“TORPAQLARIMIZIN İŞĞAL ALTINDA OLMASI HAKİMİYYƏTİN VECİNƏ DƏ DEYİL”

elxan mehdiyev

Tanınmış konfiliktoloq Elxan Mehdiyev “Hürriyyət” qəzetinə müsahibə verib həmin müsahibəni təqdim edirik.

– Elxan bəy Avropa Şurası Parlamnt Assambleyasının rəhbərliyi Bakıya səfəri əsnasında Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyətin ürəkaçan olmadığı vurğuladı və iki il ərzində qurumun komitə iclaslarının ölkəmizdə keçirilməsini yasaqladı. Sizcə bütün baş verənlərdən sonra iddia etmək olarmı ki, beynəlxalq təşkilatlar nəhayət ki, hakimiyyətə qarşı ciddi təzyiqlərə başladı?

– Qarşıdakı iki il ərzindəki sanksiya Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentinə rəsmi Bakının viza verməməsi ilə bağlıdır. Rəsmi Bakı vitse-prezidentin Qarabağa icazəsiz səfərinə cavab olaraq belə bir addım atıb. Amma düşünürəm ki, bu qadağanı aradan qaldırsa o zaman Avropa Şurası rəhbərliyi də bu qərarını dəyişəcək. Digər tərəfdən Azərbayanda insan haqlarının bərbad vəziyyətdə olması, jurnalistlərin, hüquq müdafiəçilərinin həbs edilməsi, şantaj olunması və s. kimi qanunsuzluqlar heç kimdən gizlədiləcək səviyyədə deyil. Bütün bunlar Avropanın gözü qarşısnda baş verir. Avropa Şurasının üzvü ola-ola Azərbaycan  bu işləri törədir. Odur ki, Avropa Şurasının baş verənlərə bu cür reaksiya verməsi gözləniləndir.

– Madam ki, belədir, madam ki, bütün qanunsuzluqlar Qərbin gözü önündə baş verib, bəs nə üçün beynəlxalq təşkilatlar daha kəskin reaksiyanı məhz indiki məqamda sərgiləyir? Əvvələr Qərbin eyni kəskinliklə baş verənlərə münasibət bildirməsinə nə mane olurdu ki?

– Neçə illərdir ki, hakimiyyət demokratik islahatlar keçirəcəyi, insan hüquq və azadlıqları sahəsindəki vəziyyəti yaxşılaşdıracağı ilə bağlı vədlər verməkdədir. Lakin indi vəd vermə prosesi başa çatıb. Məhz bu səbəbdən də biz Avropa Şurası Parlament Assambleyasının bu cür açıq tənqidlərinə şahid olmaqdayıq. Əslində, hesab edirik ki, onlar bu məsələləri lazımınca qaldırmırlar. Beynəlxalq qurumlar həmişə hakimiyyətin vədlərinə inanıb kompromisə gedirlər. Hakimiyyət isə həmişə inanıb ki, hər zaman bu cür davam edəcək. Lakin görünən odur ki, artıq bu vəziyyət beynəlxalq təşkilatları qane etmir. Avropa Şurası rəhbərliyinin Bakıdakı çıxışı da bunu göstərdi. Azərbaycanın xarici işlər naziri enerji və investisiya faktorunu önə çəkir. Halbuki, indiki dünyada insan haqları məsələsi prioritetdir.

– Rəsmi Bakının dünyanın aprıcı beynəlxalq təşklatları ilə etinadsız bir şəkildə, tənqid və minnət formasında danışması bu qurumlarla hakimiyyət arasındakı problemin ciddiliyi kimi başa düşülə bilərmi?

– Əlbəttə ki, baş verənlər beynəlxalq qurumlarla hakimiyyət arasındakı problemin göstəriciləridir. Bütün bunların hamısı rejimlə bağlıdır. Hakimiyyət Azərbaycanın maraqlarından deyil, rejimin maraqlarından çıxış edir. Rejimin maraqlarına kim toxunursa, qarşı tərəfin kimliyindən asılı olmayaraq dərhal ona qarşı mübarizəyə başlayırlar. ABŞ səfri Riçard Morninqstarın “Azadlıq” radisouna verdiyi müsahibə fonunda yaşananlara nəzər salın. Hakimiyyət Azərbaycandakı vəziyyəti şərh edən səfirin müsahibəsi ilə bağlı ona qarşı səlib yürüşünə keçib. Hansı ki, səfirin dediyi kimi, Azərbaycanın müstəqilliyini ABŞ və Avropadan başqa istəyən, dəstəkləyən yoxdur. Bu gün Amerika səfirinin üstünə guruldayanlar ona görə guruldayırlar ki, bilavasitə ABŞ və Avropanın hesabına sahib olduqları milyardları qazanıblar. Özlərinin dediyi kimi, iqtisadi müstəqilliyə nail olublar. Müstəqil dövlət qurublar.

– Demək belə çıxır ki, mövcud rejim öz hakimiyyətini qoruyub saxlamaq üçün hətta beynəlxalq təşkilatlarla belə üz-üzə gəlməyə hazırdır?

– Şübhəsiz. Məsələ rejimə gəldikdə nə BMT, nə ATƏT, nə Avropa Şurası – heç nə gözə gəlmir. 20 ildir ki, torpaqlarımız erməni işağlındadır, lakin bu, hakimiyyətin heç vecinə də deyil. Kim bu haqda nə deyir, işğaldakı ərazilərdə ermənilər nə qədər adam məskunlaşdırıb, bu əraziləri Ermənistana ilhaq olunsun və s. bütün bunlar hakimiyyəti maraqlandırmır. Onları yalnız və yalnız rejimi qorumaq maraqlandırır.

– Beynəlxalq təşkilatlarla gərginlik fonunda hakimiyyətin Rusiya ilə yaxınlaşacağı gözləniləndirmi? Ola bilərmi ki, Qərblə münasibətlərin gərginliyi rəsmi Bakını Kremlə bir qədər də yaxınlaşmağa, onun timsalında özünə güclü bir istinadgah əldə etməyə sövq etsin?

– Onsuz da hakimiyyət Rusiya ilə kifayət qədər yaxındır. Azərbaycandakı mövcud siyasi durum da Rusiyadakı siyasi vəziyyətin kopyasıdır. Rusiya kimi Azərbaycanı da kommunist düşüncəli insanlar idarə edir. Rusiyada da hakimiyyətdə kommunist düşüncəli insnalardır. Bu səbəbdən də bu insanlar bir-birləri ilə çox bağlıdırlar. Bu baxımdan Azərbaycanı Rusiyadan uzaq hesab etmək olmaz. Məsələyə belə yanaşmaq yanlışdır. Sadəcə ortada rejimin maraqlarına toxunan məsələlər olub ki, zaman-zaman bu baxımdan Rusiya ilə də üz-üzə gəlmələr baş verib.

– Bəzi ekspertlər hesab edir ki, hakimiyyət Rusiya amilindən istifadə edərək Qərbi təhdid edir. Yəni Qərbə anlatmağa çalışır ki, onlar üçün daha bir alternativ var və Azərbaycan Rusiyadan yana birmənalı seçim edə bilər. Bu qənaəti bölüşürsünüzmü?

– Təbii ki, Rusiya faktorundan Azərbaycandakı mövcud rejim çox gözəl istifadə edir. Hakimiyyət ABŞ və Avropaya qarşı səlib yürüşü təşkil etməklə onlara göstərmək istəyir ki, bunlar Rusiya ilə yaxınlaşa bilər, Rusiya ilə  ittifaqa gedə bilər. Bir sözlə, Qərbdən üz döndərə bilərlər. Bu, hər zaman belə olub. Əslində bundan Qərb dünyasında da hər zaman ehtiyat ediblər. Düünüblər ki, bu rejimi çox sıxmaq lazım deyil. Çünki belə olarsa Azərbaycan tamamilə Rusiyanın ağuşuna keçə bilər. Qərbdə hər zaman belə bir düşüncə, belə bir yanaşma olub. Indiki dönəmdə isə Rusiya və Qərb arasında konfrantasiya var. Belə bir dönəmdə Azərbaycan rəsmlərinin çıxışları ilə tanış olduqca görünür ki, onlar Rusiya və İranla münasibətlərin müəyyən qədər korlanmasında da ABŞ və Avropanı günahkar hesab edirlər. Guya ABŞ və Avropanın təxribatları nəticəsində Azərbaycanın adıçəkilə ölkələrlə münasibətinin pozulmasına gətirib çıxardan hallar olub. Bu cür absurt fikirlər gündəmə gəlir ki, bu da çox gülüncdür. Azərbaycanı iqtisadi baxımdan müstəqil edən qüvvə elə Qərb dünyası olub. Yoxsa Azərbaycan da Türkmənistanın vəziyyətinə düşərdi. Ruslar neftinə istədiyi qiyməti qoyub dünya bazarında aparıb satardılar.

– Sizcə mövcud rejim beynəlxalq təşkilatlarla, Qərblə davamlı konfilikt fonunda  öz mövcudluğunu uzun müddət qoruyub saxlaya bilərmi?

– Əlbəttə, hakimiyyətin bu gərginlik fonunda da öz varlığını qoruyub saxlaması mümkündür. Necə ki, Lukaşenko öz hakimiyyətini qoruyub saxlayır, Azərbaycan hakimiyyəti də öz varlığını qoruya bilər. Hakimiyyət Rusiya və İranla daha yaxın münasibətdə olaraq Qərb dünyasından çox böyük məsafə saxlamaqla uzun müddət avtoritar sistem qurmaq, mülki cəmiyyətin bütün fəaliyyətini tamamilə qadağan etməklə öz varlığının qorunmasını təmin edə bilər. Lakin bütün bunların hamısı Azərbaycan torpaqlarının erməni işğalıda qalmasına aparan bir siyasətdir. Çünki bütün bunlardan sonra nə ABŞ, nə Avropa, nə də dünya ictimaiyyəti Azərbaycanın işğal edilən ərazilərinin geri qaytarılmasına maraq göstərməz. Heç kimin Azərbaycana rəğbəti qalmaz. Ermənilərin də elə istədiyi elə budur.

~ tərəfindən Patriot 26/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma