«ÖLKƏDƏ 38 VİCDAN 96 SİYASİ MƏHBUS VAR» (VİDEO)

leyla yunus

Leyla Yunus siyasi repressiyalar hesabatını açıqladı

Ölkədə 134 siyasi məhbus var; “Repressiyalara yaşıl işıq yandıran AŞPA məruzəçilərinin əclaflığıdır”

Sülh və Demokratiya İnstitutu (SDİ) 2014-cü ilin yanvar ayı üçün siyasi məhbusların siyahısını açıqlayıb. AXCP-nin qərargahında keçirilən təqdimat mərasiminə ölkənin tanınmış ictimai-siyasi xadimləri – AXCP sədri Əli Kərimli, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov, Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli,  REAL hərəkatının icra katibi Natiq Cəfərli, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, hüquq müdafiəçiləri Rəsul Cəfərli, Emin Hüseynov, vəkil Fuad Ağayev, «NİDA» İdarə Heyətinin üzvü Turqut Qəmbər,  VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qatılıblar. Tədbirdə eyni zamanda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusdan Almaniya, Fransa, Belçika, Polşa, İsveç səfirliklərinin təmsilçiləri iştirak ediblər.

«Bir ildə siyasi məhbusların sayı 50 nəfər artıb»

SDİ rəhbəri Leyla Yunus bildirib ki, 2014-cü ilin yanvar ayı üzrə təşkilatlarının siyahısına 38 vicdan və 96 siyasi məhbusun adı daxil edilib. O qeyd edib ki, hakimiyyətin 2013-cü ildən bu günə qədər apardığı siyasət nəticəsində siyasi repressiyalara məruz qalanların sayı 134 nəfərə çatıb. Onlardan 116 nəfər barəsində məhkəmə hökmləri çıxarılıb, 6 nəfər hələ istintaq altındadır, 12 nəfərin məhkəməsi hələ də davam edir: “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra könüllü olaraq üzərinə 21 öhdəlik götürüb. Onlardan biri də “Siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə araşdırılmasının keçirilməsi” idi. Həmin vaxt da Avropa Şurasının Parlament Assambleyasının 1900 saylı Qətnaməsində “siyasi məhbus” anlayışının kriteriyaları göstərilib. Qeyd edilən kriteriyalar hələ 2001-ci ildə Avropa Şurasının Baş katibinin tapşırığı ilə müstəqil ekspertlər tərəfindən hazırlanıb. Bu Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olması kontekstində edilib”.

Azərbaycanda siyasi məhbus probleminin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, 1993-98-ci illər ərzində gündəmə gəldiyini deyən L.Yunus vurğulayıb ki, 2014-cü il üçün bu problem ən pik nöqtəsinə çatıb. Çünki ötən illə müqayisədə siyasi məhbusların sayı 50 nəfər artıb və 134 nəfər təşkil edib: «38 vicdan məhbusundan 11-i jurnalist və bloggerdir. Onlar Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Sərdar Əlibəyli, Nicat Əliyev, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanovdur. Siyahıya 3 nəfər hüquq müdafiəçisi Anar Məmmədlinin, Qurban Məmmədovun və Bəxtiyar Məmmədovun adları daxil edilib. Anar Məmmədli məhz 2013-cü ildə keçirilən prezident seçkilərinin saxtalaşdırıldığı faktlarını sübut etdiyi üçün həbs olunub».

Həbsdə olan 10 nəfər gənc fəal da siyahıya daxil edilib. Onlardan səkkizi hazırda məhkəmələri gedən «NİDA»çı gənclərdir. Digər iki gənc Daşqın Məlikov və Ümid Abdullayev barəsində isə artıq hökm oxunub. İlqar Məmmədov və Müsavat başqanının müşaviri Yadigar Sadıqovun adı isə siyahıya siyasi fəallar kimi düşüb. Y.Sadıqovun həbsi barəsində tədbir iştirakçılarına məlumat verən L.Yunus bildirib ki, elmlər namizədi, ali məktəb müəllimi xuliqanlıq üstündə həbs olunub. «Vicdan məhbusları sırasında 11 nəfər jurnalistin, 10 nəfər gənc fəalın olması onu göstərir ki, hakimiyyət məhz sosial şəbəkələrdəki aktivlikdən çox narahatdır. Əlbəttə, hakimiyyət eyni zamanda cəmiyyətdə müstəqil düşüncəsi olan Anar Məmmədli, İlqar Məmmədov, Yadigar Sadıqov, Hilal Məmmədov kimi şəxsləri həbs edir».
Siyahıda növbəti bloku Səid Dadaşbəyli işi üzrə həbsdə olan 10 nəfər təşkil edir. Onları ilk dəfədir vicdan məhbusları siyahısına əlavə etdiklərini deyən L.Yunus vurğulayıb ki, bu, hazırkı rejimin inanclı kəsimi necə təqib etdiyinin bariz nümunəsidir. İstintaqa cəlb olunanlardan biri ona verilən işgəncələr nəticəsində dünyasını dəyişib. İttihamlar irəli sürülən vaxt bu işlə bağlı məlumat kifayət qədər az olsa da, 7 il sonra irəli sürülən dövlət çevrilişi ittihamının tamamilə əssasız olduğu ortaya çıxıb.
Vicdan məhbusları siyahısını Taleh Bağırov və Mövsüm Səmədov qapayır. L.Yunus vurğulayıb ki, hər iki şəxs birbaşa dövlət başçısı İlham Əliyevə qarşı tənqidi fikirlər söylədiklərinə görə həbs olunublar.

«Siyasi girov Elnur Seyidov»

Daha sonra 96 nəfərlik siyasi məhbusların siyahısı açıqlanıb. Həmin siyahıya 2 nəfər siyasi fəal – Nemət Pənahlı, Rahib Hacıyev, 4 nəfər sabiq dövlət xadimi – səhiyyə naziri Əli İnsanov, iqtisadi əlaqələr naziri Nicat Quliyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifov, prezidentin işlər müdiri Akif Muradverdiyev daxildir. L.Yunus bildirib ki, tərtib etdikləri siyahıya siyasi motivlərlə həbs olunaraq, girov kimi saxlanılan 4 nəfərin adı da daxil edilib. Onlar Elnur Seyidov, Babək Ədalətli, Elşən İsmayıllı, Eldar Məmmədovdur. L.Yunus qeyd edib ki, E.Seyidov məhz müxalifət partiyasının sədri Əli Kərimlinin yaxın qohumu olduğuna görə 7,5 il azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülən ittihamların heç biri məhkəmədə sübuta yetirilməyib.
Siyasi məhbus siyahısında 61 nəfər inanclı kəsimin təmsilçisinin olduğunu deyən L.Yunus vurğulayıb ki, bu şəxslərin bir qismi hicab qadağasına etiraz etdiyi, digər bir qismi İslam Partiyasının üzvü olduğu üçün həbsə atılıb.

«Siyasi məhbusların sayını artıran AŞ PA məruzəçiləridir»

L.Yunus xatırladıb ki, 2001-ci ildə, Azərbaycan Avropa Şurasına üzv olanda SDİ-nin siyasi məhbuslar siyahısında 716 nəfər olub. Həmin siyahıdan bu gün 21 nəfər həbsdə qalmaqda davam edir. “Siyasi məhbusların azad ediləsində AŞPA-nın siyasi məhbuslar üzrə o vaxtkı məruzəçisi, belçikalı Corc Kleyfartın böyük rolu olub.  Onun işini Kristofer Ştrasser davam etdi. Lakin 2013-cü il yanvarın 26-da AŞPA-nın deputatları səs çoxluğu ilə Kristofet Ştrasserin hazırladığı siyasi məhbuslar haqqında qətnamənin qəbul edilməsinin əleyhinə səs verib. İki dəfə həmin qətnamənin əleyhinə Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt çıxış edib. Məhz həmməruzəçi Pedro Aqramunt və Cozef Qrexin əclaflığı sayəsində ötən müddət ərzində siyasi repressiyalara “yaşıl işıq” yandırılıb. Onların sayı 2013-cü ildə 84 nəfərdən 2014-cü ildə 134 nəfərə çatıb. Faktiki olaraq hər həftə sərbəst fikir ifadə etməyə cəsarət edən bir vətəndaş həbs edilirdi. Bu gün (dünən-red) həmin həmməruzəçilərin AŞ PA-nın ofisində mətbuat konfransı olacaq. Mən jurnalistlərdən xahiş edirəm həmin konfransa gedərək bu şəxslərdən soruşsunlar ki, Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyətin bu duruma düşməsində günahkar olduqlarını bilirlərmi? Onlar bu vicdan əzabı ilə gecələk necə yata bilirlər? Buna görə Azərbaycan hökuməti sizə nə qədər rüşvət verir? Çünki siz beynəlxalq aləmdə rüşvətxorlar kimi tanınmısınız».

“Bizi sərt məhkəmə hökmləri gözləyir»

Daha sonra L.Yunus AŞ PA həmməruzəçiləri barəsində  beynəlxalq mətbuatda gedən rüşvət bağlı yazıları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Keçən illərlə müqayisədə prezident seçkilərindən sonra məhkəmə proseslərinin imitasiya xarakteri daşıdığını deyən L.Yunus vurğuladı ki, hakimlər siyasi sifarişlərin həyata keçirilməsində səmimidirlər: «Ən sərt hökmlər və cəza qismində uzun müddətə azadlıqdan məhrum olunması mövcuddur. Həm istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər güclü fiziki və psixoloji təzyiqlərə məruz qalırlar. Yadigar Sadıqlı barəsində çıxarılan hökm sübut edir ki, bu il çox sərt məhkəmə cəzalarını gözləməliyik”.

«Hakimiyyət üçün ədalətli məhkəmə anlayışı yoxdur»

Daha sonra söz İ.Məmmədovun vəkili Fuad Ağayeva verildi. F.Ağayev məhkəmə prosesinin gedişatı və prosesdəki eybəcərkliklər barədə məlumat verdi: «Məhkəmə prosesini Rəşid Hüseynov aparır. İndiyə qədər müdafiə tərəfinin çox az sayda vəsadəti təmin edilib. Əksəriyyətinə sadəcə olaraq baxılmayıb. Məsələn, biz İsmayılıda həmin hadisələr günü olan jurnalistlərin dindirilməsiylə bağlı müraciət etmişdim. Təsəvvür edin ki, istintaq başlayandan 5-6 ay sonra polis nəfərlərindən ifadə alınıb ki, guya onlar zərərçəkəndirlər. Polislərin hamısı da ifadə verib ki, daş bizim buşlatımıza dəydi. Fizki zədə almasaq da, özümüzü mənəvi baxımdan zərərçəkən sayırıq. Amma ististaq orqanı bu şəxsləri zərərçəkən kimi qəbul edib. Bu absurddur. Belə şəxslər zərərçəkən kimi qəbul oluna bilməz».

Məhkəmədə İ.Məmmədova qarşı irəli sürülən ittihamlardan heç birinin sübuta yetirilmədiyini deyən F.Ağayev vurğuladı ki, ittiham şahidlərinin hər birinin ifadələrindəki ziddiyyətlilik dəfələrlə sübuta yetirilib: «Əvvəllərdə polis əməkdaşlarından yalan ifadə almaqda istifadə olunurdu. Amma bu iş üzrə polislərdən geniş miqyasda istifadə ediblər. Bizim onları aşkarcasına ifşa etməyimizə baxmayaraq buna əhəmiyyət verilmir. Hazırkı iqtidar ədalətli məhkəmə anlayışını tamamilə öz maraqlarına uyğun tətbiq edir».

F.Ağayev onu da urğuladı ki, o, hər dəfə Bakıdan Şəkiyə məhkəməyə gedərkən özü ilə 20 kiloqrama yaxın iş materialları aparmalı olur. Həmin materialların elektron formada mövcud olmalarına rəğmən F.Ağayev iş materialları ilə kağız formatda işləməyə məhkumdur. Buna səbəb hakim R.Hüseynovun məhkəmə prosesində elektron formatlı sənədlərdən istifadə etməyi qadağan etməsidir».

L.Yunus sonda ölkə başçısı İ.Əliyevin Brüsseldə səfərdə olarkən ölkədə siyasi məhbus probleminin olmaması ilə bağlı açıqlama verməsinə də münasibət bildirib: «Biz əlimizdə olan faktları açıqladıq. Təəssüf ki, Azərbaycanda siyasi məhbuslarla yanaşı, vicdan məhbusları da mövcuddur. İlham Əliyev Brüsseldə açıqlamasında Azərbaycanda nəinki siyasi məhbusların olmadığını iddia etdi, o, ümumiyyətlə bu terminin mövcudluğunu inkar etdi. Avropa Şurasının sənədlərində siyasi məhbus anlayışı açıq formada öz əksini tapıb. 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən bu problemin həllini üzərinə öhdəlik kimi götürmüşdü. 2013-cü ildə də Azərbaycanda ümumiyyətlə siyasi məhbusların olmadığı iddia edildi. Bizim hesablamalarımıza görə ölkədə 38 vicdan və 96 siyasi məhbus var. Hazırkı vəziyyət elədir ki, bu sayın daha da artması gözlənilir».

~ tərəfindən Patriot 24/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma