UKRAYNADA XALQ AYAĞA QALXDI (VIDEO)

ukrayna

Avrointeqrasiya tərəfdarları meydanlara axışdı; hökumət parlamentdən qaçdı

Yanukoviç Rusiyanın təzyiq və şantajı qarşısında duruş gətirə bilmədiyini etiraf etdi

Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırması ölkədə ciddi narazılıqların baş qaldırmasına səbəb olub. Srağagün axşamdan parlamentdə təmsil olunan müxalifət fraksiyasının rəhbərləri insanları etiraz aksiyalarına çağırıblar. «Azadlıq»ın Kiyevdəki mənbələrdən aldığı məlumata görə, parlamentin yaxın vaxtlarda Avrointeqrasiya ilə bağlı qanunlar qəbul etməyəcəyi bəlli olandan dərhal sonra «Batkivşina» fraksiyasının rəhbəri Arseniy Yatsenyukdan mitinq çağırışı gəlib. O, Avrointeqrasiya tərəfdarlarını noyabrın 24-də Kiyevin mərkəzi meydanında mitinqə səsləyib. Lakin narazılar təyin olunan vaxtı gözləmədən sosial şəbəkə vasitəsilə təşkilatlanaraq noyabrın 21-i saat 22.00-a mitinq təyin ediblər. Saat 22.30-da Kiyevin mərkəzi meydanında mindən artıq insan toplaşıb. Gecə saat 1-də aksiyaya gələnlərin sayı xeyli artıb. Parlamentdə təmsil olunan müxalifət partiyaları liderlərindən Vitali Kliçko, Oleq Tyaqnibok, Arseniy Yatsenyuk aksiya iştirakçıları qarşısında çıxış edərək insanları küçələrə çıxmağa, hakimiyyətə təzyiqi artırmağa və vədlərin yerinə yetirilməsini tələb etməyə çağırıblar. Gecə meydanda milislə toqquşma da qeydə alınıb. V.Kliçkonun lideri olduğu «Udar» («Zərbə») partiyası üzvlərinin meydana səsgücləndirici avadanlıq və tribuna olan maşın keçirmək cəhdinin qarşısı milis tərəfindən alınıb. Lakin aksiya iştiarkçılarının və deputatların müdaxiləsindən sonra milis sıxışdırılıb və maşın meydana daxil olub. Gecə saatlarında aksiya iştirakçılarının bir qismi meydanı tərk etsə də, 300-ə yaxın adam orada qalıb. Dünən gün ərzində Kiyevin mərkəzi meydanına yüzlərlə adam toplaşıb. Məlumatlara görə, ölkənin digər iri şəhərlərində də aksiyalar planlaşdırılır.

Aksiyalara qadağa qoyulur

Lakin dünən məlum olub ki, Kiyev rəhbərliyinin xahişi ilə yerli məhkəmə noyabrın 22-dən yanvarın 7-ə qədər kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub. Artıq şəhərin mərkəzində – aksiyaların keçirildiyi meydanda Milad yolkaları qurulmağa başlayıb. Həmçinin ərazidə yeni il suvenirləri və hədiyyələri satılacaq köşklər qurulur. Bütün bunlar DİN-in «Berkut» xüsusi təyinatlı dəstələrinin nəzarəti altında həyata keçirilir. Kiyevin giriş-çıxışında dövlət yol müfəttişliyinin gücləndirilmiş postları qurulub.

Britaniya və ABŞ Ukraynanın qərarından məyusdur

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyk Ukraynanın Avropa Birliyi ilə Assosiasiya sazişinin imzalanmasına hazırlığı dayandırmasından məyusluğunu dilə gətirib. Nazir bu addımı «əldən çıxarılan imkan» kimi qiymətləndirilib: «Britaniya Ukrayanın gələcəyini Avropa Birliyi ilə bağlamasının, həmçinin Assosiasiya Sazişini imzalamasının tərəfdarıdır». XİN başçısı həmçinin bildirib ki, «Şərq Tərəfdaşlığı» ölkələri ilə Assosiasiya Sazişi həm AB, həm ölkələr, həm də bütövlükdə region üçün müsbət addımdır. ABŞ Dövlət Departamenti da bəyanat yayaraq Ukrayna hökumətinin məlum qərarından məyus olduğunu açıqlayıb. Vaşinqton Avropa Birliyinə Ukrayna üçün qapıları açıq saxlamağı tövsiyə edib, qurumun Kiyevə tarixi fürsət yaratdığını vurğulayıb: “ABŞ əmindir ki, Ukraynanın Avropaya inteqrasiyası ölkəni iqtisadi çiçəklənmə və demokratiyaya aparan ən yaxşı yoldur”.

Avropa Birliyi də Ukrayna hökumətinin assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılması qərarından məyus olduğunu bildirib. Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton deyib ki, Avropa Birliyinin təklif etdiyi sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcək və dünyanın sərmayəçi, beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi: “Saziş Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə yeni razılaşmanın əldə olunması ilə bağlı danışıqlarına təkan verəcəkdi və ölkəyə qoyulan xarici sərmayələrin həcmini artıracaqdı. Biz Ukraynanın gələcəyinin Avropa Birliyi ilə sıx münasibətdə olacağına inanırıq və Ukrayna xalqı qarşısında üzərimizə götürdüyümüz və ona rifah gətirəcək öhdəliklərə sadiq qalırıq”.

Avropa Birliyindən Ukraynaya rədd cavabı

“Ukrayna Nazirlər Kabinetinin üçtərəfli formatda Avropa Birliyi-Ukrayna-Rusiya danışıqlarının keçirilməsi barədə təklifi çıxış yolu deyil və belə bir presedent yoxdur”. Bu bəyanatla AB-yə sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus çıxış edib. L.Linkyaviçyus bildirib ki, AB-nin ikitərəfli danışıqlar barədə Ukraynaya təklifi qüvvədədir və üçüncü tərəfin bu prosesdə rol alması mümkün deyil: “Avropa Birliyi həmişə deyib ki, assosiasiya sazişini Ukrayna buna hazır olduqda imzalamağa hazırdır və lazımi islahatların aparılmasına dair qəti seçim etmək ukraynalıların üzərinə düşür. Bu yolda görülən işlər nəzərə alındıqda biz Ukrayna hökumətinin son qərarından təəssüflənirik”. Nazir qeyd edib ki, Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna xalqının Avropaya can atma arzusunu gerçəkləşdirmək üçün siyasi təşəbbüsü öz əlinə almalıdır: “Ukrayna 46 milyon əhalisi ilə son illər Avropa Birliyinə yaxınlaşıb. Göründüyü kimi, Ukrayna xalqı Avropa ailəsinə aid olmağa qərar verib”.

Füle Kiyevə səfərini ləğv etdi

Ukrayna hökumətinin qalmaqallı qərarından sonra Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dünən Kiyevə planlaşdırdığı səfərini ləğv edib. “Avrokomissar Ukraynada baş verən son hadisələr fonunda bu ölkəyə planlaşdırdığı səfərini ləğv edib”, deyə mənbə bildirib. Məlumatlara görə, Ştefan Füle artıq Ukrayna müxalifətinin nümayəndələri ilə əlaqə saxlayaraq, onlara Avropa Birliyinin Ukrayna vətəndaşları qarşısında götürdükləri öhdəlikləri xatırladıb.

Moskva Ukraynanın qərarını alqışlayıb

Öz növbəsində, Moskva Ukraynanın Rusiya və MDB dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək qərarını alqışlayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib: “Biz, sözsüz ki, ən yaxın tərəfdaşımız olan Ukraynanın Rusiya ilə ticari-iqtisadi əməkdaşlığı təkmilləşdirmək və inkişaf etdirmək niyyətini alqışlayırıq”.

«Ukrayna Rusiyanın iqtisadi təzyiqi və şantacı nəticəsində Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina edib». Litva prezidentinin müşaviri Yovita Nyalyupşene bildirib ki, bu sözləri Viktor Yanukoviç Litva prezidenti Dalya Qribauskayte ilə telefon danışığında deyib: “Ukrayna iqtisadi təzyiqlər və şantacların qarşısında dözə bilmədi. Ukraynanı hədələyiblər ki, onun mallarının, xüsusən də sənayenin əsas qisminin cəmləşdiyi və yüz minlərlə insanın çalışdığı Şərqi Ukrayna müəssisələrinin məhsullarının Rusiyaya ixracı məhdudlaşdırılacaq. Bunun nəticəsində Ukrayna milyardlarla itkiyə məruz qala bilər. Prezident Yanukoviç bizim prezidentlə telefon danışığında öz qərarının səbəblərini belə izah etdi”. Müşavir Rusiyanı nəzərdə tutaraq bəyan edib ki, qeyri-sivil təzyiq metodları ilə müəyyən ittifaqlar yaradılır və belə ittifaqlar uzunömürlü ola bilməz.

Yanukoviç Ukraynaya xəyanətdə ittiham edildi

Lakin istənilən halda Ukrayna hökumətinin bu qərarı müxalifət tərəfindən narazılıqla qarşılanıb. Ukrayna parlamentindəki müxalif fraksiya baş nazir Nikolay Azarovun və prezident Viktor Yanukoviçin dərhal Ali Radaya çağırılmasını tələb edib. Müxalifət baş nazirlə prezidentdən Avropa Birliyi ilə Assosiativ sazişin bağlanması prosesi üzərində işin nəyə görə dayandırılmasına dair izahat tələb edir. Ukrayna müxalifətçiləri hesab edirlər ki, ölkənin Nazirlər Kabinetinin belə bir qərar verməsi hökumətin istefaya göndərilməsi üçün ciddi səbəbdir. “RİA Novosti” bildirir ki, müxalifətin tələblərini parlamentdəki “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk dilə gətirib: “Ukraynanın Nazirlər Kabineti ölkəmizin Avropaya inteqrasiyası xəttinin dayandırılması haqqındakı qanunsuz və antikonstitusion qərarı bəyəndiyini elə indicə bəyan elədi. Biz cənab Azarovun dərhal Ukrayna parlamentinə çağırılmasını və buna izahat verməsini tələb edirik”.

Yatsenyukun sözlərinə görə, Yanukoviçin Assosiasiya sazişi barədəki sənədi imzalamaqdan imtina etməsi nəinki Ukraynaya, dövlətçiliyə xəyanətdir, həm də dövlət başçısının istefaya getməsi üçün çox ciddi səbəbdir: «Baş nazir Azarova gəlincə isə hökumətin bu addımı Ukrayna Nazirlər Kabinetinin tam tərkibdə istefaya getməsinə kifayətdir”.

Hökumət günahı Beynəlxalq Valyuta Fondunun üzərinə atdı

Ukrayna baş naziri və Nazirlər Kabinetinin üzvləri isə dünən parlamentdə çıxış edərək hökumətin Avropaya inteqrasiya prosesini dayandırmaq qərarını əsaslandırmağa çalışıblar. Baş nazir Nikolay Azarov deyib ki,qərar Ukraynanın çətin iqtisadi vəziyyəti ilə bağlıdır və taktiki addım kimi qəbul edilib: “Bu vəziyyətdə ən mürəkkəb, ancaq ən düzgün olan qərar verilib” . Baş nazirin sözlərinə görə, Ukrayna hökumətini belə qərar qəbul etməyə məcbur edən Beynəlxalq Valyuta Fondu oldu. Çünki fond Ukraynaya kredit vermək üçün olduqca ağır şərtlər irəli sürüb. Eyni zamanda o bildirib ki, Avropa Birliyi Ukraynanın Gömrük İttifaqından imtina edəcəyi halda məruz qalacağı “ağır iqtisadi itkilərin” necə kompensasiya ediləcəyinə dair konkret təklif verməyib. Lakin baş nazirin arqumentləri müxalifətdən olan deputatları qane etməyib. Müxalifət fraksiyalarının üzvləri hökumət üzvlərinin oturduğu locanın qarşısına toplaşaraq onları “satqın” adlandırıblar. Zalda səs-küyün artdığını görən baş nazir hökumət üzvlərinə parlamenti tərk etmək işarəsi verib və özü də onlarla birgə Ali Radanı tərk edib. Müxalifətçilər isə onların arxasınca əllərinə keçəni – sənədlərlə dolu qovluqları, qəzetləri, qələmləri atmağa başlayıblar. Bundan sonra spiker Vladmir Rıbak parlamentin iclasını dayandırıb.

Kliçko Yanukoviçə cinayət işi açılmasını tələb edir

Müxalifətdən olan “Udar” partiyası isə ölkə rəhbərliyinin barəsində cinayət işinin açılması tələbilə Baş Prokurorluğa müraciət hazırlayır(virtualaz.org). Partiyanın sədri Vitali Kliçko bildirib ki, Ukraynanın hökuməti, baş naziri və prezidenti bu qərarı verməklə ölkənin daxili və xarici siyasəti barədə qanunun əsas tələblərini pozub və xidməti səlahiyyət hüdudlarını aşıblar. Bu isə cinayət məsuliyyəti yaradan addımdır. V.Kliçko həmçinin tələb edib ki, baş nazir və prezident parlamentə gələrək qərara aydınlıq gətirsinlər. Partiya sədri deyib ki, Yanukoviç Avropaya inteqrasiya kursunun dəyişdirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Timoşenko xalqı meydanlara çağırdı

Ukraynanın keçmiş baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenko isə hesab edir ki, Avrointeqrasiya ilə bağlı şanslar hələ tam itirilməyib. O, qızı vasitəsilə bütün vətəndaşları və müxalifət qüvvələrini mübarizəni davam etdirməyə çağırıb: «Anam hesab edir ki, bu son deyil. Mənim vasitəçiliyimlə o Ukrayna vətəndaşlarını və müxalifəti Avropa şansı uğrunda mübarizəyə çağırır. Biz bu şansdan istifadə etməliyik. Təzyiqlər yetərli olsa, Yanukoviç Brüsselin müəyyən etdiyi meyarları yerinə yetirə bilər». Timoşenkonun fikrincə, Vilnüsda «Şərq Tərəfdaşlığı» sammiti başalyana qədər ümid qalır».

Yanukoviç Vilnüs sammitinə qatılacaq

Avstriyanın xarici işlər naziri Mikael Şpindelegger dünən Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb(APA). Nazir bildirib ki, Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina etməsinin başlıca səbəbi ölkənin iqtisadi maraqlarıdır: “İkincisi isə bu, bir perspektiv məsələsidir və burada yalnız Ukrayna özü qərar verə bilər. Biz bu sazişin hazırlanması prosesində müzakirə edilən məsələləri Ukrayna ilə əməkdaşlığımız çərçivəsində davam etdirməliyik. Bunlar əsasən insan hüquqları, ədalətli məhkəmə kimi məsələlərdir. Jənab Yanukoviç Vilnüs sammitinə gedəcəyini, orada vəziyyətə aydınlıq gətirəcəyini söyləyib və dialoqun aparılmasının vacibliyini vurğulayıb. Siz də yaxşı bilirsiniz ki, Ukraynanın indiki iqtisadi problemləri və əsasən də Rusiya ilə olan münasibətləri bu ölkəyə əsas verir ki, bu sazişi hazırkı mərhələdə imzalamasın. Biz, Avropa Birliyi olaraq, bu sənədin hazırlanmasına çox vaxt və güc sərf etdik və Vilnüsdə bu sənədin imzalanmasına bir həftə qalmış, belə bir qərar qəbul olunur. Çox gec qərar verdilər və hazırda bunun nə ilə nəticələnəcəyi hələ bilinmir. Sizi əmin edirəm ki, Avropa Birliyində heç də hamı belə proqramların, şərq tərəfdaşlıqlarının, sazişlərin tərəfdarı deyil. Bunlar çox baha başa gələn proqramlardır. Fikrimcə, bunun davam edəcəyi və ya dayandırılacağı haqda fikir söyləmək tezdir, hələlik proses davam edir”.

~ tərəfindən Patriot 23/11/2013.

Bir Cavab to “UKRAYNADA XALQ AYAĞA QALXDI (VIDEO)”

  1. Guzelmiş

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma