NİDA-çılar AZADLIQDAN MƏHRUM EDİLDİ

NİDA

“Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır”

Gözlənilən hökm elan olundu; Hökmün oxunmasından sonra məhkəmənin qarşısında etiraz aksiyası keçirildi və yeni həbslər oldu; ABŞ səfirliyi və “Amnesty İnternational” bəyanat yaydı; gənclər aclığı dayandırdı: “Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır”

Martın 6-da Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə NİDA Vətəndaş Hərəkatı üzvlərinin son məhkəmə prosesi keçirildi. Ötən həftədən də məlum olduğu kimi, mayın 6-da hakim Cavid Hüseynov qərarı elan edəcəyini bildirmişdi. Bu səbəbdən də məhkəmə binasının qarşısına bu dəfə qat-qat artıq adam toplaşmışdı.

Polis isə son bir neçə həftədə olduğu kimi, məhkəməyə gedən yolu və ətraf yolları bağlamış, insanlara binanın əsas giriş qapısında dayanmağı qadağan etmişdi. Yer qıtlığı ucbatından məhkəmə zalına giriş isə hər zamankından daha çətin oldu.

Saat 11.00 radələrində başlanan proses hakimlərin növbəli qaydada 150 səhifə həcmindəki hökmü oxuması ilə davam etdi. Zala gətirilən gənclərin səhhətində zəifləmə bu dəfə daha artıq müşahidə olunurdu. Xüsusən Məmməd Əzizov danışmaqda çətinlik çəkirdi. Rəşad Həsənovun halsızlığı, Bəxtiyar Quliyevin solğunluğu isə 19 gün davam edən aclığın fəsadları idi.

Hakim hökmü oxuduğu ərəfədə gənclər də fürsətdən istifadə edib yaxınlarından, xüsusən analarından xahiş etdilər ki, “hökm oxunanda xahiş edirik heç kim ağlamasın, qarğış qarğımasın. Bunlara görə dəyməz…

Üç saat davam edən hökmün oxunması nəticəsində hakim gənclərin aşağıdakı müddətlərə azadlıqdan məhrum edildiyini açıqladı:

Şahin Novruzlu 6 il
Məhəmməd Əzizov 7 il 6 ay
Bəxtiyar Quliyev 7 il
Rəşadət Axundov 8 il
Rəşad Həsənov 7 il 6 ay
Zaur Qurbanlı 8 il
İlkin Rüstəmzadə 8 il
Üzeyir Məmmədli 7 il

Hökm oxunandan dərhal sonra əraziyə toplaşmış gənc fəallar və müxalifət təmsilçiləri etiraz aksiyasına başladılar. Polis isə elə əvvəldən planlaşdırdığı kimi qeyri-adekvat və amansız müdaxilə etdi. Polis onların qaldırdığı plakatları dərhal cırıb və etiraz etmələrinə imkan vermədi.

Hadisə yerində gənc xanımlardan birinin ürəyi getdi, onu özünə gətirmək çətin oldu. Təcili yardım maşını çağırılsa da, maşın hadisə yerinə 1 saatdan sonra gəldi. Polisin xüsusi amansızlıqla müdaxilə etdiyi bir başqa hadisə isə gənclərin “Nizami” kinoteatrı qarşısında Azərbaycanın dövlət himnini oxuması oldu. Onlar gənc qızları, oğlanları amansızcasına döyüb, bəzilərini isə polis maşınına mindirdilər.

Polis əməkdaşları kütləvi həbslər həyata keçirdilər. Saxlanılanlar arasında jurnalistlər də vardı. Polislər jurnalistlərin vəsiqə göstərməsinə məhəl qoymadan onları bir-bir maşına mindirirdi. Saxlanılan jurnalistlərin siyahısı bundan ibarətdir:

Məhəmməd Türkmən, Amid Süleymanov, Mehdi Fərəc, Sarvan Abduləzimov Saxlanılan jurnalistlər bir müddət sonra azad ediliblər. Öz peşə fəaliyyətini icra edərkən saxlanan jurnalistlərin azad edilməsi üçün Mətbuat Şurasının sədri Əflatun Amaşov Daxili İşlər Nazirliyinə müraciət edib.

Ə.Amaşov bizə açıqlamasında dedi ki, DİN-dən polis şöbələrində saxlanan jurnalistlərin hamısının azadlığa çıxdığı bildirilib.

Amma etirazçılarla polis arasında yaranan qısamüddətli qarşıdurma nəticəsində 26 nəfər saxlanılaraq Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar. Xüsusi amansızlıqla döyülənlər arasında NİDA üzvü, Müsavat başqanının oğlu Turqut Qəmbər də vardı. Musavat.com-un aldığı son məlumata görə, saxlanılan şəxslərdən bəziləri, o cümlədən, Ofeliya Allahverdiyeva (NİDA), Seyran Nəbiyev (AXCP) və Kəmalə Bənənyarlı (AXCP) məhkəməyə aparılıb. Ancaq onların hansı rayon məhkəməsinə aparıldıqları hələlik məlum deyil.

Onu da qeyd edək ki, adıçəkilən şəxslər polis bölməsindən çıxarılarkən binanın qarşısında qısamüddətli qarşıdurma yaranıb. Hətta Kəmalə Bənənyarlıya polis maşınının içərisində zorakılıq olduğu da bildirilir. Kəmalə Bənənyarlı maşının içərisindən jurnalistlərə xitabən haraya aparıldıqları barədə məlumatlı olmadıqlarını deyib.

Son məlumata görə, Müsavat başqanının müşaviri Rüfət Hacıbəyli azad edilib. Qəzet çapa gedərkən, bitərəf gənc Samir Əliyev, NİDA-çı gənc Sənan Əlioğlu bölməsindən sərbəst buraxılıb. Seyran Nəbiyev və Ofeliya Allahverdiyeva isə 100 manat cərimə olunduqdan sonra, sərbəst buraxılıblar.

ABŞ səfirliyi və “Amnesty İnternational” bəyanat verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi NİDA üzvləri barəsində çıxarılan hökmlə bağlı bəyanat verib. Səfirlik çıxarılan məhkəmə qərarından məyusluq hissi keçirdiyini bildirib: “ABŞ-ın Azərbaycandakı səfirliyi çox şübhəli ittihamlarla səkkiz gənc fəalın uzunmüddətli həbs cəzasına məhkum edilməsi barədə 6 may tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir. Biz Azərbaycan hökumət nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırmışıq. Azərbaycan hökumətinin ABŞ və digər səfirliklərin müşahidəçilərinə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı biz məhkəmə prosesində ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlar müşahidə etmişik. Biz, həmçinin məhkəmə nümayəndələrinin sübutlarla yanlış rəftar və hüquqi axtarış prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik.

Biz Azərbaycan hökumətini bir daha Avropa Şurasının Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi nəzərə alaraq insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Səfir Riçard Monrinqstar bu yaxınlarda demişdir: “Birləşmiş Ştatalar inanır ki, Azərbaycan daha açıq cəmiyyətin yaranmasına imkan verməklə daha güclü sabitliyə malik olacaqdır”. Biz Azərbaycanı demokratikləşmə yolunda dəstəkləmək üçün Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə birgə işləməyə sadiqik”.

Qeyd edək ki, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı da bəyanat yayaraq NİDA üzvlərinə ağır cəza verilməsini pisləyib və onları dərhal azad etməyə çağırıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) NİDA-çı gənclərə verilmiş məhkəmə hökmü ilə bağlı etiraz bəyanatı yayıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) saxta ittihamlarla həbs olunmuş NİDA-çılara qarşı çıxarılmış məhkəmə hökmünü qətiyyətlə pisləyir, bu qərarı hakimiyyətin vüsət alan gənclik hərəkatının boğulması cəhdi kimi qiymətləndirir.

VİP hakimiyyəti müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuş NİDA vətəndaş hərəkatının üzvləri barəsində çıxarılmış məhkəmə hökmünü qısa müddətdə ləğv etməyə və Azərbaycanı rəzil edən addımlara son qoymağa çağırır”.

NİDA-çılar aclıq aksiyasını dayandırdılar

Günün sonunda həbsdəki NİDA üzvləri bəyanat yayıb. Hərəkatın media koordinatorluğundan musavat.com-a verilən məlumata görə, bəyanatda deyilir:  “Biz aclıq aksiyasına başlayarkən, tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən, ölkədəki repressiv şəraitə yönəltməyı qarşımıza məqsəd qoymuşduq.

Aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir.

Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox.

Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!

~ tərəfindən Patriot 07/05/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: