman baş vermişdi.

«Bu cür rəftarı gözləmirdim»

– Kəmalə xanım, dediniz ki, bu cür cəzalandırılmağınız həm də başqalarına dərs verilməsi üçün idi. Sizcə, bu cür səylər bir nəticə verə bilərmi?

– Bu cür metodlar qətiyyən nəticə verə bilməz. Mən öz dostlarımın yanında alnı açığam.

– Qadına qarşı bu cür rəftarı gözləyirdinizmi?

– Qətiyyən. Amma bu addımlarından sonra mən artıq hakimiyyətdən hər şeyi gözləyirəm.

– Sizə qarşı törədilənlərlə bağlı planlarınız nədən ibarətdir? Hüquqi müstəvidə mübarizənizi davam etdərəcəksinizmi?

– Mən Azərbaycan məhkəmələrinə inanmıram. Amma istənilən halda biz bütün instansiyaları keçməliyik. Hüquqlarımın müdafiəsi üçün Avropa Məhkəməsinə şikayət edəcəyəm. Həbs müddətinin bitməsinə az qalmış, Ombudsman Aparatının müdaxiləsindən sonra müstəntiq yanımda oldu, işgəncə faktının araşdırılacağını söylədi.

~ tərəfindən Patriot 05/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin