ŞƏHİDLƏR XİYABANINDA POLİS AZQINLIĞI (VIDEO)

polis xiyaban

Polis Milli Şuranın Şəhidlər Xiyabanı ziyarətinə mane olmağa çalışdı

20 Yanvar ziyarətində görünməmiş hörmətsizlik; müxalifətin əklilini əlindən almaq istədilər

Cəmil Həsənli: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir”

Əli Kərimli: “20 Yanvarı yaşamış millətin nümayəndələri gərək aşağılıq kompleksinə düşməsin”

milli sura - sehidler xiyabani20 Yanvar faciəsinin 24-cü il dönümü də izdihamla yad edildi. Səhər saatlarından ayrı-ayrı təşkilatların nümayəndələri ilə bərabər sadə insanlar da bu günü unutmadıqlarını, şəhidlərin ruhuna etiram duyduqlarını ifadə etdilər. Səhər açılandan Şəhidlər Xiyabanı ziyarətçilərlə aşıb daşırdı. Həmişə olduğu kimi, anım gününün simvolu yenə qərənfillər idi.

Saat 12:00-da Milli Şura öz tərəfdarları ilə 20 saylı məktəbin önündən matəm yürüşünə başladı. İki-üç ildir təməli qoyulan ənənə bu dəfə də yaşadıldı – yürüşə qoşulan gənclər matəmin sükutunu “Şəhidlər ölməz, Vətən bölünməz” şuarı ilə pozdular.

Polisin xırda müdaxilələri nəzərə alınmasa, Şəhidlər Xiyabanının girişinə qədər yürüş normal məcərada davam etdi. Girişdə qəflətən ondan artıq polis Milli Şuranın ön səfinə hücum çəkdi. Bir anlıq anlaşılmaz vəziyyət yarandı. Nə baş verir? Polislərin Milli Şuranın kalonu önündə əklil aparan gənclərə cummasından aydın oldu ki, hədəf əklillərdir. Onlar deyəsən, əklilin üzərində qara banta yazılan “Milli Şura” sözündən qıcıqlanmışdılar. Polislər cəbhəçi gənclərin müqaviməti ilə üzləşdi. Bir neçə gənc zərbə alsa da, əklil xilas olundu. Az sonra isə polislər gücsüz qaldıqlarını anlayıb, kalonun önündən çəkilməli oldular.

Ziyarətçilər 20 Yanvar şəhidlərinin məzarları üzərinə qərənfilər düzüb, onların ruhuna dualar oxudu.
Ziyarətdən sonra  Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri jurnalistlər üçün qısa açıqlama verdilər.
Cəmil Həsənli 20 Yanvar hadisəsini Sovet qoşunlarının  “Pirr qələbəsi” adlandırdı: “20 Yanvardan sonra Sovet İttifaqının dağılmasının qarşısını almaq mümkün olmadı. Analoji hadisələr Tiflisdə, Vülnusda da olmuşdu, təbii ki, onları da qiymətləndirmək lazımdır. Amma bütövlükdə Sovetlərin çöküşü 20 Yanvardan başladı. Sovetlər 20 Yanvarda öz istiqlalliyəti uğurunda ayağa qalxmış xalqla qarşılaşdı. Bu, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi idi. Zaman keçəcək, nəsillər dəyişəcək, amma 20 Yanvar şəhidlərinin yatdığı bu məkan həmişə ziyarət yeri kimi qalacaq. Azərbaycanın istiqalala qovuşmasında, azadlığa çıxmasında bu şəhidlərin tökülən qanı müstəsna rol oynayıb”.
Cəmil Həsənli Şəhidlər Xiyabanı önündə baş verənlərə də münasibət bildirdi: “Baş verənləri izah etmək çətindir. Bunlar ağılları kəsən və ya kəsməyən bir çərçivə yaradıblar. Özünüz də gördünüz, orda əklillər vardı. Sadəcə Milli Şura adından gətirilən əklilin buraxılmaması barədə görünür, haradansa tapşırıq almışdılar. Buna da uğursuz bir cəhd etdilər, sağ olsun cəbhəçi gənclər bu cəhdin qarşısını aldılar. Beləliklə də şəhdlərin adına düzəldilən əklil öz yerinə qoyuldu. Baş verənin bir adı var: əxlaqsızlıq və tərbiyəsizlik”.

AXCP sədri Əli Kərimli də 20 Yanvarda Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığı dünyada nadir hadisə kimi təqdim edərək yüksək qiymətləndirdi: “Azərbaycan tarixində qəhrəmanlıq faktları çoxdur, sadəcə 20 Yanvar kütləvi qəhrəmanlıq səhifəsidir, on minlərlə insanın eyni zamanda göstərdiyi qəhrəmanlıqdır.
20 Yanvarda Azərbaycan xalqı azadlıq eşqinin gücünü nümayiş etdirdi. Azərbaycan xalqı 20 Yanvarda özünün cəsarətinə, qətiyyətinə abidə qoydu. Əbədi bir abidə. Hazırda biz Xalq Hərəkatının bütün məqsədlərinə nail olmadığımıza, ölkədə demokratiya olmadığına görə bu saat ölkədə gənclər, xüsusən yaradıcı gənclərin arasında belə bir fikir çox populyardı; xalqımıza tənqidi yanaşmaq, özünə inamsızlıq, aşağılıq kompleksi və s. Mən onu xüsusən vurğulamaq istərdim ki, bizim tariximizdə başqa heç bir şərəfli səhifə olmasaydı belə, təkcə 20 Yanvarı yaşamış millətin nümayəndələri gərək aşağılıq kompleksinə düşməsinlər.
Bu millətlə qürur duymaq lazımdır. Bu millət 20 Yanvarda təkcə özünə yox, bütün dünyaya nümayiş etdirdi ki, nəyə qadirdir. 20 Yanvarda Azərbaycan xalqının nümayiş etdirdiyi mübarizə əzmi  dünya tarixinə düşmüş bir hadisədir. Dünyada belə hadisələr barmaqla sayılacaq qədərdir.
Azərbaycan xalqı dünyanın imperiyalarla mübarizə tarixinə öz nəhəng tövhəsini verib. Bu xalq buxovda qala bilməz, bu xalqı qeyri-azad vəziyyətdə saxlaya bilməzlər. İmperiyadan güclü olacaqlar?  Deməli bu xalq mütləq azadlığına qovuşacaq, şəhidlər həm də bunun simvoludur. Bu xalqa azadlıq yaraşır. O, azadlıq üçün çarpışacaq və ona nail olacaq. Allah şəhidlrimizə rəhmət eləsin”.

~ tərəfindən Patriot 21/01/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma