DAHA BİR TƏNQİDÇİ JURNALİST HƏBS OLUNDU

Rauf Mirqədirov həbs olundu

Rauf Mirqədirov: “Mən iki ölkə rəhbərinin bazarlaşmasının qurbanı oldum…”

Jurnalist dövlətə xəyanət maddəsilə şübhəli şəxs qismində saxlanılıb

Türkiyədən deportasiya olunan Rauf Mirqədirovun Bakı aeroportundan hara aparıldığı məlum deyil

Aprelin 19-da Türkiyədən deportasiya olunan “Ayna”-“Zerkalo” qəzetlərinin jurnalisti Rauf Mirqədirovun Bakıda həbs olunduğu təsdiqləndi. Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Bu barədə “Azadlıq” qəzetinə vəkil Fuad Ağayev məlumat verib.

“Bu gün Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən müstəntiq İbrahim Lənbəranski zəng vurub dedi ki, Rauf Mirqədirov dünən hava limanında Cinayət Məcəlləsinin 274-cü maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Rauf Mirqədirov hüquqlarını mənim müdafiə etməyimi istəyib. Sabah müstəntiqlə birlikdə onunla görüşəcəyik”, – deyə vəkil bildirib.

Fuad Ağayev deyib ki, həbsi MTN həyata keçirib və Mirqədirov hazırda MTN-də saxlanılır. Jurnalist dövlət əleyhinə casusluqda şübhəli bilinir.

Cinayət Məcəlləsində 274-cü maddəyə görə (dövlətə xəyanət) 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

“Ayna”-“Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov dünən Ankaradan Bakıya qayıdarkən müəmmalı şəkildə yoxa çıxıb. Türkiyə tərəfi bildirir ki, Rauf Mirqədirov təyyarə ilə Bakıya yola salınıb.

Rauf Mirqədirovun Türkiyədən deportasiya edilərək Bakıya göndərildiyini eşidən jurnalistlər dərhal hava limanına yollanıblar. Həmin təyyarə Bakı aeroportuna ensə də, Rauf Mirqədirov sərhəd xidmətini keçib çölə çıxan sərnişinlər arasında olmayıb. Az sonra jurnalistlər məlumat əldə edib ki, Rauf Mirqədirov təyyarədən düşən kimi saxlanılaraq, bir müddət hava limanında dindirilib. Daha sonra aeroportdan naməlum istiqamətə aparılıb və dünən gecə qəzet çapa gedənə qədər də onun harada saxlanıldığı məlum deyildi.

Qeyd edək ki, Türkiyə tərəfi Rauf Mirqədirovun deportasiyasına qərar verməmişdən təxminən on gün əvvəl jurnalistin Türkiyədə mətbuat təmsilçiliyini ləğv edib. Aprelin 18-də isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Ancaq yola düşəndən 15 dəqiqə sonra avtobus saxlanılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib. Jurnalist deportasiya proseduru üçün Əmniyyət Idarəsinin xarici vətəndaşlar şöbəsinə aparılıb.

“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının dediyinə görə, iki həftə bundan əvvəl heç bir səbəb göstərmədən Rauf Mirqədirovun akkreditasiyasını ləğv ediblər: “Mən 10 gündür Türkiyənin səfirinə məktub da yazmışam ki, bunun səbəbini izah etsinlər, heç bir cavab vermirlər. Raufun özünə də heç bir izahat, cavab vermirlər. Pis vəziyyətdir. Ona 23 aprelə qədər vaxt veriblərmiş. Dünən də (aprelin 18-də) Rauf ölkəni tərk etmək istəyəndə həyasızcasına tutublar, gecənin yarısında yoldaşını, uşağını küçədə qoyublar”.

E.Şıxlının sözlərinə görə, Rauf Mirqədirovla danışmağa imkan verməyiblər.

Yeri gəlmişkən, dünən Rauf Mirqədirov Ankaradan Bakıya gələrkən təyyarədən Ankarada yaşayan jurnalist Zaur Bayramlı ilə əlaqə saxlayıb. Zaur Bayramlı “musavat.com”a deyib ki, Mirqədirov başqasının telefonu ilə zəng edib və bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdan kimi onun problemləri başlayıb: “8 apreldə akkreditasiyam heç bir əsas olmadan ləğv olundu. Dərhal da ölkəni tərk etmək tələbi qoyuldu”. Rauf Mirqədirov həmkarına deyib ki, o, “iki ölkə rəhbərinin bazarlaşmasının” qurbanı olub.

Mirqədirov şübhələnir ki, Ərdoğan rəsmi Bakıya Azərbaycanda sıxışdırılacaq türkiyəlilərin siyahısını verib. Rəsmi Bakı da Ərdoğana qarşılıqlı bir siyahı təqdim edib. Mirqədirov ehtimal edir ki, həmin siyahıda onun da adı var və onu Türkiyədən Azərbaycan hökumətinin tələbilə çıxarıblar. “Mən Türkiyə hökumətini qəzəbləndirəcək, deportasiyama səbəb olacaq heç nə yazmamışam”, – deyə jurnalist bildirib.

Rauf Mirqədirov Zaur Bayramlıya deyib ki, əgər onu Azərbaycandan verilən təlimatla deportasiya edirlərsə, o zaman onu Bakı hava limanında həbs edə bilərlər: “Buna görə də xahiş etdi ki, hava limanına mümkün qədər çox jurnalist gəlsin”.

Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə bildirib ki, Rauf Mirqədirovun akkreditasiyası dayandırılıbsa, bu, həmin ölkənin səlahiyyətidir: “Hər bir ölkənin özünün müstəqil akkreditasiya siyasəti var”.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun isə hazırda Türkiyədə olduğundan bu məsələdən xəbərsiz olduğunu bildirib: “Əgər belə bir qərar verilibsə, demək səbəbsiz deyil. Mənim bu barədə bir söz deməyim düzgün olmaz”.

Azərbaycanın Istanbuldakı konsulu Həsən Zeynalov məsələ barədə yalnız mətbuatdan oxuduğunu, detallı məlumatı olmadığını deyib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov isə məsələ ilə bağlı səfirliyin mətbuat katibinə müraciət etməyi tövsiyə edib. Mətbuat katibi Elsevər Salmanov da öz növbəsində Mirqədirovun deportasiyasının Azərbaycanla bağlılığı olmadığını bildirib: “Bu, Türkiyə tərəfinin qərarıdır”.

Mətbuat katibi eyni zamanda, səfirliyin Türkiyə Xarici Işlər Nazirliyinə sorğu göndərmədiyini də vurğulayıb: “Türkiyənin suveren hüququdur ki, öz ərazisində istənilən jurnalistin çalışmasına izn verməsin və bunun da səbəbini açıqlamaq məcburiyyətində deyil”.

R.Mirqədirovun vəkillə təmin olunub-olunmadığına gəldikdə, mətbuat katibi “bu haqda bizdə məlumat yoxdur” deməklə kifayətlənib.

Rauf Mirqədirov Ankarada polisin müşayiətilə Ankara-Bakı reysilə uçan təyyarəyə mindirilib və təyyarə də saat 16.30-da Bakıya enib. Rauf Mirqədirova hüquqi yardım göstərmək üçün onu qarşılamağa gedənlər arasında tanınmış vəkil Fuad Ağayev də olub.

“Mənə Türkiyədən Rauf Mirqədirovun dostları məlumat verdilər ki, onu Ankara-Bakı reysi ilə uçan təyyarəyə mindiriblər. Məndən xahiş etdilər ki, Bakıda onu qarşılayım. Mən və başqa dostları hava limanına getdik. 2 saata yaxın onu orada gözlədik. Sonra bizə hava limanının əməkdaşları məlumat verdilər ki, ümumiyyətlə, belə adam pasport nəzarətindən keçməyib, sərnişinlər içərisində olmayıb. Bundan sonra mən bir daha Türkiyə ilə məlumatı dəqiqləşdirdim. Yenidən bildirdilər ki, Rauf həmin reyslə Ankaradan Bakıya uçub. Deməli, onu Bakıda saxlayıblar”, – deyə Fuad Ağayev “Azadlıq”a açıqlamasında bildirib.

Rauf Mirqədirovun ailəsinin isə bu gün Bakıya gələcəyi gözlənilir.

~ tərəfindən Patriot 21/04/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma