UKRAYNA XALQI “MAYDAN”a SIĞMADI (VİDEO)

kiyev - maydan

Kiyev “milyonların yürüşü”nə səhnə oldu

Müxalifət Yanukoviçə 48 saat vaxt verdi

Nazirlər Kabinetinin önündə barrikadalar və çadırlar quruldu, “hökumət kvartalı” boyunca aksiyalar keçirməyə qərar verildi

Ukrayna müxalifəti elan etdiyi kimi, dünən Kiyevin “Müstəqillik” meydanına xalq məclisini çağırıb. Aksiya saat 12.00-a təyin edilsə də, vaxtından gec başlayıb. Lakin çox keçməmiş yüzminlərlə insan meydana axın edib. Insanlar meydanı və ətraf küçələri tamamilə doldurublar.
Aksiyaçıların əllərində Ukrayna və müxalifət partiyalarının bayraqları olub. Aksiya dövlət himninin oxunması ilə başlayıb. Ukrayna Daxili Işlər Nazirliyi aksiyada 20 minə yaxın insanın iştirak etdiyini, asayişin qorunması üçün 5 minə yaxın milisin cəlb edildiyini bildirib. Müxalifət isə meydana yüzminlərlə insanın çıxdığını bəyan edib. Bu, “Avromeydan” etirazlarının başladığı gündən bu yana, üçüncü belə xalq məclisi idi.
Müxalifətdən olan “Batkivşina” Partiyasının lideri Arseni Yasenyuk bildirib ki, bu, Ukrayna xalqının öz haqları uğrunda mübarizəsinin üçüncü mərhələsidir. O, insanları mövcud hakimiyyətin siyasətinə qarşı dinc yolla mübarizə aparmağa səsləyib: “Biz insanları kütləvi etiraza çağırırıq və mən əminəm ki, dinc yolla öz məqsədimizə çata bilərik. Bizim mitinqimiz sülh xarakterlidir, istənilən aqressiv hərəkət təxribat kimi qiymətləndiriləcək. Hər birinizdən xahiş edirəm ki, təxribata uymayın”.

Timoşenko “mübarizəyə davam”  deyir

Aksiyaçılar önündə çıxış edən Yuliya Timoşenkonun qızı  anasının müraciətini səsləndirib. Timoşenko növbəti dəfə xalqı etirazları davam etdirməyə çağırıb.
Müxalifət elə aksiyanın gedişində bütün “hakimiyyət kvartalı” üzrə piketlərin keçirilməsinə qərar verib.  “Batkivşina”nın sədr müavini Aleksandr Turçinov nümayişçiləri kvartal boyu çadırlar qurmağa çağırıb. O, “Qruşevski” və “Institut” küçələri boyunca hər biri 30 min nəfərdən ibarət olan iki kalona ayrılıb “hakimiyyət kvartalına” doğru irəliləməyi təklif edib. Aksiya boyu ərazidə xeyli sayda polis avtobusları və “Berkut” xüsusi təyinatlıları olub.
Turçinovun çağırışından sonra aksiyaçıların bir hissəsi təklif olunan ünvanlarda çadırlar qurmağa başlayıblar. Çox keçməmiş “hökumət kvartalı” tamamən avrointeqrasiya tərəfdarlarının nəzarətinə götürülüb. Aleksandr Turçinov bildirib ki, Nazirlər Kabinetinin, Zabitlər Evinin önündə barrikadalar və çadırlar qurulub. Eyni zamanda, “Institut” və “Şelkoviçnaya” küçələri qapadılıb və orada da çadırlar qurulub. Onların arasında hərbi çadırlar da var. Etirazçılar “Müstəqillik” meydanından bura ocaq qalamaq üçün taxtalar gətiriblər. Turçinov onu da qeyd edib ki, Maydan da sutka boyu mühafizə olunmalıdır. Təşkilatçılar sözügedən küçələrdə nəqliyyatın da hərəkətini dayandırmağı düşünürlər.

“Polis, vicdanın olsun!”

“Mariinski” parkında isə ağaclara “Polis əməkdaşı, vicdanın olsun, cinayətkarın qanunsuz göstərişlərini yerinə yetirmə! Xalqın arasında sənin də adamların – uşaqların, yaxınların və dostların var” sözləri yazılmış vərəqələr yapışdırılıb.
Müxalifət dünənki aksiyalar zamanı maraqlı fləşmob da keçirib. “Ukrayna xalqının səssiz yürüşü” adlanan fləşmoba qatılanlar ağızlarını qara lentlə bağlayıblar. “Udar” Partiyasının gənclər qanadının koordinatoru Dmitri Biloserkovun sözlərinə görə, yürüşdə yüzə yaxın insan iştirak edib. “Biz hökumətin susdurmağa çalışdığı bütün meydan fəallarına dəstək nümayiş etdirmək istəyirik”.
Arseni Yasenyuk dünən Milli Müqavimət Qərargahında keçirdiyi brifinqdə bildirib ki, hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etmək istəyir və bu barədə onda dəqiq məlumat var: “Biz bilirik ki, hazırda Yanukoviç Administrasiyasında Ukraynada fövqəladə vəziyyət elan etmək məsələsi müzakirə olunur. Üstəlik, Milli Təhlükəsizlik Xidməti ”hakimiyyətin zorla ələ keçirilməsi” ittihamını işə salmağa çalışır. Hakimiyyəti heç kim ələ keçirməyib, o, xalqa məxsusdur. Biz Yanukoviçə rəsmən müraciət edirik – fövqəladə vəziyyəti elan etmək cəhdi onun hakimiyyətinin dəyişməsindən başqa heç nəyə gətirib çıxarmayacaq. Vəziyyət bir az da gərginləşəcək. Qan töküləcəyi təqdirdə isə bunun məsuliyyəti birbaşa Yanukoviçin üzərinə düşəcək”.
Yasenyuk ölkədə fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə, hamını meydana çıxmağa səsləyib. O, bir daha bəyan edib ki, aksiyalar dinc şəraitdə keçirilir və heç bir inzibati bina ələ keçirilməyib.
Məlum olub ki, Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi həqiqətən də, “hakimiyyətin zorla ələ keçirilməsi” maddəsi üzrə araşdırmalara başlayıb. Qeyd edək ki, bir gün əvvəl Ukrayna Daxili Işlər Nazirliyi Kiyevdə təxribat hazırlandığı, 200-dən çox maskalı şəxsin qaz şaşkası və dəyənəklərlə silahlanaraq Hökumət Evinə və Prezident Administrasiyasına hücum hazırladığını xəbər vermişdi. Buna cavab olaraq müxalifət bildirib ki, hökumət təxribatçılar vasitəsilə buna nail olub ölkədə fövqəladə vəziyyət elan etmək istəyir.

Kiyevdə Leninin heykəlini uçurdular

maydan - kiewDünən Ukraynanın paytaxtı Kiyevdə onlarla maskalı gənc Leninin heykəlini uçurub. Heykəlin qalıqlarını isə kuvaldla parça-parça ediblər. Polis yaxınlıqda baş verənləri izləsə də, heç bir müdaxilə etməyib. Dağıdılmış heykəlin altında fəallar “Azadlıq gələcək, qayda-qanun yaradacaq!” şüarını səsləndiriblər. UNIAN-ın məlumatına görə, fəallardan bəziləri “Azadlıq” Partiyasının bayrağını qaldırıb. “Udar” Partiyasının lideri Vitali Kliçkonun mətbuat konfransından bir neçə dəqiqə sonra Maydandakı hadisələrin canlı yayımlandığı monitorda Leninin heykəlinin uçurulması nümayiş etdirilib.

Hökumət də aksiya təşkil etdi

Dünən Ukraynanın hakim Regionlar Partiyasının tərəfdarları da aksiya keçirib. Parlamentin qarşısında keçirilən və “Avropanı Ukraynada quraq” adlanan aksiya prezident və hökuməti dəstəkləmək məqsədi daşıyıb. 5 minə yaxın aksiyaçı müxalifətdən etirazları dayandırmağı tələb edib. Onların əllərində Ukrayna və Avropa Birliyinin bayraqları olub.
Ukrayna milisi isə prezident Viktor Yanukoviçin şəhər kənarındakı iqamətgahının mühafizəsini gücləndirib.
Vışqorodski rayonundakı “Mejiqorie” iqamətgahının mühafizəyə götürülməsi barədə məlumatı isə əyalət milis idarəsinin mətbuat katibi Nikolay Jukovski verib: “Iqamətgah da, ora gedən yollar da qorunur. Məhkəmənin aksiya keçirməyə qadağa qoyduğu küçədə də milis əməkdaşları var”.
Daha öncə məhkəmə iqamətgah ərazisində aksiyaların keçirilməsini qadağan etmişdi.
Qeyd edək ki, dünən Ukrayna müxalifəti Yanukoviçin 48 saat ərzində baş nazir Nikolay Azarovun rəhbərliyi ilə hökuməti istefaya göndərməyəcəyi təqdirdə, onun iqamətgahını mühasirəyə alacaqlarını elan edib.

“Yanukoviç Brüssel və Moskvanı inək kimi sağmaq istəyir”

Avropa Xalq Partiyasının təmsilçisi, Avropa Parlamentinin deputatı Yatsek Sariuş-Volski isə deyib ki, Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə assosiasiya müqaviləsini imzalamaqda maraqlı deyil. “Lent.az”ın məlumatına görə, o bildirib ki, Avropa Birliyilə danışıqlarda Yanukoviçin yeganə hədəfi 2020-ci ilədək hər il əsassız olaraq 20 milyard avro həcmində maliyyə yardımı almaqdır. Volski bildirib ki, oktyabrdan Yanukoviç Avropa Birliyini Rusiya ilə danışıqlar aparması barədə məlumatlandırmayıb: “Bu məbləğ haqqında Vilnüs görüşünə iki həftə qalmış Avropa Birliyinin məlumatlandırılması yalan və şantajdır. Biz əmin oluruq ki, Yanukoviç əvvəldən Avropa Birliyi ilə müqavilə bağlamaq istəməyib. O, istəyir ki, divarın dibində oturub, Brüssel və Moskvanı inək kimi sağsın”.
Sariuş-Volskinin qənaətincə, Avropa Birliyi ilə assosiasiya müqaviləsini Ukrayna xalqının etimad göstərdiyi şəxs imzalamalıdır.

Avropa Birliyinin komissarı Kiyevə gəlir

Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton gələn həftə Kiyevə gələcək. Bu barədə Avropa Komissiyasının saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, dekabrın 8-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə Ukrayna prezidenti Yanukoviç arasında telefon danışığı olub.  Barrozo növbəti dəfə Yanukoviçi insanların ifadə və sərbəst toplaşmaq azadlıqlarını təmin etməyə çağırıb. O, yaranmış vəziyyətdən çıxış yolunu müxalifət və vətəndaş cəmiyyətilə dialoqda gördüyünü deyib.
Danışıq zamanı Ketrin Eştonun Kiyevə səfəri razılaşdırılıb. Eştonun səfərində məqsəd, Ukraynada yaranmış siyasi böhrandan çıxış yollarının axtarılmasıdır.
Ukrayna prezidenti dünən BMT-nin baş katibi Pan Gi Munla da telefon söhbəti aparıb. Söhbət zamanı tərəflər Ukrayna daxilində yaranmış gərgin vəziyyəti və problemin həlli yollarını müzakirə ediblər.

Almaniya Kliçkoya üstünlük verir

Almaniya kansleri Angela Merkel və Avropa Mühafizəkarlar partiyaları qrupu (Avropa xalq partiyası) növbəti prezident seçkilərində Viktor Yanukoviçin əsas rəqibi kimi Vitali Kliçkonu dəstəkləməyə hazırlaşır. Bu barədə bazar günü Federal hökumətdə və Avropa Xalq Partiyasındakı mənbələrə istinadən “Der Spiegel” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, çərşənbə günü Brüsseldə keçirilməsi planlaşdırılan AXP üzlərindən ibarət hökumət və dövlət başçılarının növbəti görüşünə Kliçkonun da dəvət edilməsi nəzərdə tutulub. Kliçkonun həmçinin Almaniya kansleri Angela Merkellə söhbət edəcəyi də gözlənilir.
Bundan əlavə, Kliçkonun “Udar” Partiyası Angela Merkelin partiyasına yaxın “Konrad Adenauer” Fondundan dəstək alır. Məhz Kliçkonu almanlar Ukrayna müxalifətinin lideri hesab edir. Məlum olduğu kimi, Kliçko uzun müddət Almaniyada yaşayıb. Onunla Fransada da danışıqların aparılacağına dair xəbərlər yayılır.

 

~ tərəfindən Patriot 09/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma