CƏMİL HƏSƏNLİ MİLLİ ŞURAYA SƏDR SEÇİLDİ

cemil hesenli sedr

İbrahimbəyov fəxri sədr seçildi; Müsavatın etirazı qəbul olunmadı; Rəsul Quliyev qurumdan çıxarıldı

Milli Şuranın dünənki sessiyası bir sıra mühüm qərarlarla yadda qaldı. Rüstəm Ibrahimbəyovun Milli Şura sədrliyindən getməsi, onun əvəzinə bu posta Cəmil Həsənlinin seçilməsi, bununla belə, Ibrahimbəyovun bu qurumun Fəxri sədri olması, Rəsul Quliyevin təşkilatdan çıxarılması və s. Iclasa sədrlik edən Cəmil Həsənli əvvəlcə gündəlik barədə məlumat verdi. Bildirdi ki, gündəliyə Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun qurum üzvlərinə müraciəti, Şuranın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair layihə, respublikada və ölkədən kənarda baş verən hadisələrlə bağlı bəyanatların qəbulu və cari məsələlər daxildir.
Gündəliyin müzakirəsi zamanı Milli Şuranın üzvü Seymur Həzi təklif etdi ki, kütləvi aksiyalar məsələsi də gündəliyə daxil edilsin. Son qiymət artımı da buna zəmin yaradır.

“Mən öz məsuliyyətimi hiss edirəm…”

Gündəlik təsdiqlənəndən sonra Cəmil Həsənli ötən dövrdə görülən işlər barədə danışdı. Bildirdi ki, noyabr ayında Milli Şuranın sessiyası keçirilməyib. Bunun da bir sıra səbəbləri var. Siyasi məhbuslarla bağlı Bakıda, Lənkəranda, Şəkidə məhkəmə prosesləri gedir və Milli Şura üzvlərinin bir qismi, o cümlədən vəkillər həmin proseslərdə iştirak edir: “Mən də öz məsuliyyətimi hiss edirəm, həmin məhkəmə proseslərində iştirak etməyə çalışıram. Bundan başqa, mənim xarici ölkələrə də səfərlərim oldu. Bütün bu faktorlar toplaşmağa imkan vermədi”.

milli sura sedrÖlkədə seçkidən sonrakı vəziyyət barədə danışan Cəmil Həsənli bildirdi ki, iki aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də beynəlxalq təşkilatlar, xarici media Azərbaycandakı seçki saxtakarlığını müzakirə edir: “Bir çox beynəlxalq təşkilatlar açıq-aşkar bəyan etdilər ki, Avropa Şurasının Azərbaycandakı seçkiyə göndərdiyi müşahidə missiyası təmənnalı şəkildə müsbət rəy verib. Bu rəyə imza atanlar həm öz ölkələrində, həm də beynəlxalq aləmdə ifşa olunur. Səfərlərimdə məqsəd həm də bu cür avropalı parlamentarilərin öz ölkələrinin ictimaiyyəti arasında ifşasına nail olmaq idi. Azərbaycanda seçki saxtakarlığı məsələsi Britaniya parlamentində müzakirə olundu. Amerikaya səfərim zamanı ABŞ Konqresinin müxtəlif komitələrində görüşlər keçirdim. Görüşdüyüm dairələrin özündə də narahatlıq var ki, Azərbaycan hakimiyyətinin lobbi qrupları artıq Amerikada da natəmiz yollarla parlamentariləri, vəzifəli şəxsləri ələ almaq istiqamətində fəaliyyət göstərirlər. ”Lantos” qrupu qondarma erməni soyqırımı ilə bağlı Konqresə sənəd təqdim etmişdi. Həmin qrupun adamları seçkidən 5 gün sonra Azərbaycana gələrək, özünü prezident elan etmiş Ilham Əliyevlə də görüşüblər”.

Daha sonra siyasi məhbus problemi barədə danışan Cəmil Həsənli dedi ki, Azərbaycan heç vaxt bu qədər siyasi məhbusla seçkiyə getməmişdi. Hazırda Azərbaycanda 140 nəfərdən artıq siyasi məhbus var. Onlar ciblərinə narkotik, evlərinə, maşınlarına silah atılması, “Molotov kokteyli” vasitəsilə şərləmə və digər qondarma ittihamlarla həbs olunublar: “Biz bu siyasi məhbusların azadlığa çıxması və bu problemin həllinə çalışmalıyıq”.
Qondarma ittihamlarla həbs olunan şəxslərin barəsində sifarişlə hökmlər çıxaran hakimlərə qarşı “Maqnitski qanunu”nun tətbiqinin vaxtı çatdığını deyən Cəmil Həsənli bu məsələni ABŞ və Avropa ölkələrinə səfərləri zamanı qaldırdığını vurğuladı: “Həmçinin seçki saxtakarlığında iştirak edən komissiya üzvlərinə, insan haqlarını pozan məmurlara qarşı bu qanunun tətbiqinin vaxtıdır”.
Cəmil Həsənli həmçinin Milli Şuranın fəaliyyət proqramının vacibliyini qeyd etdi: “Bu o demək deyil ki, həmin proqramdan kənar işlərlə məşğul ola bilmərik.  Sadəcə, bu proqram minimal olaraq fəaliyyət planını özündə əks etdirməlidir”.

Cəmil Həsənlinin sözlərinə görə, Milli Şurnın Əsasnaməsində müəyyən dəyişikliklərə ehtiyac var: “Məsələn, orada göstərilib ki, Milli Şuranın sessiyaları iki həftədən gec olmayaraq, çağırılmalıdır. Hesab edirəm ki, yeni strukturlaşmadan sonra bu, ”bir aydan gec olmayaraq” ifadəsilə əvəzlənə bilər. Elə komissiyalar var ki, fəaliyyətindən narazılıq var, amma strukturlaşmadan sonra komissiyalar daha effektiv fəaliyyət göstərəcək”.
Cəmil Həsənli Milli Şura sədrinin Icra Aparatının rəhbəri Eldar Namazovun istefası barədə də məlumat verdi: “Eldar Namazov təxminən on gün əvvəl Rüstəm Ibrahimbəyova bu vəzifədən azad edilməsi üçün müraciət edib. Eldar bəyin işi çoxdur. Rüstəm bəy də məsələyə müsbət cavab verib. Rüstəm bəy burada olmadığından müəyyən funksiyalar Icra Aparatına verilmişdı. Hesab edirəm ki, ”Sədrin yanında Icra Aparatı” sözü “Sədr aparatı” ifadəsilə əvəz olunmalıdır”.
Cəmil Həsənli ölkədəki son qiymət atrımına da münasibət bildirdi. Dedi ki, Azərbaycanda insanların onsuz da ağır olan sosial durumu qiymət artımından sonra daha da acınacaqlı vəziyyətə düşüb: “Telefon çəkilişinin qiymətinin artıb-azalması insanların rifah halına təsir etmir. Amma enerji daşıyıcılarının qiymətinin artırılması həm ərzaq və istehlak mallarının, həm də xidmət sahələrində qiymətlərin qalxmasına gətirib çıxarır. Seçki öncəsi maaş, pensiya və müavinətlər 10 faiz artırılmışdısa, yanacağın qiyməti 30 faiz qalxdı. Əməkhaqqı və pensiyaların son dərəcə aşağı olduğu Azərbaycanda benzinin qiyməti hazırda Amerika ilə eynidir. Bir qədər sonra qaz, elektrik enerjisi və suyun da qiymətinin qalxmasının şahidi olacağıq. Bununla da vəziyyəti onsuz da ağır olan vətəndaşların şəxsi həyatına hakimiyyət növbəti dəfə hücum etmiş olacaq. Qiymət artımı aztəminatlı ailələrə və kənd təsərrüfatına xüsusən ağır zərbə vuracaq.

Yanacağın qiymətinin artması onsuz da ağır vəziyyətdə olan kənd təsərrüfatının çökməsinə və bazarda bahalaşmanın yaranmasına gərtirib çıxaracaq”.
Daha sonra “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropaya inteqrasiyadan danışdı. Bildirdi ki, Azərbaycanın Avropaya yaxınlaşmasının vətəndaşların şəxsi həyatına da birbaşa təsiri ola bilər: “Məsələn, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsa, gömrükdəki korrupsiya aradan qalxa bilər: ”Qonşumuz Gürcüstan Qafqazın azad xalqı adını qazanmaq əzmini nümayiş etdiri. Biz Azərbaycan hakimiyyətinin bu məsələdən yayınmaq üçün manevr imkanlarını əlindən almalıyıq”.
Cəmil Həsənlinin çıxışından sonra siyasi məhbus problemi, qiymət artımı, Ukraynadakı proseslər və hakimiyyətin “Azadlıq” qəzetinə hücumlarıyla bağlı bəyanatların hər biri yekdilliklə qəbul olundu.

Bundan sonra Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun müraciətini elan etdi. Sözügedən müraciətdə Ibrahimbəyov sədr postundan istefa verdiyini, amma Milli Şuranı tamamilə tərk etmədiyini, bu qurumun fəaliyyətində bundan sonra da iştirak edəcəyini bəyan edir. O həmçinin sədr postuna Cəmil Həsənlinin namizədliyini irəli sürür.

“Müxalifət mənəvi-siyasi qələbəni əldə edə bilib”

AXCP sədri Əli Kərimli Rüstəm Ibrahimbəyovun müraciəti qəbul edilsə belə, onun Milli Şuranın Fəxri sədr seçilməsini təklif etdi: “Milli Şura xalqın mənafeyinə uyğun, indiyədək mövcud olmuş birliklərin arasında kifayət qədər geniş təbəqəni əhatə edən uğurlu birlik olduğunu sübut edib. Biz Milli Şuranın fəaliyyətini qiymətləndirərkən 2013-cü ildə əldə elədiyimiz nəticələri 2008, 2010 seçkilərinin nəticələrilə müqayisə etməliyik. Biz oradan gəlmişik bu nöqtəyə. Yolun başlanğıcını xatırlamalıyıq. Qiymətləndirməni bu cür aparsaq ki, 2013-cü ildə hakimiyyət dəyişikliyinə nail olmamışıq, bu səmimi olmaz. Çünki prosesin əvvəlindən bilirdik ki, hazırkı şərtlərlə hakimiyyət dəyişikliyi real deyil. Bizim real ümidlərimiz daha çox mənəvi-siyasi qələbə ilə bağlı idi. Azərbaycan müxalifəti bu mənəvi-siyasi qələbəni əldə edə bilib. Bu, kifayət qədər böyük nəticədir.
Açıq demək lazımdır ki, Azərbaycan müxalifəti cəmi bir neçə il əvvəl dissident klubları səviyyəsinə enmişdisə, bu gün əlində belə böyük imkanları, resursları olan Azərbaycan hökumətinə mərd-mərdanə qalib gəlmək potensialındadır. Onun qarşısını zorla alıb, seçkini saxtalaşdırıblar, xalqın seçiminə haram qatıblar.
Biz bu nəticəyə necə nail olmuşuq?

Azərbaycanın real müxalifət qüvvələrini bir araya gətirməklə, ziyalıların, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin, inanclı kəsimin Milli Şuraya dəstəyini təmin etməklə, minlərlə partiya fəalının təmənnasız fədakar əməyilə bu nəticəyə nail olmuşuq. Bu nəticələrin əldə olunmasında iki nəfərin xidmətlərini xüsusi vurğulamaq istəyirəm. Əlbəttə ki, bütün sadaladığım adamların hamısı çox böyük işlər görüb. Amma etiraf etmək lazımdır ki, Rüstəm Ibrahimbəyovun, sonrakı mərhələdə Cəmil Həsənlinin 2013-cü ildə Azərbaycan xalqı qarşısında xidmətləri çox böyük olub. Indi Rüstəm bəy müəyyən səbəblərdən sədrlikdən getmək istəyir. Mən o səbəblər üzərində dayanmaq istəmirəm. Hər halda, bir neçə həftə əvvəl məlum idi ki, Rüstəm bəy həmsədr kimi qala bilər. Indi isə Milli Şuraya müraciət edib ki, sədrlikdən getmək qərarına gəlib. Bu posta namizəd də irəli sürüb. Necə ki, prezidentliyə namizədliyi irəli sürülən zaman Rüstəm bəy uzlaşdırıcı, ümumi maraqlardan çıxış edib Cəmil bəyin üzərində dayanmışdı, indi də bu seçim üzərində dayanıb. Hesab edirəm ki, bu, düzgün seçimdir. Hamınızı növbəti mərhələ üçün Cəmil bəyi Milli Şuranın sədri seçməyə çağırıram. Rüstəm bəyin özünə gəlincə, demək istəyirəm ki, o, təmənnasız olaraq, Azərbaycan xalqına, müxalifətə çox böyük dəstəyini ifadə edib. Böyük riskləri göz önünə alaraq, sıralarımıza qoşulub, müxalifətin gücünə güc qatıb. Ona münasibətdə biz hər zaman mənəvi prinsiplərdən çıxış etməliyik. Elə davranmalıyıq ki, hansısa ziyalı başqa bir ziyalı ilə söhbətdə deməsin ki, “biz Rüstəm bəydən artıq olmayacağıq, gedib qoşuldu müxalifətə, gördünüz ona hansı qiyməti verdilər”. Ona görə hesab edirəm ki, biz mənəvi borcumuzu yerinə yetirərək, həm də Milli Şuranın və Azərbaycanın maraqlarını əsas götürərək, Rüstəm Ibrahimbəyovu Milli Şuranın heç bir səlahiyyəti olmayan, sadəcə, ona hörmətimizi ifadə edən Fəxri sədr seçə bilərik.

Milli Şuranın uğurları daha çox ola bilərdi. Bu qurumun çatışmayan cəhətləri haqda heç kimdən az məlumatlı deyiləm. Milli Şuranın strukturları mükəmməl olmayıb, sessiyalararası dövrdə kollegial orqanların yaradılması üçün konsensus olmayıb. Yəqin ki, belə bir orqan yaradılacaq və mən bunu doğru hesab edirəm.
Növbəti mərhələ üçün Seçki islahatı, komissiyaların paritet əsaslarla formalaşması ən vacib məsələlər kimi qarşımıza məqsəd qoyulmalıdır. Növbəti dəfə seçki saxtakarlığı olub, xalqın səsi oğurlanıb. Biz bu davanı davam etdirməliyik. Hamı yorulsa da, biz yorulmamalıyıq, bizim gündəmimizdən bu məsələ çıxmamalıdır. Azərbaycanda seçki saxtakarlığına havadarlıq edənlər sonadək qovulmalıdır. Onların evlərinin qarşısında aksiyalar keçirilməsinə qədər bu adamlara qarşı təzyiqlər olmalıdır.
Milli Şura vətəndaşların sosial iqtisadi hüquqların qorunmasını da prioritet elan eləməlidir. Qiymət artımı ilə bağlı kütləvi etirazlar təşkil etməyimizin də vaxti yetişib.
Qısa zamanda gərəkən Əsasnamə dəyişikliyi edərək, təşkilatlanma, daxili diskussiyalardan birbaşa hökumətə yönəlik bir fəaliyyətə keçmək lazımdır. Milli Şura özünü müdafiə etməklə, izahat verməklə, daxildə süni problemlərin müzakirəsilə yox, hökumətlə ciddi mübarizə aparmalıdır. Ümid edirəm ki, Azərbaycan xalqı da belə bir mübarizəyə dəstək verəcək”.

Rüstəm İbrahimbəyovu vadar edən gerçək səbəb

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Rüstəm Ibrahimbəyovun istefa qərarının gerçək səbəbini öyrənmək istədi: “Rüstəm bəyin müraciətində sanki inciklik notları var. Çünki bir qədər əvvəl həmsədrlik institutunu təklif edirdi, amma indi ümumiyyətlə, sədrlikdən getmək istəyir? Gerçək səbəb nədir?”

Cəmil Həsənli bildirdi ki, Rüstəm Ibrahimbəyova hər hansı təzyiq olmayıb: Rüstəm bəy demokratiyaya sədaqətli adamdır. O, Milli Şura qarşısında heç vaxt mütləq şərt qoymayıb, bu dəfə də seçimi Şura üzvlərinin öhdəsinə buraxır. Onunla son danışığımızda mətbuatda dediklərini bir daha təkrarladı. Bir müddət əvvəl o, sədrlik məsələsini təklif eləyəndə mən razılıq verməmişdim. Bu yükü çəkmək asan deyil. Ona görə həmsədrlik təklif etmişdi. Bir qədər əvvəl yenidən müzakirələrimiz oldu. Bildirdi ki, yaxın vaxtlarda Azərbaycana gəlməyi planlaşdırmıram, ona görə sədrlikdən getməyim daha yaxşıdır. Amma Milli Şuradan tamamilə getmək fikrim yoxdur. Nə qədər ki, varam, millətimi bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün əlimdən gələni edəcəyəm”.

Milli Şuranın üzvü Rahim Hacıyev təşkilatın builki fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bütün çətinliklərə və problemlərə baxmayaraq, təşkilat seçkidə böyük uğur qazandı və beynəlxalq aləm də vicdanlı münasibət göstərərək, seçki saxtakarlığıyla bağlı sərt mənfi rəy verdi: “Təşkilatı qoruyub saxlamaq çox böyük əhəmiyyət kəsb edir”.
Rahim Hacıyev həmçinin Milli Şuranın gələcək fəaliyyətində avrointeqrasiya məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyindən danışdı.

Ziyalılar Birliyinin üzvü Eldəniz Quliyev çıxışında dedi ki, ədalət hissi siyasi maraqlardan üstün olmalıdır. Onun sözlərinə görə, Rüstəm Ibrahimbəyova təzyiq olmasaydı, hazırda onun birinci müraciəti (həmsədrlik məsələsi) müzakirə olunardı: “Amma onu da başa düşürəm ki, artıq o məsələnin yeri deyil. Rüstəm Ibrahimbəyovun xidmətlərinə barmaqarası yanaşmaq olmaz”.

Klassik Xalq Cəbhəsi Partiyasından Bəybala Əbil də həmsədrlik institutunu müdafiə etdi: “Rüstəm bəyə üz tutub deyirəm ki, geri çəkilmək olmaz. Doğrudur, Cəmil bəy də sübut edib ki, bu yükü daşıya bilər. Amma indiki vəziyyətdə ən doğru variant Rüstəm Ibrahimbəyov və Cəmil Həsənlinin iştirakıyla həmsədrlik institutu ola bilərdi”.
Sülhəddin Əkbər də həmsədrlik institutunun tərəfdarı olduğunu bildirdi.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Milli Şurada kollegial orqanın yaradılmasına ehtiyac olduğunu dedi. Bu məqsədlə işçi qrup yaradılmasını və növbəti sessiyaya qədər müəyyən məsələlərin işlənib-hazırlanmasını təklif etdi. Fuad Qəhrəmanlı həmçinin regionlarda Milli Şuranın strukturlarının formalaşmasının zəruriliyini qeyd etdi.
Rüstəm Ibrahimbəyov məsələsinə gəlincə, Fuad Qəhrəmanlının fikri belə oldu: “Rüstəm Ibrahimbəyova qarşı elə etməməliyik ki, sabah başqa ziyalılar bunu görüb bizə qoşulmaqdan çəkinsinlər”.

Milli Şuranın üzvü Hacıbaba Əzimov Cəmil Həsənlinin yeni sədr seçilməsi, Rüstəm Ibrahimbəyovun isə Fəxri üzv olması təklifilə razılaşdığını bildirdi.

Tanınmış hüquqşünas Vidadi Mirkamal Milli Şurada təmsil olunan, amma bu qurumun əleyhinə təbliğat aparanların, eləcə də Şuranın işində mütəmadi iştirak etməyənlərin təşkilatdan çıxarılmasını təklif etdi. Rüstəm Ibrahimbəyovun birləşdirici fiqur olduğunu deyən Vidadi Mirkamal onun Fəxri sədr seçilməsi təklifinə qoşulduğunu dedi. Həmçinin Cəmil Həsənlinin də yeni sədr seçilməsinə tərəfdar olduğunu vurğuladı.

Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı Milli Şuradan əvvəlki dövrlərdə də müxalifətin uğurlu birliklər yaratdığını dedi: “Kimisə təbliğ etmək üçün başqalarının fəaliyyətini sıfırlamaq lazım deyil. Milli Şuranın uğurları heç də bu qurumun formatıyla bağlı deyil. Xalq Cəbhəsi, Müsavat partiyasının dirənişi, Cəmil Həsənlinin namizədliyilə Milli Şura xilas oldu”.

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bildirdi ki, AXCP və Müsavat partiyasının rolu, digər partiya və təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin dəstəyilə Milli Şura böyük işlər görüb. Sahib Kərimov da Fəxri sədrliyin tərəfdarı olduğunu bildirdi: “Biz təşkilatlanma ilə yanaşı, Milli Şuranın strukturlarını da yaratmalıyıq”.

Politoloq Zəfər Quliyev də hesab etdi ki, Rüstəm Ibrahimbəyovun nüfuzu və xidmətləri nəzərə alınaraq, o, ən azı, Fəxri sədr olmalıdır, yaxud da həmsədrlik institutu yaradılmalıdır: “Milli Şura yarananda real güclərin yox, real fərdlərin birliyi kimi nəzərdə tutulmuşdu. Amma sonradan qeyri-rəsmi formada partiyaların kvotaları ortaya çıxdı. Partiya formatı üstələməyə başladı. Kvotaların ləğvi yaxşı olardı, amma bu, qalmaqal yarada bilər. Gənclərin, ziyalıların təmsilçiliyini artırmaq lazımdır”.

Yazıçı-publisist Mehriban Vəzir Rüstəm Ibrahimbəyovun Fəxri sədr olmasının əleyhinə çıxdı: “Gəlin, heç kimi bütləşdirməyək”.

“Rüstəm Ibrahimbəyov yenə böyüklük göstərdi”

Keçmiş deputat Gültəkin Hacıbəyli isə bildirdi ki, Rüstəm Ibrahimbəyov bundan əvvəl bir dəfə prezidentliyə namizədlik məsələsində böyüklük göstərərək, Cəmil Həsənlini dəstəkləmişdi: “Budur, indi Rüstəm bəy yenə böyüklük göstərir. Onun məktubu məhz bu cür qiymətləndirilməlidir. Cəmil müəllim olmasaydı, mən Milli Şuraya gəlməyəcəkdim. Cəmil müəllimin özünü də Rüstəm Ibrahimbəyov gətirib Milli Şuraya. Rüstəm müəllim bu yolda çox şeylər itirib, çox hücumlara məruz qalıb. Onun xidmətlərini nəzərə alaraq, Fəxri sədr seçməliyik. Bu həm də bizim özümüzə verdiyimiz qiymət olacaq. Kənardan qınamayacaqlar ki, belə bir ziyalıya qarşı hörmətsiz davrandıq”.

“İbrahimbəyovun uzaqlaşmasını ən çox hakimiyyət istəyir”

Tanınmış vəkil Fuad Ağayev Rüstəm Ibrahimbəyovun sədrlikdən çıxarılmasına sərt şəkildə etiraz etdi: “Rüstəm Ibrahimbəyovun Milli Şuranın sədri olmasından ən çox iqtidar narahatdır. Onun sədrlikdən getməsini də ən çox iqtidar istəyir. Indi Milli Şura üzvlərinin öz əlilə bunu həyata keçirirlər”.

Daha sonra Əli Kərimli toplantı iştirakçılarına Rüstəm Ibrahimbəyovla bir gün əvvəlki söhbəti barədə məlumat verdi: “Rüstəm bəyə dedim ki, həmsədrlik məsələsi səsə qoyulsun, qətiyyən istəmədi. O zaman xəbərdar etdim ki, mən Sizin Fəxri sədr olmağınız haqda təklif irəli sürəcəyəm, buna etiraz etmədi”.

“Başqa dövlətin vətəndaşının sədr, həmsədr və ya fəxri sədr olduğu qurumda təmsil oluna bilmərik”

Daha sonra çıxış edən Müsavat başqanı Isa Qəmbər bildirdi ki, əgər Rüstəm Ibrahimbəyov Fəxri sədr seçilsə, Müsavat partiyası Milli Şurada təmsilçilik məsələsinə yenidən baxa bilər: “Qəribə məhəbbət və minnətdarlıq hissi bürüyüb Milli Şuranı. Burada Rüstəm bəyi məndən yaxşı tanıyan, onun əsərlərini məndən çox oxuyan uzağı 5-6 nəfər ola bilər. Rüstəm Ibrahimbəyovu ən böyük intellektuallardan biri hesab edirəm. Amma başqa bir dövlətin vətəndaşı olan şəxsin sədr, həmsədr və ya fəxri sədr olduğu qurumda təmsilçilik Müsavat Partiyası üçün məqbul sayıla bilməz. Əgər əksəriyyət Fəxri sədrlik məsələsinə səs versə, biz partiya olaraq, Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacağıq”.

Tanınmış hüquqşünas Namizəd Səfərov Isa Qəmbərin çıxışına replika olaraq bildirdi ki, Rüstəm Ibrahimbəyov Rusiya vətəndaşı olsa da, Azərbaycan vətəndaşlığından da imtina etməyib.

AXCP-dən Seymur Həzi Isa Qəmbər və Arif Hacılının Milli Şura üzvlərilə şərtlə danışmasına etiraz etdi: “Bu çıxışlardan belə anlaşılır ki, Müsavat partiyasının əvvəldən qərarı var. Bu cür məsələləri şərt, əmr şəklində qoymaq ya siyasi cəhətdən düşünülmüş addımdır, ya da düzgün olmayan addımdır”.

Bununla da çıxışlar yekunlaşdı və Rüstəm Ibrahimbəyovun təklifi səsə qoyuldu. Rüstəm Ibrahimbəyov sədrlikdən çıxarıldı, onun əvəzinə bu posta Cəmil Həsənli seçildi.
Daha sonra Rüstəm Ibrahimbəyovun Milli Şuranın Fəxri sədri olması məsələsi səsə qoyuldu. Bu səsvermədə Müsavat partiyasının üzvləri iştirak etmədi. Səs çoxluğu ilə Ibrahimbəyov Fəxri sədr seçildi.

Sonda isə Rəsul Quliyevin mətbuata müsahibələrində Milli Şuradan çıxması haqda dedikləri nəzərə alınaraq, səsvermə yolu ilə o, təşkilatdan xaric edildi.

~ tərəfindən Patriot 04/12/2013.

Bir Cavab to “CƏMİL HƏSƏNLİ MİLLİ ŞURAYA SƏDR SEÇİLDİ”

  1. Çox hörmətli sayt(bloq) sahibi! Uzun müddətdir ki WordPress-i azəri türkcəsinə tərcümə etməklə məşğuluq. Tərcümələri maksimum dərəcədə öz dilimizə uyğun şəkildə tərcümə etməyə çalışmışıq. Ola bilər ki, bəzi xətalarımız olsun – buna görə də xahiş edirik məsləhətlərinizi, iradlarınızı və təkliflərinizi bu e-poçt ünvanına göndərin – muhsinmushviq@gmail.com. Hörmətlə WordPress -Azərbaycan Komandası(Mushviq Abdulla).

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma