KİYEV SAVAŞ MEYDANINA ÇEVRİLDİ (VİDEO – FOTO)

maydan ukrayna

Müxalifətin üzərinə qoşun göndərildi; etirazçılar zirehli texnikalara od vurdu; xeyli sayda ölən var; ABŞ Yanukoviçin “boğazından yapışdı”

Bakı vaxtı ilə fevralın 19-na keçən gecə saat 2 radələrində “Berkut” xüsusi təyinatlıları yenidən müxalifətin mitinq keçirdiyi Müstəqillik Meydanına (Maydan) hücum edib. “Unian” agentliyi xəbər verir ki, Maydanı mühafizə edən fəallar hücumun qarşısını alıb, üstəlik “Berkut”çulardan birini də ələ keçirib. Onu sürüyərək Maydanın səhnəsinə çıxarıblar. Mitinqin aparıcıları kütləni sakitliyə ələ keçirilən polislərlə qəddar davranmamağa çağırıblar.

“Batkivşina” fraksiyasının sədr müavini Turçinov Maydanın səhnəsində yaranıb. Maydanda elan olunub ki, Turçinov güllə yarası alıb. Başqa təfərrüat bəlli deyil.

***

ukrayna_maydanBaş verən toqquşmalara görə ABŞ və Avropadan Yanukoviç hökumətinə qarşı sərt bəyanatlar səslənib. ABŞ-ın Kİyevdəki səfiri Cefri Payet Ukrayna XİN rəhbərliyi ilə apardığı danışıqlardan sonra bəyan edib ki, ölkəsi bu andan etibarən Ukraynada baş verən bütün hadisələrə görə şəxsən Yanukoviçi cavabdeh bilir. Səfir Maydanın güc yolu ilə dağıtmağa cəhddən sonra Vaşinqtonun Ukrayna rəsmilərinə qarşı viz qadağasından başqa sanksiyaların tətbiq olunmasını da nəzərdən keçirir. Səfir onu da bildirib ki, ABŞ-ın pitse-prezidenti Co Bayden son olaylarla bağlı Ukrayna prezidenti Yanukoviçlə telefonla danışıb. Lakin o, danışığın məzmunu barədə heç nə deməyib.

ABŞ-la yanaşı Almaniya da Ukrayna hökumətini 18 fevral hadisələrinə görə sərt sanksiyalarla hədələyib. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib ki, bu hadisələrdən sonra Avropa Birliyi Ukraynanın ayrı-ayrı rəsmi şəxslərinə qarşı birbaşa sanksiyaların tətbiqi məsələsindəki təmkinli mövqeyinə yenidən baxa bilər.

Ukrayna prezidenti Yanukoviç müxalifət liderləri Kliçko və Yatsenyukla fevralın 18-i günün sonlarına doğru görüş təyin edib. Müxalifət liderləri görüşə gediblər. Lakin Bakı vaxtı ilə saat 2 radələrinədək görüş başlamamışdı. Yanukoviçin görüşdən sonra xalqa müraciət edəcəyi də gözlənilirdi.

***

Ukraynanın Səhiyyə Nazirliyi rəsmi şəkildə bəyan edib ki, toqquşmalar zamanı 8 nəfər mülki şəxs ölüb. Daxili İşlər Nazirliyi isə 6 hüquq-müfahizə əməkdaşının öldürüldüyünü bildirib. Qeyri-rəsmi məlumatlarda isə ölənlərin daha çox olduğu deyilir.

Müstəqil həkimlərdən biri “5-ci kanal”a deyib ki, ölkə xəstəxanalarında minlərlə yaralı var. Yerli KİV-in məlumatlarına görə isə Kİyevdəki xəstəxanalarda cərrahiyyə otaqlarında növbələr yaranıb. Yaralıların çoxluğu tibbi personalı çətin vəziyyətə salıb. Xəstəxanalar güllə yarası alan, ətraf orqanlarını və gözlərini itirən fəallarla doludur.

18.02.2014

Ukrayna saytlarının yaydığı məlumata görə, “Kalaşnikov” avtomatları ilə silahlanan xüsusi təyinatlı dəstəsi Maydana hücuma keçib. Əraziyə zirehli texnika cəlb edilib. Hazırda Mydanda güclü yanğın var. Milis əməkdaşları aksiyaçıları meydanı tərk etməyə çağırırlar. DİN-dən isə meydanda antiterror əməliyyatının keçiriləcəyi açıqlanıb. Həmçinin alsiyaçılara qarşı su vuran maşınlardan da istifadə olunur. Artıq hücum zamanı daha bir nəfərin öldüyü xəbəri yayılıb. Bununla da ölənlərin sayı 10-a çatıb.

Kiyev Milis İdarəsinin yaydığı məlumata görə, toqquşmalar zamaı 9 nəfər ölüb. Onlardan 7-i mülki şəxs, 2-i isə milis əməkdaşıdır. Ölənlərdn biri Regionlar Partiyasının qərərgahında tüstüdən boğulub. İki nəfər ürək tutmasından, qalanları isə güllə yarasından həyatını itirib.

Kiyevdən verilən son məlumata görə, hazırda Maydanda 20 minə yaxın insan toplaşıb. Mərkəzi meydana qonşu küçələrdə də daha 2-3 minə yaxın aksiyaçı var. Güc strukturları ətrafdakı ərazilərdə strateji nöqtələrdə möhkəmlənməkdə davam edirlər. Hüquq-mühafizə orqanlarının təmsilçiləri səsgücləndiricilərlə aksiya iştirakçılarından meydanı tərk etməyi və güc strukturlarını təxribata çəkməməyi istəyirlər. Ukraynanın Səhiyyə Nazirliyi 3 nəfər aksiyaçının bu gün öldüyünü təsdiqləyib. DİN-dən verilən məlumatda isə bildirilib ki, aksiyalar zamanı xəsarət alan bir polis əməkdaşı dünyasını dəyişib. Polisin aldığı güllə yarasından dünyasını dəyişdiyi bildirilir. Kiyev ictimai nəqliyyatına vətəndaşları pulsuz evə çatdırma göstərişi verilib.

Yanukoviç sabah müxalifət liderləri ilə görüçəcək

İnterfaks Ukraynanın məlumatına görə, “Krişatik”in girişində 2 – qadın və kişi meyidi aşkar edilib. Paytaxta giriş və çıxış da məhdudlaşdırılıb. Yanukoviç sabah müxalifət liderləri ilə görüçəcək. Bu barədə  Ali Radanın nümayəndəsi Vladimir Rıbak məlumat verib. “Paytaxda insanların qarşıdurma nəticəsində öldüyü bir zamanda dövlət başçısının nəyə görə məhz sabah müxalifət liderləri ilə görüşəcəyi” və “nəyə görə paytaxtda baş verənlərə reaksiya vermədiyi”  ilə bağlı suala cavabı jurnalistlərin gülüşünə səbəb olub. O, bildirib ki, “hazırda prezident işdədir və işlərinə başı qarışıb”. Rıbak eyni zamanda bildirib ki, hazırda Ukraynada fövqəladə vəziyyətin elan olunması müzakirə edilmir.

Maydan geri çəkilməyəcək

Hazırda Kiyevdə polis və hərbçilərin mitinqçilərə qarşı bütün istiqamətlərdə hücumu reallaşdırılmaqdadır. “Qlobus” Ticarət Mərkəzinin yaxınlığında qurulan aksiyaçıların bir neçə çadırı yandırılıb. Müxalifət lideri Arseniy Yasenyuk bəyan edib ki, zorakılığa baxmayaraq aksiyaçılar geri çəkilməyəcək. Artıq Maydana ərzaq məhsullarının, suyun gətirilməsiylə bağlı çağrışlar edilib. Eyni zamanda Maydanın dağıdılmasının qarşısının alınması üçün qadınlar müxalifət liderləri tərəfindən Maydana dəvət edilib.

Prezident Aparatından yayılan digər bir məlumatda isə vurğulanır ki, dövlət başçısı Viktor Yanukoviçin Kiyevi tərk etməsiylə bağlı informasiya həqiqətə uyğun deyil. Yayılan rəsmi məlumatda deyilir ki, Yanukoviç bütün günü iş yerində olub və bir sıra rəsmi görüşlər keçirib, o cümlədən müxalifət liderləri ilə biraraya gəlib.

Kiyevdən gələn son məlumatlara görə, Ukraynanın ədliyyə naziri Yelena Lukaş baş verənlərə görə müxalifətin məsuliyyət daşıdığını bəyan edib. O, müxalifət liderlərini danışıqlar masasına əyləşməyə dəvət edib. Lukaş bildirib ki, müxalifətin dinc aksiyası daha sonra silahlı qarşıdurmaya çevrilib. Bu arada Regionlar Partiyasından yayılan məlumatda vurğulanıb ki, hadisələr baş verdikdən sonra onların ofisindən 3 nəfər təşkilat fəalı yoxa çıxıb. Hazırda onlarla bağlı heç bir məlumat yoxdur. Hazırda müxalifətdən olan deputatlar Maydanda toplaşaraq aksiyanın dağıdılmasının qarşısını almağa çalışır. DİN də müxalifətə aksiyaları dayandırmağa çağırıb.

Bu arada təsdiqlənməmiş məlumatlara görə, paytaxta baş verən zorakılıq zamanı 4 nəfər dünyasını dəyişib. Həmin şəxslərin aksiya iştirakçısı olduğu deyilir.

Ali Radanın mərkəzi qapıları bağlanıb. Mühafizə xidməti içəridə yanğınsöndürən şlanqlarla müdafiəyə hazır vəziyyətdə durublar. Radanın yaxınlığındakı küçələrdən birində isə “Berkut” xüsusi təyinatlılarının etirazçılara hücumu nəticəsində bir nəfər ölümcül yaralanıb.

Daxili Qoşunların rəhbərliyi mitinqçilərə atəş açılması ilə bağlı qərarın verilməsinə dair informasiyaları təkzib edib. Hazırda “Sadova”ya əlavə qoşun hissələri cəlb olunub. Aksiya iştirakçılarına qarşı həlledici hücuma keçilməsi üçün planın hazırlandığı deyilir. Bu arada isə Zabitlər Evindəki yaralıların sayı 30-a çatıb. Mitinqçilər tərəfindən əsir götürülən polis və hərbçilərin sayı artır. Hazırda bu rəqəmin ümumi 15 nəfərə çatdığı deyilir. Xəsarət alan polis əməkdaşlarının sayı isə bu dəqiqəyə olan olan məlumata görə 37 nəfərdir.

“Şelkovski” küçəsində mitinqçilərə qarşı suvuran maşınlardan istifadə olunub. “Sadovı”da isə partlayışlar eşidilir. Burada yerləşən polislərə məxsus texnikanın yandığı deyilir.  “Sağ sektor” vətəndaşlara çağrış edərək silahı olanları Maydana dəvət edib.

Aksiyaçıların Səhiyyə Nazirliyinin binasını ələ keçirərkən nazir Raisa Boqatıreva nazirliyin arxa qapısından qaçıb.

Etirazçılar küçələrdə məmurların və hakimiyyət prtiyasından olan deputatların maşınlarını dövrəyə alaraq əzişdirirlər.

Hazırda “Marianski” parkında qarşıdurma dayanıb və   mitinqçilərbarikada qurmaqdadır. Berkut Regionlar Partiyasının qərargahına qədər geri çəkilib. Amma “Qruşevski” küçəsində “Arsenalni” metrostansiyasının yanında mitinqçilərin hücuma hazır dəstələri qalmaqdadır. Bu arada Kiyevdə bəzi vətəndaşların evinə basqınlar olduğu deyilir. “Hökümət kvartalında” ara-sıra atəş səsələri eşidilir. Ali Radanın üzərində qara bulud var.

6 hərbçı əsir götürülüb

“İnstitutski” küçəsində mitinqçilər 6 hərbçini əsir götürüb. Onlardan biri baş nahiyəsindən ciddi xəsarət alıb. Hazırda Avromaydanın həkim briqadası Milli Bankın yaxınlığında ona yardım etməkdədir. Digər 5 hərbçi Maydanda nəzarət altında saxlanılır. Onu da qeyd edək ki, müxalifətçilər yaralılara yardım etmək üçün Zabitlər Evində tibbi məntəqə yardıblar.

Berkut Regionlar Partiyasının qərargahın geri aldı

Kiyevin bəzi küçələrində Berkut aksiyaçıları sıxışdırmağa başlayıb. “Lipski” ilə “İnstitutski” küçələrinin kəsişməsində polis aksiyaçıları Regionlar Partiyasının qərargahı yerləşən küçədən çıxarmaq üzrədir. Artıq “Lipski” küçəsi demək olar ki, aksiyaçıların nəzarətindən çıxıb. Hazırda müxalifətçılər “İnstitutski” küçəsində mövqelərini möhkəmləndiriblər. Yayılan xıbırlırə görə, berkutun hücumundan qabaq bir qrup müxalifətçi fəal Regionlar Partiyasının qərargahının qapısını sındıraraq daxili həyətə girməyə müvəffəq olmuşdu. Binanın həyətindəki maşın yandırılıb, partiya üzvlərindən bir sıra mühüm sənədlər alınıb. Bəzi məlumatlara görə, Regionlar Partiyasının üzvləri müxalifətçilərin hücumu zamanı xilas olmaq üçün özlərini pəncərələrdən həyətə atırlarmış.

“Sadovı” və “Qruşevski”də qarşıdurma

Ukrayna saytlarının yaydıqları xəbərər görə, bu dəqiqələrdə müxalifət fəalları ilə polis arasında “Sadovı” və “Qruşevski” küçələrində də qarşıdurma başlayıb. Arxa cərgələrdəki müxalifət fəalları ön cərgədəkiləri polisə atmaq üçün daş-kəsəklə təmin etməkdədir. Mitinqçilərin qarşısını 3 polis maşını kəsib. Aksiyaçılar artıq həmin maşınların təkərlərini yandırmağa müvəfəq olub.

Səhiyyə Nazirliyinin binası ələ keçirildi

Yayılan məlumata görə, bir neçə aksiya iştirakçısı bu saatlarda Marian parkında yerləşən Ukrayna Səhiyyə Nazirliyinin binasını ələ keçirib. Hələlik insan itkisi barədə məlumat verilmir. Binanın ələ keçirilməsi əvvəlcədən müəyyənləşdirilən plana əsasən həyata keçirilib. Müxalifət fəalları Səhəyyə Nazirliyinin binası yaxınlığında yerləçən yük maşınını yandırdıqdan sonra hücuma keçiblər. Nəticədə Ali Radaya gedən yolu yanan yük maşını kəsib. Hüququ-mühafizə orqanlarının əməkdaşları cavab addımı olaraq aksiyaçılara atəş açıblar.

Ukraynada vəziyyət yenidən gərginləşib. Ukrayna KİV-in yaydığı məlumatlara görə, fevralın 18-də Ali Radanın sessiyası qarşıdurma ilə başlayıb.
Sessiyanın gündəliyinə yeni baş nazirin seçkisi məsələsi salınıb. Müxalifət isə 2004-cü ilin konstitusiyasına qayıtmaqla bağlı qərar layihəsinin də gündəliyə salınmasını tələb edib. Parlament rəhbərliyi əvvəlcə buna etiraz edib, ancaq müxalifətçi deputatlar tribunanı və sədarəti tutaraq iclasa imkan verməyəndən sonra deyilən qərar layihəsi gündəliyə salınıb.
Ali Radanın binası önündə də müxalifət tərəfdarları toplaşmağa başlayıblar. Maydandan 10 min nəfər ayrılaraq parlamentin binası önünə gedib. Etirazçılar binanın mühafizəsi üçün cəlb olunmuş Daxili Qoşunların əsgərlərini geri sıxışdıra və canlı səddi yara biliblər. Daxili Qoşunların 3 maşını ələ keçirilib.
Bundan başqa Qruşevsk küçəsində də etiraz aksiyası yenidən başlayıb. Etirazçılar maşın təkərlərini yandırıblar. Qara tüstü Kiyevin üzərini bürüyüb.
Təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Etirazçılar təhlükəsizlik qüvvələrini daşa basıb, onlar isə etirazçılara qaz bombaları və rezin güllələrlə cavab verib.
Bu arada müxalifət liderlərindən Vitali Kliçko bəyan edib ki, Avropa Parlamenti Yanukoviç hökumətinə qarşı istənilən an sanksiya tətbiq edə bilər.

~ tərəfindən Patriot 19/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma