“ROSHEN” İMPERATORU UKRAYNANIN YENİ LİDERİ SEÇİLDİ

porosenko - roshen

Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Pyotr Poroşenko az əvvəl seçkilərdə qalib gəldiyini bəyan edib. O, həmçinin Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib (prezident seçkiləri ilə yanaşı Kiyev və başqa iri şəhərlərə mer seçkiləi də keçirilirdi və ilkin nəticələrə görə, Kiyevin meri uğrunda yarışı Vitali Kliçko qazanıb). Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib. Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq. Bəs ukraynanın yeni prezidenti kimdir? Pyotr Poroşenkonun tərcümeyi halından maraqlı məqamları diqqətinizə çatdırırıq.

Pyotr Poroşenkonun həyatından ən ilginc məqamlar

Ukraynanın keçmiş xarici işlər naziri və Mərkəzi Bankın keçmiş rəhbəri Pyotr Poroşenko 1965-ci ildə Odessa vilayətinin Bolqrad şəhərində anadan olub. Taras Şevçenko adına Kiyev Beynəlxalq Münasibətlər Universitetini və aspiranturanı bitirəndən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Şəxsi biznesinə kakao paxlasının satışı ilə başlayır. 90-cı illərdə bir neçə qənnadı müəssisəsi alır. Sonradan bu müəssisələrini Ukraynada ən böyük qənnadı istehsalçısına çevrilən “Roşen” qrupunda birləşdirir. Qənnadı sənayesi müəssisəsi ona böyük sərvət və “şokolad kralı” adını qazandırır. Deyilənlərə görə, şirkətin adını Poroşenkonun həyat yoldaşı seçib. O, ərinin soyadından ilk və son hecaları “Po” və “ko” hecalarını çıxarıb və ortada qalan “roşen” adı şirkətə verilib.

“Roşen” korporasiyasının ixracının təxminən yarısı Rusiyanın payına düşür

2012-ci ilin may ayında “Roşen” korporasiyası şokoladların üzərində Ukrayna dilində olan yazıları rus dili ilə əvəz etdi. Şirkət bu addımı Rusiya üçün fərqli qablaşdırma etməmək üçün atdı. Lakin millətçilərin sərt etirazından sonra Poroşenko “Roşen” məhsullarının üzərində yalnız ukraynca yazıların olacağını bildirdi.

Ukraynanın şokolad kralı şəkərli diabetdən əziyyət çəkdiyindən özü şirniyyat yemir. Maraqlıdır ki, “Roşen” şəkərli xəstələr üçün məhsul istehsal etmir. Poroşenko hesab edir ki, bir parça əsl şokolad onu əvəz edən məhsuldan xeyli faydalıdır.

Poroşenko Lipetsk qənnadı fabrikinin də sahibidir. Hazırda oliqarxın biznes-imperiyasına bir neçə avtomobil və avtobus zavodu (Lutsk avtomobil zavodu, “Boqdan” korporasiyası), tərsanə, “Beşinci kanal” telekanalı və bir sıra digər müəssisələr daxildir. Poroşenkonun portfelində media-aktivlər də olub. 2011-ci ildə Pyotr Poroşenko UMN GROUR-un yaradıcısı və prezidenti Boris Lojkinlə birgə amerikalı iş adamı Ced Sandendən KR Medianı (“Korrespondent” jurnalı, korresrondent.net, bigmir.net portalları) alır. Bundan əlavə, Poroşenko və Lojkin birgə “Naşe radio”, “Retro FM”, “Next” radiostansiyalara sahib olur. 2013-cü ildə Boris Lojkin KR Mediada Pyotr Poroşenkonun payını alır.

Pyotr Poroşenkonun biznesi ilə bir neçə il əvvəl faciəvi şəkildə dünyasını dəyişən qardaşı Mixail məşğul idi. Qardaşının ölümündən sonra o, bu işləri atasına etibar edib.

“Forbes”in son qiymətləndirməsinə əsasən, Pyotr Poroşenko 1,8 mlrd dollar sərvətlə ukraynalı milyarderlər arasında 5-ci yerdə qərarlaşıb.

Ən böyük səhvi…

Pyotr Poroşenkonun siyasətə gəlişi 1998-ci ilə təsadüf edib. Həmin il keçirilən parlament seçkilərində Vinnitsa vilayətindən deputat seçilir. Sosial-demokratların vahid parlament fraksiyasının üzvü olub. Hətta Ukrayna Sosial-Demokrat Partiyasının siyasi şurasının üzv seçilib. Lakin 2000-ci ildə USDP-nın sıralarını tərk etdi və “Həmrəylik” fraksiyasını, daha sonra isə Regional Dirçəliş “Ukraynanın Əmək Həmrəyliyi” Partiyasına qoşulan Ukrayna Həmrəylik Partiyasını yaradaraq onun həmsədri oldu. 2001-ci ildə Regionlar Partiyası ilə yollarını ayırır. Həmin ilin dekabr ayında “Həmrəylik” partiyası Viktor Yuşşenkonun “Bizim Ukrayna” seçki blokuna qoşuldu, Poroşenkonun özü isə blokun seçki qərargahının rəhbəri oldu.

2002-ci ilin may ayından 2005-ci ilin sentyabr ayına qədər Pyotr Poroşenko büdcə məsələlərinə dair büdcə komissiyasının sədri, 2004-cü ilin iyul ayından “Xalqın gücü” koalisiyasının qərargah rəhbərinin müavini olub.

2005-ci ilin fevral ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilir. Lakin həmin ilin sentyabr ayında o, istefaya göndərilir. Ötən çağırış parlamentdə Poroşenko maliyyə və bank fəaliyyəti məsələlərinə dair komitəyə rəhbərlik edib. 2006-cı ildə Ukraynanın ən nüfuzlu 100 şəxsi arasında 18-ci yeri tutub.

Poroşenko Viktor Yuşşenkonun yaxın adamlarında hesab edilirdi. Keçmiş prezidentin tərəfdarları arasında ən varlı iş adamı hesab edilən Poroşenko “Bizim Ukrayna” blokunun və “Narıncı inqilab”ın əsas sponsorlarından sayılırdı. 2007-ci il parlament seçkilərinə qatılmayan Poroşenko həmin il Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri olur. 2009-cu ilin oktyabr ayında Yuşşenko Poroşenkonun xarici işlər naziri postuna namizədliyini irəli sürür və Ali Rada onu bu vəzifəyə təsdiqləyir. Oktyabrın 12-də Yuşşenko ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən Poroşenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına qaytarır.

2010-cu ildə yeni prezident Viktor Yanukoviç Nazirlər Kabinetini istefaya göndərir və Poroşenko da vəzifəsi ilə vidalaşır. Lakin 2012-ci ildə Yanukoviç onu iqtisadi inkişaf və ticarət naziri təyin edir. 2012-ci il parlament seçkilərində Pyotr Poroşenko Vinnitsada səslərin 70 faizini qazanaraq deputat mandatına sahib olur. Deputat seçilməsi səbəbindən nazir vəzifəsindən istefa verir. Parlamentdə isə heç bir fraksiyaya qoşulmaq niyyətində olmadığını açıqlayır. Parlamentin iqtisadi siyasət komissiyası sədrliyinə namizədliyi irəli sürülsə də, “Batkivşina” fraksiyasına qoşulmaq şərti olduğundan bundan imtina edir. Nəticədə Avropaya inteqrasiya məsələləri komitəsinin üzvü olur. 2013-cü ildə Poroşenko parlamentdəki müxalifətin dəstəyini alacağı təqdirdə Kiyev meri seçkilərinə qatılmaq niyyətini açıqlamışdı.

Poroşenko deyir ki, onun üçün əsas vəzifə yox, Viktor Yuşşenkonun komandasında işləmək olub. Hətta üç həftə ərzində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə razılıq vermədiyini, lakin sonradan razılaşmaq məcburiyyətində qaldığını da deyir: “Indiyə qədər əminəm ki, bu mənim ən böyük səhvim olub: öz mövqeyimdə israr etmədim və Təhlükəsizlik Şurasına getdim”. Bir neçə il əvvəl “Ukrayna prezidenti olmaq arzunuz varmı” sualına Poroşenko bu vəzifəyə yetərincə hazır olmadığını bildirmişdi. Lakin hazırda o, fərqli fikirdədir. Bir il əvvəl Kiyev meri olmaq arzusuna düşən “şokolad kralı” hazırda prezidentliyə ən real namizəddir.

“İnqilaba yemək, su, odunla dəstək verdim”

Oliqarx Avromaydan zamanı etirazçılara dəstək verməsi ilə də yadda qalıb. Dəfələrlə özü də Maydanda çıxış edib. Mətbuatda yayılan məlumatlara görə, Maydanın sponsoru da məhz Poroşenko olub. Müsahibələrinin birində “inqilaba yemək, su, odunla” dəstək verdiyini etiraf etmişdi. Bu ilin yanvar ayında Qruşevski küçəsində milislə toqquşmadan sonra “Dinamo” stadionunu və Qruşevski küçəsini bərpa edəcəyini vəd etdi. Fevralın 28-də, Krımda siyasi situasiya gərginləşən dövrdə Pyotr Poroşenko Ukraynanın yeni hakimiyyətinin nümayəndəsi kimi Krım Ali Sovetinin deputatları ilə görüşə getdi. Lakin yerli sakinlər onu “Russiya”, “Berkut”, “Krımdan rədd ol!” şüarları ilə qarşılayıb və ona kağız parçaları atdılar. Poroşenko milisin köməkliyi ilə ərazini tərk edə bilir.

Yəhudi kökənli prezident

Pyotr Poroşenko ilə bağlı maraqlı məqam onun soyadı ilə bağlıdır. Məsələ burasındadır ki, Poroşenko – onun anasının soyadıdır. Atası Aleksey Valtsman həyat yoldaşının soyadını götürüb. Ukraynada isə belə məqamlara ciddi əhəmiyyət verilir. Oliqarxın yəhudi əsilli olması ona verilən səslərə təsir edə bilər. Bununla belə rəqiblərinin Pyotr Poroşenkoya qarşı kompromat axtarışı bu vaxta qədər nəticəsiz qalıb. Ara-sıra müəyyən ittihamlar olsa da, bunlar rəqiblərin arzuladığı nəticəni verməyib.

~ tərəfindən Patriot 27/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma