PARTLADILMIŞ QƏRARGAHIN SİFARİŞÇİSİ KİMDİR? (VIDEO – FOTOLAR)

axcp-qerargah

AXCP-nin partladılmış qərargahını əlindən alırlar

Hakimiyyət təxribat planını sürətlə tamamlayır; “Binanın boşaldılması yuxarıların sifarişidir”

Əli Kərimli: «AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil, azadlıq, ədalət, xalqla birlikdə mübarizə aparmasındadır»

axcp_qerargahAXCP Ali Məclisinin sədri Həsən Kərimov qərərgahı boşaltmaq üçün günortaya qədər vaxt verildiyini deyir. Partiya üzvləri FHN əməkdaşlarından binanın boşaldılması ilə bağlı qərarı tələb etsə də, qərarın binanın sahibinə təqdim olunacağı deyilir: «Maşınları veriblər ki, günortaya qədər binanı boşaldın. Biz də hələlik qərarı tələb edirik ki, qərarı gətirsinlər. Düzdü, əşyalarımızı hazırlamışıq, ancaq hələ maşınlara yükləmirik. Deyir qərar mülkiyyə sahibinə təqdim olunacaq, siz icarədarsınız. Ona görə hələlik bu məsələ açıq qalır. Müəyyən mənada qərarla tanışam. Orda yazılıb ki, bina qəzalı vəziyyətdə olduğu üçün FHN-nin ekspertləri tərəfindən akt tərtib olunub və aktda göstərilir binanın hər an uçmaq təhlükəsi var. Ancaq dünəndən məlum idi ki, normal ekspertiza aparılmır, başlarından edirlər».

H.Kərimov partiya tərəfindən ekspertlərin dəvət olunduğunu da bildirdi: «Özümüzün də inşaatçı mühəndisləri dəvət etdik və onlar dedi ki, bina qəzalı vəziyyətdə deyil və burda fəaliyyət göstərmək mümkündür. Bu da göstərir ki, binanın boşaldılması yuxarıların sifarişidir və FHN-nin ekspertləri də bu sifarişi böyük məmnuniyyətlə yerinə yetirirlər». 

***

Ş.İbadov AXCP-nin qərargahının boşaldılmasına dair onda FHN-in qərarının olduğunu deməsinə baxmayaraq onu AXCP rəhbərliyindən heç kimə təqdim etməyib.

***

Bu gün səhər saat 9.00-da Nərimanov Rayonn İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb edib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən Ş.İbadov binanın qəza vəziyyətində olduğunu söyləyib. H.Kərimov isə binanın sahibi olduğunu söyləyərək onunla təhvil-təslim həyata keçirilməli olduğunu söyləyib. Əvvəlcə AXCP-yə binanı bu gün saat 4-ə qədər boşaltmağa icazə verilsə də, sonradan bu qərar dəyişdirilib. Daha sonra əraziyə gələn Nərimanov rayon polis idarəsinin əməkdaşları qərargahı dərhal boşaldıllmasın istəyib. Hazırda qərargah FHN-nin əməkdaşları tərəfindən möhürlənərək ətrafı lentə alınıb. FHN-in əməkdaşları binanın söküləcəyin deyib. Bir müddət əvvəl suyu kəsilən qərargahın hazırda elektrik enerjisiylə təminatı da dayandırılıb.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının (Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8) zirzəmisində partlayış baş verib. Hadisə dünən səhər saat 5 radələrində baş verib. Partlayış nəticəsində qərargahın zalına ziyan dəyib. Həmin vaxt ofisdə partiyanın gənclər komitəsinin iki üzvü olub, onlardan heç biri xəsarət almayıb.

“Hadisənin obyektiv araşdırılacağına inanmıram”

Biz sözügedən ünvana çatanda artıq hadisənin üstündən üç saat ötmüşdü. Fövqalədə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşı gözə dəysə də, nədənsə, olay yerinə baxış keçirilməmişdi. Halbuki, partlayış baş verən yerlərə aidiyyəti qurumların işçiləri gəlmiş, ərazi lentlərlə hasara alınmış və kənar şəxslərin içəri keçməsi yasaqlanmışdı. Ancaq bunun dünənki olaya heç bir aidiyyəti yox idi. Üstəlik, zirzəminin qapısı ağzında içi palçıqlı və paslı qaz balonu olması şübhəli məqamlara yol açır.
FHN-in işçiləri olaydan təxminən 7 saat sonra zirzəmiyə baş çəkdi. Hadisə yerindən bir neçə şəkil çəkəndən sonra AXCP-nin qərargahına, zərər dəymiş zala daxil oldular. Partlayışdan sonra döşəmənin uçmuş hissəsinə diqqət yetirdilər. Onlar öncə binanın qəzalı vəziyyətdə olduğunu, buna görə də cəbhəçilərə ofisi tərk etməyi tapşırdılar. Mənzil Istismar Sahəsinin işçiləri həmin yeri qazanda isə hər şeyin əksi sübut olundu. Məlum oldu ki, zirzəmi ilə AXCP-nin qərargahının döşəməsini qalın dəmir relslər birləşdirir. Bu, binanın təhlükəli vəziyyətdə olmadığını isbatlayır.
Axşam saatlarına qədər isə ayrı-ayrı briqadalar ünvana baş çəkərək hadisə yerindən nümunələr götürür, jurnalistlərin çəkiliş aparmasına maneçilik yaradırdılar.
Partiyanın Ali Məclisinin sədri Həsən Kərimov bizimlə söhbətində hadisənin şəffaf araşdırılacağına inanmadığını bildirib.

“Bizə deyilmişdi ki, əgər onları çıxarmasanız, bir gün oranı partladacaqlar”

Zirzəmi iki yerə bölünərək icarəyə verilirdi. Bərbər Samir Muradov “Azadlıq”a açıqlamasında 2 ildir bu ünvanda işlədiyini deyib. O, indiyə qədər heç vaxt qaz balonundan istifadə etmədiyini, zirzəminin ağzında olan qaz balonunun ona məxsus olmadığını söyləyib.
Zirzəmidə icarə əsasında işləyən başqa bir sahibkar da orada qaz balonunun olmadığını bildirib. 6 ildir burada çalışan həmin şəxs ona 15-20 min manat ziyan dəydiyini vurğulayıb.
AXCP-nin yerləşdiyi qərargahın sahibi Azər Əsgərovun həyat yoldaşı Kifayət xanım “Azadlıq”a açıqlamasında deyib ki, partlayışın qəsdən törədildiyini güman edir. Çünki AXCP-ni binadan çıxarmaq tələbilə onlara xəbərdarlıq olunub: “Qəsdən törədilmiş hadisədir. Xəbərdarlıq da edilmişdi. Bizə deyilmişdi ki, əgər onları çıxarmasanız, bir gün oranı partladacaqlar”.
Partiya rəhbərliyi də Azər Əsgərova edilən xəbərdarlıqdan məlumatlı imiş. Həsən Kərimovun sözlərinə görə, binanın sahibinə AXCP-ni oradan çıxarmaq haqqında xəbərdarlıq ediblər, əks təqdirdə o bina ya yanacaq, ya da partlayış olacaq. Onun diqqətinə Ilham Əliyevin bu barədə birbaşa göstərişi olduğunu da çatdırıblar: “Sahibkar eyni zamanda övladları ilə təhdid edilib. Bütün səs yazıları, videolar əlimizdə var. Lazım olsa, Avropa məhkəməsinə verəcəyik”.

“Binanın sahibinə Kəmaləddin Heydərov və müavini adından zəng edilib”

AXCP Ali Məclisinin sədr müavini Gözəl Bayramlı da “Azadlıq”a açıqlamasında qərargahın sahibinə dəfələrlə təzyiqlər edildiyini deyib: “Qərargahın sahibi Azər Əsgərovun verdiyi məlumata görə, FHN-in təsərrüfat idarəsinin rəisi işləyən qardaşı Yavər Əsgərov dəfələrlə ona Kəmaləddin Heydərovun və onun müavini Orucəli Hacıyevin adından zəng edib. Deyib ki, AXCP-ni qərargahdan çıxartmasa, zirzəmidə yanğın, partlayış baş verəcək. Azər müəllim dedi ki, əlində audio və video yazı var. Beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Dedi ki, onda ciddi faktlar var və bu, hakimiyyət tərəfindən törədilmiş məsələdir. Heç bir halda, AXCP-ni qərargahdan çıxartmaq kimi bir niyyəti olmayıb”.
Qeyd edək ki, AXCP-nin qərargahıyla binanın zirzəmisinin sahibi ayrı-ayrı şəxslərdir. Yəni, Azər Əsgərovun mülkiyyəti yalnız partiyanın yerləşdiyi ofisdir. Zirzəminin sahibi isə başqa şəxsdir.
Adını söyləməyən zirzəminin sahibi də orada qaz balonundan istifadə edilmədiyini bildirib.
Ərazidə yaşayan sakinlər isə zirzəmidə üç dəfə partlayışın baş verdiyini söyləyiblər: “Partlayışlar ayrı-ayrı vaxtlarda və güclü oldu. Birinci zirzəminin gircəyində, iki dəfə isə qapının ağzında baş verdi”.

“Balaca qaz balonu belə böyük fəsad verə bilməz”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partlayış yerində olan qaz balonu barədə şübhəli məqamlardan danışıb. O, baş vermiş partlayışın ilkin müayinəsini apardıqlarını söyləyib: “Zirzəmidəki bərbərxananı işlədən Samir adlı bərbər bildirdi ki, burada heç vaxt qaz balonu olmayıb. Hadisə yerində isə köhnə və paslı parça pilləkənin üzərinə qoyulub ki, ilk baxışdan qaz balonundan baş verən partlayış təəssüratı yaransın. Qaz balonunun içi palçıqlı və paslı idi. Əgər partlayış balondan baş veribsə, o zaman qaz dolu olan balonun içi niyə paslı və palçıqlı olmalıdır? Açıq-aydın görünür ki, balon hadisə yerinə sonradan qoyulub. Özü də naşıcasına qapıdan çöldəki pilləkənin üstünə. Aydın görünür ki, bu, hakimiyyətin sifarişi ilə həyata keçirilən siyasi terror aksiyasıdır”.
F.Qəhrəmanlı hesab edir ki, AXCP-yə qarşı yönəlmiş bu aksiyanın əsas məqsədi Azərbaycan cəmiyyətində, demokratik düşərgədə xof yaratmaqdır: “Hakimiyyət açıq göstərmək istəyir ki, təkcə həbslərlə, siyasi repressiyalarla yox, lazım gələrsə, terror aksiyaları ilə də öz siyasi rəqibinə qarşı mübarizə aparmağa hazırdır. Bu, hakimiyyətin mahiyyətini göstərən bir məsələdir. Ikinci versiya ondan ibarətdir ki, qərərgahı almaq cəhdləri indiyə qədər fayda vermədiyindən bu yolla binanın sahibinə mesaj verilib. Yəni, əgər bina AXCP-də qalarsa, o, terrorun qurbanı ola bilər. Bu versiyaların hansının gerçək olduğunu yaxın zaman göstərəcək. Hadisə yerində olan balaca qaz balonunun partlayış gücü belə böyük fəsad vermək iqtidarında deyil. Bu, böyük ehtimalla təşkil olunmuş təxribat hadisəsidir. AXCP olaraq, biz bunu belə qiymətləndiririk və hakimiyyət orqanlarının da araşdırmasının nəticələrini gözləyirik”.

“Partlayışı AXCP-ni qərargahsız qoymaq məqsədilə törədiblər”

AXCP sədri Əli Kərimli hadisəylə bağlı mövqeyini açıqlayıb. O, “Facebook” səhifəsində bunları yazıb: “AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində, partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha ciddi ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Amma indi hər şey tam olaraq aydınlaşdı. Hakimiyyətimiz müxalifəti ilə artıq terror, partlayış dili ilə danışır. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın. Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq mübarizəmiz davam edir”.

“İlham Əliyevin birbaşa göstərişi var”

AXCP olayla bağlı bəyanat verib. Bəyanatda qeyd edilir ki, hadisə yerinə baxış keçirən FHN-in ilkin rəyində göstərilir ki, (məlumatda tarix 2 mart olaraq göstərilib) hadisə zirzəmidə yerləşən bərbərxanadakı propan balonunun partlaması nəticəsində baş verib: “Bərbərxananın icarədarı və sahibkarı isə video müsahibələrində bildirirlər ki, sözügedən yerdə nəinki qaz balonu, hətta qaz xətti belə olmayıb. Onlar partlayış yerindəki balonu hətta obyektin yaxınlığında belə görmədiklərini deyiblər”.
Sahibkarın partiya rəhbərliyilə telefon danışıqlarından sonra partlayışın təsadüf olmadığı qənaətinə gəliblər. Sahibkara deyilib ki, AXCP-ni binadan çıxarmaq lazımdır, bu barədə Ilham Əliyevin birbaşa göstərişi də var. Əks halda, binada yanğın və ya partlayış ola bilər. Sahibkar eyni zamanda övladları ilə təhdid edilib.
“Bütün bu detallar baş verən hadisənin AXCP-yə qarşı hazırlanmış təxribat olduğunu sübut edir. Olaya dövlət orqanlarının səhlənkar yanaşması bir daha onu göstərir ki, bu, AXCP-nin qərargahdan çıxarılmasına hesablanıb.
AXCP bəyan edir ki, hadisə yerinə baxış keçirilib və bina istifadəyə yararlıdır. Hadisə ilə bağlı şahidlərin və digər şəxslərin açıqlamaları mediaya təqdim olunub.
AXCP yerli və beynəlxalq ictimaiyəti baş verən hadisəni geniş araşdırmağa, diqqətdə saxlamağa çağırır. Bəyan edir ki, siyasi rəqiblərə qarşı bu cür terror metodları ilə mübarizə aparmaq, ölkədə terrorun rəsmiləşdirilməsi kimi təhlükəli bir vəziyyət yaradır” , – deyə bəyanatda qeyd edilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kvadrat metr olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kvadrat metr sahədə uçub.
Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

~ tərəfindən Patriot 04/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma