“AZƏRBAYCAN ŞİMALİ KOREYA MODELİNƏ YUVARLANIB”

avroparlament

Avropa İttifaqı Əliyevin nazı ilə oynamaqda ittiham olundu

«Brüssel və Strasburqdakılar Əliyevlər ailəsilə «gizlənpaç» oynayıb qurtarana qədər…»

«Ölkədə artan sosial ədalətsizlik, azadlıqların tapdalanması gec-tez partlayışa səbəb olacaq»

Elə bir gün olmur ki, dünya mətbuatında Azərbaycanda avtoritar rejimin hökm sürməsi, ölkədə insan hüquqlarının acınacaqlı durumu barədə material yayımlanmasın. Xüsusən, son dövrlər hazırlanan məqalələrdə ölkədə belə bir durumun davam etməsinə görə Qərbin hakim dairələri ittiham obyekti olur. Qərb enerji maraqlarına görə Əliyevin əməllərinə göz yummaqda ittiham olunur. Bu qəbildən olan növbəti məqalə Ukraynanın həftəlik nəşri olan “The Ukrainian Week”də “Kimin demokratik Azərbaycana ehtiyacı var?” başlığıyla dərc olunub:
Əliyevin qələbəsi cəmiyyətin məğlubiyyəti idi
Ilham Əliyevin qələbə çaldığı 9 oktyabr seçkisinin siqnalları göstərdi ki, Bakıdakı rejim susqun Qərbin razılığı ilə Azərbaycanı daha da avtoritaritarizm uçurumuna doğru itələyir.
Oğul Əliyev 2003-cü ildən prezidentdir. 2009-cu ildə o, referendum vasitəsilə konstitusiyaya dəyişiklik edərək, özünə üçüncü dəfə prezidentlik uğrunda mübarizə aparmaq imkanı yaratdı.
Son 40 ildə Azərbaycan keçmiş KQB generalı, Kommunist Partiyasının katibi Heydər Əliyevin yaratdığı siyasi sülalə tərəfindən idarə olunur. Oktyabrın 9-da keçirilən seçkidə onun oğlunun üçüncü dəfə prezident olması Azərbaycana vacib enerji tərəfdaşı kimi baxan Qərb üçün xüsusi hadisə deyildi. On il əvvəl olduğu kimi, Ilham Əliyev möhkəm hakimiyyətə sahibdir. Bu, Bakı ilə Avropa ölkələri arasında qarşılıqlı mənfəət razılaşmalarına zəmanət verir. Amma belə davranış Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bu Xəzəryanı dövlətin demokratikləşməsi planına ziddir.
Son seçkidə Əliyevin qələbəsi təkcə müxalifətin yox, Azərbaycan cəmiyyətinin də məğlubiyyəti idi.

Bahalı hədiyyələr, kürü…

Özünün zəngin neft-qaz yataqları ilə Azərbaycan iqtisadi və siyasi sahədə çox iş görə bilir, o cümlədən ört-basdır eləmək və manipulyasiya baxımından. Avropa Ittifaqıyla, həmçinin onun siyasətçiləri və institutlarıyla “dostluq” Ilham Əliyevdən çox az güc tələb edir. Heç kimə sirr deyil ki, Azərbaycan iqtidarı öz maraqlarına xidmət edən lobbiçilik, hakimiyyətini qanuniləşdirmək, “demokratik dəyişikliklərdə” inkişaf görüntüsü yaratmaq üçün həssas siyasətdən üz çevirir. Avropa nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının deputatları üçün təmtəraqlı qəbullar təşkil olunur, həmçinin onların mənzil-qərargahlarına bahalı hədiyyələr, Xəzərin məşhur nərə balıqlarının kürüsü göndərilir. Bütün bunlar xaricdəki təbliğatçılarını bahalı konyaklar və xəzlərlə ələ almağa dair sovet praktikasını xatırladır. Bu hədiyyələr çətin ki, rüşvət kimi qeydə alınsın. Amma onlar Avropanın nüfuzunu korlayır. Əvəzində avropalılar bu kiçik, amma Avropa və Cənubi Qafqaz üçün əhəmiyyətli ölkədə insan hüquqları və demokratiya baxımından dəhşətli vəziyyətə reallıqdan uzaq qiymət verirlər.
Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycandakı prezident seçkisilə bağlı birgə bəyanatında bildirilirdi ki, “onlar demokratiyaya keçid prosesinin şahidi olmaq üçün bu ölkəyə səfər ediblər. Seçki günü bütövlükdə azad, ədalətli və şəffaf prosesin şahidi olublar”.
Amma az da olsa, danışanlar var ki, bu demokratiya görüntüləri əslində, qeyri-demokratik prosesləri gizlətmək üçündür. Kimlərsə prosesin qanunsuz tərəflərinə işıq salmağa çalışır. Bunlar da ya seçkinin nəticələrini tanımayan müxalifətçilərdir, ya da müstəqil monitorinq təşkilatları. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda seçkini müşahidə missiyasının rəhbəri Tana de Zulueta seçki məntəqələrinin 58 faizində səslərin sayılması prosesinin pis və ya çox pis olduğunu, seçici siyahılarında çoxsaylı səhvlər, müşahidəçilərin qorxudulması, jurnalistlərə qarşı hücum halları barədə xəbər verir.

Avropa İttifaqının ikili standartları

Avropa Ittifaqı Azərbaycana ikili standartlarla yanaşır. Çünki zəngin enerji resurslarının sahibi olan avtoritar siyasi rejim Avropa şirkətlərinə öz ölkəsində fəaliyyət göstərməyə imkan verir. Avropa Ittifaqı enerji məsələsində Rusiyanın asılılığından xilas olmaq üçün müxtəlif mənbələrdən enerji resurslarını əldə etmək istəyir.
Bu yay Avropa Ittifaqı nəhayət, alternativ qaz marşrutu məsələsini həll elədi. Azərbaycananın “Şahdəniz” qaz konsorsiumundan çıxarılacaq qaz “Nabukko” əvəzinə “Atans-Adriatik” qaz kəməri vasitəsilə Yunanıstan və Albaniyadan keçməklə Italiyaya çatdırılacaq. Bu qaz kəməri vasitəsilə illik 20 milyard kub metr qaz danışması nəzərdə tutulub.
Bununla belə, Avropa özünü dəyərlərə qarşı maraqların tələsinə salıb. Brüssel və Strasburqdakılar Əliyevlər ailəsilə “gizlənpaç” oynayıb qurtarana qədər Azərbaycandakı avtoritar rejim cəzasızlıq şəraitində çiçəklənməkdə davam edəcək. Avropa Ittifaqının Rusiyanın qaz asılılığından xilas olmasının bədəli avtoritar rejimlə əməkdaşlıq etməsidir. Xarici siyasət məsələsində Moskva kimi Bakının da ambisiyası yoxdur, o baxımdan ki, onların hər ikisini Avropa dəyərlərilə ziddiyyət təşkil edən eyni siyasi mədəniyyət birləşdirir.

Demokratik dövlətlər Azərbaycanda baş verənlərə niyə göz yumur?

Prezident seçkisindən əvvəl “Amnesty International” “Azərbaycanda azadlıqların boğulması davam edir” adlı hesabat yaydı. Hesabatda ölkədə ifadə azadlığının boğulması, siyasi motivli təqiblər və həbslərdən bəhs olunurdu. Son illərdə Azərbaycanda yazılmamış qayda var ki, Ilham Əliyev barədə ya yaxşı danışmalısan, ya da ümumiyyətlə, danışmamalısan.
Reallıq budur ki, bütün demokratik dövlətlər Azərbaycanda baş verənlərə göz yumurlar.
Oğul Əliyev siyasi rəqibləri təqib etmək, təzyiqlərə məruz qoymaq vərdişini keçmiş KQB generalı olan atasından öyrənib. Bu məsələdə Heydər Əliyev də orijinal adam deyildi. Özbəkistanda Islam Kərimov, Türkmənistanda Saparmurad Niyazov, Belarusda Aleksandr Lukaşenko da sovetdən qalma üsullarla siyasi müxalifətin fəaliyyətini və fərqli fikirliliyi boğurdu.
Təəccüblü deyil ki, SSRI dağılandan bəri ötən iyirmi ildən artıq müddətdə bu ölkələrdə avtoritar rejimlərə müqavimət göstərə bilməsi üçün müxalifətin inkişafına imkan verilməyib.

Sosial partlayış xəbərdarlığı

Ifadə azadlığı sahəsində fəaliyyət göstərən yerli təşkilatların məlumatına görə, bu ilin ilk yarım ili ərzində Azərbaycanda jurnalistlərə və KIV-lərə qarşı “böhtan, təhqir və sirr sayılan informasiyanın yayılması” iddialarıyla 36 iş qaldırılıb.
Hökumətin nəzarətində olmayan media orqanlarının əməkdaşlarına qarşı təzyiqlərin növbəti dalğası bu il yanvarın 26-da keçirilən dinc nümayişin polislər tərəfindən dağıdılmasından sonra başladı. Etirazçılar qanunsuz silah saxlama, narkotik, xuliqanlıq, ictimai asayişi pozma kimi cinayətlərdə ittiham olundular. Bu il ərzində Azərbaycanda 9 jurnalist həbs olunub, həmçinin 26 nəfər media nümayəndəsi hücuma məruz qalıb. Rejim jurnalistləri susdurmaq üçün istənilən vasitəni məqbul sayır: həbsdən tutmuş, ittihamsız dindirməyə qədər. Məsələn, bu, foto-blogger Mehman Hüseynovun timsalında olmuşdu. Və yaxud da Əliyev şəxsən ABŞ səfirindən Xədicə Ismayılovanın “Azadlıq” radiosundan qovulmasına yardımçı olmasını xahiş etmişdi. Xədicə Ismayılova Azərbaycanda hakimiyyətin ən yuxarı eşelonlarında təmsil olunanların korrupsiya əməllərini araşdırır. O həmçinin 2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışmasının keçirildiyi kompleksin tikintisində prezident ailəsinin iştirakını araşdırmışdı. Bu səbəbdən onun barəsində hökumət tərəfindən belə rəy yaradılıb ki, “o, özünü müxalifət fəalı, eyni zamanda, hakimiyyətin düşməni kimi aparır”. Nəticədə Xədicə Ismayılova hədələnib, şantaja məruz qalıb. Analoji addımlar müxalif siyasətçilərə qarşı da atılır.
Azərbaycan bütün dünyadan təcrid olunmuş, totalitar Şimali Koreya modelinə yuvarlanıb. Artan sosial ədalətsizlik, azadlıqların tapdalanması, Ermənistanla dərinləşən konflikt gec-tez ölkədə partlayışa səbəb olacaq. Baxmayaraq ki, Əliyev rejimi Qərblə ciddi əməkdaşlığa getmir, amma onların gözündə yaxşı reputasiya qazanıb. Məsələ burasındadır ki, rejimin ciddi səyləri və böyük investisiyalar ölkədəki situasiyanı uzun müddət nəzarətdə saxlamağa imkan verəcəkmi?

~ tərəfindən Patriot 12/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma