“AZƏRBAYCAN – SİYASİ MƏHBUSLAR ÖLKƏSİ!”

anar memmedli

Anar Məmmədli 5 il 6 ay azadlıqdan məhrum edildi

3 il 6 ay cəza alan Bəşir Süleymanlı məhkəmə zalında həbs olundu

Anar Məmmədli: «Kürdəxanıda siyasi motivlərlə həbs olunan 20-22 yaşlı gəncləri görəndə itirdiyimiz 22 il üçün əzab çəkirəm…»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyilə keçirilən dünənki məhkəmə iclasında əvvəlcə vəkillərdən Elçin Sadıqov çıxış elədi.

Baş prokuror və 500 manatlıq hüquqşünas elanı

Hər üç təqsirləndirilənin hüquqlarını müdafiə edən vəkil bildirdi ki, daha bir siyasi motivli, saxta və açıq-aşkar əsassız ittihamlardan ibarət cinayət işi üzrə məhkəmə yekunlaşır: “Məhkəmə sübut elədi ki, mühakimə olunan şəxslər Azərbaycanda ”ən gəlirli sahibkarlıq fəaliyyəti” olan seçkiləri monitorinq edib, rəylər hazırlamaqla məşğul olublar. Bunun da bəlli bir cəzası olmalı idi, oldu da…
Iş materiallarından görünür ki, ölkənin baş prokuroru internetdə olarkən SMDT-yə hüquqşünas peşəsilə bağlı vakansiyaya rast gəlir. Elanı çap edərək, oradakı vəzifə maaşının altını işarələyir və bunu araşdırmaq vəzifəsini müavini Rüstəm Usubova həvalə edir. Rüstəm müəllim görür ki, hüquqşünas vakansiyası üçün 500 manat əməkhaqqı təklif etmək ağır cinayətdir və bu məsələ onun yox, Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin rəisi Eldar Əhmədovun səlahiyyətindədir. Vakansiya elanı Eldar Əhmədova göndərir. O da öz növbəsində bu ağır cinayəti araşdırması üçün müstəntiq Vüqar Nəsibova göndərir. Vüqar Nəsibov da bununla bağlı cinayət işi başlanması barədə qərar qəbul edir.

Bütün bunlar SMDT prezident seçkilərinin nəticəsinə dair hesabatı açıqladıqdan sonra baş verir. Nə təsadüfdürsə, 2013-cü il oktyabrın 30-na qədər SMDT-dən məlumatları yox imiş…”
Elçin Sadıqov çıxışının sonunda təqsirləndirilənlərin üçünə də bəraət verilməsini istədi.

23 illik vergi işçisi kommersiya qurumunun nə olduğunu bilmir

Elnur Məmmədovun vəkili Cavad Cavadlı QHT-nin kommersiya, yoxsa qeyri-kommersiya qurumu olduğunu ayırd edə bilməyən şəxsin tərtib etdiyi yoxlama aktı ilə təqsirləndirilən şəxslərə vergi öhdəliyi hesablanması, üstəlik, onların vergidən yayınmada ittiham olunmasını absurd adlandırdı.
Qeyd edək ki, yoxlama aktını imzalayanlardan biri olan, 23 illik iş təcrübəsinə malik, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Rəfael Ağayev məhkəmədə vəkillərin QHT-nin kommersiya, yoxsa qeyri-kommersiya qurumu olması barədə suala cavab verə bilməmişdi.
Cavad Cavadlı da çıxışının sonunda təqsirləndirilən şəxslərə bəraət verilməsini istədi.
Anar Məmmədlinin digər vəkili Iradə Cavadova da çıxışında yoxlama aktının qanunsuz və əsassız tərtib edildiyini vurğuladı. Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun məhz fikir və söz azadlığına görə bu gün məhkəmə qarşısına çıxarıldığını deyən Iradə Cavadova istintaqın qərəzli aparıldığını vurğuladı: “Istintaq yoxlama aktı hazırlayanlara sənədlərin hamısını təqdim eləməyib. Niyə? Hamısı təqdim olunsaydı, nəticə də başqa olacaqdı. Təəssüf edirəm ki, prokuror məhkəmədə təqsirləndirilən şəxslərin günahsızlığına dair ortaya qoyulan fakt və sübutlardan sonra da onlara çox sərt cəza təklif etdi”.
Iradə Cavadova da çıxışının sonunda təqsirləndirilən şəxslərə bəraət verilməsini istədi.
Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev də çıxışına bu cinayət işinin siyasi sifarişlə açıldığını vurğuladı. Bildirdi ki, məqsəd də seçkinin qanun pozuntuları ilə keçirildiyi haqda hesabat hazırlamış adamlardan qisas almaqdır: “Bu cinayət işi o qədər absurddur ki, heç onun üzərində məhkəmə istintaqı aparmaq lazım deyildi”.

“Azərbaycan – siyasi məhbuslar ölkəsi!”

Daha sonra təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini dedilər. Anar Məmmədli çıxış etdi, digər təqsirləndirilənlər də onunla həmrəy olduqlarını bildirdilər:
“Ötən 6 ayda bizə dəstək verən hər kəsə təşəkkür edirəm.
Bugünkü son sözümüz iki əlamətdar hadisə ərəfəsinə təsadüf edir. Bunlardan biri qarşıdan gələn 28 May – Istiqlal Günüdür. Bu gün münasibətilə hər kəsi təbrik edirəm. Ötən 96 il ərzində itirdiklərimiz də, qazandıqlarımız da çox olub. Amma görünən odur ki, ikinci müstəqillik dönəmində qazandıqlarımız yetərincə olmayıb. Əks halda, bu gün biz ifadə, birləşmə azadlıqlarına görə burada oturmazdıq.
Ikinci əlamətdar hadisə mayın 14-dən etibarən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsidir. Eyni zamanda, başqa bir diqqət çəkən məsələ “Atletiko” futbolçularının meydana üzərində “Azerbaijan-Land of fire” yazısı olan formalarla çıxması oldu. Milyonlarla avropalı bunu gördü. Həm bu reklam, həm də Nazirlər Komitəsinə sədrlik Azərbaycanı gündəmə gətirdi. Məyusluq yaradan odur ki, Nazirlər Komitəsinə altı aylıq sədrlik dönəminin sonunda “Land of fire” yox, “Land of political prisons” (Siyasi məhbuslar diyarı) kimi yadda qalacağıq. Baş verən repressiyalar bunu deməyə əsas verir.

Azadlıqlara təcavüz

Biz Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi, mövcud seçki qanunvericiliyi və təcrübənin təkmilləşdirilməsi yönündə çalışan vətəndaşların yerli seçki müşahidə qrupu olmuşuq. Bizim cinayətkar məqsədlər naminə bir araya gələn qrup kimi xarakterizə olunmağımızı birləşmək, toplaşmaq və ifadə azadlığına təcavüz və təzyiq hesab edirəm!
Mən həyatım boyu heç vaxt nə qanuni, nə də qanunsuz sahibkarlıqla məşğul olmuşam.
Azərbaycan yerli seçki müşahidəçiliyi və müstəqil vətəndaş cəmiyyətinə qarşı siyasi ayrı-seçkiliyin ən bariz nümunəsi 14 may 2008-ci ildə Seçki Monitorinq Mərkəzinin dövlət qeydiyyatının Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai Rayon Məhkəməsində ləğvi oldu. Bundan sonra SMM-in təsisçisi və üzvü kimi biz SMDT-ni təsis etməli olduq. Ancaq Ədliyyə Nazirliyinə olan 2 müraciətimizə baxmayaraq, qanunsuz və ədalətsiz olaraq, dövlət bizim SMDT-də qurduğumuz birliyi tanımadı və bizə olan barışmaz münasibəti davam etdirdi. Ancaq Azərbaycanda unudurlar ki, hər hansı QHT-nin dövlət qeydiyyatına alınmaması bu qurumun fəaliyyət göstərməməsi üçün əsas ola bilməz. Çünki birləşmək azadlığı hər bir ölkə vətəndaşının müstəsna və təməl hüququdur, bu hüququ siyasi ayrı-seçkilik göstərmədən tanımaq isə dövlətin vəzifəsidir.
Əvvəla, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi üzrə mən fiziki şəxs kimi idarə etdiyim layihələr üzrə 2008-2013-cü illərdə vergidən və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma olmayıb. Əgər 2013-cü ildə SMDT-nin “Könüllərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyi ilə birgə icra etdiyi layihənin ƏDV-yə cəlb olunmasından söhbət gedirsə, bu absurddur. Çünki ölkədəki bütün qrantlar ƏDV-dən azaddır. Məsələn, hazırda ölkədə milli donorçuluğun “təntənəsi” hesab olunan QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirdiyi layihələr ƏDV-yə cəlb olunmur. Elə isə niyə bizim xaricdən maliyyəşən qrantımız ƏDV-yə cəlb olunur?
Ikinci ittiham, qanunsuz sahibkarlıqla bağlıdır. Bu o qədər gülünc və əsassız ittihamdır ki, münasibət bildirməyi yersiz hesab edirəm.

“Seçkiyə təsir edə bilsəydik, ölkəmizdə demokratik seçki sistemi formalaşardı”

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi əsasında biz “vəzifə səlahiyyətlərindən sui istifadə etməklə” dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurmaqda və seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən cinayətdə ittiham edilirik. Açığı bu ittiham tamamilə mənə aydın deyil. Əgər seçkinin nəticələrinə təsir etməkdən söhbət gedirsə, biz seçki müşahidə qrupu olmuşuq. Və seçkinin nəticələrinə təsir etmək imkanımız olmayıb. Bu maddə, əsasən yerli icra hakimiyyəti orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, bələdiyyə və seçki komissiya üzvlərinə şamil oluna bilər. Çünki bizim son 10 ildə apardığımız seçki monitorinqi göstərir ki, seçkilərin nəticələrinə qeyri-qanuni yolla təsir edənlər sözügedən qurumların nümayəndələridir. Əlbəttə ki, bizim son 10 ildə keçirilən seçkilərə təsir etmək imkanımız olsa idi, indi ölkəmizdə demokratik seçki sistemi formalaşmış olardı.
Göründüyü kimi, istintaqın ortaya qoyduğu iddiaların heç bir əsası yoxdur və hüquqi baxımdan bu cinayət işinə başlamaq üçün motivlər olmayıb. Elə isə sual ortaya çıxır ki, siyasi hakimiyyətin sifarişi əsasında bu cinayət işinə nədən başlamaq göstərişi verilib. Təbii ki, bunun ilkin səbəbi bizim yerli seçki müahidə təşkilatı kimi 9 oktyabr 2013-cü il prezident seçkilərinin Azərbaycan qanunvericiliyi və beynəlxalq prinsiplərin kobud şəkildə pozulması ilə baş tutmasını göstərməyimiz oldu. Bununla da hakimiyyət həm bizi cəzalandırmaq, həm ictimai rəydə bizi gözdən salmaq, həm də beynəlxalq partnyorlarımızı şantaj etmək məqsədi daşıdı.

“22 ildə ictimai ədaləti və siyasi hüquqlara hörməti qura bilməmişik”

Xüsusi olaraq bir məsələyə diqqət çəkmək istəyirəm ki, hakimiyyət bizim fəaliyyətimizi Azərbaycan vətəndaşlarının könüllü, milli və demokratik ittifaqı nəticəsində təzahür edən faydalı və zəruri çalışma kimi qəbul etmək istəmir. Azərbaycan hakimiyyətinə elə gəlir ki, bizi yerli seçki müşahidəçiliyinə, seçkili hakimiyyət orqanlarının hesabatlılığına, vətəndaşların isə dövlət idarəçiliyi sahəsində bilgili və bacarıqlı olmasına yönəlmiş fəaliyyətə vadar edənlər xarici qüvvələrdir. Əslində, bununla da Azərbaycan hakimiyyəti təmsilçiləri Azərbaycan xalqının XX əsrin əvvəllərində formalaşan milli və siyasi kimliyindən nə qədər uzaq olduğunu göstərmiş olurlar. Ancaq görünür ki, biz hər dəfə xatırlatmalıyıq ki, indiki Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş AXC-nin quru və miskin varisi deyil, gerçək, həqiqi, hüquqi, siyasi və mənəvi varisi olmalıdır. Bunun üçün də Axundov, Fətəli Xan Xoyski, Topçubaşov, Rəsulzadə kimi siyasi fikir adamlarının arzuladığı demokratik, dünyəvi, hüquqi dövləti qurmaq üçün azad və ədalətli seçkilərin keçirilməsi çox vacibdir. Biz qəti olaraq əminik ki, Azərbaycanda seçkili hakimiyyət orqanlarının azad və ədalətli seçkilər nəticəsində formalaşması təmin olunmadıqca, ölkədə ictimai ədaləti, qanunun aliliyini, insan hüquq və azadlıqlarının qorunmasını və nəhayət, ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin etmək mümkün olmayacaq. Bu yerdə Rəsulzadənin Ankarada 1950-ci ildə Azərbaycanda Sovet istilası ilə bağlı çıxışından bir fikri xatırlatmaq istərdim: “Azərbaycan xalqı milli müstəqilliyini bərpa olunması yönündə mücadiləni tarixi missiya kimi gələcək nəsillərə ötürməlidir. Ancaq müstəqilliyin bərpasına nail olmuş nəslin ilk işi ölkədə ictimai ədalətin qorunması və siyasi haqsızlıqların aradan qalxmasına töhfə vermək olmalıdır”. Məncə Rəsulzadənin bu fikirləri də bizim missiyamız və məqsədlərimizin ötən 10 ildə milli maraqlar üzərində qurulmasına şahidlik edib. Və mən təəssüf edirəm ki, Rəsulzadənin arzuladığı müstəqilliyin bərpasından ötən 22 il ərzində biz ölkəmizdə ictimai ədaləti və siyasi hüquqlara hörməti qura bilməmişik. Bəlkə də 22 illik bir dönəm kimlərəsə görə çox az bir zamandır. Amma Kürdəxanıdakı istintaq təcridxanasında dəfələrlə 20-22 yaşlarında siyasi motivlərlə həbs olunmuş gəncləri, o cümlədən Şahin Novruzlunu, Əbdül Əbilovu, Məmməd Əzizovu, Bəxtiyar Quliyevi, Elsəvər Mürsəllini, Ilkin Rüstəmzadəni, Ömər Məmmədovu görəndə, onlarla rastlaşanda itirdiyimiz 22 il üçün əzab çəkirəm…

“Daim zamanın dostu olaraq qalacağam!”

Indi Azərbaycanda dəbdə olan mövzulardan biri ölkənin neft gəlirləri hesabına artan büdcəsi, investisiya və abadlıq layihələri sayəsində sosial-iqtisadi inkişafı tərənnüm etməkdir. Ancaq bu tərənnüm nədənsə, iqtisadi blokadada olan Ermənistan və Gürcüstanla müqayisədə aparılsa da, Baltikyanı ölkələrlə müqayisədə aparılmır. Məncə, Azərbaycana daxil olan neft pulları sayəsində biz Baltikyanı ölkələrin malik olduğu sosial dövlət və demokratik siyasi inkişafı qura bilərdik. Ancaq bu baş vermədi. Çünki biz zamanla dost olmadıq, daha doğrusu ola bilmədik, buna imkan vermədilər. Zaman bizim xeyrimizə işləsə də, biz zamanla düşmənçilik elədik. Bunun ən böyük səbəbi isə hakimiyyətin zamanla, yəni inkişaf və tərəqqiyə post-sovet mentalileti, köhnə zehniyyətlə yanaşması oldu. Belə bir ağır durumda bir daha hazırda həbsdə olan və yaşları ölkəmizin müstəqilliyi ilə yaşıd olan gəncləri xatırlamaq istəyirəm. Mən onlar üçün çalışmağa, onların – yəni, çağdaşlıq və gələcəyin dostu olmağa çalışmışam və daim zamanın dostu olaraq qalacam”.

“Femida ananı zorlayın, bu iş bitsin…”

Vəkillərin çıxışları və təqsirləndirilən şəxslərin son sözü günorta saat 13.00 radələrində başa çatdı. Maraqlıdır ki, 100 səhifəyə yaxın hökm təxminən 3 saata hazırlandı və 16.30-da elan olundu.
Hakim Rauf Əliyev hökmün bir hissəsini (təxminən 40 dəqiqə) elan etmişdi ki, vəkillər ondan hökmün yalnız nəticə hissəsini oxumasını xahiş etdilər. Bu yerdə Anar Məmmədlinin belə bir replikası oldu: “Femida ananı zorlayın, qurtarsın getsin, bizim də canımız qurtarsın da…”
Hakim bu barədə xahişləri nəzərə aldı.
Hökmə əsasən, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı və Elnur Məmmədovun hər birin 3 il 6 ay azadlıqdan məhrum edildi. Elnura münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, onun cəzası şərti hesab edildi. Bəşir Süleymanlı isə məhkəmə zalından həbs olundu.
Hökmə əsasən, həmçinin SMDT-nin “Yapıkredibank”dakı, “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin isə “Azəriqazbank”dakı hesablarında üzərinə həbs qoyulan vəsaitlərin müsadirəsinə qərar verildi.

~ tərəfindən Patriot 27/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma