AZƏRBAYCANIN GİZLİ NEFT MAFİYASI

neft-qiymet

Ölkənin bir nömrəli sərvətini “pay-püş” edən 35 yaşlı Əliyev kimdir?

Dövlət Neft Şirkəti öz sövdələşmələrini kimlərin əli ilə və necə həyata keçirir?

“Global Witness” təşkilatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlı apardığı araşdırmanın nəticələrini açılqayıb. Araşdırma ARDNŞ-lə bağlı sensasiya sayılacaq faktlar ortaya çıxarıb. Eyni istiqamətdə jurnalist Xədicə İsmayıl da müəyyən araşdırmalar aparıb və “Global Witness”in “Anonim Azərbaycan” adlı hesabatı əsasında “Azadlıq” radiosunda növbəti məqaləsini dərc etdirib. Məqaləni təqdim edirik:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Bunlardan biri Azərbaycan vətəndaşı, 1978-ci il doğumlu Anar Əliyevdir.

İngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Anar Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Heritage Heritage General Trading FZE şirkətini yaradıb. Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq:

SOCAR TRADİNG SA

SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ “iki beynəlxalq tərəfdaşı ilə birgə” Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib.

Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış. (Mənbə: Socar Bond Prospekti)

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.

2012-ci ildə SOCAR Supra Holding Limited şirkətinin özəl səhmdarları Anar Əliyev və Valeriy Golovuşkindən onların paylarını alıb. Global Witnessin araşdırmasında göstərilir ki, payları təhvil vermələri üçün Anar Əliyevin şirkətinə 103 milyon ABŞ dolları, Rusiyalı Valeriy Qolovuşkinə məxsus Renfrel Holding-ə isə 30 milyon ABŞ dolları ödəyib.

Beləcə, 5 milyon dollarlıq investisiya Anar Əliyevə 150 milyon dollardan artıq gəlir gətirib.

“Bu yenidən bizi o suala qaytarır ki, niyə SOCAR sadəcə mütəxəssisləri işə götürmək və nefti özü satmaq əvəzinə nefti satmağa ortaqlar cəlb edib” Global Witness hesabatında sual edir.

2011-ci ilin iyunundan etibarən SOCAR nefti satmaqda vasitəçi olmaq üçün başqa ortaqlıq yaradır.

SOCAR İnternational DMCC şirkəti 2011-ci ilin iyununda BƏƏ-də qeydiyyatdan keçib. SOCAR-ın həmin şirkətdəki ortaqlarının adı bəlli deyil. Amma o bəllidir ki, SOCAR İnternational DMCC şirkəti də nefti öz növbəsində Supra Holding vasitəsilə bazara çıxarırmış.

2011-ci ildə SOCAR İnternational DMCC Supra Holdinqə 1,68 milyar dollarlıq, 2012-ci ildə isə 5,77 milyard dollarlıq neft satıb. Bu iki il ərzində artıq tam olaraq SOCAR-ın mülkiyyətinə keçən SUPRA ilə nefti istehsal edən SOCAR arasında vasitəçilikdən SOCAR İnternational DMCC 66 milyon dollar təmiz gəlir götürüb. Bu gəlir SOCAR-ın öz neftinin özünə satılmasından əldə edilib.

SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.

Anar Əliyevə məxsus Heritage General Trading FZO şirkəti SOCAR-la ən azı beş Birgə Müəssisədə ortaqdır. Bu cədvldəki ortaqlıqlar və paylar barədə məlumat SOCAR-ın internet səhifəsindən götürülüb:

cedvel1

Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCARın ümumi biznesinin daha geniş olduğu göstərilir.

Global Witness ümumiyyətlə, Anar Əliyevin direktor, yaxud təsisçi olaraq adının keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaş olduğunu bildirir.

Bunların arasında neft yataqlarının işlənməsi üzrə pay bölgüsü sazişlərindən tutmuş, neftdən çirklənmiş ərazilərin təmizlənməsinə qədər birgə müəssisələr və alyanslar var.

Anar Əliyevin şirkətlər şəbəkəsi:

Heritage General FZO Anar Əliyevin SOCAR-dan yararlanan sadəcə bir şirkətidir.

Anar Əliyevin adı həm də Azərbaycanda qeydiyyatdan keçmiş ən azı dörd şirkətdə yer alır (mənbə: AR Vergilər Nazirliyinin məlumat bazası)

cedvel2

neft mafiyasiCaspian Catering Service MMC-nin internet səhifəsindən öyrənirik ki, SOCAR-ın quruda və suda olan gəmilərinin əməliyyat müəssisələrinin yeməkdən tutmuş, yataq dəstlərinə qədər təchizatını, hətta zərərverici həşəratlardan təmizlənməsini də bu şirkət həyata keçirir.

Bu təchizatçıya verilən sifarişlər barədə Satınalmalar üzrə Dövlət Agentliyinin məlumat bazasında heç bir məlumat yoxdur. Bu sifarişlərin verilməsi zamanı tenderlərin keçirilib keçirilmədiyi bəlli deyil.

Təchizatçı şirkətin sahibi – Panamada qeydiyyatdan keçən Trans Marine United Corporation şirkəti SOCAR-la başqa ortaqlıqlarda da yer alır.

Bu şirkətin arxasında duran adlar bəlli deyil, çünki Panama dövlət reyestrindən əldə edilən sənədlərdə təsisçi kimi göstərilən şirkət – Thalassa Marşal adalarında qeydiyyatdan keçib və təsis məlumatlarında əsl sahibləri gizlədilib.

Nəhayət əsas suala keçirik:

KİMDİR ANAR ƏLİYEV?

Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.

Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu 2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.

SOCAR-dakı mənbələr Anar Əliyevin əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığını, onun qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğunu bildirirlər.

SOCAR-dan bu məlumatları rəsmən dəqiqləşdirmək mümkün olmayıb. SOCAR kadrlar şöbəsindən Bədəl Əliyevin orada çalışması ilə bağlı suallara cavab ala bilməmişik.

10 MİN DOLLARLIQ HOTEL HESABI

Global Witness də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. Hər halda altı il ərzində Dövlət Neft Şirkətinin əsas tərəfdaşı olan bu əhəmiyyətli şəxsin kimliyinin ictimaiyyətə məlum olmaması anti-korrupsiya təşkilatının da suallarına səbəb olub.

Global Witness Anar Əliyevin adının həm də bir neçə il əvvəl hakerlər vasitəsilə əldə olunmuş sənədlərdə keçdiyini göstərir.

Bu sənədlərdən biri Sumato Energy Servicess SA şirkətinin baş meneceri Mətin Talışlı tərəfindən ödənən hotel qaiməsidir. Anar Əliyevin qaldığı iki gün üçün cənab Talışlı hotelə 10 min dollardan artıq hesab ödəyib.

AĞ ŞƏHƏR LAYİHƏSİNDƏ PAY

Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Anar Əliyevin yuxarıda adı keçən şirkətlərdə öz maraqlarınımı, yaxud başqa, nüfuzlu, adı bəlli olmayan şəxsin maraqlarınımı təmsil etdiyi bəlli deyil. Bəlli olan Azərbaycan dövlətinə məxsus Neft Şirkətinin xalqa məxsus pulları və imkanları şəxsi ciblərə axıtmasıdır.

Öz hesabatında Britaniya təşkilatı SOCAR-ın əməliyyatlarının şəffaf olmadığını qeyd edir.

Global Witness-in sorğularına yazdığı cavabda SOCAR öz fəaliyyətini illi qanunvericiliyə, beynəlxalq şirkətlərin təcrübəsinə uyğun həyata keçirdiyini qeyd edib, amma konkret suallara cavab verməyib.

“Global Witness” təbii sərvətlərlə bağlı yaranan münaqişə və korrupsiya, eləcə də ekologiya və insan haqlarının pozulması halları ilə bağlı araşdırmalar aparan və bu sahədə aksiyalar həyata keçirən belnəlxalq miqyaslı qeyri-hökumət təşkilatıdır.

~ tərəfindən Patriot 11/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma