“RUSİYA UKRAYNANI RAM EDƏ BİLMƏYƏCƏK”

vefa guluzade

Vəfa Quluzadə:”Ukraynadakı olaylar ümumi şəkildə postsovet məkanına təsir edəcək”

“Böhranın qarşısını ala biləcək yeganə hadisə Yanukoviçin getməsi ola bilər”

Ukraynadıkı siyasi böhran hər ötən gün daha dərinləşməkdədir. Hakimiyyət və müxalifət getdikcə situasiyaya nəzarəti əldən verməkdədir. Kiyevdə başlayan etirazların ölkənin digər regionlarına yayılması, kütləvi aksiyaların daha intensiv xarakter alması fonunda beynəlxalq aləmdən gələn təzyiqlər də güclənməkdədir. Hazırda proseslərin olduqca sürətlə inkişaf etdiyi Ukraynadakı olaylarla bağlı gündəmdə olan sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq:

– Vəfa müəllim, Ukraynada demokratiya uğrunda gedən mübarizənin sivil müstəvidən zorakılığa keçməsi nə qədər gözlənilən idi?

– Ukraynadakı hazırkı proseslərin kökünə nəzər salmaq lazımdır. Hər şey Yanukoviçin xalqını aldatmasından başladı. Parlament qanun qəbul etmişdi ki, ölkə Avropaya inteqrasiya yolu ilə gedəcəkdir. Yanukoviç Vilnüsdə Avropa ilə əməkdaşlığı dərinləşdirən sənədlərə imza atacağını bəyan etmişdi. Amma Yanukoviç birdən-birə gözlənilməz şəkildə mövqeyini dəyişdi. Azarov bəyanatlar verirdi ki, Rusiya Ukraynaya Gömrük Ittifaqına üzvlüklə bağlı güclü təzyiqlər edir, amma Kiyev geri çəkilmək niyyətində deyil. Lakin Putinlə görüşdən sonra Yanukoviç hakimiyyətinin ritorikası tamamilə dəyişdi. Daha sonra Yanukoviç bəyan etdi ki, Ukrayna Avropa Birliyinə inteqrasiya etmək iqtidarında deyil və Kiyev daha çox Rusiya ilə əməkdaşlıq barədə düşünəcək. Proseslərin bu cür cərəyan etməsi nəticəsində Ukrayna xalqı özünü aldanmış hiss etdi. Hakimiyyətin yürütdüyü siyasətə qarşı ilk növbədə tələbələr qarşı çıxdı. Iqtidar adekvat olmayan güc işlədərək, gəncləri Maydanda amansızcasına döydü. Nəticədə müxalifətin ilk etiraz dalğası zorakılıqla yatırıldı. Amma bu son deyildi. Maydanın dağıdılması Ukraynanın müxtəlif təbəqələrinin ayağa qalxmasına səbəb oldu. Ukraynada müxalifət tərəfdarlarının uzun müddət davam edən aksiyası məhz bu olaydan sonra baş verdi. Müxalifətçilər Yanukoviçin Avropa Birliyi ilə bağlı qəbul etdiyi qərara yenidən baxmasını tələb edirdi. Əks təqdirdə dövlət başçısının istefası tələb olunurdu. Məhz bu tarixdən başlayaraq Ukrayna xalqı istəklərini açıq formada ifadə edir, dəyişikliklər əzmində olduğunu vurğulayır. Yanukoviç hökuməti isə xalqla oynayır. Hiss olunur ki, Yanukoviç Rusiya ilə sövdələşmə imzalayıb və Gömrük Ittifaqına üzv olmaq niyyətindədir. Amma Avropa Birliyinin, xalqın təzyiqlərinin fonunda bunu etmək o qədər də asan deyil. Ona görə hazırda Ukraynada baş verən hadisələrə, tökülən qana görə məsuliyyəti birbaşa Yanukoviç daşıyır. Amma Ukrayna xalqı bütün təzyiqlərə rəğmən geri çəkilmək fikrində deyil. Çünki Ukrayna xalqı olduqca döyüşkən xalqdır. Ukraynalılar sovet imperiyasına qarşı döyüşdə də fərqləniblər. Bu xalq həmişə silaha əl atmaq iqtidarındadır. Məhz bu üzdən Yanukoviç müxalifətçilərə qarşı ifrata varmır. Çünki bunun nəticələrinin ağır olacağını gözəl bilir. Hazırda baş verən proseslərin fonunda Ukraynadakı Rusiyapərəst qüvvələr Kremlin Ukraynaya qoşun yeritməsi təklifi ilə çıxış ediblər. Amma artıq zaman o zaman deyil. Moskva belə bir addım atmağa cəsarət etməz. Çünki o zaman Ukraynadakı proseslər Rusiyaya qarşı müharibəyə çevrilə bilər. Xalq Rusiyaya qarşı birləşərək, Ukraynanın Kreml ilə əlaqələrini tam formada kəsə bilər. Bir çox mətbuat vasitələrində Kiyevdəki olayları Qroznı ilə müqayisə edirlər. Rusiya Çeçenistana ordu yeridən zaman paytaxt Qroznıda küçə döyüşləri baş vermişdi. Hazırda  Kiyevdə baş verənlər də buna oxşayır. Ukraynada baş verən hadisələr önəmli olaylardır və onlar Ukrayna xalqının taleyini həll edəcək. Düşünürəm ki, bu taleh geriyə doğru deyil, irəli doğru həllini tapacaq.

“Rusiya Ukraynanı ram edə bilməyəcək”

– Ukraynada artıq qan tökülüb. Bir çox ekspertlər son olaylardan əvvəl Ukraynadakı hadisələrin Suriya, Liviya, Misir mübarizələrinə oxşamayacağını bəyan etmişdi. Amma Ukraynada da demokratiya uğrunda mübarizə qan tökülməsi ilə nəticələndi. Bu nəyin görsənişidir?

– Ukraynadakı olaylarla Suriya, Liviya hadisələrini eyniləşdirmək olmaz. Çünki Ukrayna Avropanın bir hissəsidir. Ərəb dünyasında baş verənlər bir qarşısı alınmaz proses idi. Burada kortəbii sürətdə partlayış oldu. Amma Ukraynada düşünülmüş şəkildə bir proses başlayıb. Bu proses ölkənin demokratiya yolu ilə irəliləməsinə xidmət edir. Ukrayna Rusiyanın cilovundan qurtarmağa çalışır. Bu bir Avropa ölkəsinin müqavimətidir.

– Mətbuata açıqlamanızda bildirmisiniz ki, Ukrayna iki yerə parçalana bilər. Bu prosesin arxasında isə Rusiyanın dayandığını söyləmisiniz. Rusiyanın bu gün belə bir potensialı varmı?

– Əgər Ukrayna iki yerə parçalansa, o zaman Rusiya özünün geosiyasi marağına nail olmur. Rusiyaya Ukrayna bütöv lazımdır. Rusiya hətta Ukraynanın şərqini belə ələ keçirmək iqtidarında deyil. Çünki Rusiya hazırda iqtisadi düşüş yaşayır. Rublun məzənnəsinin düşməsi nəticəsində Rusiya ağır dönəmini yaşayır. Hər an ölkədə defolt ola bilər. Rusiya Ukraynanın şərqini ayırsa belə ona sahib çıxmaq iqtidarında deyil. Çünki şərqi Ukraynaya növbəti Abxaziya və Cənubi Osetiya ola bilər. Ukraynanın şərqinin zavod və fabrikləri olduqca köhnədir. Rusiyanın ona görə ən böyük arzusu odur ki, Ukrayna vahid dövlət formasında Kremlə aparan yolu seçsin. Amma hazırda Rusiyanın Ukrayna üçün cəlbedici görünməyə nə iqtisadi, nə də siyasi gücü var.

“Putin Yanukoviçin köməyi ilə Ukrayna xalqını ram etmək istəyirdi”

– Saakaşvili bildirib ki, Ukraynada baş verənlərin arxasında Putin dayanır. Bundan başqa bir sıra Avropa ölkələri də Ukraynada baş verən hadisələrə görə Rusiyanı və Putini ittiham edib?

– Həqiqətən də baş verənlərin arxasında Putin dayanır. Putinin imperiya ambisiyaları hələ də Ukraynaya qarşı hücumda özünü göstərir. Rusiyanın imperialist dövlət olduğu gerbində və köhnə sovet himnində görünür. Yanukoviç hər dəfə Putinlə görüşündən sonra rəsmi Kiyevin demokratik qüvvələrə qarşı təzyiqləri artır. Eyni zamanda Rusiya KIV-lərində Ukrayna barəsində gedən məlumatlara da diqqət yetirmək lazımdır. Rus KIV-lərində Ukrayna xalqı təhqir olunur. Rusiya Ukraynanı bir dövlət kimi tanımır. Rusiya telekanalları da Ukraynada diqqətlə izlənilir və bu cür təhqiredici informasiyalar xalqda hiddətlə qarşılanır. Rusiya anlamır ki, hazırkı siyasəti ilə Ukraynanı özünə qarşı qaldırır. Putin düşünürdü ki, Yanukoviçin köməyi ilə Ukrayna xalqını ram edə biləcək. Amma bu mümkün deyil. Birbaşa müdaxilə üçünsə imkan yoxdur və Rusiya belə bir riskə gedə bilməz.

– Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının reallaşdırılmasında bu qədər dirəniş göstərəcəyi gözlənilmədi. Amma Avropa Birliyi sona qədər getmək əzmində olduğunu nümayiş etdirir. Yanukoviçi isə yalnız Rusiya dəstəkləyir. Yanukoviç ona qarşı olan xalqın, beynəlxalq birliyin təzyiqinə qarşı nə qədər duruş gətirə bilər?

– Bir şeyi nəzərə almaq lazımdır ki, Yanukoviç ilk dəfə hakimiyyətə saxta yol ilə gələn zaman onu birinci dəstəkləyən Putin oldu. Bu Yanukoviçin  Putinlə əlaqəsini göstərir. Yanukoviç ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə öz xalqına qarşı fərqli siyasət aparmağa və xalqı aldatmağa başladı. Yanukoviç bir müddət Rusiyapərəst siyasətin gizlətməyə çalışsa da, daha sonra bu ona nəsib olmadı. Yanukoviç əslən Ukraynanın Rusiyayönlü vilayətlərindəndir. Amma xalq Yanukoviçin tam simasını görəndən sonra, onun yalan siyasətinə qarşı qalxdı. Yanukoviç Ukraynada heç zaman qalib gələ bilməyəcək. Ukraynada Yanukoviçin dövrü artıq bitib. Ukraynadakı böhranın qarşısını ala biləcək yeganə hadisə Yanukoviçin getməsi ola bilər. Ukrayna xalqı öz dediklərinə çatmalıdır.

Yanukoviçin sonu necə olacaq?

– Artıq meydanlarda olan xalq Yanukoviçdən yalnız istefa gözləmir. Yanukoviçin üzərində məhkəmənin qurulmasını tələb edənlər də var. Ərəb inqilabı zamanı Qəddafinin, Mübarəkin sonunu gördük. Yanukoviçi necə aqibət gözləyir?

– Yanukoviçin də taleyi Qəddafi, Mübarək kimi olacaq. Amma bu Avropa dövlətinə xas şəkildə reallaşacaq. Yanukoviçi mühakimə edib həbs edə bilərlər. Amma Yanukoviçi Qəddafi kimi linç etmək inandırıcı deyil. Yox əgər Yanukoviç Qəddafi kimi qan tökməyə davam etsə onun sonu daha acınacaqlı ola bilər.

– Ukraynadakı olayların digər MDB ölkələrinə təsiri necə olacaq?

– Ukraynadakı olaylar əlbəttə ki, ümumi şəkildə postsovet məkanına təsir edəcək. Kommunizm Rusiyada qalib gələn zaman bunun ətraf ölkələrə təsiri oldu. Amma kommunizm bütün dünyanı əhatə edə bilmədi. Avropada kommunizm bərqərar olunmadı. Yalnız ikinci Dünya Müharibəsindən sonra Şərqi Avropada sovetlərə yaxın qurumlar əmələ gəldi. Ona görə Ukraynadakı hadisələr tam formada MDB-də təkrarlanmayacaq. Buna səbəb hər ölkənin öz reallığının olmasıdır. Amma gələcəyə doğru dəyişikliklər olmalıdır. Bu dəyişikliklər də postsovet məkanında olacaq. Hazırda dünyanın hərəkətverici qüvvəsi demokratiyadır. Ərəb ölkələrində belə demokratiya barəsində təsəvvürlər var. Bu isə dünyanın dəyişdiyini göstərir.

– Ukraynadakı məğlubiyyətdən sonra Rusiya Cənubi Qafqazdakı siyasətini sərtləşdirə bilərmi?

– Cənubi Qafqazda Ermənistan tamamilə Rusiyanın koloniyasıdır. Ermənistan Rusiyadan canını qurtarmağa çalışır və vaxtaşırı bunun simtomları görünür. Gürcüstan Rusiyadan tam azaddır. Amma bu azadlıq Rusiyanın Gürcüstana zərbə endirməsi, onun Abxaziya və Osetiya əyalətlərinin alınması ilə nəticələndi. Azərbaycanın da 20 faiz torpağı erməni bayrağı altında Rusiya tərəfindən işğal olunub. Cənubi Qafqaz Rusiyanın çöküşü ilə rahat nəfəs alacaq. Hazırda bu proses başlayıb. Imperiyalar daimi deyil. Onlar mütləq bir gün çökməlidirlər.

~ tərəfindən Patriot 22/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma