ABŞ YANUKOVİÇİN KİTABINI BAĞLADI

viktor-yanukovic

Ağ ev Viktor Yanukoviçi artıq Ukrayna dövlətinin rəhbəri hesab etmir

Ukraynanın devrilmiş rəhbəri Rusiyada üzə çıxdı; Kreml Krımı qarışdırmaq niyyətindən əl çəkmir

Baş nazir Yanukoviçin istəyinə cavab verdi: «Onun təhlükəsizliyinə tam təminat veririk, amma həbsxana şəraitində»

Ukraynanı tərk edəndən sonra keçmiş prezident Viktor Yanukoviç dünən ilk dəfə mətbuat konfransı keçirib. Mətbuat konfransı Rostov şəhərinin “VertolEkspo” sərgi mərkəzində baş tutub. Ukrayna KIV-lərinin məlumatına görə, tədbirin keçirildiyi məkan əvvəldən sonadək polisin mühasirəsində olub. Mərkəzin ətrafı tikanlı məftillərlə əhatəyə alınıb. Jurnalistlər içəri ciddi yoxlamadan və bütün lazımsız əşyaları təhvil verəndən sonra girə biliblər. Hətta bir jurnalistin əlindən çantasında olan alma da alınıb. Polislər bunu almanın Yanukoviçə atılmasından ehtiyatlandıqları üçün etdiklərini deyiblər.

Yanukoviç Putinin səssizliyinə təəccüblənib

Yanukoviç ilk olaraq bildirib ki, öz borcunu yerinə yetirən vətənpərvər zabitlərin köməyi ilə Rusiyaya gəlib: “Rusiya prezidenti Vladimir Putinlə görüşməmişəm, Rusiya ərazisinə keçən kimi telefonla danışmışam. Razılaşdıq ki, onun imkanı olan kimi görüşəcəyik”. Yanukoviç Putinin Ukraynada baş verənlərə səssiz qalmasına təəccüb etdiyini deyib: “Vladimir Putinin xarakterini bildiyim üçün təəccüb edirəm ki, niyə bu vaxta qədər susur? Bu mənim üçün sual doğurur. Rusiya Ukraynanın strateji tərəfdaşıdır, ona görə də mütləq hərəkətə keçməlidir”. Bununla belə, Yanukoviç bildirib ki, hərbi yardım göstərilməsi xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyil: “Hazırkı vəziyyətdə hərbi addımlar yolverilməzdir. Ukrayna vahid və bölünməz olmalıdır”.
Niyə məhz Rostova gəldiyi ilə bağlı sualı isə Yanukoviç belə cavablandırıb: “Bu şəhərin yaxınlığında mənim köhnə dostum yaşayır. Bura gəldim ki, onun yanında müvəqqəti sığınacaq tapım”.

“Kiyevdə məni atəşə tutdular”

Yanukoviç bildirib ki, Ukraynanı faşist gənclər ələ keçirib: “Kiyevdə mənim avtomobilim atəşə tutulub. Mən qaçmamışam, Kiyevdən Xarkova getmişəm. Biz Kiyevə gələndə, şəhərə radikal qrupların axışmağa başladığı məlum olmuşdu. Heç bir qorxu hissi yox idi, sadəcə təhlükəsizlik qaydaları var idi. Mən Rıbakla Klyuyevdən Donetskə getməyi xahiş etdim, özüm isə Luqanska yollanmaq qərara aldım. Iki helikopterlə çıxdıq. Hərbi dispetçerlər bizə xəbərdarlıq etdilər ki, istiqaməti dəyişməsək, havaya qırıcılar qalxacaq. Ona görə də helikopterdə olan pilotlar Donetskdə enməyə məcbur oldular”.

“Ukrayna xalqından üzr istəyirəm”

Keçmiş prezident qeyd edib ki, müxalifət liderləri və 3 Avropa ölkəsinin XIN rəhbəri ilə imzaladığı saziş yerinə yetirilmədi. Bunun nəticəsi olaraq Kiyev silahlı insanlarla dolduruldu: “Bundan sonra baş verənləri terror və xaos adlandırmaq olar. Hazırda parlament Maydanın təsiri ilə səs verir. Onlar qurulan hökuməti qələbə hökuməti adlandırır. Kimin üzərində qələbə? Ukrayna xalqı üzərində? Milli birlik hökuməti yaradılmalıdır. Mən hesab edirəm ki, Ali Rada legitim deyil. Mən Ukraynada sabitliyi qoruya bilmədiyim üçün Ukrayna xalqından, veteranlardan üzr istəyirəm”.
Vəziyyətdən çıxış yolunun fevralın 19-da prezidentlə müxalifət arasında imzalanan sazişin icrasında gördüyünü deyən Yanukoviç silhalı şəxslərin küçələrdən yığışdırılmasının vacibliyini qeyd edib: “Bütün ölkədə normal həyat bərpa olunmalıdır. Böhrandan çıxmağa çətin olacaq. Indi yaşanananlar siyasi böhranın nəticələridir. Bu, Qərbin yürütdüyü siyasətin nəticəsidir”. Yanukoviç həmçinin Ukraynada ümumxalq referendumunun keçirilməsini təklif edib.

“Prezident seçkilərində iştirak etməyəcəm”

Yanukoviç mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin qanunsuz olduğunu və bu səbəbdən seçkilərdə iştirak etməyəcəyini bildirib. Yanukoviç özünün və ailəsinin təhlükəsizliyi təmin olunacağı təqdirdə, Ukraynaya qayıdacağını da deyib: “Mən Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətindəyəm. Vaxt çatıb və mənÿ deməliyəm ki, terror vasitəsi ilə Ukraynanı ələ keçirmək istəyənlərə qarşı mübarizə aparacağam. Məni heç kim devirməyib, mən ölkəni ailəmÿtəhlükədə olduğu üçün tərk etmişəm. Ailə üzvlərimlə bağlı hədə zəngləri alırdım. Hətta kiçik nəvəmi də hədələmişdilər”.

“Krım Ukraynanın tərkibində qalmalıdır”

Yanukoviç son günlər Krımda yaşanan gərginliyə də toxunub. Bildirib ki, Krım geniş muxtariyyət saxlamaq şərti ilə Ukraynanın tərkibində qalmalıdır. Onun sözlərinə görə, indi Krımda baş verənlər Kiyevdəki hadisələrə normal reaksiyanın nəticəsidir. “Krım sakinləri öz evlərini, ailələrini qorumaq istəyirlər”.

“Haaqada məhkəmə prosesi başlasa…”

“Haaqada məhkəmə prosesi başlasa, öncə hakimiyyət, müxalifət və Avropa Şurasının iştirakı ilə müstəqil araşdırma aparılmalıdır. Yalnız bundan sonra hansısa məhkəmədən danışmaq olar. Indi bu suallara cavab vermək istəməzdim. Əminəm ki, vaxt gələcək və həqiqət üzə çıxacaq”.ÿYanukoviç qeyd edib ki, hazırda Ukraynada silahlı şəxslərin iştirakı ilə teatr tamaşası davam edir: “Mən və mənim komandamdan çox Ukraynada sabitliyin olmasında maraqlı adamlar yoxdur və olmayıb. Lakin görünür ki, bu ssenari Ukraynada yazılmayıb”.ÿ
Azadlığa çıxan keçmiş baş nazir Yuliya Timoşenko ilə bağlı məsələyə də münasibət bildirən Yanukoviç deyib ki, onun taleyini Ukrayna xalqına həvalə edir: “Məhz xalq Timoşenkonun Ukraynanın siyasi həyatında olub-olmayacağına qərar verməlidir. Ona heç vaxt pislik arzulamamışam və bunu həmişə demişəm”.

“Günahkar Qərb və müxalifətdir”

Yanukoviçin fikrincə, bu gün ölkədə baş verənlərin günahkarı Qərb və müxalifətdir. Avropa Birliyi ilə assosiativ sazişə gəldikdə isə Yanukoviç sənədin Ukrayna parlamentində müzakirəyə çıxarılmadığını bildirib: “Bu sənədin nəticələri nəzərdən keçiriləndə, onun qəbulu prosesinin dayandırılması haqda qərar verildi. Bu sazişdən biz çox şey itirirdik. Rusiya ilə ticarət dövriyyəmiz 60 mlrd. dollar təşkil edirdi və bu, azalırdı. Ukraynada istehsal olunan məhsullar rəqabətə dözümlü deyildi. Ona görə də mən məqbul anlaşmalar əldə olunanadək Avropa Birliyi ilə assosiativ sazişin imzalanması ilə bağlı prosesin dayandırılması üçün parlamentə müraciət etdim. Lakin konkret təkliflər olmayıb”.

“Xarici banklarda heç vaxt pulum olmayıb”

Keçmiş prezident onu da bildirib ki, xaricdə heç vaxt şəxsi pulları olmayıb. Xarici banklarda hesabı da yoxdur: “Mən ictimai adamam. Nəyim olubsa, hamısı deklarasiya olunub”. Mejiqoriyedəki məlum mülkə gəlincə, Yanukoviç bildirib ki, bu mülk ona məxsus deyil: “Ora xarici mülkiyyətçiyə məxsusdur. Ona görə də Ukrayna beynəlxalq vəkillərlə üzləşməli olacaq. Mejiqoriyedə mənim yalnız 620 kvadratmetrlik meydançası olan bir evim var. Orada 99-cu ildən yaşayıram. Bu evi öz pulumla almışam – 3 milyon 200 min dollara. Bunun üçün də nəyim varsa, hamısını satmışam. Bu, mənim deklorasiya olunmuş vəsaitim idi. Orada 1,7 hektarlıq torpaq sahəsi var”.
Yeri gəlmişkən, Ukrayna mətbuatı məlum mətbuat konfransını “Yanukoviçin Rostov şousu” kimi qiymətləndirib. Ukraynanın yeni baş naziri Arseni Yatsenyukdan isə Yanukoviçin təhlükəsizliyinin təminatı ilə bağlı təklifinə maraqlı cavab gəlib. Baş nazir bildirib ki, Yanukoviçin təhlükəsizliyi tam təmin ediləcək. Amma həbsxanada: “Yanukoviç artıq ölkənin prezidenti deyil. O, kütləvi qırğınlara göstəriş verdiyinə görə məsuliyyətə cəlb olunmalıdır”.

Isveçrə ata və oğul Yanukoviçin bank hesablarını dondurur

Isveçrə hökuməti bəyan edib ki, 20 ukraynalının, o cümlədən ata və oğlu Yanukoviçin bank hesabları dondurulacaq. Ölkənin Federasiya Şurası hesabı bağlanacaq Ukraynanın keçmiş məmurlarının siyahısını açıqlayıb. Siyahıda bu şəxslərin adları salınıb: Sergey Arbuzov, Nikolay Azarov, Raisa Boqatıryova, Mixail Dobkin, Yuri Ivanyuşenko, Gennadi Kernes, Aleksandr Klimenko, Andrey və Sergey Klyuevlər, Boris Kolesnikov, Yuri Kolobov, Vladimir Kozak, Yelena Lukaş, Nikolay Prisyajnyuk, Viktor Pşonka, Eduard Stavitski, Aleksandr Yefremov, Vitali Zaxarçenko, həmçinin Viktor və Aleksandr Yanukoviç.

Avstriya da hesabları bağlayır

Avstriya hökuməti isə 18 ukraynalının hesabını  donduracağını bildirib. Siyahıda Viktor Yanukoviç, Aleksandr Yanukoviç, Nikolay Azarov, Andrey Klyuev, Vitali Zaxarçenko, Sergey Arbuzov, Mixail Dobkin, Gennadi Kernes, Aleksandr Klimenko, Valeri Koryak, Yelena Lukaş, Aleksandr Popov, Viktor Pşonka, Stanislav Şulyak, Vladimir Sivkoviç, Aleksandr Yakimenko, Yuri Ivanyuşenko, Eduard Stavitskiyin adları var.

Ağ evdən Yanukoviçlə bağlı açıqlama

Ağ ev Viktor Yanukoviçi artıq Ukrayna dövlətinin rəhbəri hesab etmir. Bu barədə mətbuat konfransında Ağ evin nümayəndəsi Cey Karni deyib. Karninin sözlərinə görə, Ağ ev Ukrayna parlamentinin yeni hökumətin yaradılmasına dair qərarını alqışlayır. O qeyd edib ki, Vaşinqton Rusiyadakı hərbi təlimləri diqqətlə izləyir və Moskvanı Ukraynaya qarşı təxribat xarakterli addımlardan çəkinməyə çağırır.

Krımda gərginlik səngimir

Ukraynanın Krım Muxtar Respublikasında günlərdin yaşanan gərginlik səngimək bilmir. Fevralın 28-nə keçən gecə Simferopol aeroportunu naməlum hərbçilərin zəbt etdiyi haqda məlumatlar yayılıb. Lakin aeroportun mətbuat xidmətinin rəhbəri Iqor Stratilati yerli KIV-ə deyib ki, obyekti zəbt etməyə cəhd olsa da, son məqamda adamlar planlarını dəyişiblər. O, aeroport ərazisinə təxminən 50 nəfərin Rusiya bayraqları ilə soxulduğunu bildirib. Dediyinə görə, basqın edənlər silahsız olublar: “Onlar elə bilirdilər ki, aeroporta Ukrayna desantları enib. Gəlib belə olmadığını gördülər və üzr istəyib getdilər”.
Növbəti hədəf Sevastopol olub. 300 nəfərdən artıq silahlı şəxs hərbi yük maşınları ilə Belbek aeroportunu tutub və ora gedən yolu bağlayıblar. Aeroportun növbə rəisi bildirib ki, bu adamlar Rusiya hərbçiləridir. Rusiyanın Qara dəniz donanmasından isə aeroportdakı silahlıların onlara aidiyyəti olmadığını bildiriblər. Aeroporta gedən yol bağlanıb. Silahlılar “Yaxınlaşma, atəş açacağıq” xəbərdarlığı ilə heç kimi yaxın buraxmayıblar. Növbə rəisi silahlılarla danışığa gedib və ona bildiriblər ki, əsgərlər hava limanını təxribatdan qoruyur. Hava limanında 3 zirehli hərbi maşın və 10 hərbi “Ural” olub. Silahlılar heç bir tələb irəli sürməyiblər. Aeroportun nə zaman açılacağı bəlli deyil. Dünən üçün nəzərdə tutulan 3 çarter reysi təxirə salınıb.

Krım parlamenti Nazirlər Şurasını istefaya göndərdi

Krım Ali Şurası isə Muxtar Respublikanın hökumətini istefaya göndərib. Qərarı iclasa qatılan 64 deputatdan 55-i dəstəkləyib. Anatoli Mogilyovun rəhbəri olduğu Nazirlər Şurası 2011-ci ilin payızından fəaliyyət göstərirdi. Ali Şuranın deputatları Sergey Aksyonovu Nazirlər Şurasının sədri seçib. Aksyonov Krım Muxtar Respublikası parlamentinin deputatı və Krım parlamentində “Rus Birliyi” fraksiyasının sədridir. S.Aksyonov Viktor Yanukoviçi Ukraynanın legitim prezidenti hesab etdiyini və ona tabe olacağını bəyan edib: “Viktor Fyodoroviç Yanukoviçi ölkənin legitim prezidenti hesab edirik və onun göstərişlərinə əməl edəcəyik”.

“Bu, silahlı müdaxilə və işğaldır”

Ukraynanın daxili işlər naziri Arsen Avakov rus hərbçiləri tərəfindən Krımın hava limanlarının blokadaya alınmasını silahlı müdaxilə və işğal kimi dəyərləndirib: “Hava limanlarının daxilində Ukrayna hərbçiləri və gömrük əməkdaşları var. Hava limanının kənarında isə fərqlənmə nişanı olmayan hərbçilər dayanıb. Hələlik silahlı toqquşma yoxdur”.

Rusiyadan cavab gəldi

Dünən Ukraynanın Rusiyadakı səfirliyinin müşavirinə Ukrayna XIN-in Krımdakı hadisələrlə əlaqədar təcili ikitərəfli məsləhətləşmələrin keçirilməsi təklifinə cavab nota verilib. Rusiya xarici siyasət idarəsinin notasında qeyd olunur ki, Moskva Krımda baş verənləri Ukraynada gedən daxili siyasi proseslərin nəticəsi kimi qiymətləndirir. Buna görə də Rusiya Ukrayna tərəfinin təklif etdiyi məsləhətləşmələrə ehtiyac görmür.ÿUkrayna tərəfinə həmçinin Krımda Rusiya Qara dəniz donanmasına məxsus hərbi texnikanın hərəkəti ilə bağlı nota təqdim olunub. Notada qeyd olunub ki, bütün bunlar Rusiya ilə Ukrayna arasında Qara dəniz donanmasının statusuna dair imzalanmış baza sazişlərinə uyğundur.

“Krımı qarışdıranlar rus əsgərləri və ”spesnaz”ıdır”

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb. Bunu şuranın iclasından sonra keçirdiyi brifinqdə qurumun katibi Andrey Parubiy deyib: “Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq”. A.Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya “spesnaz”ıdır: “Rusiya Federasiyası və onun ordusu aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri də adekvat addımlar atacaq. Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb”.

BMT Krıma dəstək verməyə hazırdır

BMT Krımda yaranmış vəziyyətlə bağlı Ukraynanın yeni hökumətinə mümkün köməyi etməyə hazırdır. Bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Robert Serri dünən Ukraynanın prezident əvəzi Aleksandr Turçinovla görüşündə deyib. Görüş zamanı tərəflər Krımda yaranan gərgin vəziyyəti və Ukraynanın ərazi bütövlüyünə, müstəqilliyinə qarşı Rusiyanın aqressiv hərəkətlərini müzakirə ediblər.

~ tərəfindən Patriot 01/03/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma