RUSİYA UKRAYNAYA QOŞUN YERİDİR

rus ordusu - ukrayna

Rusiya müharibəyə qərar verdi; Ukraynaya qoşun yeridilir

Dünya dərhal ayağa qalxdı: BMT təcili toplandı; ABŞ və AB-dən ilk reaksiyalar; Ukrayna radikalları səfərbərlik elan etdi

02:30

Martın 1-də Rusiya və Ukraynanın baş nazirləri Dmitri Medvedevlə Arseni Yasenyuk arasında telefon söhbəti baş tutub. Rusiya hökumətinin yaydığı məlumata görə, söhbət zamanı Medvedev Yasenyuku iki ölkə arasında dostluq münasibətlərini qorumağa çağırıb.

02:20

ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Vladimr Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kreml mətbuat xidmətinin yaydığı məlumata görə, Obama Rusiyanın hərbi əməliyyat niyyətindən narahatlığını bildirib, Putin isə Ukraynada rusların həyatına real təhlükənin yaranmasından danışıb və təhlükənin davam edəcəyi halda, Rusiyanın öz maraqlarını və rusdilli əhalini qorumaq hüququnu özündə saxladığını bildirib.

02:10

BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya hərbi müdaxiləyə yol açan qərarından sonra çağırılan təcili toplantısı Bakı vaxtı ilə martın 2-i saat 02 radələrində başa çatıb.

“Azadlıq.info” xarici KİV-ə istinadla məlumat verir ki, bağlı qapılar arxasında aparılan müzakirələrdən sonra iclasın açıq və teletransilyasiya ilə keçirilməsi qərara alınıb. Rusiyanın buna etirazına məhəl qoyulmayıb.

Ukrayna Rusiyanı Krım yarımadasının strateji məntəqələrini işğal etməkdə suçlayıb. Ukrayna BMT TŞ daimi üzvlərinin qalan dörd üzvündən (ABŞ, Böyük Britaniya, Fransa və Çin) “Rusiyanın aqressiyasına son qoymaq” üçün kömək istəyib.

Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev bəyan edib ki, Rusiya Kiyevin vasitəçilərsiz, ikitərəfli müzakirə təklifini rədd edib.

Rusiyanın səfiri Vitali Çurkin isə Ukraynadakı vəziyyətin normallaşması üçün keçmiş prezidenti Yanukoviç, indi hakimiyyətdə olan, o zamankı müxalifət partiyaları və vasitəçi kimi çıxış edən 3 Avropa İttifaqı ölkəsi arasında fevralın 21-də imzalanmış razılaşmaya qayıtmağı təklif edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pover isə bəyan edib ki, Rusiya hərbi təcavüzü dayandırmalı və Ukrayna hökuməti ilə əlaqə yaratmalıdır. O, həmçinin, bildirib ki, BMT və ATƏT-in indi Ukraynaya nümayəndə göndərməsi məntiqli olardı.

ABŞ-ın mövqeyini Böyük Brtitaniyanın səfiri Mark Layal Qrant da dəstəkləyib. O, ölkəsinin Budapeşt memorandumu çərçivəsində məsləhətləşmələri zəruri saydığını da xatırladıb.

01:40

NATO Şurası (qurumun ali orqanı) martın 2-də Ukraynada yaranmış vəziyyəti müzakirə etmək üçün təcili toplantı keçirəcək. Bu barədə NATO baş katibi Rasmussen Twitter səhifəsində yazıb. Baş katib onu da əlavə edib ki, NATO Şurasının toplantısından dərhal sonra Ukrayna-NATO komissiyasının iclası keçiriləcək.

00.26

BMT-nin baş katibi Pan Gi Mun Avropaya yollanır. Səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə danışacağı da gözlənilir. Baş katib həmçinin bəyanat verərək Ukraynada baş verən hadisələri diqqətlə izlədiyini deyib və Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

00.18

ABŞ-ın CNN telekanılının məluamtına görə, Ağ Evdə prezident Barak Obamanın təhlükəsizlik məsələləri üzrə aparıcı müşavirlərlə, həmçinin güc strukturlarının rəhbərləri ilə görüşü başa çatıb. Böyük ehtimala görə, mövzu Krım məsələsi olub.

00.11

ABŞ-ın müdafiə naziri Çak Hengel rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

1 mart 2014

23.55

Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Silahlı Qüvvələrin hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr verib.

O xatırladıb ki, RF Federasiya Şurası Rusiya qoşunlarının Ukrayna ərazilərinə yeridilməsi ilə bağlı Putinin müraciətini dəstəkləyib. Turçinov həmçinin bu aqressiya üçün heç bir əsasın olmadığını da bildirib.

Turçinov qeyd edib ki, Ukraynanın rusdilli vətəndaşları üçün təhlükənin olması ilə bağlı deyilənlər yalandır. «Ukrayna dövləti hansı dildə danışmasından və hansı regionda yaşamasından asılı olmayaraq bütün vətəndaşlarını qoruyur», – deyə o bildirib.

22.46

NATO Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Qurumun baş katibi Andres Foq Rasmussen bu barədə öz Tvitter səhifəsində yazıb. «Rusiya Ukraynanın müstəqilliyinə hörmət etməlidir. Bu da Rusiya qoşunlarının Ukraynada hərəkətinə də aiddir. Krımda situasiyanı dərhal sabitləşdirmək lazımdır», – deyə NATO baş katibi bildirib. O həmçinin qeyd edib ki, NATO-dakı müttəfiqlər sıx koordinasiyanı davam etməlidir.

21:00

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə komissarı Ketrin Eşton martın 3-nə quruma üzv ölkələrin XİN başçılarının iclasını çağırıb. İclasda Ukraynadakı vəziyyət müzakirə olunacaq.

***

20:54

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya hərbi müdaxilə qərarı ilə bağlı təcili toplantı keçirəcək. İclas Bakı vaxtı ilə saat 23-də başlamalıdır. Toplantını BMT TŞ-in daimi üzvü Böyük Britaniya çağırıb.

***

20:42

Ukraynanın Maydan mübarizəsində mühüm rol oynayan radikal “Sağ sektor” adlı ictimai təşkilatı Rusiyanın hərbi müdaxilə qərarına qarşı səfərbərlik elan edib və üzvlərini silahlanmağa çağırıb. Təşkilat həmçinin, Rusiyadakı Qafqazın Müqavimət Hərəkatına və digər bu tipli qurumları da fəallaşmağa səsləyib.

***

20:35

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Rusiyanın qərarı ilə bağlı açıqlama verib. “Bizə qarşıdurmaya getməməli, mövqeləri yaxınlaşdırıb, əməkdaşlıq etməliyik”. Barrozo deyib ki, Krımdakı vəziyyət Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həll olunmalıdır.

***

20:20

“UDAR” partiyasını lideri Vitali Kliçko Ali Radanı təcili toplanaraq, Qara dəniz donanması ilə bağlı Rusiya ilə olan müqavilənin ləğv etməyə çağırıb. O, həmçinin, Silahlı Qüvvələrin Baş Qərargahına tam səfərbərlik elan etmək səlahiyyəti verilməsini də istəyib.

***

19:10

ABŞ dövlət katibi Con Kerri və Ukraynanın prezident əvəzi Aleksandr Turçinov Rusiyanın Ukraynaya hərbi təcavüzə hazırlaşmasını telefon vasitəsilə müzakirə ediblər. Kerri əmin edib ki, ABŞ Ukraynanın maraqlarının müdafiəsində duracaq.
Turçinov deyib ki, Rusiyanın davranışını Ukraynanın suverenliyinə qarşı açıq təcavüz kimi qiymətləndirirlər. “Münaqişənin həllində strateji tərəfdaşlarımızın köməyinə güvənirik”, – Ukraynanın prezident əvəzi qeyd edib.
Cavabında Kerri bildirib ki, ABŞ hər zaman suveren dövlətlərin maraqlarının müdafiəsində durub, bundan sonra da duracaq və Ukraynada demokratiya və azadlıqların müdafiə edəcək.

***

19:02

Rusiyanın Federasiya Şurası martın 1-də keçirdiyi fövqəladə iclasda ölkə başçısı Putinin Ukrayna ərazisinə hərbi birliklər yeritməklə bağlı müraciətinə baxaraq, müsbət cavab verib. Şuranın sədri Valentina Motvienko müraciəti açıq səsverməyə çıxarıb. Şuranın hər iki komitəsi  – müdafiə və beynəlxalq məsələlər – Putinin müraciətinə dəstək veriblər. Federasiya Şurası yekdilliklə müracitlin lehinə olub.

***

18:59

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 1-də Kiyevdə Ukraynanın yeni rəhbərliyi ilə görüşüb.
Davudoğlu ukraynalı həmkarı Deşiça ilə birgə mətbuat konfransında deyib ki, ölkəsi Krımda yaranmış vəziyyətdən narahatdır. “Krım hərbi qarşıdurmanın yox, turizmin, tərəqqinin və əməkdaşlığın mərkəzi olmalıdır. Türkiyə Krımdakı mövcud vəziyyətin mümkün qədər tez aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”, – deyə Davudoölu bildirib.
Türkiyə XİN rəhbəri Krım mövzusunda bir sıra həmkarları ilə ötən gün danışıq apardığını və müzakirələri davam etdirəcəyini qeyd edib. “Vəziyyəti tənzimləmək üçün bütün beynəlxalq müstəvilərdə, xüsusən də ATƏT və Avropa Birliyi səviyyəsində diplomatik səylər gücləndirilməlidir”, – deəy o əlavə edib.
Davudoğlu Krım əhalisinə bölgədə sülh və sakitliyi qorumağa çağırıb. O, bəyan edib ki, Krım problemi Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. “Ukraynada stabillik Qara dəniz regionu üçün olduğu kimi, bütün Avropa üçün də əhəmiyyətlidir”, – deyə Davudoğlu vurğulayıb.
Öz növbəsində Deşiça qeyd edib ki, Krımda vəziyyət getdikcə gərginləşir və Ukrayna problemin dinc yolla həlli üçün istənilən beynəlxalq təşəbbüsü alqışlayır.

***

18:31

İsveçin xarici işlər naziri Karl Bild hesab edir ki, Rusiya Krıma hərbi müdaxilə gerçəkləşdirməklə orada Rusiyayönlü marionet hakimiyyət qurmağa çalışır: “Görünür, hazırkı addımlar Krımda oyuncaq hökümətin qurulmasına hesablanıb. Heç bir ölkə başqasının daxili işlərinə müdaxilə edə bilməz. Bu əsas prinsipdir. Mən qorxuram ki, bir qədər sonra Krımda da bizim əvvəl şahid olduğumuz ssenari həyaa keçirilsin. Rusiya dondurulmuş kobfliktlər yaratmağa meil edir”.

***

17:55

Rusiya prezidenti Vladimr Putin Federasiya Şurasına müraciət edib ki, Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya silahlı qüvvələrindən bu ölkədə istifadə olunmasına razılıq versin.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

***

17:45

Ukraynanın sahil sərhəd xidmətindən verilən məlumata görə, hərbi həyacan siqnalı ilə dənizə çıxan gəmilərə rus hərbi katerləri yaxınlaşmaqdadır. Yaxınlaşan katerlər raketlərlə təchiz olunub. Rus katerlərinin məqsədi hələlik bilinmir.

16:45

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienko Krıma məhdud sayda qoşun hissələri yeridə biləcəklərini inkar etməyib. O deyib ki, məqsəd burada yaşayan rusların və Rusiyanın Qara Dəniz donamasının təhlükəsizliyini təmin etməkdir. “Tam mümkündür ki, Krım rəhbərliyinin xahişinə uyğun olaraq belə bir addım atılsın. Biz öz vətəndaşlarımızı müdafiə etməliyik”.

***

16:36

Rusya meyilli fəallar Donetsk vilayətinin administrasiyasına hücuma keçiblər. İnzibati binadan Ukraynanın dövlət bayrağı çıxardılaraq, əvəzinə rus bayrağı asılıb. Oxşar proseslər Xarkovda da cəryan edir. Avromaydan tərəfdarları Xarkov vilayətinin administrasiyasına sıxışdırılıblar. Hazırda demokratların olduğu bina aksiyaçılar tərəfindən mühasirəyə alınıb. Binanın önündə hazırda qarşıdurma gedir. Hər iki tərfədən ciddi xəsarət alanlar var.

Simferopolda isə silahlı şəxslər Həmkarlar İttifaqının binasını ələ keçirib. Bu bina olduqca böyük strateji əhəmiyyətə malikdir.

***

16:15

Xüsusi təyinatlıların formasında olan, təxminən 300 nəfərlik naməlum silahlı dəstə Ukrayna Dövlət Sərhəd Xidmətinin Sevastopoldakı dəniz mühafizə alayını ələ keçirmək istəyib. Bu barədə yerli KİV-ə DSX rəisinin müavini Sergey Astaxov məlumat verib. Onun bildirdiyinə görə, hadisə martın 1-i yerli vaxtla saat 13 (Bakı vaxtı ilə 15) radələrində baş verib. Silahlılar 10 avtomobil karvanı ilə hərəkət ediblər.

“Unian” xəbər verir ki, bundan başqa, Krımın Evpatoriya rayonunda da rus hərbçiləri Ukrayna hərbi hava qüvvələrinin zenit-raket hissəsinin idarəetmə məntəqələrindən birini ələ keçirmək istəyiblər.

Yaranmış vəziyyətlə əlaqədar Ukrayna ordusu da hərəkətə keçib. Ukrayna DSX-dən bəyan olunub ki, hərbi dəniz hissələrinin və gəmilərinin qorunması üçün bütün qanuni addımlar nəzərdən keçirilir. Bütün hərbi gəmilər döyüş siqnalı ilə açıq sulara çıxıb.

***

15:23

Son günlər dünya mətbuatının diqqət mərkəzinə olan Krımdan həyəcanlı xəbərlər gəlməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Ukrayna daxili işlər naziri tərəfindən Simferopola yeni təyin edilən rəis iş kabentinə buraxılmayıb.

“Simferopol” aeroportu üzərində isə hava məkanı qapadılıb və beynəlxalq reysləri qəbul etmir. Ukrayna baş naziri Arseni Yasenyuk rus hərbçilərinin Krımda fəaliyyətinin muxtariyyətdə turistik mövsümü iflasa uğratmağa yönəldildiyini bildirib. Rusiya tərəfinin məsələ ilə bağlı mövqeyi də özünü çox gözlətməyib.

Rusiya Federasiyası prezident administrasiyası Krım nümayəndələrinin Vladimir Putinə muxtariyyətdə yaranmış gərgin vəziyyətdən çıxış yolu üçün yardım əli uzatması xahişini cavabsız qoymayacağını bildirib.

***

13:54

Rusiya Krıma 700 nəfərlik xüsusi təyinatlılar qrupu göndərib. Sevastopoldakı hərbi mənbənin bildirdiyinə görə, Rusiya Qara Dəniz Donanmasının “Nikolay Filçenkov” desant gəmisi 700 xüsusi təyinatlını dünən axşam saatlarında Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasına çatdırıb. Ukraynanın müdafiə naziri vəzifəsini icra edən admiral İqor Tenyux isə Ukrayna hökumətinin iclasında bildirib ki, Rusiya Krıma artıq 6 min hərbçi yeridib. “Reuters”-in xəbərinə görə, nazir qeyd edib ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. İ. Tenyux həmçinin Krım ərazisində Rusiyaya məxsus 30-dək “BTR-80”-nin yerinin dəyişdirildiyini, rusiyalı hərbçilərin inzibati binaları və hərbi hissələri mühasirəyə aldığını deyib.  Qeyd edək ki, fevralın 28-də Krım Muxtar Respublikanın Nazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti V. Putinə müraciət edib. O bildirib ki, Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələr yerləşdirilib, güc strukturları isə vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmır. Rusiya Prezidentinin Administrasiyasında isə deyiblər ki, Krım baş nazirinin müraciəti diqqətsiz qalmayacaq.

~ tərəfindən Patriot 02/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma