SABAH MİLLİ ŞURANIN MİTİNQİDİR

milli shura

Müxalifət aksiyaya ciddi hazırlaşıb; təşkilatçılara Bakı polisində xəbərdarlıq edildi

Xəbər verildiyi kimi, Milli Şuranın oktyabrın 27-si saat 16-ya təyin etdiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib. 27 oktyabr mitinqi də əvvəlki aksiyaların keçirildiyi Yasamal rayonu Sağlamlıq-İdman Kompleksinin stadionunda (“Məhsul” stadionu) keçiriləcək.

Milli Şuranın mitinq komitəsinin üzvü, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli mitinqə ciddi hazırlıq işlərinin aparıldığını bildirdi. Onun dediyinə görə, oktyabrın 25-də Müsavat Partiyasında rayon təşkilatlarının sədrlər şurasının mitinqə hazırlıqla bağlı toplantısı olub. Eyni zamanda Milli Şuranın mitinq komitəsinin iclası keçirilib: “Hər iki toplantıda mitinqə hazırlıqla bağlı konkret tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində mitinqə hazırlıq davam edəcək və yaxın iki gündə rayon təşkilatlarının iclasları keçiriləcək. Eyni zamanda Müsavat Məclisinin sessiyası məhz oktyabrın 27-nə təsadüfən salınmayıb. Müsavatın Məclisi saat 11-də başlayacaq və mitinqə iki saat qalmışa qədər davam edəcək. Mitinqdə bütün rayon təşkilatlarımızın sədrləri, o cümlədən fəallar iştirak edəcək. Mitinqə hazırlıqlar çərçivəsində bildirişlər hazırlanıb. Həmin bildirişlər vərəqə şəklində oktyabrın 25-dən başlayaraq əhali arasında paylanılır. Facebook şəbəkəsində çox ciddi mitinq təbliğatı gedir. Xüsusi ”event” yaradılıb və yüz mindən artıq insan mitinqə dəvət olunub. Eyni zamanda digər sosial şəbəkələrdə də mitinqlə bağlı çağırışlar və təbliğat materialları dərc olunur. Mitinqin aparıcısı gənclərdən biri aparacaq. Keçən iki mitinqdə də aparıcılar gənclər təşkilatlarının təmsilçiləri olmuşdular. Mitinqin plakatları, qətnaməsi hazırlanıb. Əvvəlki mitinqdə olan hazırlıqlar bu işi daha da asan edib”.

Qeyd edək ki, bundan əvvəlki mitinq başa çatandan sonra meydandan kənarda polislə bir qrup arasında insident yaşanmışdı. BŞİH 27 oktyabr mitinqinə razılıq verdiyi məktubda təşkilatçılardan təxribat hallarının, qanunu pozan çağırış və şüarların işlədilməsinin qarşısını almağı xahiş edib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə dünən APA-ya açıqlamasında mitinqdə təxribat planlaşdırıldığı barədə ciddi məlumat aldıqlarını da bildirib: “Bizdə olan dəqiq məlumata görə, müxalifətçilər mitinqlərə gətirmək üçün xüsusi təxribatçı qrup hazırlayıblar. Məqsədləri mitinqdə qarşıdurma yaradıb, bunun məsuliyyətini iqtidarın üstünə atmaqdır”.

Onun sözlərinə görə, bu məlumat artıq müvafiq orqanlarda da var: “Onların xüsusi təxribatçı qruplar tərəfindən aksiyada qarşıdurma yaradıb, bunu iqtidarın üstünə atacaqlarını biz də, müvafiq orqanlar da artıq bilirik. Mətbuat vasitəsilə onlara çatdırırıq ki, artıq məsələdən xəbərdarıq. Baş verəcək istənilən qanunsuz əməllərə görə məsuliyyət aksiya təşkilatçılarının üzərinə düşür”.

Mustafa Hacıbəyli isə bildirdi ki, Milli Şura dinc mitinq keçirmək niyyətindədir. Mitinq iştirakçıları tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib və verilməyəcək: “YAP təmsilçisi müxalifəti şərləyir. Milli Şura tərəfindən heç bir problem və təxribat olmayacaq. Əgər hər hansı təxribatçı qrup, insan ora gələrsə, biz dərhal polisə məlumat verəcəyik. Aydındır ki, mitinqi təşkil edən təşkilatlar aksiyanın insidentsiz ötüşməsinə görə, müəyyən məsuliyyət daşıyırlar. Amma onlardan da daha artıq mitinqin insidentsiz ötüşməsinə hüquq-mühafizə orqanları, konkret halda Bakı Şəhər Baş Polis İdarəsi məsuliyyət daşıyır. Biz öz tərəfimizdən problem olmayacağını bəyan edirik və onları da bu aksiyada hər hansı insidentin olmasına imkan verməməyə çağırırıq”.

Milli Şuranın mitinqlərində cəmiyyətin müxtəlif təbəqələrinin iştirak edəcəyi gözlənilir.

Nardaran Ağsaqqallar Şurasını sədri Natiq Kərimov azadlıq.info-ya deyib ki, hər zaman olduğu kimi 27 oktyabr mitinqində də dindar kəsimin nümayəndələri iştirak edəcək və ölkədə baş verən ədalətsizliklərə etiraz bildirəcək: “Meriyanın Milli Şuranın mitinqinə icazə verməsi müsbət haldır. Əgər xalq da kütləvi olaraq hakimiyyətə etirazın bildirsə, nəticə xalqın xeyrinə dəyişə bilər.  Seçkilərin kobud şəkildə saxtalaşdırılmasına qarşı mitinqə yüz minlərlə insan axışmalıdır. Çünki baş verənlər Azərbaycan dövlətçiliyinin sabahını şübhə altına alır. Xalq haqsızlığa etiraz etməlidir, sivil mübarizədə fəal olmalıdır və nəticəni dəyişməlidir. Mən bütün təbəqələrin nümayəndələrini, o cümlədən dindar kəsimi mitinqə səsləyirəm və ümid edirəm ki, bu mitinq daha kütləvi olacaq”.

“Atəşkəs qurbanları” İctiami Birliyinin üzvü Əli Kərimbəyli bildirib ki, bu mitinqdə iştirak etmək borcdur və hər bir vətəndaş bu borcu qaytarmalıdır: “Bundan əvvəl etirazımızı necə bildirmişik, sona qədər də öz əqidəmizə sadiq qalaraq mübarizənin önündə olacağıq. Biz istəyirik ki, ölkədəki bütün seçkilər xalqın iradəsini ifadə etsin və xalq seçdiyi şəxsi prezident görsün. Buna görə də konstitusion hüququmuzdan istifadə edib, mitinqlərdə iştirak edəcəyik. Bu vicdan məsələsidir və ən azı bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Ona görə də biz şəhid ailələri haqqın yanında, haqsızlığın qarşısında olacağıq”.

Dünən Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 27-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək.

Günün ikinci yarısında Milli Şurasının oktyabrın 27-nə təyin etdiyi mitinqlə əlaqədar aksiyanın təşkilatçıları – AXCP fəalı Aydın Əliyev və Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya məlumat verən R.Əmiraslanovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin iştirakı ilə baş tutan görüşdə onlara mitinqdə hər hansı qanun pozuntusuna yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib: “Səmimi görüş oldu. Mitinqdə hər hansı qanun pozuntusuna yol verilməməsi ilə bağlı xəbərdarlıq edildi”.

R.Əmiraslanov qeyd edib ki, görüşdə 12 oktyabr mitinqindən sonra baş verən insident də müzakirə olunub: “Biz bildirdik ki, Milli Şura olaraq mitinqlərin sivil qaydada, Konstitusiya çərçivəsində keçirilməsinin tərəfdarıyıq. Hər hansı təxribat maraqlarımıza uyğun deyil”.

~ tərəfindən Patriot 26/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma