FƏVVARƏLƏR MEYDANINDA KEÇİRİLMİŞ AKSİYADAN GÖRÜNTÜLƏR

aksiya 29 dekabr

“Qazimiz ölməsin, vətən morqa dönməsin!” şüarı ilə baş tutan nümayiş zamanı gənclərlə polis üz-üzə gəldi; onlarla etirazçı saxlanıldı, onların arasında Qarabağ əlilləri də var…

29 dekabr - etiraz aksiyaDekabrın 29-da Qarabağ qazisi Zaur Həsənovun haqsızlığa dözməyərək özünü yandırması və bir neçə gün sonra dünyasını dəyişməsinə etiraz olaraq Bakının mərkəzində aksiya keçirildi. Facebook vasitəsi ilə şəhərin Fəvvarələr meydanına saat 16:00-a təyin olunan aksiyada Müsavat, AXCP gəncləri, həmçinin müstəqil fəallar və bir neçə Qarabağ qazisi iştirak edirdi.Nümayişin konkret təşkilatçısı olmadığından, meydanda facebook-dakı çağırışlar əsasında, avanqardsız kortəbii etirazlar təşkil olunmuşdu. Hakimiyyət isə qazinin qan donduran ölümünə görə bir neçə gündür ölkədə yaranmış gərginliyi nəzərə alaraq, aksiyanın miqyasını böyük hesablamışdı. Ona görə də “Əsgər qətllərinə son!” etiraz aksiyasında olduğu kimi, şəhərin mərkəzinə xeyli sayda polis qüvvələri cəmlənmiş, əraziyə su şırnağı vuran polis maşınları gətirilmişdi.

Aksiyaya isə 50-dən çox etirazçı qatılmışdı. Fəal gənclər Fəvvarələr meydanında yerə oturub şüar səsləndirmədən transparantlar qaldırmaqla baş verən hadisəyə etirazlarını ifadə etdilər. Etirazçıların əllərində tutduqları plakatlarda “Ata, sağ qal ata, mənə yazığın gəlsin ata!”, “Düşməni yandıranlar vətəndə yanmasınlar!” şüarları yazılmışdı.
Bununla belə, polis dinc və şüarsız keçirilən nümayişə müdaxilə etdi və ilk həmlədə bir neçə fəalı saxladı. Ardınca aksiyaçılar “Qazimiz ölməsin, vətən morqa dönməsin!” şüarı qışqıraraq yürüşə cəhd etdilər. Amma polis onların da qarşısını kəsdi. Nümayişçiləri bir-bir sürüyüb maşına basdılar. Müxalifətçi gənclərə cəza və cərimələr yağdı; həbslər var Aksiya bir saat ərzində hissə-hissə, dalğavari xarakter aldı. Polis gəncləri tək-tək, üç-üç, beş-beş saxlayıb aparırdı. Etiraza qoşulan 5 nəfər Qarabağ qazisi isə baş verənləri utancverici hadisə adlandırdılar. Onlar Zaur Həsənovun ölümünə sözün bitdiyi yer deyərək onu intihara təhrik edənlərin cavab verməli olacaqlarını bəyan elədilər. Bu zaman onları da saxlayıb polis idarəsinə apardılar. Az sonra bəlli oldu ki, müsavatçı gənclərdən Tural Sadıqov, Cavid Hacıbəyli, Samir Poladov, Xəyyam Məmmədov, Orxan Eyyubzadə, AXCP Gənclər Komitəsindən Bəyim Həsənli, Türkel Azərtürk, Sabir Məmmədov, Bəxtiyar, Emil Səlimov, Kamilə Əhmədova, Tofiq Rüstəmov, Toğrul İbrahimli, Orxan Carçı və Kəmalə Bənənyarlı saxlanılıblar.
Onlardan müsavatçı Samir Poladov qazinin dəfnindən sonra tutuqlanıb. Samir dəfn zamanı şüarlar səsləndirib, hər kəsi mitinqə çağırıb. Dəfnə yığışanlar dağılan zaman mülki geyimli bir neçə şəxs onu tutaraq, maşına basıb və naməlum istiqamətə aparıb. Ümumilikdə aksiyada 20-ə yaxın etirazçı saxlanıb.Səbayel Rayon Polis İdarəsinin önündə olan müxbirimiz Cavanşır Abbasın dediyinə görə, 50 nəfərədək adam gənclərin azad edilməsini intizarla gözləyib. İdarə qarşısına həbs olunanların valideynləri, yaxınları da toplaşıb. Saxlanan Tural Sadıqlının atası Əlövsət Sadıqlı həbsləri anormallıq adlandırıb: “Oğlumla fəxr edirəm. Bu ciddi bir hadisədir. Bundan Azərbaycan hakimiyyəti ibrət dərsi götürməlidir. Unutmayaq ki, ərəb ölkələrində də inqilab belə başlamışdı”.
Az sonra xəbər gəlib ki, gənc fəallardan Orxan Eyyubzadə “qanunsuz aksiyanın təşkiatçısı” kimi məhkəməyə aparılıb. Buraxılan cəbhəçi gənci isə bu gün saat 10-da məhkəməyə çağırıblar. Həmin gənc – Türkel Əlisoy musavat.com-un müxbirinə deyib ki, içəridə ondan başqa 19 nəfər də var, onlardan 3-ü Qarabağ qazisidir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi öncədən razılaşdırılmamış aksiyanın qarşısı alınacağını bildirmişdi.Qəzet çapa gedərkən məlum oldu ki, Samir Poladov Səbayel Rayon Məhkəməsinin hökmü ilə 15 sutka həbs cəzası alıb. Toğrul İbrahim, Bəxtiyar Hüseynov, Sabir Məmmədov 300 manat cərimə olunub. Qarabağ qazisi Cavanşir Osmanlı (Müsavat) 350 manat cərimələnib.AXCP üzvü Kəmalə Bənənyarlı 30 dekabrda məhkəməyə gəlmək şərti ilə azadlığa buraxılıb. Lakin Kəmalə xanım müxbirimizə deyib ki, onun barəsində 298.2 maddəsi ilə cinayət işi başlayıblar. AXCP üzvü Orxan Çarçı da 30 dekabrda  məhkəməyə gəlmək şərti ilə azad buraxılıb. Qarabağ qazisi Təhməzov İldırım 300 manat cərimələnib. İldırım bəy polis idarəsindən çıxan kimi jurnalistlərə deyib ki, aksiyanın təşkilatçısı kimi təqdim olunan Orxan Eyyubzadəni içəridə təzyiqlərə məruz qoyurlar: “Protokola qol çəkmədiyinə görə onu hamının gözü qarşısında vurdular”. Müsavat üzvləri Xəyyam Məmmədli, Cavid Hacıbəyli və Tural Sadıqlı barədə qəzet çapa hazırlananda bilgilər yox idi”. Müsavat.com-un müxbiri son olaraq xəbər verib ki, müstəqil gənc Qərib Musayev 30 dekabrda məhkəməyə gəlmək şərti ilə buraxılıb. Onun da barəsində 298.2 maddəsi ilə cinayət işi başlanıb. AXCP üzvü Natiq Rüstəmli 300 manat cərimə ilə buraxılıb. Ən sonda məlum olub ki, saxlananlardan Novruz Novruzov 350 manat, Məcid Vahid 500 manat, cərimə ilə buraxılıblar. AXCP üzvü Bəyim Həsənli də məhkəməyə gəlmək şərti ilə azad edilib. Çıxanlardan hər biri jurnalistlərə deyib ki, Orxan Eyyubzadəyə işgəncə verilir. Orxan Eyyubzadə bu yaxınlara qədər Müsavat Partiyasının üzvü olub, sonradan intizam cəzası olaraq Samir Poladovla birlikdə təşkilatdan çıxarılıb.Müsavatçı gənc fəal Xəyyam Məmməd, AXCP üzvü Çilanay Türkel də 300 manat cərimə ilə buraxılıblar. Ələkbər Rzayev və müsavatçı gənc Cavid Hacıbəyli 300 manat cərimələnərək 30 dekabrda məhkəməyə gəlmək şərti ilə buraxılıblar.İsgəndər Həmidov da Səbayel Rayon Polis İdarəsinin qarşısına gəlib. O, müsavat.com-un müxbirinə deyib ki, gənclərlə bu cür rəftarı pisləyir və qanunsuz hesab edir.

İrəliləyən dəqiqələrdə Əhmədova Kamilə və Hüseynova Mahirə adlı gənclər də 350 manat cərimə ilə azad olunublar. Həmçinin, Qarabağ qaziləri İbrahim Səlimov və Şahmurad Təhməzov azad ediliblər. Ağahüseyin Süleymanov adlı gənc də 350 manat cərimə ilə buraxılıb.

Xatırladaq ki, 25 dekabrda haqsızlıqlara etiraz olaraq özünü yandıran Qarabağ qazısı Zaur Həsənov 28 dekabrda həkimlərin bütün cəhdlərinə rəğmən dünyasını dəyişib. Qazi, Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) rəhbəri Səttar Mehbalıyevin onun çayxanasını məhkəmə qərarı ilə sökdürməsinə və 5 ailə üzvünü çörəksiz qoyduğuna etiraz olaraq bu addıma getdiyini söyləmişdi.

~ tərəfindən Patriot 30/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma