“PUTİN, UKRAYNADAN ƏLİNİ ÇƏK!” (FOTOLAR)

ukrayna mitinq

Kiyevdə Avropa tərəfdarları müddətsiz mitinqlərə başladı

Yüz mindən çox narazı Yanukoviçin qarşısında şərt qoydu; “Putin, Ukraynadan əlini çək!” mesajı verildi

Kiyevin mərkəzində Ukrayna müxalifətinin kütəlvi mitinqi keçirildi. Aksiya paytaxtdakı Avropa Meydanında (Avromaydan) yerləşən “Ukrayna Evi”nin qarşısına təyin olunmuşdu. “Avropalı Ukrayna uğrunda!” devizi ilə keçirilən aksiya yerli vaxtla saat 12:00-da Taras Şevçenkonun abidəsinin önündən Avropa Meydanına doğru yürüşlə başladı. Bir saat sonra başlayan mitinqə aparıcı müxalifət təşkilatlarının rəhbərləri – “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk, UDAR Partiyasının lideri Vitali Kliçko, “Svoboda” Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok, eləcə də “Üçüncü Respublika” təşəbbüsünün lideri Yuri Lutsenko qatılmışdı.
Ukrayna mətbuatının yazdığına görə, hakimiyyət nümayəndələri Vitali Kliçkonun mitinqə vaxtında qoşulmasına mane olublar. Yerli aeroport V.Kliçkonun Kiyevə qayıtdığı təyyarəni qəbul etməkdən imtina edib. Kliçko Avropa siyasətçiləri ilə görüşlərdən qayıdırmış. Partiya liderinin olduğu təyyarə başqa şəhərdə yerə enməli olub. Bununla belə, Kliçko aksiyaya yetişə bilib. Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması prosesini dayandırmaq barədə qərar qəbul edib. Bunu xəyanət kimi qiymətləndirən Ukrayna müxalifəti isə qərara etiraz olaraq günlərdir ən müxtəlif aksiyalar keçirir.

“Banda rədd olsun!”, “Azarova istefa!”

ukrayna _ mitinq“Interfaks-Ukrayna” agentliyinin məlumatına görə, aksiya iştirakçıları “Avromaydan”a müxalifət liderlərindən Arseni Yasenyuk və Oleq Tyaqnibokun rəhbərlik etdiyi kalonla, marş oxuya-oxuya daxil olublar. Meydandakı səhnədə ilk olaraq  Vitali Kliçko çıxış edib. Çıxış zamanı Ukrayna hökumətinin addımlarını tənqid edən Kliçko bildirib ki, ukraynalılar avropalılar kimi yaşamaq istəyir: “Mən əminəm ki, biz birlikdə buna nail olacağıq. Ona da əminəm ki, qələbə bizim tərəfimizdə olacaq”. Kiyevin mərkəzinə axışan və dəqiqəbədəqiqə artan aksiya iştirakçıları isə öz növbələrində, dövlət himnini və “Banda rədd olsun!”, “Azarova istefa!”, “Yaşasın Ukrayna, yaşasın qəhrəmanlar!” şüarlarını səsləndiriblər. Etirazçıların əllərində  Ukraynanın, Avropa Birliyinin və yerli müxalifət partiyalarının nəhəng bayraqları olub.  Meydana sığışmayan aksiyaçıların bir qismi yaxınlıqdakı “Şevçenko” parkına, həmçinin Qruşevski  və Trexsvətitelski küçələrinə toplaşıblar. Müxalifət liderlərinin dediyinə görə, meydana toplaşanların sayı yüz mindən çox olub. Ukrayna polisi isə aksiya iştirakçılarının 3 min nəfər olduğunu bəyan edib.
Çıxışları davam etdirən müxalifətçilər hökumətdən Vilnüs sammiti öncəsi – noyabrın 27-də Ali Radanın növbədənkənar sessiyasını keçirməyi tələb ediblər. Həmçinin bildiriblər ki, Rada avrointeqrasiya sazişini dəstəkləməsə, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə çalışacaqlar. Eyni zamanda, müxalifət avrointeqrasiyaya dəstək məqsədilə  qeyri-müəyyən vaxta qədər aksiyalar keçirəcəyini bəyan edib.

Polis dubinkanı və gözyaşardıcı qazı işə saldı…

Yerli vaxtla saat 15.00 radələrində mitinqçilər “Avromaydan”dan Nazirlər Kabineti istiqamətinə yürüş etməyə başlayıblar. Nazirlər Kabinetinin binası önünə çatanda naməlum şəxs əraziyə tüstülü şaşka atıb. Aksiya iştirakçıları bunun gözyaşardıcı qaz olduğunu zənn edərək üzlərini örtməyə başlayıblar. Polisdən isə bildiriblər ki, şaşkanı hüquq-mühafizə orqanları əməkdaşlarının üstünə aksiyaçılar atıb. Çox keçməmiş Nazirlər Kabinetinin mərkəzi girişində polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Polis etirazçılara qarşı dubinka və gözyaşardıcı qazdan istifadə edib. Əleyhqaz geyinən 100-dən artıq xüsusi təyinatlı aksiyaçıların Hökumət Evinə yaxınlaşmasına mane olub.
Bundan sonra aksiyaçılar Prezident Administrasiyasına doğru irəliləyiblər. Burada da havaya tüstülü şaşkalar atılıb. Polislər minlərlə etirazçının önünü kəsərək onların binaya yaxınlaşmasına imkan verməyiblər. Kiyev polisindən bildiriblər ki, gözyaşardıcı qaz yalnız şaşka atan və Nazirlər Kabinetinin binasına daxil olmağa çalışan aksiyaçılara qarşı tətbiq olunub: “Polis əməkdaşları həqiqətən də gözyaşardıcı qazdan istifadə ediblər. Lakin bu, qanun çərçivəsində baş verib . Polislər bunu etməyə məcbur olublar”.

Yanukoviçə impiçment xəbərdarlığı

Saat 16.30 radələrində aksiyaçıların bir qismi Nazirlər Kabinetinin qarşısında qalıb, bir qismi isə yenidən mitinqin başladığı meydana qayıdıb. Meydanda mitinqin qətnaməsi oxunub. Qətnamədə deyilir ki, Avropa Birliyi ilə assosiasiya sazişi imzalamayacağı təqdirdə “Avromaydan”ın təşkilatçıları dövlətə xəyanatə görə prezident Yanukoviçin impiçment edilməsinə nail olacaq və bütün demokratik ölkələri ona və korrupsiyalaşmış rejiminə sanksiyalar tətbiq etməyə çağıracaqlar: “Konstitusiyaya görə, hakimiyyətin əsas mənbəyi bu meydana toplaşan xalqdır. Xalq milli maraqlara xəyanət etdiyinə görə Nikolay Azarovun istefaya getməsini və avrointeqrasiyanı dayandırmaq kursundan imtina edilməsini tələb edir”.
Qətnamə müəllifləri noyabrın 27-də Ali Radanın növbədənkənar iclasının keçirilməsini və qurumun bütün lazımi avrointeqrasiya qanunlarını qəbul etməsini də tələb edirlər: “Əks halda, parlament buraxılmalı və növbədənkənar seçkilər keçirilməlidir”.

“Xəyanətdən, hüquqsuzluqdan cana gəlmişik”

Yanukoviçdən isə tələb olunur ki, Azarov hökumətinin qərarını dəyişsin, siyasi repressiyalara son qoysun, Yulia Timaşenkonu azad etsin, avrointeqrasiya kursunu bərpa etsin və Vilnüsdə Avropa Birliyi ilə assosiasiya sazişi imzalasın: “Xəyanətdən, pulsuzluqdan, hüquqsuzluqdan cana gəlmişik. Azad sözün, insan haqlarına hörmətin hökmranlıq etdiyi, hamının qanun qarşısında bərabər olduğu  normal, sivil Avropa ölkəsində yaşamaq istəyirik”.
Aksiya iştirakçılarına baş verəcək mümkün təxribatların qarşısını almaq üçün gecəni “Avromeydan”da qalmaq da təklif olunub. Və aksiyaçıların gecələməsi üçün meydanda çadırlar qurulub. Az sonra polis çadırlardan ikisini dağıdıb və xalqa müraciət edərək onları  hökumətin göstərişinə qarşı çıxmamağa və evlərinə getməyə çağırıb. Buna baxmayaraq, etirazçılar dirəniş göstəriblər.
Dünən o da elan olunub ki, avrointqrasiya aksiyaları bununla bitmir. Qeyri-müəyyən vaxta qədər hər gün yerli vaxtla saat 19.00-da sözügedən meydanda aksiyalar keçiriləcək. Bundan başqa, bu gün Ukrayna Nazirlər Kabinetinin qarşısında Azarov hökumətinə istefa tələbilə piket təşkil olunacaq.
“Avromaydan”da aksiyanın getdiyi saatlarda “Şevçenko” parkında siyasi məhbuslarla bağlı ianə kampaniyası keçirilib. Üzərində “Siyasi məhbusların azadlığı komitəsi” sözlərinin yazıldığı köynək geyinmiş şəxs Ukrayna hökumətinin siyasi əqidəsinə görə həbsə atdırdığı şəxslərə yardım toplayıb.

Avropadan Ukrayna müxalifətinə dəstək

Dünən Avropanın bir çox şəhərlərində , eləcə də Kanada və ABŞ-da “Avromaydan” a dəstək aksiyaları keçirilib. Aksiyalardan biri Britaniyanın paytaxtı Londonda baş tutub. Britaniyada yaşayan 100-dən artıq ukraynalı ölkə parlamentinin önünə toplaşaraq Ukrayna hökumətinin məlum qərarına etiraz edib. Əllərində Ukrayna və Avropa Birliyinin bayraqlarını saxlayan aksiya iştirakçıları  “Brüssel, Ukraynanı əldən vermə!”, “Putin, Ukraynadan əllərini çək!” , “Ukrayna ayağa qalx, biz səninləyik”, şüarları səsləndiriblər. Etirazçılar Ukrayna hökumətindən qərarından geri çəkilməyi tələb ediblər: “Ukrayna hökuməti hələ avrointeqrasiya ilə bağlı qərarını dəyişə bilər. Hökumət xalqın arzuladığı yoldan – avrointeqrasiyadan imtina etməməlidir ”, – deyə, aksiya iştirakçıları qarşısında çıxış edən  Londondakı Ukrayna Institutunun direktoru Endryu Qunder bildirib. Aksiya dövlət himninin oxunması ilə başa çatıb.
Analoji dəstək aksiyası Brüsseldə də baş tutub. Avropa Parlamentinin önündəki “Lüksemburq” meydanına toplaşan etirazçılar müxalifətin avrointeqrasiya tələblərinə dəstək verdiklərini, Yanukoviçin məlum qərarını qəbul etmədiklərini bəyan ediblər. Ukryna xaricindəki dəstək aksiyalarının bu gün də davam etdirilməsi planlaşdırılır.
Eyni zamanda, Ukraynanın başqa şəhərlərində də müxalifətçilərə dəstək aksiyaları keçirilib. Bu şəhərlərin arasında Lvov, Xarkov, Dnepropetrovsk və Donetsk da olub.

Timoşenko mitinqçilərə müraciət etdi

Həbsdə olan keçmiş baş nazir Yulia Timoşenko dünən növbəti dəfə ukraynalılara səslənib. O bildirib ki, hazırda xalqın görməli olduğu əsas iş prezident Yanukoviçi noyabrın 29-da Vilnüsdə Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağa məcbur etməkdir: “Bizim çox dəqiq vəzifəmiz var –  Yanukoviçi bu alçaldıcı qərarını dəyişməyə və noyabrın 29-da Vilnüsdə Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağa məcbur etmək. Bu sənəd Ukrayna üçün razılaşmadan daha böyük əhəmiyyət kəsb edir”. Keçmiş baş nazir hazırda Ukraynada baş verən olaylarla 9 il əvvəl baş verən narıncı inqilab arasında paralellər də aparıb. Timoşenko əmindir ki, Vilnüs sammitinə qədərki bir neçə gün ərzində soyuğa, yağışa baxmayaraq, insanlar meydanlara toplaşmalıdır: “Əgər qalan bir neçə gün ərzində biz doğmalarımızı və yaxınlarımızı meydanlara yığa bilsək, böyük bir ordu ola və yalnız bu halda nəticə əldə edə bilərik”.

Hökumət də mitinq keçirdi

Kiyevin Mixaylovsk meydanında müxalifətin aksiyası ilə eyni vaxtda hökumət tərəfdarıarının da mitinqi keçirilib. “Avropanı Ukraynada qururuq” devizi altında keçirilən və bir saat davam edən mitinqin məqsədi Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina edən Ukrayna hakimiyyətinə dəstək vermək olub. Aksiya iştirakçıları bildiriblər ki, hazırkı şəraitdə Avropa Birliyi ilə elə şərtlər müəyyən edilməlidir ki, bu, Rusiya ilə olan iqtisadi və siyasi əlaqələrlə ziddiyyət təşkil etməsin. Çıxışlardan sonra meydanda hökumətə dəstək konserti də keçirilib.  “Ukrainskaya pravda” qəzetinin yazdığına görə isə sadə ukraynalılar həmin tədbirə zorla gətiriliblər. Belə ki, hakimiyyət orqanlarının təmsilçiləri büdcə təşkilatlarında çalışan adamları ora Kiyev ətrafındakı xırda şəhər və qəsəbələrdən xüsusi avtobuslarla daşıyıblar.

Füle: “Avropa Birliyinin qapıları Ukrayna üçün açıq qalır”

Bu arada, Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə dünən özünün “Twitter” səhifəsində Avropa Birliyinin qapılarının Ukrayna üçün açıq qaldığını bəyan edib. Füle bildirib ki, Ukraynanı modernləşdirməklə bağlı öhdəlikləri qüvvədə qalır: “Qapılar qonşular üçün açıqdır”

~ tərəfindən Patriot 26/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma