ƏLİYEV AB SAMMİTİNƏ «ƏLİBOŞ» GEDİR

Əliyev AB sammitinə «əliboş» gedir

İyunun 27-də Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən Ukrayna, Gürcüstan, Moldova Avropa Birliyi ilə əməkdaşlıqlarını bir qədər də dərinləşdirəcəklər.

Bu dövlətlər AB ilə assosiasiya müqaviləsinə imza ataraq proqram üzrə öhdəliklərini tam yerinə yetirmiş sayılacaqlar. Artıq bu dövlətlər qarşısında AB-ya üzvlük perspektivi yaranır. Azərbaycanla bağlı isə tam fərqli bir mənzərədir. Belə ki, Azərbaydcan hələ Vilnüs sammiti ərəfəsində toplantıya qatılmaqla bağlı böyük tərəddüdlər yaşayırdı. Amma uzun sürən danışıqlar və nüfuzlu Qərb dövlətlərinin başçılarının çağrışlarından sonra Azərbaycan Vilnüs sammitinə dövlət başçısı səviyyəsində qatılaraq sadələşdirilmiş viza sisteminə keçidinə imza atdı. Bu addımdan sonra növbəti mərhələ azad ticarət layihəsinə imza atmaqdır. Amma bu sazişi imzalamaq üçün öncə ölkənin Ümumdünya Ticart Təşkilatına üzv olması vacib şərtdir. Azərbaycan isə bu təşkilata üzv olmağa tələsmir. Belə olan halda isə Azərbaycanın Avropa Birliyinin iyunun 27-də Brüsseldə keçiriləcək toplantısına qatılması sual altındadır. Çünki bundan əvvəlki öhdəliklərini yerinə yetirməyən Azərbaycanın bu görüşə qatılması heç bir məna kəsb etmir.

Gültəkin Hacıbəyli: «İyunun 27-də keçiriləcək toplantıda Azərbaycanın hər hansı ciddi addım atmasını gözləmirəm»

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, iyunun 27-də Brüsseldə keçiriləcək görüş tarixi önəm daşıyır. Həmin tarixdən etibarən Gürcüstan, Moldova və Ukraynanın AB üzvlüyünə ən real namizədlərə çevriləcəyini deyən G.Hacıbəyli vurğuladı ki, Fülenin sözügedən üç dövlətin AB-ya üzvlüyünə tərəfdar olması Brüsselin siyasətinin mahiyyətinə aydınlıq gətirir: «Təəssüflər olsun ki, Azərbaycan böyük bir prosesdən kənarda qalır. Bu isə onu göstərir ki, Azərbaycan dəyişən dünya düzənində öz yerini tutmağı bacarmır. Ona görə iyunun 27-də keçiriləcək toplantıda Azərbaycanın hər hansı ciddi addım atmasını gözləmirəm. Əgər Azərbaycanın belə bir niyyəti olsaydı, biz hazırda anti-Amerika, anti-Qərb ritorikasını müşahidə etməzdik. Rusiyanın Ukrayna məsələsində ciddi zərbə aldığı, Krıma görə dünyadan təcrid olunduğu halda Kremlə qarşı reveranslar Azərbaycanın Avropaya inteqrasiya kursunda addımlar atmaq niyyətində olmadığın göstərir».

Azərbaycanın AB ilə azad ticarət sazişini imzalaması üçün mühüm şərtlərdən birinin məhz ölkəmizin ÜTT-yə üzvlüklə bağlı olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan isə bu təşkilata üzvlüyə tələsmir: «Bu öhdəliklər gömrük, bank, sığorta sisteminin təkmilləşdirilməsini, şəffaflaşmasını, inhisarın aradan qalxmasını tələb edir. Bu öhdəliklərin yerinə yetirilməsi isə hakimiyyətin maraqlarına uyğun gəlmir. Çünki inhisarın aradan qaldırılması hakimiyyətdə təmsil olunan oliqarxlara milyardlarla itki hesabına başa gələ bilər: «Ümudünya Ticarət Təşkilatının verdiyi böyük imkanlardan hətta Ermənistan belə yararlanır. Amma Azərbaycan hakimiyyəti xalqımızı bu imkanlardan məhrum edir. Azərbaycan dövlətinin, xalqının ali maraqları Avropaya inteqrasiya kursundan keçir. Bu kursu biz seçməmişik. Bu kursu bizim ulu babalarımız seçib. Azərbaycan dövlətinin tərəqqisinin real təminatları yalnız Avropadadır».

Azərbaycanın hansı tərkibdə Brüsseldə keçiriləcək toplantıya qatılmasına gəlincə isə G.Hacıbəyli Azərbaycanın bu tədbirdə dövlət başçısı səviyyəsində təmsil olunacağına inanmır: «Hər hansı ciddi bir müqavilənin imzalanması nəzərdə tutulmayıbsa, Azərbaycanın dövlət başçısının bu tədbirə qatılacağına inanmıram. Cənubi Qafqaz ölkələrindən Gürcüstanın Avropa Birliyi ilə sıx təmasları bölgənin də siyasi mənzərəsinə təsir edəcək».

Qubad İbadoğlu: «Avropa Birlyindən Azərbaycanla bağlı bir gözlənti yoxdur»

İqtisadçı Qubad İbadoğlu isə bildirdi ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın qarşısında imzalamalı olduğu sənədlərlə bağlı konkret vaxt məhdudiyyəti qoyulmayıb. Q.İbadoğlunun fikrincə, hazırkı situasiyada Azərbaycanla bağlı ən yaxşı durum ölkənin Avrasiya İttifaqına qoşulmamasıdır: «Avropa Birlyindən Azərbaycanla bağlı bir gözlənti yoxdur. Amma düşünürəm ki, Azərbaycan bu toplantıya qatılacaq və bununla da nümayiş etdirəcək ki, o Avropa Birliyi ilə əməkdaşlığa marağını hələ itirməyib. Azərbaycan hazırda nə assosiasiya, nə də azad ticarət sazişini imzalamağa hazır deyil».

 

~ tərəfindən Patriot 31/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma