20 YAŞINDA “ÖMÜRLÜK” HƏBS ALAN “QARABAĞ PARTİZANLARI”

qarabag partizanlari

“Qarabağ partizanları” vətənpərvərlər, yoxsa cinayətkarlar?

Qarabağ məğlubiyyəti

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 1991-ci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Uzun illərdir eyni imperiyanın tərkibində yaşamağa məcbur olduğumuz ermənilər 1988-ci ildən ərazi iddiası qaldırdı. 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddiaları Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Müharibə haqqında ətraflı məlumat vermək niyyətində deyiləm. 20 ildən artıqdır ki, müharibədəki itkilərimiz, məğlubiyyətimiz, müharibənin vurduğu ziyanlar, qəhrəmanlarımız, satqınlar, qaçqınlar, şəhidlər, əsirlər haqqında yazılır. Hələlik Azərbaycan məğlub tərəfdir və nə qədər ağır olsa da, biz millət olaraq bu məğlubiyyətlə barışmış görünürük.

Rəsmi olaraq, Qarabağ müharibəsi və hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. Münaqişə, Azərbaycanın danışıqlar masası arxasındakı mübarizəsi isə davam edir.

Nəticə çox acınacaqlıdır, bir milyondan artıq qaçqın, on minlərlə itki və Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayon Ermənistan silahlı qüvvələrinin işağalı altındadır.

Atəşkəsdən sonra…

Dəymiş ziyan, itkilər demək olar ki, hər gün xatırlanır. Amma münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Nə xarici təşkilatların təpkisi, nə də dövlətin bu sahədə gördüyü işlər heç bir real nəticə vermir. Ermənistan işğalçılıq siyasətini davam etdirir və Azərbaycana meydan oxuyur. Mənə elə gəlir ki, bu illər ərzində nə ATƏT-in Minsk qrupunun fəaliyyəti, nə BMT-nin qətnamələri Ermənistanı təşvişə salmayıb.

Azərbaycan cəmiyyətinin Qarabağ münaqişəsinə reaksiyası da ürəkaçan deyil. Belə bir problemin varlığını unudanlar, münaqişənin hələ də davam etdiyini xatırlamayanlar var. Cəmiyyətin müəyyən hissəsi isə bu münaqişəni demək olar ki, heç bir zaman unutmur. Bunlar müharibədə yaxınlarını, əzizlərini, vətənlərini, sağlamlıqlarını itirənlər və məğlubiyyətlə barışmayan vətənpərvərlərdir. Atəşkəs haqda saziş imzalandıqdan dərhal sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdı, ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına, iri hərbi əmaliyyatlara yol verilməməsinə yönəldi. Tədricən Azərbaycan cəmiyyətindəki döyüşkən ruhu yerini sülh çağırışları əvəzlədi.

“Xalq diplomatiyası”nın yaratdığı qıcıq

2001-ci ildən başlayaraq erməni tərəfi “xalq diplomatiyası”ndan istifadə edərək Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırdı. 2001-ci il sentyabrın əvvəlində İrəvan və Xankəndindən nümayəndə heyəti Bakıya gəlişini yəqin ki, hələ də xatırayanlar var. Onlar rəsmi və qeyri-rəsmi səviyyələrdə bir sıra görüşlər planlaşdırmışdılar. Bu görüşlər zamanı işğal faktına toxunmadan cəmiyyətlərarası dialoqun təşkili, düşmənçilik əhval- ruhiyyəsinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulurdu. Azərbaycan cəmiyyətinin bir qismi hadisəyə laqeyd yanaşsa da, Qarabağ Azadlıq Təşkilatı radikal mövqedə tutdu. QAT-ın və digər etirazçı qrupların etiraz aksiyaları nümayəndə heyətinin səfəri yarımçıq saxlayaraq, geri qayıtmasına səbəb oldu.

Bu və buna bənzər hadisələrdən sonra Azərbaycan cəmiyyətində yenidən erməni işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşdı. Artıq müharibə və hərbi əməliyyatlar haqqında müzakirələr başladı. Cəmiyyət müharibə əhvalına kökləndiyi bir vaxtda, bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı partizan müharibəsinə başlamaq üçün cəbhə xəttini keçməyə cəhd göstərdi.

“Qarabağ partizanları”

“Qarabağ partizanları” adlanan dəstənin necə yaradılması məlum olmasa da, dəstəyə Rövşən Bədəlov adlı bir gəncin rəhbərlik etməsi barədə faktlar mövcuddur. “Qarabağ partizanları”nın əsas məqsədi əldə etdikləri silahla Ermənistan tərəfinə keçərək, partizan müharibəsi aparmaq olub. Dini təmayüllü olduğu ehtimal edilən qrupun əksər üzvləri 2001-ci ildə Gürcüstan ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim keçib. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, partlayıcılar aparmağı, çətin şəraitdə döyüşməyi, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəyiblər. Qruplaşmaya daxil olan gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarıblar.

Dəstəyə qarşı irəli sürülən ittihamlar birmənalı qarşılanmır. Gürcüstan tərəfi qəti olaraq bildirir ki, Gürcüstan ərazisində heç zaman çeçenlərə aid hərbi düşərgə olmayıb və Gürcüstan ərazisində “Qarabağ partizanları”nın təlim keçməsi mümkün deyil. Bəzi hüquq müdafiəçiləri isə dəstənin Çeçenistanda təlim keçdiyini düşünür. Hər halda Azərbaycan sərhədləri daxilində hansısa bir qruplaşmanın təlim keçməsi ağlabatan görünmür və böyük ehtimalla dəstə xarici ölkələrin birində təlim keçib. Dəstəni dini təmayüllü hesab edənlərlə, əksər dəstə üzvləri razılaşmır. 2003-cü ildə dəstə üzvləri ilə birlikdə həbs olunan və 2008-ci ildə həbsdən azad olunan Fariz Hacıyev mətbuata verdiyi yeganə açıqlamada “Qarabağ partizanları”nın heç bir dini təriqətə aid olmadığını bildirib: “Bizim hansısa dini təriqətin təbliğatında maraqlı olmağımız və bu məqsədlə silahlanmağımız haqda deyilənlər həqiqətə uyğun deyil”.

Qarabağa yola düşməyə hazırlaşan “partizanlar” 2003-cü ilin avqustunda Bakıda parkda yığışarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Qaçmağa çalışan dəstə üzvü, hal-hazırda ömürlük həbsdə olan Məmməd Məmmədov bir neçə tərəfdən atəşə tutulub. Özünü müdafiə etmək, mühasirədən çıxmaq üçünə Məmməd də havaya atəş açıb. Lakin istintaq materiallarına görə, o hüquq mühafizə orqanı əməkdaşlarından birini qətlə yetirib, birini isə ağır yaralayıb. Məmməd Məmmədov bildirib ki, onları həbs etmək üçün gələn MTN-nin əməliyyat qrupuna daxil olmayan və parkda nəzarətdə olan DİN əməkdaşı onun tərəfindən deyil, məhz MTN əməkdaşları tərəfindən qətlə yetirilib.

20 yaşında “ömürlük” alan “partizan”

qarabag partizan“Qarabağ partizanları” 2003-cü il 13-14 avqust tarixində həbs olunublar. 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Dövlət ittihamçısı ilk prosesdə “partizanlara” üst-üstə 171 il iş istəyib. 2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə onların işinə yenidən baxılıb, bir qrupu azadlığa buraxılıb, digərlərinin cəza müddəti azaldılıb. 2007-ci il martın 20-də Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə daha iki nəfər azadlığa buraxılıb. Bu gün “partizanların” hamısı, hətta dəstəyə rəhbərlik edən Rövşən Bədəlov da azadlıqdadır. Yalnız bir nəfər, 20 yaşında həbs olunan Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib. Məmmədin hüquqlarının müdafiəsi ilə ölkənin nüfuzlu hüquqşunasları vəkil Osman Kazım, vəkil Əsabəli Mustafayev və hüquq müdafiəçisi Eldar Zeynalov məşğul olur. Qarabağ Azadlıq Təşkilatı da bu məsələdə fəaldır və bu istiqamətdə ciddi işlər görür.

Hüquq müdafiəçisi Eldar Zeynalov “Qarabağ partizanları”na və artıq on ildir ki, həbsdə olan Məmməd Məmmədova qarşı haqsızlıq edildiyini düşünür: “Qarabağ partizanları” cinayət işinə görə həbs edilən gənclər öz pulları hesabına dəstə yaradıblar və Çeçenistanda hərbi təlim keçiblər. Hətta bu gənclər öz evlərini, maşınlarını satıb silah da alıblar ki, Qarabağda ermənilərlə müharibəyə getsinlər. Onları qanunsuz silahlı dəstə qurmaqda ittiham ediblər.

Bu məsələdə incə bir məqam var: biri var banda, yəni soyğunçuluqla məşğul olanlar, biri də var silahlı dəstə, ikincilər dövlət orqanlarına qarşı olurlar. Qoy, mənə bir nəfər sübut etsin ki, ermənilər Qarabağda konstitusion hakimiyyət yaradıblar! Axı “Qarabağ partizanları” adlı cinayət işi ilə həbs edilənlər Qarabağda separatçı qurum yaradanlarla döyüşməyə getmək istəyirdilər. Əslində, məhkəmənin hökmü Qarabağ separatçılarının qurduğu hakimiyyət orqanlarını tanımaq demək idi. Sonradan biz hüquq müdafiəçiləri bu məsələni mətbuat vasitəsilə qaldıranda, Məmməd Məmmədovdan başqa digər məhkumlardan həmin maddəni çıxartdılar. Bunun nəticəsində Məmməd Məmmədov ömürlük azadlıqdan məhrum edildi, ancaq əvəzində onun üzərinı başqa maddələr “yükləndi”.

Əsas problem ondadır ki, “Qarabağ partizanları”nda 10 nəfər adam vardı. Məmməd Məmmədovdan savayı, onların hamısının üzərindən silahlı qruplaşma yaratmaq ittihamı götürüldü. Məntiqi sual yaranır: bir nəfər təkbaşına silahlı qruplaşmanı necə yarada bilər? Bu, nonsensdir və belə absurda görə Məmməd Məmmədov ömürlük azadlıqdan məhrum olunub.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev də Məmməd Məmmədovun ittiham olunduğu doqquz maddə ilə razılaşmır: “Məmməd Məmmədov 2003- cü ildə bir qrup şəxslə toplaşaraq öz vəsaiti hesabına silah alaraq Qarabağda partizan döyüşləri həyata keçirib Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirdi. Həmin vaxt Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları 2003-cü ilin avqustunda Xətai parkında əməliyyat keçirib həmin şəxsləri həbs etmişdir. Bu vaxt baş tutan atışma zamanı təsadüfən mülki geyimli bir polis əməkdaşı həlak olub. Həmin polis əməkdaşı da əməliyyatda iştirak etmirdi. Bu təsadüfi bir ölüm idi. Bu hadisəyə görə Məmməd Məmmədova 9 maddə ilə ittiham verilib və ömürlük həbs cəzasına məhkum edilib. Onun işinin baxışında yol verilmiş nöqsanlar barədə Avropa Məhkəməsinə ərizə göndərilmişdir. Avropa Məhkəməsi bu işə baxaraq məhkəmənin əvvəlki qərarını ləğv edib yenidən baxılması üçün Azərbaycana göndərib. Mən çox təəssüf edirəm ki, artıq bu işin yenidən baxılmasına başlansa da müəyyən nöqsanlara yol verilir”.

Həbs olunduqdan on il sonra, yəni bu ilin avqust ayında Məmmədin məhkəməsi yenidən baş tutub. Məhkəmə baş tutsa da, 20 yaşında həbs edilən və təkbaşına silahlı qruplaşma yaratmaqda ittiham edilən Məmmədin həbsxana həyatı davam edir. Məmmədin anası Təranə xanım on ildir ki, tək-tənha oğul yolu gözləyir: “Mən oğlumun azad olunmasını istəyirəm. Ona çox ağır cəza verilib. 10 ildir həbsxanadadır. Bu az zaman deyil. Mənə elə gəlir ki, o öz cəzasını artıqlaması ilə çəkib. Bütün aidiyyatı orqanlardan xahiş edirəm ki, mənim oğlumu azad etsinlər. Mənim oğlum o dəstənin içərisində olanların hamısından cavan olub. Ona görə də onu cavanlığına, gəncliyinə bağışlasınlar. Və onu mənə bağışlasınlar. Tək anayam, ümid yerim o uşaqdır”

Azadlıqda olan “partizanlar”

“Partizanlar”ın hər biri ilə görüşmək, dəstənin tarixçəsi, həbsxana həyatı, həbsxanadan sonrakı fəaliyyətləri ilə bağlı ətraflı araşdırma aparmaq istəyirdim. Təəssüf ki, azadlıqda olanların böyük əksəriyyəti ölkəni tək edib. Ölkədə olmadıqları üçün onlarla bağlı geniş məlumat əldə etmək mümkün deyil. “Qarabağ partizanları”nın müdafiəsində yaxından iştirak etmiş QAT sədri Akif Nağı ilə söhbətimizdə məlum oldu ki, həbsdən azad olunan partizanların əksəriyyəti Türkiyədə yaşayır. Azərbaycanda yaşayan İlqar İbrahimov QAT-ın Tərtər şöbəsinin sədri olsa da, tez-tez Türkiyəyə gedib gəlir. Onunla əlaqə qurmaq cəhdimiz də təəssüf ki, alınmadı. Dəstənin sabiq üzvlərindən idmançı, boks üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Ədalət Ağayev Azərbaycanda yaşasa da, “Qarabağ partizanları” ilə bağlı heç bir mətbu orqana məlumat vermək istəmir.

Dəstənin başçısı Rövşən Bədəlov Qarabağ müharibəsinin iştirakçısı olub. Eyni zamanda anası qəlpə yarası alıb və bir gözünü itirib.

7 il həbs cəzası almış “partizan” Müşfiq Qurbanovun özü və iki qardaşı Qarabağda vuruşub və qardaşlarından bir şəhid olub.

Qarabağda partizanlıq etmək istəyən Xızır Marqaşvili Gürcüstan vətəndaşıdır və 9 il həbs cəzası alıb.

Bu gənclərin günahkar olduqlarını və cinayət işlədiklərini inkar etmirəm, amma mənə elə gəlir ki, “partizanlar”ın cəzaları kifayət qədər ağır olub. Xüsusən 20 yaşında ömürlük həbs cəzası almış Məmməd Məmmədovun…

Cəlil Cavanşir

~ tərəfindən Patriot 08/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma