İSA QƏMBƏR UKRAYNADAKI TƏƏSSÜRATLARI İLƏ BÖLÜŞDÜ

isa_qambar

“Makkeynə söylədim ki, onun burada olması təkcə Ukrayna üçün deyil, bu demokratik prosesləri izləyənlər üçün çox önəmlidir, gəlib burada dəstək verirsiniz, belə bir dəstəyi sizdən Azərbaycan xalqı üçün də gözləyirik”

Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 16-da Ukraynadan Bakıya dönüb. Vətənə qayıtdıqdan bir qədər sonra “Yeni Müsavat” a müsahibə verən İsa bəyin fikirlərini təqdim edirik.

– İsa bəy, Kiyevdə Maydandakı hadisələri izlədiniz, aksiyada çıxış etdiniz. Qısa təəssüratlarınızı bilmək istərdik.

– Ukraynada 15 dekabrda tarixi bir gün yaşadıq. Ukrayna xalqının mübarizəsinin yeni mərhələsinin pik günlərindən biri idi. Möhtəşəm mənzərələrdir; xalq öz iradəsini ortaya qoyur. Ukrayna hakimiyyəti müxtəlif yollara əl atdı; zorakılıq cəhdləri oldu, müəyyən üsullarla, vasitələrlə diqqəti mitinqlərdən yayındırmaq cəhdləri oldu. Əks düşərgəni hərəkətə gətirib Maydandakı xalqın mitinqinin bir neçə yüz metrliyində aksiya keçirmək cəhdləri edildi və sair. Ancaq bu cəhdlərin heç biri nəticə vermədi. Ukrayna xalqı hakimiyyətdən xalqın iradəsinə sayğı ilə yanaşmağı, bütövlükdə onunla hesablaşmağı, konkret olaraq, Avrointeqrasiya məsələsində mövqe ortaya qoymağı tələb edir. Çox möhtəşəm, olduqca önəmli, tarixə düşən bir gün yaşadıq.

– Siz Ukraynada mitinqdə çıxış etdiyiniz gün Bakıda da Milli Şuranın mitinqi keçirildi. Burada bəziləri belə fikirlər səsləndirdilər ki, Müsavat başqanı Maydanda çıxış etməli deyildi, Bakıda qalıb, “Məhsul” stadionundakı mitinqdə danışmalı idi? Bu yanaşmalara münasibətiniz necədir?

– Məncə, bu iki hadisəni müqayisə etmək qətiyyən yerinə düşmür. Hesab edirəm ki, məsələyə məsuliyyətli yanaşan şəxslər də bu müqayisəni etmirlər və etməzlər də. Bakıda razılaşdırılmış  bir aksiya keçirilirdi. Bilinirdi ki, xalq bütövlükdə vəziyyətdən narazı olsa da, həmin gün çox ciddi fəallıq göstərməyəcək. Bilinirdi ki,  Müsavatın, AXCP-nin, KXCP-nin və Milli Şurada olan digər qüvvələrin təmsilçiləri həmin mitinqə qatılacaq. O da bəlli idi ki, razılaşdırılmış aksiya olduğu üçün orada qeyri-adi bir şey olmayacaq, normal bir aksiya keçiriləcək. Mənim məlumatım oldu ki, çox yaxşı bir mitinq keçirilib, yaxşı çıxışlar olub, o cür sərt hava şəraitində bu qədər insanın iştirak etməsi çox gözəldir. Kiyevdə isə təkcə Ukrayna xalqının yox, dünya tarixinin önəmli bir səhifəsi yazılır. Bütün dünyanın diqqəti həmin gün orada idi. Bizim Kiyevə gedib Azərbaycanın demokratik ictimaiyyətinin mövqeyini orada bəyan etməyimiz təkcə Ukrayna xalqının deyil, diqqəti Ukraynada olan bütün dünyanın nəzərinə mesajlarımızı vermək imkanı yaratdı. Yəni orada bir sıra tanınmış xarici siyasətçilərlə, diplomatlarla görüşlərimiz, meydandakı çıxışımız, media nümayəndələri ilə söhbətlərimiz, Maydandakı baş qərargahdakı keçirdiyimiz mətbuat konfransı və digər addımlarımızın hamısı Azərbaycanın demokratik qüvvələrinin dünyaya verdiyi bir mesaj idi. Bu, çox önəmli idi. Bu baxımdan iki hadisəni müqayisə etməyi ümumiyyətlə məntiqli hesab eləmirəm. Bakıdakı mitinq Milli Şuranın mitinqi idi. Əgər bu mitinq hətta Müsavatın aksiyası olsaydı belə, mən Müsavat Partiyasının rəhbərliyində məsələni müzakirə edərdim, əminəm ki, əksəriyyət deyərdi, bəli, sən get Kiyevə, biz də buradakı mitinqi idarə edərik. Amma bu Müsavatın da mitinqi deyil, Milli Şuranın aksiyası idi. MŞ-ya daxil olan partiyaların liderləri, Milli Şuranın sədri, görkəmli xadimləri orada idilər. Nə baş verib ki, mütləq İsa Qəmbər bu mitinqdə iştirak etməli idi? İştirak etməyəndə guya nə olasıdır ki? Bu, mənə məntiqli yanaşma kimi görünmür və hesab edirəm ki, mənim Kiyevə gedib orada mövqeyimizi ifadə eləməyim həddindən artıq yerinə düşdü və məntiqli oldu

– Maraqlı məqamlardan biri də sizin Maydanda məşhur senator Con Makkeynlə görüşməyiniz oldu. O, yaxşı qorunan şəxsdir, onunla təsadüfən üz-üzə gəlmək, “salam Con”, deyə söhbətə girişmək çətin məsələdir. Bəs onda bu görüş necə baş tutdu, onunla nələri müzakirə etdiniz, ona nə dediniz?

– Məndən Kiyevdə olanda soruşdunuz ki, orada çıxış edəcəyəmmi, bildirmişdim ki, bu, oradakı vəziyyətə bağlı olacaq, çünki heç nə bilinmir. “İnqilabi situasiya” sözünü də orada işlətmişdim, doğrudan da elə idi. 15 dekabr xalq hərəkatının pik nöqtəsi hesab olunurdu. Tutaq ki, hansısa siyasətçi ilə görüşmək üçün razılaşma əldə edirdin, vaxt müəyyən olunurdu, 15 dəqiqə sonra görüş baş verməlidir, ancaq bu müddətdə hadisə baş verir, həmin siyasətçi qalxıb başqa yerə getməli olur. Biz meydanda olanda da, baş qərargahda olanda da inqilabi prosesin mərkəzində idik. Həmin günlərdə Ukrayna parlamentinin onlarla deputatı ilə görüşlərimiz oldu. Məsələn, fikirləşirsən ki, 15 dəqiqə boş vaxtın var, oturub çay içmək istəyirsən, bu zaman orada tanınmış bir siyasətçini görürsən, yaxınlaşıb bir söhbət etmək istəyirsən, ancaq nəsə baş verir, alınmır. Yaxud bir jurnalist müsahibə almaq istəyir, razılaşdırılmış vaxta 5 dəqiqə qalmış gəlib deyirlər ki, sizin qərargahda mətbuat konfransı keçirməyiniz xahiş olunur, məcbur olub gedirsən ora. Konfransdan çıxırsan, xeyli jurnalist yaxınlaşıb müsahibə istəyir… Yeri gəlmişkən, orada olduğumuz müddətdə 7-8 həm Ukrayna, həm də dünyanın müxtəlif ölkələrinin kanallarına, eyni zamanda xeyli sayda qəzetlərə, saytlara onlarla müsahibələr, açıqlamalar vermişik. Konkret Makkeynlə görüşümüzə gəlincə, mən onu 2002-ci ildən tanıyıram, həmin ildə Vaşinqtonda ilk dəfə görüşmüşük. Sonralar da dəfələrlə görüşlərimiz olub. Bu dəfə isə Maydanda ukraynalı və amerikalı ortaq dostlarımızın sayəsində görüşdük, söhbətləşdik. Mən ona  təşəkkür  etdim ki, Kiyevdədir. Müsavat Partiyası olaraq bizim də Avrointeqrasiya tərəfdarı olduğumuzu, Ukrayna xalqını dəstəklədiyimizi bəyan etdim. O da bunlara görə təşəkkürünü bildirdi. Makkeynə söylədim ki, onun burada olması təkcə Ukrayna üçün deyil, bu demokratik prosesləri izləyənlər üçün çox önəmlidir, gəlib burada dəstək verirsiniz, belə bir dəstəyi sizdən Azərbaycan xalqı üçün də gözləyirik. O da bu mövzuya çox pozitiv yanaşdı, bildirdi ki, Ukrayna xalqının mövqeyinə tam dəstək verir; diplomatik şəkildə işarə etdi ki, zamanı, yeri gələndə digər istiqamətlərdə və başqa ölkələr nümunəsində də bu mövqeyini bəyan edəcək. Onunla çox pozitiv bir fikir mübadiləsi oldu. Bizim Maydanda mövqeyimizi ifadə etməyimiz orada müşahidə aparan siyasətçilər, digər şəxslər, həmçinin KİV vasitəsi ilə bütün dünyaya çatdırılır. Ancaq Makkeyn səviyyəli bir şəxslə görüşüb mövqeyimizi bildirməyimiz də Azərbaycanın demokratik qüvvələri, bütövlükdə xalqımızın maraqları baxımından çox yerinə düşdü və səmərəli oldu.

– Ukrayna xalqı öz arzusuna, öz seçiminə çatmağa nail ola biləcəkmi?

-Mən buna 100 faiz inanıram. Artıq arxayın proqnoz verə bilərəm ki, 2014-cü ildə Ukrayna hakimiyyəti Avrointeqrasiya istiqamətində çox önəmli addımlar atacaq. Bugünkü hərəkat Ukraynada zamanında və ya zamanından əvvəl keçiriləcək seçkilərə çox ciddi təsir edəcək.

~ tərəfindən Patriot 17/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma