İSA SADIQOV: “SADƏCƏ, CƏMİL HƏSƏNLİYƏ SƏS VERİN!”

isa sadiqov

Xalqı Əliyevin boyunduruğundan qurtarmağın zamanıdır

Biz sizinlə birgə bu özbaşınalığa, diktatura rejiminə son qoymalıyıq. Bizim əvəzimizə heç kim bunu etməyəcək.

Sentyabrın 9-da Norveçdə parlament seçkiləri keçirildi. Artıq uzun müddətdir ki, Norveç adambaşına düşən gəlirə görə aparıcı yeri tutur. Hətta düşünmək olar ki, belə bir ölkədə hansı seçki kampaniyasına ehtiyac duyula bilər? Amma Norveçdə seçki kampaniyası seçkiyə xeyli qalmış başlayır. Seçki kampaniyasına seçki gününə iki ay qalmış start verilir. Bu zaman teledebatlar başlayır. Həm də bu debatlar təkcə televiziyada deyil, parlament və küçələrdə də aparılır.
Bu prosesdə əhalinin bütün təbəqələri – baş nazir, partiya liderlərindən tutmuş, sıravi vətəndaşlara qədər hamı iştirak edir. Burada bütün məsələlər müzakirə olunur, hökumət ötən beş ilə görə hesabat verir. Təbliğat üçün ayrılan məkanlarda siyasi qüvvələr istədikləri vaxt mitinq, seçicilərlə görüş keçirə bilir.
Qeyd etdiyim kimi, Norveçdə bu yaxınlarda seçki keçirildi və bütün uğurlarına baxmayaraq, hakim partiya səslərin əksəriyyətini qazana bilmədi, seçkiləri uduzdu. Ona görə Norveçdə yaxın zamanlarda yeni hökumət formalaşdırılacaq. Norveçlilər inanırlar ki, yeni hökumət onların həyatını daha yaxşıya doğru dəyişəcək. Əgər yeni hökumətə bəslənən ümidlər doğrulmasa, dörd il sonra onlar səs ala bilməyəcəklər.
Indi isə Azərbaycana qayıdaq. Xeyli sayda problemin həllini tapmadığı, həyat səviyyəsinin aşağı olduğu, korrupsiya və özbaşınalığın geniş yayıldığı, ərazisinin 20 faizi işğal altında olan ölkədə oktyabrın 9-da prezident seçkiləri keçiriləcək. Azərbaycanın bir milyondan artıq vətəndaşı Qarabağ müharibəsi nəticəsində qaçqın düşüb, üç milyon insan sosial vəziyyətin ağırlığından ölkəni tərk edib. Atəşkəs dövründə 5 mindən artıq əsgər və zabitimiz həlak olub. Bu siyahıda ən kiçik məmurun belə, övladının adını tapa bilməzsiniz.
Son on ildə ölkədən 48 milyard vəsait çıxarılıb. Bu ölkədə hakimiyyətlə bağlılığı olan xeyli sifarişli qətl, adam oğurluğu və digər problemlər mövcuddur. Problemlərin heç biri son 20 ildə həllini tapmayıb. Əksinə, ölkədə vəziyyət daha da acınacaqlı olub. Islahatlar aparmaq, situasiyanı kökündən dəyişmək əvəzinə, rejim qarşıdurmaya gedərək, öz hakimiyyətini möhkəmləndirir. Xalqın etirazını boğmaq, onu qorxudaraq susmağa, hazırkı situasiya ilə barışmağa vadar etmək üçün milyardlarla vəsait xərclənir. Rejim seçkilərin önəmini azaltmaq üçün əlindən gələni edir.
Hakimiyyət nəticələrin bəri başdan bəlli olduğunu aşılamağa çalışır. Təşviqat kampaniyası 21 günə qədər azalıb. Televiziyadakı “debatlarda” hər namizəd üçün vaxt altı dəqiqəyə qədər endirilib. Bu çıxışları heç “tele-debat” da adlandırmaq olmaz. Bu, utanc və rüsvayçılıqdır. Altı dəqiqəyə ölkədəki problemlərin hamısını müzakirə edərək, onların həlli yollarını tapmaq mümkündürmü? Hakimiyyət bu debatlardan, ötən illər ərzində törətdiyi cinayətlərə görə məsuliyyət daşıyacağından, iqtidarı itirməkdən qorxur.
Bütün bu məhrumiyyətlər şəraitində Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli “rejimin bütün nailiyyətləri” barədə mifi dağıda bildi. Bunu keçirilən son aksiyalar, əhali arasında sorğular da sübut edir. Cinayətkar rejimə son qoymağın vaxtının çatdığı hamıya yaxşı məlumdur. Xalqı Əliyevin boyunduruğundan qurtarmağın zamanıdır. Bu hakimiyyət Qəzzafi, Çauşesku, Mübarək və başqa diktatorlar kimi bütün cinayətlərinə görə cavab verməlidir. Xalqı qorxudaraq hakimiyyəti əldə saxlaya bilməyəcəklər.
Mən həmvətənlərimə, xüsusilə müharibə veteranlarına, əlillərə, atəşkəs dövründə cəbhədə həlak olan əsgər və zabitlərimizin ailələrinə, rejimin cinayətlərinə və xalqı alçatmasına dözmək niyyətində olmayanlara müraciət edirəm.
Biz sizinlə birgə bu özbaşınalığa, diktatura rejiminə son qoymalıyıq. Bizim əvəzimizə heç kim bunu etməyəcək.
Milli Şuranı yaradıb, cəmiyyətin bütün təbəqələrini birləşdirərək, Cəmil Həsənlinin namizədliyini irəli sürməklə qısa müddətdə böyük işlər görmüşük. Mən Cəmil Həsənlini tanıyıram. Mən ona böyük hörmətlə yanaşır və inanıram. Siz özünüz də görürsünüz ki, o, bu mənəviyyatsız hakimiyyətlə necə də çətin şərtlər altında mübarizəni davam etdirir. O, həqiqətən də liderə, rəhbərə çevrilə bilib. Biz onunla çox şeyə nail olacağıq. Buna əminəm!
Sizi seçkidə aktiv iştiraka, Cəmil Həsənliyə dəstək verməyə, Əliyev rejiminin bütün cinayətlərinə son qoymağa çağırıram. Biz çox şey itirmişik, zamanında bu cinayətkarları durdurmasaq, yerdə qalanları da itirə bilərik. Onlar qanun, xalq qarşısında cavab verməlidilər. Digər diktatorlar kimi… Elə etməliyik ki, bir daha bu hallar təkrarlanmasın. Bu hakimiyyət tariximizdə qara ləkədir və biz bu çirkabı yumağa borcluyuq. Biz, yalnız biz!
Sizi əmin edirəm ki, bu rejimin getməsilə bir çox problemlər öz həllini tapacaq. Çörək pulu qazanmaq üçün ailələrini tərk etmək məcburiyyətində qalan milyonlarla soydaşımız vətəninə dönəcək. Işğal altında olan torpaqlarımızı geri qaytaracağıq. Övladlarımız orduda həlak olmayacaqlar.
Bizim Norveçdən heç də pis olmayan ölkəmizi xilas etmək imkanımız var. Sadəcə, hamının hörmət etdiyi Milli Şuranın namizədi, professor Cəmil Həsənliyə səs verin!

~ tərəfindən Patriot 02/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma