MİRZƏ SAKİT: “BU DƏFƏ SEVİNC NÖVBƏSİ XALQINDIR”

mirze sakit

Qürbətdə yaşayan tanınmış şair “Yeni Müsavat”a danışdı

“Cəmil Həsənlinin beş həftəlik debatının beş ilə bərabər olduğunun təsirindən çıxa bilmirlər”

Hazırda ölkə xaricində  yaşayan, öz satirik şeirləri ilə Azərbaycan iqtidarını tənqid edən  şair Mirzə Sakitlə əlaqə saxlayıb onun qürbətdəki həyatı ilə maraqlandıq. Söz -sözü çəkdi –  ona Azərbaycandakı siyasi proseslər və başqa mövzular barədə də suallar verdik.

– Hazırda qaldığınız ölkədə hansı işlərlə məşğulsunuz?

– Mən hazırda Belçikada yaşayıram. İndi mən məktəbə gedirəm və Niderland dilini öyrənməyə çalışıram. Onu  deyim ki, mənimsəmək də mənim üçün bir qədər çətindir, bu da yəqin ki, yaş dövrü ilə bağlıdır.

– Azərbaycana qayıtmaq fikriniz varmı?

mirze sakit-azer rovsen _brussel Azərbaycana hər gün qayıtmaq istəyirəm, ancaq qayda belədir ki, gərək burda mən vətəndaşlıq alam və sonra da sərbəst şəkildə Azərbaycana qayıda biləm, əks təqdirdə Bakı hava limanında “Yasavuli-bumbum, Fərraşi-zumzum” ola bilər. Lakin bütün bunlara baxmayaraq, yaxın zamanlarda Bakıya qayıtmaq fikrindəyəm… Nə olarsa da olsun…

– Azərbaycanda əksəriyyət sizi satirik şeirlərinizə görə müasir dövrün Mirzə Ələkbər Sabiri adlandırırlar. Amma Sabirdən fərqli olaraq, siz xaricə mühacirət edə bilmisiniz… Lakin şeirlərinizi dayandırmırsınız. Buna görə sizə hər hansı  təhdidlər, basqılar varmı?

İlk öncə onu deyim ki, Mirzə Ələkbər Sabiri heç də satirik şair adlandırmaq olmaz, Sabir həqiqət çarçılarındandır. Həqiqəti necə satira adlandıraq axı? Sadəcə olaraq, Sabirin bəzi satirik şeirləri var desək, bu daha düzgün səslənər. Əlbəttə ki, özlüyündə satiranın içərisi həqiqətlə çox zəngin olduğu qədər də acıdır. Həqiqətin də acı olması labüddür, hətta həzm etməsələr də belə həzm etməyənlərə çalışıb həzm etdirmək gərəkdir. Necə ki, balaca uşağı sağaltmaq üçün anası uşağı çığırda-çığırda onun boğazına dərman tökür, eləcə də bu “uşaqlar”ı çığırtmaq lazımdır. Belçikaya gələndən sonra iki dəfə olub ki, mənə zəng edib təhdid ediblər, hətta bir dəfə bu təhdid edənlərdən biri haqda sizin qəzetinizdə də informasiya getmişdi, təhdid edənin telefon nömrəsi də o informasiyada göstərilmişdi. O təhdid edənlərlə telefon danışığımda onlara cavabım cəmi üç sözdən ibarət oldu: “Get tullan, svoliç”…

– Azərbaycanda hazırda siyasi durum çox qəlizdir. Həmişə də şeirlərinizdə, sosial şəbəkələrdə paylaşdığınız statuslarınızda həm müxalifəti, həm də iqtidarı tənqid edirsiniz. Siz bir ziyalı kimi, şair kimi xüsusən də müxalifətçilərə nə demək istərdiniz?

Azərbaycanda siyasi durum indi yox, iyirmi ildir ki, qəlizdir, bu qəlizliyin səbəbkarları təkcə hakimiyyətdə olanlar deyil. Eyni zamanda bu qəlizlikdən az da olsa müxalifətin də payına düşür. Baxın, sizə bir misal gətirim, hər gün demək olar ki, “Yeni Müsavat”, “Azadlıq” və bir sıra başqa qəzetlərdə siyasi partiyaların rəhbərləri haqda bir söz yazılır: “LİDERLƏR”. Çox gözəl, yazılsın. Amma və lakin və yenə də lakin təsəvvür edin ki, siz bir LİDER olaraq, hər gün qəzetləri oxuyarkən, görürsünüz ki, orda sizə LİDER deyə müraciət edirlər. Deməli, bu sözdən insan o qədər məsuliyyətli olmalıdır ki, yeritdiyi, yaxud da yürütdüyü, bəlkə də çürütdüyü siyasət o qədər sanballı və sərrast olmalıdır ki, cəmiyyətin ən azı yetmiş faizini o siyasət qane etməlidir. Deyə bilərlər ki, axı necə edək, cəmiyyət razı qalsın və bizim arxamızca gəlsin. Bu artıq onların işidir, adama deyərlər ki, sənə ALVERÇİ desəm xoşuna gələrmi? İndi ki, sən LİDER statusunun daşıyıcısan, zəhmət çək, düşün, daşın, qızıl olsun başın… Hakimiyyətə iddialı olan bir qüvvənin bütün komandası müsəlləh əsgər kimi hazır vəziyyətdə olmalıdır. Bu komandada eyni zamanda Daxili işlər naziri, MTN, maliyyə naziri, nə bilim kənd təsərrüfatı naziri də öncədən qaneedici olmalıdır. Yuxarıda söz Sabirin yazdığı acı həqiqətlərdən düşmüşdü, o baxımdan acı da olsa, dostlarım olan müxalif qüvvələrin rəhbərlərinə bir söz demək istəyirəm: – Əziz dostlarım, gəlin etiraf edək, bu illər ərzində yaratdığınız partiyaların tərkibinə nəzər salsaq və o partiyalarda demokratiyanın çəkisini tərəziyə qoymalı olsaq, Mirzə canı, tərəzi xəcalət çəkər.  Bəzi pozitivləri nəzərə almaqla, siyasi partiyaların daxilində o qədər neqativ hallar var ki, deyiləsi deyil. Bilirsiniz ki, demokratiyanın ilk mayası tənqidə dözümlükdən irəli gəlir, lakin bu gün hansısa bir partiya sədrinə tənqidi yanaşma olan kimi dərhal həmin o tənqid edən adamı “satqın”, “hakimiyyətin dəyirmanına su tökən”, “MTN-şik”, “Hafizsifət” və sairə adlandırmağa başlayırlar. Belə olmaz. Bugünkü hakimiyyətin idarəetmə sistemindəki avtoritarlığı təkrar etmək müxalifəti iflasa uğradır. Bundan başqa, gənclərə üstünlük verilməlidir və üstünlük verildikcə də gənclərin siyasi təlimatlandırılmasını düzgün və işıqlı təşkil etmək gərəkdir. Yeri gəlmişkən, bilirsiniz ki, mən AXCP-nin üzvü olmuşam və sonradan partiya rəhbərliyinin …. mövqeyinə görə o partiyadan istefa verdim, bir neçə dəfə də olub ki, həmin partiyanın rəhbərliyində təmsil olunanları tənqid etmişəm. Bax, elə bu tənqidlərə görə də eynilə hakimiyyətdəki şəxsiyyətə pərəstiş edənlər sayağı, həmin partiyanın bəzi nümayəndələri mənə qarşı “Rədd olsun” pərdəsi asdılar. Belə olmaz, əzizlərim, partiya sədri ictimai bir şəxsdirsə, onu gecə-gündüz tərif etməklə, əslində onu məhv edirsiniz.

– Belçikada yaşayırsınız. Siyasi proseslərdə iştirak etməsəniz də, hər halda Azərbaycanda olub-bitənlərdən xəbəriniz var. Azərbaycanda siyasi durumu həm satirik şair, həm də bir siyasətçi kimi necə dəyərləndirərdiniz? Ölkəmiz oradan necə görünür?

Azərbaycanda indiki mərhələdə heç bir “siyasi durum” adlanan bir şey yoxdur. İqtidarda olanları bu gün siyasi hakimiyyət adlandırmaq qəti qadağandır. Belə hakimiyyət olmur. Bu bir qrup insanlardır ki, ölkəni ələ keçiriblər və öz qaydaları ilə də idarə edirlər. Dövlətin güzgüsü və siması hesab edilən məhkəmələrdir. Bu məhkəmələrin nə gündə, daha doğrusu, hansı rəzalətdə fəaliyyət göstərmələri hamımıza məlumdur. Bunu onların özləri də gözəl bilirlər və onu da bilirlər ki, əgər sabah ölkədə xalq hərəkatı onların süqutu ilə sonuclansa, hansı aqibətlərin girdabında olacaqlar, bax onu fikirləşdikcə ilan vuranlar kimi yerlərində diksinirlər. Konstitusiya səhra komandirinin rejim dəftəri deyil ki, komandir təlimata uyğun o dəftərdə tez-tez dəyişiklik etsin… Mən bir vətəndaş olaraq, bildirirəm ki, seçkilər başa çatsa da inauqurasiya olsa da hələ heç nə bitməyib. Hələ ki Cəmil Həsənlinin beş həftəlik debatının beş ilə bərabər olduğunun təsirindən çıxa bilmirlər… Azərbaycan xalqı bu gün xofda olsa da, bir gün öz haqqının, hüququnun tələbkarına çevrilərək, meydanlara axışacaq. Dostlara deyin ki, qəm –  qəmi gətirər, sevinc də sevinci… Bu dəfə sevinc növbəsi xalqındır. Dostlara salamlar olsun!!

Nərgiz Yaqublu

~ tərəfindən Patriot 23/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma