ATƏT SAXTA SEÇKİYƏ YEKUN QİYMƏTİNİ BƏYAN ETDİ

OSCE-ATET

“Azərbaycanda seçki prosesinin bütün mərhələlərində, o cümlədən səsvermə günü demokratik seçkiləri mümkünsüz edən çox ciddi problemlər, çatışmazlıqlar baş verib”

Müşahidə missiyası Azərbaycanda gördüyü saxtakarlıq və pozuntuları təfsilatı ilə açıqladı

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu (DTHIB) Azərbaycanda keçirilmiş prezident seçkilərilə bağlı yekun hesabatını açıqlayıb. 32 səhifəlik hesabatdan müəyyən hissələri təqdim edirik: Seçkini qiymətləndirmək üçün Beynəlxalq Müşahidə Missiyası avqustun 28-dən oktyabrın 30-a qədər Azərbaycanda səfərdə olub.
Oktyabrın 10-da verilən ilkin bəyanatda ATƏT/DTIHB belə nəticəyə gəlib ki, seçki ifadə, birləşmə, toplaşma azadlıqlarının pozulması şəraitində keçirilib, namizədlərə bərabər imkanlar yaradılmayıb, namizədlərin və seçicilərin qorxudulması halları qeydə alınıb. Seçki prosesinin bütün mərhələlərində, o cümlədən səsvermə günü demokratik seçkiləri mümkünsüz edən çox ciddi problemlər, çatışmazlıqlar baş verib.
ATƏT/DTIHB-nin seçki qanunvericiliyi, xüsusən də seçki komissiyalarının tərkibi və namizədlərin qeydiyyatı ilə bağlı tövsiyələrinə əhəmiyyət verilməyib.
Təbliğat və təşviqat kampaniyasının müddəti 22 günə endirilib, bu isə namizədlərin təbliğat aparmaq imkanlarını məhdudlaşdırır.
Namizədlərin və seçicilərin qorxudulması haqda bütün kampaniya dövründə səhih məlumatlar gəlib ki, bu da ədalətli seçki kampaniyası aparılmasına, seçicilərin istədikləri namizədə səs verməsinə mane olmaq baxımından ciddi narahatlıq yaradır.
Namizədlərin KIV-ə çıxışı kifayət qədər təmin olunmayıb, həmçinin balanslı və açıq debatlar çatışmayıb.
Seçki müşahidəsini həyata keçirən yerli təşkilat –  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi müşahidə prosesinə təşkilat olaraq buraxılmayıb. Onun müşahidəçiləri fərdi qaydada qeydiyyatdan keçməyə məcbur olublar. Seçkilərdən sonra isə Baş Prokurorluq təşkilatın ofisində axtarış aparıb, ona qarşı cinayət işi başlanıb, rəhbəri Anar Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub və nəhayət, dekabrın 16-da o, həbs olunub.

Saxtakarlıq faktları

Səsvermə günü müşahidə aparılan məntəqələrin 21-də məntəqələrin açılması prosesi mənfi qiymətləndirilib. ATƏT/DTIHB-in müşahidəçiləri seçki məntəqələrinin 12 faizində səsvermə prosesini pis qiymətləndiriblər. 39 məntəqədə bülletenlərin qutulara topa-topa atılması, həmçinin saxtakarlıq əlaməti olan başqa çatışmazlıqlar qeydə alınıb. Səslərin sayılması müşahidə aparılan məntəqələrin 58 faizində pis və ya çox pis qiymətləndirilib. Seçici siyahıları ilə manipulyasiya, protokollarda bir namizədə verilmiş səsləri başqa namizədin adına yazmaq kimi hallar müşahidə olunub. 15 məntəqədə nəticələr bəlli olmadan protokollar Məntəqə Seçki Komissiyalarının üzvləri tərəfindən imzalanıb. Bir çox hallarda protokolların surətləri ATƏT/DTIHB müşahidəçilərinə verilməyib.
ATƏT/DTIHB müşahidəçiləri bir çox hallarda DSK-lardan məlumat almaqda çətinliklərlə qarşılaşıblar.

Parlamentdə müxalifət yoxdur

Müxalifətin əsas namizədi 95 dairəni əhatə edən 1085 məntəqədə pozuntularla bağlı şikayətlər versə də, onlara baxılmayıb. MSK bunu şikayətlərə dair sənədlərin orijinalının təqdim olunmaması ilə izah edib.
Azərbaycanda prezidentin çox geniş səlahiyyətləri var. Nazirlər Kabineti üzvlərini, mərkəzi və regional səviyyədə bütün icra orqanlarının rəhbərlərini prezident təyin edir. Hətta baş prokuroru və hakimləri də parlamentə təqdimatla prezident təyin edir.
2010-cu ildə keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası 125 deputat yerindən 69-nu əldə edib. Əsas müxalifət partiyaları olan AXCP və Müsavatdan isə bir nəfər də təmsilçi olmayıb. Say baxımından ikinci çoxluq 42 deputatla bitərəflərdədir ki, onlar da bir qayda olaraq, hakim partiyanın mövqeyindən çıxış edirlər.

Seçici siyahılarında 1 milyon 600 minlik fərq necə yaranıb?

2009-cu ildə Konstitusiyaya dəyişikliklə eyni şəxsin ardıcıl iki dəfədən artıq prezident seçilməsinə olan məhdudiyyət aradan qaldırılıb. Avropa Şurasının Venesiya Komissiyası bunu demokratiya baxımından geriləmə kimi qiymətləndirib.
2012-2013-cü illərdə bir sıra qanunlara dəyişiklik edilərək razılaşdırılmamış nümayişlərdə iştiraka görə sanksiyalar ağırlaşdırılıb. Həmçinin QHT-lərin qeydiyyatı və maliyyələşməsilə bağlı yeni tələblər müəyyənləşdirilib, bu prosedurlara əməl etməyənlərə qarşı cərimələrin məbləği artırılıb. Bütün bu dəyişikliklər birləşmə və ifadə azadlığını, həmçinin vətəndaş cəmiyyətinin funksionallığını məhdudlaşdırmaqla yanaşı, ATƏT qarşısında götürülmüş öhdəliklərə də ziddir.
Səsvermə günü 69 min 195 seçicinin adı seçici siyahısına əlavə olunub. Ölkə üzrə seçici siyahıları son olaraq 14 sentyabrda elan olunub, orada 5 milyon 16 min 365 nəfər olub. Bu da MSK-nın mayda açıqladığı siyahıdan təxminən 30 nəfər çoxdur.
Lakin Dövlət Statistika Komitəsi 1 yanvar 2013-cü ilə açıqladığı 18 yaşdan yuxarı əhalinin sayını 6 milyon 800 min göstərib. Bu isə MSK-nın siyahısı ilə təxminən 1 milyon 600 min nəfərlik fərq deməkdir. Hökumət bunu belə əsaslandırır ki, Statistika Komitəsi ölkədən kənarda yaşayan seçiciləi də statistikaya daxil edib.
Təbliğat-təşviqat kampaniyasında prezident Ilham Əliyev daha çox təbliğ edilib. Digər namizədlərin KIV-ə çıxış imkanları məhdud olub.
Milli Şuranın təşviqat mitinqlərinə maneçilik cəhdləri olub. Milli Şura təmsilçiləri Baş Prokurorluğa çağırılaraq, onlara ÿxəbərdarlıq edilib.

Mediaya hücumlar

KIV nümayəndələrinə cinayət təqibi, fiziki hücumlar və başqa formalarda təzyiqlər davam edib. Pərviz Həşimli silah qaçaqmalçılığı ittihamı ilə həbs olunub. ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Azərbaycan hökumətinə sentyabrın 27-də jurnalistlərin həbsini dayandırmaq çağırışı edib.
Televiziyalar əhalinin xəbərləri əldə etməsi üçün əsas mənbə olsa da, həmsöhbətlərimiz telekanalların hakimiyyətin nəzarətində olduğunu bildirib. Bu da elektron KIV-də siyasi plüralizmin yoxluğuna gətirib çıxarır.
Konstitusiya KIV və ifadə azadlığına təminat versə də, təhqir və böhtana görə həbs cəzaları, həmçinin prezidentinin şərəf və ləyaqətinin təhqir olunmasına görə cinayət cəzasının qanunvericilikdə qalması bununla ziddiyyət təşkil edir.
Internet azad sayılsa da, bir sıra saytlar mütəmadi şəkildə bloklanır, internet fəalları həbs olunur. Bundan başqa, təhqir və böhtana görə cinayət məsuliyyəti internetdə fəaliyyətə də aid edildi.
Sentyabrın 19-da Ictimai Televiziyadakı debatda Milli Şuranın namizədi Cəmil Həsənli hazırkı prezident və onun ailə üzvlərinin xaricdəki əmlakı barədə açıqlama verəndən sonra ona MSK tərəfindən xəbərdarlıq olundu.
Namizədlərə pullu efir vaxtını yalnız ITV təklif etmişdi, o da namizəd Cəmil Həsənlinin bu barədə müraciətinə “yox” cavabı verib. Cəmil Həsənli buna görə məhkəməyə şikayət etsə də, şikayəti təmin olunmayıb.
Səsvermə günün ertəsi Cəmil Həsənli seçkinin nəticələrini tanımadığı bəyan etdi və bunu səsvermə günü kobud qanun pozuntularına yol verilməsilə əsaslandırdı. Buna görə də nəticələrin ləğv olunub, yenidən seçki keçirilməsini tələb edirdi.
Milli Şuranın seçkinin saxtalaşdıralmasına etiraz məqsədilə oktyabrın 12-də keçirdiyi mitinqdən sonra polis heç bir əsas olmadan mitinq iştirakçılarına qarşı zorakılıq etdi. Altı nəfər saxlanıldı.
Seçkidən sonra jurnalist Sərdar Əlibəyli, blogger Rəşad Ramazanov barəsində uzunmüddətli azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Noyabrın 13-də “Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Hesabatda seçkinin ATƏT standartlarına uyğun keçirilməsi üçün bir sıra tövsiyələr, o cümlədən yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər də var: “Obyektivlik və ictimai etimad üçün Seçki Məcəlləsi dəyişdirilməli, bütün səviyyələrdə seçki komissiyaları yenidən formalaşdırılmalıdır.
Potensial namizədlər və başqa iştirakçılara daha yaxşı imkanlar verilməsi üçün seçki prosesinin müddəti uzadılmalıdır. Həmçinin, şikayətlərə baxılması mexanizmi və seçkilərin ümumi təşkili məsələləri bir daha nəzərdən keçirilməlidir”.
Seçici siyahılarının dəqiqləşdirilməsində əhatəli təlimatların hazırlanması tövsiyə edilir.
Hesabatda yekun olaraq qeyd olunur ki, seçki qutularının topa bülletenlərlə doldurulması, yekun protokolların dəyişdirilməsi kimi ciddi qanun pozuntularının aradan qaldırılması yolu ilə seçki prosesinin tamlığının təmin olunması üçün siyasi iradəyə ehtiyac var.

~ tərəfindən Patriot 25/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma