“GƏNC ƏLİYEV HEÇ ZAMAN MÜHARİBƏ ETMƏK İSTƏMƏZ”

h_aliyev-terpetrosyan

Petrosyanın müşaviri Heydər Əliyevlə münasibəti açıb-tökdü

Aşot Manuçaryan: «Qarabağ ordusu” hərbi əməliyyatları dayandırmışdı ki, Surət Hüseynovun briqadası Bakıda Heydər Əliyevin təhlükəsizliyini təmin edə bilsin»

1990-cı illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti dövründə yüksək vəzifələr tutmuş, o cümlədən, prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Aşot Manuçaryan hesab edir ki, Ermənistan-Azərbaycan müharibəsi təhlükəsi “sıfır dərəcəsinə” enib.

Bunu A.Manuçaryan Yerevanda Azərbaycanda prezident seçkilərinə həsr olunmuş dəyirmi masada deyib.

“Gənc Əliyev heç zaman müharibə etmək istəməz. O, vəzifəsini atasından miras alıb və yəqin ki, atası müəyyən şeyləri ona açıqlamış olar”, – deyə Manuçaryan Ilham Əliyevin mövcud durumda ölkəsi üçün mümkün təhdidləri qiymətləndirməyə qadir olduğunu bildirib.

A.Manuçaryan hazırda Rusiyanın çox aqressiv olduğunu və bu aqressivliyin daha da artacağını düşünür: “Rusiya post-sovet əraziləri öz qanuni təsir məkanı hesab edir. Odur ki, Azərbaycanın hərbi əməliyyatlar istiqamətində istənilən qəsdi Rusiya qoşunlarının Azərbaycanın öz ərazisi hesab etdiyi bölgələrə yerləşdirilməsi üçün istifadə oluna bilər”.

Manuçaryan 1992-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Minsk prosesi başlananda yeni müstəqil Ermənistan rəhbərliyinin “dünya siyasətindən” o qədər də təsəvvürü olmadığını bildirir: “Lakin biz başa düşürdük ki, prosesə qatılan ölkələrin bölgəmizdə öz maraqları ola bilər. Ona görə də Ermənistan dünya güclüləri tərəfindən təklif olunmuş prosesdə iştirak etsə də, öz siyasətini yeritməyə çalışırdı. Ermənistan rəhbərliyi ”Artsaxı (Dağlıq Qarabağı) müdafiə etdikdən sonra” qonşuluqda Azərbaycanın simasında düşmən ölkə peyda olmasından yayınmaq istəyirdi. Bu baxımdan biz bir məsləkdaş əldə etdik. O dövrdə Heydər Əliyev Naxçıvanın rəhbəri idi və Bakıdakı Elçibəy hakimiyyəti ilə münasibətləri bərk ziddiyyətli idi. Azərbaycanın təşkilatlanması dövrü idi: necə Azərbaycan olmalıdır ki, bundan sonra belə aqressivlik olmasın, xalqlar yaşadıqları yerlərdə müstəqil yaşayıb inkişaf etsin… Bu, fundamental məsələ idi və Heydər Əliyev bu kimi bütün proseslərdə iştirak etməyə hazır idi”.

Sabiq Ermənistan rəsmisinin sözlərinə görə, o zaman erməni tərəfi Heydər Əliyevə Azərbaycanda hakimiyyət başına gəlməyə kömək edib. Heydər Əliyev isə hakimiyyətə gəldikdən sonra “Azərbaycan xalqına və bölgələrinə” müraciətlə çıxış etməli imiş: “Azərbaycan qəbilələr ölkəsidir, heç biri o birisindən asılı olmaq istəmir. Həmçinin Gəncə klanı müstəqillik tələb edirdi… Qarabağ məsələsi xüsusi şəkildə nəzərdən keçirilirdi. O baxımdan ki, öz taleyini Qarabağ özü müəyyən etməlidi…”

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə H.Əliyev arasında “konstruktiv və sırf insani” münasibətlər yaranmışdı və onunla Naxçıvan sərhədində dəfələrlə görüşləri olub: “O, ciddi dövlət xadimi olub, rəhbərlik etdiyi ölkəsinin dinc əmin-amanlıq şəraitində inkişaf etməsi yollarını axtarırdı”.

A.Manuçaryanın fikrincə, H.Əliyev Bakıya getdikdən sonra çətinliklərlə üzləşib və nəzərdə tutduğunu gerçəkləşdirmək üçün “mütəmadi olaraq vaxt tələb edirdi”.

Manuçaryanın sözlərinə görə, Ağdam istiqamətində cəmləşən “Qarabağ ordusu” hərbi əməliyyatları dayandırmışdı ki, Surət Hüseynovun briqadası Bakıda Heydər Əliyevin təhlükəsizliyini təmin edə bilsin.

“Nəzərdə tutulanların baş tutmaması Əliyevin günahı deyil. ABŞ dövlət katibinin müavini Talbott (1994-2001-ci illərdə bu postda olub) Bakıya səfər etdi. Aydındır ki, həm Bakıda, həm Moskvada müvafiq hazırlıq işləri görülürdü. Əliyevin yerini Mütəllibov tutmaq istəyirdi. Mütəllibov Moskvada bu istiqamətdə çox işləmişdi. Ermənistan üçün bu, arzuolunmaz variant idi”, – deyə A.Manuçaryan bildirib.

Sabiq prezident müşaviri deyir ki, erməni tərəfi H.Əliyevin müraciətini gözləyirdi: “Qarabağ ordusu 20 günə yaxın vəziyyəti dinc saxlayıb. Onlar (Ağdam istiqamətində dayanan hərbi qüvvələr) dedilər ki, biz müharibəni dayandıra bilmərik ki, Azərbaycan özünə gəlsin və zərbə vurmağa qadir olsun”.

Aşot Manuçaryan Heydər Əliyevin “insani münasibətlərə böyük əhəmiyyət” verdiyini bildirir: “Məsələn, Əliyevə zəng edib xahiş etsəydik ki, kimsə haradasa – Qazaxda, Qarabağ cəbhəsində – əsir düşüb, əgər bu, şəxsi xahişdirsə, 24 saat ərzində həmin adamı gətirib Ermənistana təhvil verirdilər”.

Manuçaryanın sözlərinə görə, H.Əliyev Naxçıvanda olarkən, Naxçıvan xüsusi statusa malik idi. Azərbaycan tərəfindən blokadada olduğuna baxmayaraq, Ermənistan Naxçıvana qarşı blokada tətbiq etmirdi, Naxçıvanla bağlı xüsusi siyasət yeridilirdi. 1992-ci ildə Ermənistan hökuməti Naxçıvan üçün bütün kommunikasiyaların açıq saxlanmasına dair xüsusi qərar qəbul etmişdi. Istənilən problemi aradan qaldırmaq üçün Heydər Əliyev Naxçıvandan birbaşa Ermənistan rəhbərliyinə zəng edə bilərdi. Naxçıvan sərhədində silahlı qarşıdurma çox nadir hallarda baş verə bilərdi. Bir dəfə sərhəddə atışma başlananda Heydər Əliyev gecə saat 1 radələrində mənə zəng edib. Iş yerində deyiblər ki, indicə çıxıb. Mən də hələ evə çatmamışdım”.

O zaman sovet vaxtından Naxçıvan və Yerevan dəmiryol stansiyaları arasında telefon xətti qalmışdı. Manuçaryanın dediyinə görə, Heydər Əliyev zəng edirdi Naxçıvan dəmiryol vağzalına, oradan Yerevan dəmiryol vağzalı ilə əlaqə yaradılırdı: “Əliyev çox ədəbli insan idi və gecənin o çağında prezident Ter-Petrosyana zəng etməzdi. Lakin vəziyyətin nəzarət altından çıxmasının qarşısını almaq lazım idi və o, Levon Ter-Petrosyana zəng edir…”

Manuçaryan bir dəfə də Heydər Əliyevin Yerevana Ankaradan – Turqut Özalın dəfn mərasimindən sonra zəng etdiyini xatırlayıb: “Əliyev Bakıya daxil olmadan birbaşa Naxçıvana uçmaq istəyirdi. Ankarada deyirlər ki, Ermənistanla razılaşdırmaq lazımdır. Yenə zəng edib və Ankaradan birbaşa Naxçıvana uçub”.

«BBC Azərbaycanca»

~ tərəfindən Patriot 22/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma