“SOVETSKİ” SAKİNLƏRİ HÖKUMƏTƏ 10 GÜN VAXT VERDİ (VIDEO)

sovetski

«Tələblərimiz yerinə yetirilməsə, hər gün aksiya keçirəcəyik»

“Sovetski” sakinləri dünən 173 saylı məktəbin həyətində etiraz aksiyası keçirdi. Səbəb isə mənzillərinin sökülməsinə görə onlara təklif edilən kompensasiyanın azlığıdır. Vətəndaşlar bir kvadrat metrə görə verilən 1500 manatın bazar qiymətlərindən aşağı olduğunu söyləyirlər. Dəfələrlə aidiyyəti qurumlara üz tutan sakinlərin haqlı tələblərinə heç kim məhəl qoymayıb. Bu üzdən də sakinlər çıxış yolunu etiraz aksiyası keçirməkdə görüblər.

İcra hakimiyyətinin sözçüsü vəd verdi

sovetski etirazSaat 14:00-a təyin olunan aksiya bir saat tez başladı. Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqdən hələ bir neçə saat öncədən ərazidə idilər. Ancaq aksiya iştirakçıları yaxşı təşkilatlanmışdılar. Bayraqlar, Heydər və Ilham Əliyevlərin plakatlarının hazırlanması, çıxış üçün mikrafon gətirilməsi, aksiyanın keçiriləcəyi ünvana gələnə qədər yolun bağlanmaması, sürücülərin fəaliyyətinə mane olmamaları onların mitinqə yüksək səviyyədə hazırlaşdığını göstərirdi.
Polis öncə onların qarşısını almağa cəhd etsə də, bu heç bir səmərə vermədi. Axının davam etməsi hüquq-mühafizə orqanlarının əməkdaşlarını geri çəkilməyə məcbur etdi.

Çıxış edən sakinlər problemlərini dilə gətirdilər. Bildirdilər ki, onlara təklif edilən kompensasiya bazar qiymətlərindən qat-qat aşağıdır.
Yasamal rayon Icra Hakimiyyəti başçısının müavini Səməd Islamov aksiya keçirilən əraziyə gəldi. O, “Sovetski” sakinləri qarşısında çıxış edərək vəd verdi ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək: “Təkliflər paket formasında ölkə rəhbərliyinə təqdim olunacaq. Sakinlər tam razı salınmamaya qədər heç kim köçürülməyəcək”. Bu çıxışdan sonra o tribunanı tərk etdi. Vətəndaşlar isə bu vədə inanmadıqlarını bildirdilər. Qeyd etdilər ki, mənzillər hissə-hissə sökülür.
Sakinlər çıxış edib öz tələblərini hakimiyyət nümayəndələrinin diqqətinə çatdıran zaman polislə aksiya iştirakçıları arasında qısa müddətli qarşıdurma yarandı. Polis aksiyaya müdaxilə etməyə cəhd göstərdi. Ancaq bu ifrat güc tətbiqinə keçmədi.

“Sovetski” camaatı deputat Ülvi Quliyevin verdiyi vədə əməl etməsini istəyirlər

Izdihamın gedikcə artdığını görən hökumət rəsmiləri əlavə polis qüvvələrinin cəlb olunmasına göstəriş verdi. Qeyd edək ki, Bakı şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırov, Yasamal rayon polis idarəsinin rəisi Ismayıl Əsədov da hadisə yerində idi.
Ismayıl Əsədov polislərin müşaiyətilə tribunaya qalxdı və sakinlərlə söhbət etdi.

“Sovetski” şüarları səsləndirən etirazçılar kompensasiyanın daha çox olmasını, yaxud onlara mənzillərin verilməsi tələbini irəli sürdülər: “Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. Indi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim mənzilimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər. Biz hər kvadratmetrə 1500 manat verilməsinə etiraz edirik”.
Mitinqə qatılan sakinlər ərazidən deputat seçilən Ülvi Quliyevin onların yanlarında olmamasından şikayətləndilər. Bildirdilər ki, 2010-cu ildə parlament seçkiləri zamanı “Sovetski” əhalisilə görüşən Ülvi Quliyev vətəndaşlara vəd verib: “Seçki zamanı bir-bir qapılara düşüb bizdən kömək istəyirdi. Vədlər vermişdi, problemimiz olanda həll edəcəyini söyləmişdi. Bəs nə oldu? Niyə xalqın yanında yoxdur? Millət vəkili belə gündə seçiciyə lazımdır. Əgər indi bizə kömək etmirsə, sözümüzü lazımı yerlərə çatdırmırsa daha hansı gündə bizə gərək olacaq? Işləri düşəndə bir-bir görüşürlər, problemləri həll olunandan sonra məsələ bitdi”.

“Buranı sökən adamlar özləri kvadratı 1500 manata mənzil tapa bilərlərmi?”

“Belə məmləkət, bu cür özbaşınalıq olar? Məmurlar qanımızı içir. Camaata zülm edirlər. ”Atletiko Madrid”in köynəyinə 20 milyon avro pul verirlər. Nə var, nə var orda “Azərbaycan” sözü yazılacaq. Gül bayramına 70 milyon pul xərclənir. Bəs biz “Sovetski” camaatını niyə didərgin edirlər? Hökumətdən vəzifə istəmirik, öz hüquqlarımızın təmin olunmasını istəyirik. Bunu etsinlər”, – deyə etirazçılar bildirdilər.
12 kvadrat metrlik mənzilində 10 nəfərlə yaşadığını deyən “Sovetski” sakini bildirdi ki, onun problemlərindən Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da xəbərdardır: “Dəfələrlə Hacıbala Abutalıbovun qəbulunda olmuşam. Ona problemləri sadalamışam. Sağ olsun, heç bir köməklik etməyib. Incimirəm, ancaq indi heç olmasa haqqımızı məmurlar yeməsin. Bu qədər insanı niyə narazı salırlar? Istəsələr bu qədər camaatı bir anın içərisində yola salarlar”.
Aksiya iştirakçıları Bakıda bir otaqlı orta təmirli mənzilin 50-60 min manat olduğu halda, onlara 20-30 min manatın verilməsini ədalətisizlik adlandırıblar: “Pis-yaxşı dolanırıq. 30 kvadrat metrlik evdə 2-3 ailə yaşayır. Hökumətin isə verdiyi pula bizi kirayədə yaşamağa məcbur edəcəklər. Burada elə ailələr var ki, evinin sahəsi 10 kvadrat metrdir. Buna görə ev sahibinə 15 min manat kompensasiya ödəniləcək. 15 min manata harada ev tapmaq olar? Normal pul verilməlidir ki, özümüzə bir gün ağlayaq. Şəhərin mərkəzindən köçəsi deyilik ki? Hətta köçmək istəsək belə, verilən kompensasiyaya mənzil tapmaq mümkün deyil. Buranın real bazar qiyməti 3-4 min manat civarındadır. Buranı sökən adamlar özləri kvadratı 1500 manata mənzil tapa bilərlərmi? Günü-gündən qiymətlər qalxır”.

Etirazçıların tələbləri 10 günə yerinə yetirilməsə…

Iki saata yaxın davam edən aksiyada qismən də olsa razılaşma əldə olundu. Aksiyaçılar bildirdilər ki, onlar 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradacaqlar: “Biz tələblərimizi icra hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər tələblərimiz qarşıdakı 10 gün ərzində yerinə yetirilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən məmurlarladır”.
Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyaçılar dağılışdılar.

~ tərəfindən Patriot 17/02/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma