RUSİYA YENİDƏN “QARABAĞ KARTINI” İŞƏ SALIR

putin - qarabag

Vəfa Quluzadə: “Cəbhədəki gərginliyin arxasında Moskva dayanıb”

“Rusiya Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir”

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ermənilər son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozublar.

Son günlərdə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun Əlibəyli kənd sakini Hüseynova Ruhiyyə güllə yarası alıb, Silahlı Qüvvələrin zabiti, kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Tovuzdakı mənbələrin məlumatına görə, 24 yanvarda Əlibəylidə baş verən əməliyyatlar zamanı düşmənin bir hərbi maşını sıradan çıxarılıb. Həmin hərbi texnika isə ZTR (BTR) olub. Rayon sakinlərinin dediyinə görə, erməni tərəfi BTR-lə cəbhə xəttinə yaxınlaşmaq istəyib və ordumuzun əsgərləri onu qumbaraatanla vurublar. Xocalı və Füzuli istiqamətlərində ermənilərin 10-a qədər hərbi qulluqçusu məhv edildiyi barədə də məlumat yayılıb.

Ermənistanın cəbhə xəttində son təxribatları və bunun ardınca böhtan və hədələrlə dolu bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyinin dünən yaydığı açıqlamada deyilir ki, təxribat xarakterli əməllərini davam etdirərək və hədələrlə dolu bəyanatlarla çıxış edərək, məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən Ermənistanın “etimad quruculuğu tədbirlərindən və sülh”dən danışması yalnız beynəlxalq ictimaiyyəti və Ermənistan cəmiyyətini cəbhə xəttində baş verən hadisələr barəsində aldatmaq və hadisələrin həqiqi mahiyyətindən yayınmaq məqsədi daşıyır. “Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycanın ərazisini işğal edən və Azərbaycana qarşı təcavüz siyasəti yürüdən dövlət kimi, bilavasitə Ermənistanın üzərinə düşür”.

Ermənistanın Müdafiə Nazirliyi isə həyasızcasına atəşkəsi Azərbaycan tərəfin pozduğunu iddia edib. Nazirliyin mətbuat katibi Arsrun Ovannisyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, ötən gecə qarşı tərəf sərhəd boyunca 300 dəfə atəşkəsi pozub. Bu, pozuntuların orta sayından 10-12 dəfə çoxdur.

Ermənistanda hökumətin iclası müdafiə nazirinin izahatı ilə başlayıb. Nazir Seyran Ohanyan gərginliyi Azərbaycan tərəfin “çaşqın davranışıyla” izah edib.

Qarabağdakı erməni silahlı qüvvələri özlərinin hava hücumundan müdafiə sistemlərinin sutkanın 24 saatı dayanmadan keşik çəkdiklərini bildirir. Ermənistandan regnum.ru saytına verilən xəbərə görə, yanvarın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Tovuz istiqamətindən atdıqları güllələrdən biri Ermənistanın Ayqepar kəndində 16 yaşlı qız uşağının ayağına dəyib, yaralı xəstəxanaya çatdırılıb.

vaqif  dergahliMüdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif  Dərgahlı “Yeni Müsavat”a açıqlamasında düşmənin cəbhə boyu fəallaşdığını dedi: “Cəbhədə gərginlik daim olub, amma son günlər gərginlik daha da kəskin xarakter alıb. Təkcə son 5 gündə 580 dəfə atəşkəsin pozulması halını rəsmi olaraq qeydə almışıq. Erməni tərəf də o qənaətdədir ki, müharibə hər an başlaya bilər, biz də müharibəyə hazırıq”. Nazirlik rəsmisi Tərtərin Qapanlı-Seysulan kəndləri istiqamətində mövqelərimizə həmlə edən diversiya qrupunun geri oturdulması zamanı onların qeyri-erməni dilində komandaların verilməsini bir daha təsdiqlədi.

Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi “qeyri-erməni” ifadəsinə aydınlıq gətirmir. Ancaq burada rus dilindən söhbət getdiyini söyləmək üçün kifayət qədər əsas var. Söhbət Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatdan gedir və Rusiyanın təcavüzkar ölkəni himayəsi altına alması, iki ölkə arasında uzunmüddətli hərbi müqavilələrin bağlanması və erməni faktoru ilə Azərbaycana zaman-zaman təzyiq edilməsi faktdır. Ancaq Soçi Olimpiadası ərəfəsində regionda gərginliyin artması, müharibənin alovlanması Rusiyanın heç də xeyrinə deyil.

O halda ortaya sual çıxır cəbhədə vəziyyəti gərginləşdirmək hansı planın tərkib hissəsidir?

vefa quluzadeSabiq dövlət müşaviri Vəfa Quluzadə şübhə etmir ki, cəbhədəki gərginliyin arxasında Moskva dayanıb: “Rusiya Ukraynadakı uğursuzluqlarını görərək Qərbə meydan oxumaq və Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir. Bu, gözlənilən məsələ idi. İndi gərək Qərb, Türkiyə hərəkətə gəlsin. Çünki Azərbaycanda Türkiyənin qonşu ölkə kimi, Qərbin isə Azərbaycanın iqtisadi müttəfiq kimi maraqları böyükdür. Cəbhə xəttinə rəhbərliyi Moskva edir, bu, yüz faiz belədir, ermənilər bunu dəfələrlə təsdiqləyib. Erməni ordusu Rusiyanın ordusunun bir hissəsidir. Ona görə burda nə baş verirsə, birbaşa Rusiyanı ittiham etmək lazımdır”.

Vəziyyətin gərginliyi beynəlxalq gücləri də hərəkətə gətirib. Ancaq bu dəfə də ənənəvi mövqedən fərqli müdaxilənin şahidi ola bilmirik. “Amerikanın mövqeyi dəyişməz qalır: güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”, – deyə ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib

Mari HarfM.Harf harada baş verməsindən asılı olmayaraq insan itkilərindən təəssüfləndiklərini söyləyib: “Bizim mövqeyimiz əvvəlki kimi qalır, güc tətbiq etmək bu münaqişəni həll etməyəcək. Biz tərəfləri güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən çəkinməyə çağırırıq”. Amerika rəsmisi qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi olaraq münaqişənin sülh yolu ilə həlli yoluna sadiq qalmaqdadır: “Bilirik ki, çətindir, lakin biz bunun üzərində çalışmağa davam edəcəyik”.

V.Quluzadə faktiki müharibənin getdiyi dönəmdə də həmsədrlərin və beynəlxalq güclərin təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymamasını gözlənilən hesab edir: “Rusiya erməni bayrağı altında bizim torpaqlarımızı işğal edib, amma BMT-də, başqa yerlərdə Azərbaycanın özünü ittiham edirdilər, Avropa İttifaqı Azərbaycanı Ermənistanın blokadasına son qoymağa çağırırdı. Amerikada Azərbaycanla bağlı qəbul edilən “907-ci düzəliş” hələ də ləğv olunmayıb. Guya Azərbaycan Ermənistanı blokadada saxlayıb. Hansı ki, Ermənistanın Türkiyə, İran, Gürcüstanla sərhədləri var və blokada iddiası böhtandır. V.Quluzadə hesab edir ki, Azərbaycan hər an düşmən hücumundan müdafiə olunmaq üçün tam hazırlıqlı olmalıdır: “Çox qəribədir ki, Azərbaycan bu təhlükəyə öyrəşib və özünü elə aparır ki, guya hər şey qaydasındadır, heç bir təhlükə yoxdur. Elə indi biz bu barədə danışırıq, amma əhalimizin 90 faizimizin situasiyanın gərgin olmasından xəbəri yoxdur, hərə öz işindədir”.

russia - armeniaSabiq müşavir bu qənaətdədir ki, Azərbaycan dərhal düşmənin cəbhə boyu hücum və təxribatları barədə beynəlxalq təşkilatlara müraciət etməli, BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması ilə bağlı müraciət etməlidir: “Rəsmi Bakı indiyə qədər niyə bu müraciəti etməyib, mən buna təəccüb edirəm. Düzdür, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Fransa və ABŞ-ın məsələyə münasibəti bəllidir, odur ki, fövqəladə toplantının çağırılacağı inandırıcı deyil. Üstəlik də bunların xristian Ermənistanına qarşı bir simpatiya var. Amma istənilən halda Bakı üzərinə düşəni etməli, diplomatik qaydada bütün addımları atmalıdır. Üstəlik də Azərbaycan əsgəri baxımdan hər şeyə hazır olmalıdır”.

Cəbhədə vəziyyətin gərgin olduğu bu günlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə, Kiyev görüşünün davamı olaraq bir araya gəliblər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən zorakılıqla əlaqədar öz narahatlıqlarını bildiriblər. Trend-in məlumatına görə, bu barədə görüşün yekun bəyanatında deyilir. Həmsədrlər vurğulayıblar ki, son zamanlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır. Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı həmçinin sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların davam etdirilməsi görə yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar. Danışıqlardan sonra Nalbəndyan ənənəsinə sadiq qalaraq ittihamçı mövqedən çıxış edib və cəbhədəki son duruma görə Azərbaycanı günahlandırıb.

sarkisyanBu arda Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə ürkək formada hədə bəyanatı ilə çıxış edib. İşğalçı ölkənin başçısı deyib: “Ermənistan müharibə istəmir, amma əgər onu məcbur etsələr, bizim müharibədən başqa yolumuz yoxdur. Bilirsinizmi, belə bir mühitdə hərbi əməliyyatların başlaması ehtimalını hətta mən də istisna edə bilmirəm. Çünki bizim ölkəmizdə ən azı iki adam – prezident və müdafiə naziri – bunu görünür, mütləq nəzərə almalıdırlar ki, hərbi əməliyyatlar məhz sabah da başlaya bilər. Lakin mən hərbi əməliyyatların yaxın gələcəkdə başlaya bilməsi ehtimalını hələ görmürəm. Amma yenə deyirəm, əgər bizi müharibəyə məcbur eləsələr, biz döyüşməyə məcbur olacağıq”.

Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərindəki hərtərəfli üstünlüyü barədəki informasiyaları şərh edən S.Sərkisyan etiraf edib ki, Ermənistan büdcəsindən orduya ayrılan vəsait o qədər də böyük deyil. Amma o, əlavə edib ki, erməni ordusu silah-sursat sarıdan korluq da çəkmir.

azerbaycan hava qvveleriXəbər verildiyi kimi, vəziyyətin gərginliyi səbəbindən 24 yanvarda Azərbaycan ordusunun qırıcıları cəbhə xətti boyunca uçuşlar edib. Erməni mətbuatı xəbər verir ki, Azərbaycan qırıcıları təkcə cəbhə xətti üzərindən uçmayıb. Onlardan ikisi Xankəndi üzərindən manevr edərək, geri dönüb. Elə düşməni də bu qorxuya salıb. Belə ki, təyyarələrimizi Xankəndi səmasında görən düşmən nə edəcəyini bilməyib. Hətta “Havadan Müdafiə Qüvvələri”nin zabitləri raketləri döyüş hazırlığı vəziyyətinə gətirmək imkanı tapmayıblar. Erməni mətbuatının yazdığına görə, Azərbaycan təyyarələrinin manevrindən sonra Qarabağdakı “hökumət” təcili toplantı çağırıb. Vəziyyəti dəyərləndirmək üçün çağırıldığı bilinən toplantının əslində, başqa səbəbləri olduğu deyilir. “Jamanak” qəzeti ehtimal edir ki, bu, Qarabağdakı erməni ordusunun hələ də lazımi səviyyədə hazır olmaması ilə bağlıdır. Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanın döyüş təyyarələrinin təmas xəttində uçuşlar həyata keçirməsi barədə xəbərləri şərh edərkən bildiriblər ki, yanvarın 24-də Azərbaycan təyyarələri yalınız “öz hava məkanlarında” hərəkət ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə gedərək hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olmasını bəzi ekspertlər savaş hazırlıqları kimi qiymətləndirir. Paralel qaydada Azərbaycan Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilərə müraciət edib. Müraciətdə qeyd olunur ki, bu istəkdə olanlar hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər. Bütün müşahidələr Qarabağ savaşının hər an başlaya biləcəyi qənaətini yaradır.

~ tərəfindən Patriot 27/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma