QƏLƏBƏYƏ DOĞRU (FOTO – VİDEO)

cemil hesenli 22 sentyabr

Cəmil Həsənli qələbənin anonsunu verdi

Milli Şura möhtəşəm mitinq keçirdi; “Əmin olun, istibdad rejiminin axırına çıxacağıq”

“Milli Şura bu gün dördüncü böyük uğuruna imza atdı. Birinci uğur Milli Şuranın yaranması, ikincisi laiqli və ləyaqətli namizəd seçməsi, üçüncüsü Cəmil bəyin əzəmətli teledebatı, dördüncüsü isə bu mitinqdir!”. Bu, Cəmil Həsənlinin seçki qərargahının həmsədrlərindən olan Həsən Kərimovun aksiyadan dərhal sonrakı açıqlaması idi.
milli sura 22 sentyabr mitinqMilli Şuranın mitinqi ilə bağlı ən qatı tənqidçilərin belə, dedikləri Həsən Kərimovun fikirindən fərqlənmirdi. Aksiya say və sanbal baxımından, iştirakçıların coşqusu ilə bərabər buçağacan keçirilən bütün mitinqlərdən müsbət mənada fərqləndi.
Mitinq Yasamal rayonunda, “Məhsul” idman-sağlamlıq kompleksinin stadionunda (İnşaatçılar metrostansiyasının yaxınlığında) keçirildi.
Təşkilatçıların məlumatına görə, hakimiyyət bu dəfə də vərdişindən əl götürməyərək, bura gələn insanlara qarşı təzyiq göstərib (üzərində “Cəmil Həsənli: oğrunu yox, doğrunu seç” şuarı yazılan köynəklər geyən müsavatçı gənclər saxlanılıb), şəhərinin müxtəlif yerlərindən bura gələn yollar bağlanıb (konkret bir faktı “Azadlıq”ın əməkdaşları qeydə alıb. Sumqaytdan Masazırı keçməklə Bakıya gətirən yol polis və yük maşınları ilə kəsilib), metro qatarları mitinq başlayan dəqiqələrdən etibarən bir müddət “İnşaatçılar” stansiyasında dayanmayıb, mitinqə bir saat qalmışdan başlayaraq bir neçə dəfə “28 may” stansiyasında məlumat tablosu hərəkət istiqamətini “Dərnəgül” stansiyasını göstərsə də, qatarlar “İçərişəhər” isitqamətinə yönləndirilib .

***

Mitinqin başlamasına bir saat qalmışdan artıq meydanın əhəmiyyətli hissəsi dolmuşdu. Girişdə polislər hər kəsi xüsusi aparatla yoxlayıb buraxırdılar.
Mitinqə aparıcılığı Milli Şuranın üzvü, AXCP funksioneri Sahib Kərimli edirdi.
Elan edilən vaxtda Milli Şurada təmsil olan liderlər etirazçıların şüar və alqışları, aparıcının “Hakimiyyət düşərgəsi saxta “Cəmil hanı” şüarlı kampaniya aparırdılar. Budur, Cəmil Həsənli meydandadır. İndi biz soruşuruq: İlham hanı?” xüsusi təqidimatı ilə meydana daxil oldular.
Mitinq dövlət himinin oxunması ilə başlandı.

***

İlk çıxışçı AXCP sədri Əli Kərimli oldu:

“Əziz həmvətənlərim! Artıq bir neçə gündür ki, İctimai Televiziyada vətən uğrunda, millətin sabahı uğrunda döyüş gedir. Bu döyüşdə Cəmil Həsənli öz ardıcıl zərbələri ilə 20 ildir Azərbaycan xalqını işğalda saxlamış hakimiyyəti artıq sarsıdıb. Ona görə də məcbur olub, çarəsizlikdən vaxtilə öz düşərgəsini, əqidəsini satmış xəyanətkarları köməyə çağırıblar. Xalqımızsa düşünür ki, bunların ümidi mənəvi şikəstlərə qalıbsa, deməli, qələbə yaxındadır və qələbə Cəmil Həsənli ilə gələcək.
Əziz xalqım! Cəmil Həsənli cəmi 12 dəqiqə ərzində İlham Əliyevin 10 illik hakimiyyətini darmadağın etdi. Bu çıxışlarda təkcə İlham Əliyevin korrupsiya əməlləri ifşa olunmadı, həm də xalqımıza ciddi mesajlar verildi. Bu mesajlar Azərbaycanıın ailə başçılarına idi. O ailə başçılarına ki, onlar ahıl valideynlərinin, övladlarının qayğısına qala bilmirlər. Müalicə üçün, təhsil almaq üçün ağır faizli kreditlərə girirlər. İllərlə sizdən oğurlanmış pullar offşor şirkətlərdədi, xaricdədi, bu ailənin adındadı. Oyanın, öz sərvətləriniz uğrunda mübarizəyə qalxın.
Cəmil Həsənli Azərbaycan gəncliyinə mesaj verdi ki, siz istədiyiniz kimi təhsil ala bilməyəndə, evsizlikdən, işsizlikdən ailə həyatı qura bilməyəndə, sizin qızıl illəriniz bu hakimiyyətin hüquqsuzluğu şəraitində puç olanda, haqqınız olan neft pulları milyardlar şəkilində sizin yaşıdınız olan prezident övladlarının hesabında saxlanılır. Qalx ayağa sərvətinə sahib ol.
Cəmil Həsənli ölkəsindən didərgin düşmüş, bir tikə çörək üçün Rusiyanın, Türkiyənin çöllərində nökərlik edən insanlara mesaj verdi ki, sizin ölkənizin sərvəti tar-mar edilir. Bəsdir dünyaya səpələndiyiniz, bəsdir çörəyinizi başqa ölkədə axtardınız, gəlin bu məmləkətə sahib olun, doğrunu seçin, Cəmil Həsənlini seçin.
Əziz xalqım! 9 oktyabrda bizi çətin seçim gözləmir. Çünki bir tərəfdə yalnız özünün, ailəsinin var-dövlətini hesablayan, öz oliqarx ətrafı haqqında düşünən İlham Əliyev, o biri tərəfdə isə xalqı üçün yaşamış, hakimiyyət hərisi olmamış, Azərbaycanın nəhəng ziyalısı Cəmil Həsənli var. Bu, həm də ona görə çətin seçim deyil ki, bir tərəfdə atəşkəsə qədər qorxusundan Azərbaycana gələ bilməyən, hakimiyyəti atasından miras aldıqdan sonra xalqın qarşısına çıxıb rəqibləri ilə debat apara bilməyən, hər zaman kiminsə arxasında gizlənən İlham Əliyev, o biri tərəfdə isə sözünü cəsarətlə, mərdliklə, şahın gözünün içinə baxaraq deyən Cəmil Həsənli var. Əgər bu ziyalı insan ləyaqətlə mübarizə aparırsa, bizim də boynumuzun borcudur ki, ədalətli cəmiyyət, ləyaqətli həyat, məsuliyyətli hökumət uğrunda qəti mübarizəyə qalxaq, oğrunu yox, doğrunu seçək, Cəmil Həsənlini seçək, qalib olaq”.

Tanınmış hüquqşünas Aslan İsmayılov növbəti çıxışçı kimi dedi ki, o, çox sayda mitinqlər görsə də, bu, onun çıxış etdiyi cəmi ikinci aksiyadır. Əlavə etdi ki, onu bu mitinqə gətirən səbəb Cəmil Həsənli kimi ləyaqətli ziyalının və ümumən Azərbaycan xalqının hafizhacıyevlər tərəfindən təhqir olunmasına etiraz etməsidir: “Həmin debatlarda bizim hər birimizin qürurunu, ləyaqətini, əxlaqi-mənəvi dəyərlərimizi tapdaladılar. Göstərdilər ki, guya bizi hafizlər, zahidlər təmsil edir. Həmin debatda həyatı ilə Azərbaycana xidmət edən, onu canı qədər sevən Cəmil Həsənlinin qismində bütün xalqımızı təhqir etdilər”.
Aslan İsmayılov dedi ki, artıq mübarizə aparmaq istəyənlər üçün münbit şərait var, çünki illərdir əsas və bəhanə kimi müxalifətin ünvanına deyilənlərin hamısı öz əhəmiyyətini itirib: “İllərdir deyirdilər ki, müxalifət birləşə bilmir. Müxalifət birləşdi. İllərdir deyirdilər ki, lideriniz yoxdur. Bu gün biz liderimizi görürük. Əxlaqlı, savadlı, qeyrətli, vətənini, xalqını sevən, onun səsini və hüququnu qorumaq qüdrətini nümayiş etdirən Cəmil Həsənli… Biz göstərməliyik ki, haqqımızı müdafiə edə bilirik. Kimsəsiz, qorxaq deyilik”.
Aslan İsmayılov tez-tez təmasda olduğu hakimlərə də səsləndi: “Hər məhkəmə prosesindən sonra qulağıma “Biz nə edə bilərik, bacarmırıq, sənin kimi ola bilmirik” deyən hakimlərə, prokurorlara müraciət edirəm. Bu rəzilliyə, alçaldılan həyata dözməyin, siz də bizim kimi olun”. Aslan İsmayılov YAP-ı da sərt tənqid etdi. O bildirdi ki, bu partiyada ideya adlı heç nə yoxdu. Bu partiyadakılar başqa-başqa partiyadan yem üçün qaçan tahamhkarlardır. O, sonda hər kəsi seçkidə fəallıq göstərib Cəmil Həsənliyə səs verməyə dəvət etdi.

Sonra söz keçmiş vicdan məhbusu Tural Abbaslıya verildi. O dedi ki, bu seçim oğrularla doğrular arasındadı və xalq  bu seçimində yanılmayacaq, tərəddüd etməyəcək. Tural Abbaslı dedi ki, Azərbaycan xalqı səsini ucaltmadıqca hakim ailə Azərbaycana öz obyekti kimi baxmaqda, şərəfsizləri “Şərəf” ordeni ilə mükafatlandırmaqda davam edəcək: “Onlara elə gəlir ki, bu dövlətin yiyəsi onlar, biz isə kirayişinlərik. Biz onlara səhv düşündüklərini başa salacağıq!”.
Meydandakı və zindandakı gəncləri xatıraldan Abbaslı bəyan etdi ki, nə qədər belə gənclik var irəliçi, ilhamçı, mehribançı gənclər xalqın siması sayıla bilməz, önə çıxa bilməz. O da əminlik ifadə etdi ki, bu seçimdə gənclik Milli Şuranın namizədinə səs verəcək.

Milli Şuranın icra aparatının sədri, “El” hərakatının lideri Eldar Namazov lakonik çıxış etdi. O, bildirdi ki, ötən gün qərb zonasında Milli Şuranın tərəfdarları ilə görüş keçirib və bu görüşlər davamlı olacaq. Namazov dedi ki, keçirdiyi görüşlərdən və ictimaiyyətdən aldığı fikir birdir: “İlham bəsdir”.
“Bizim fikirimiz birdir: hamımız elliklə Cəmil müəllimə dəstək verməliyik, ona səs verib qələbəsini təmin etməliyik”.

Milli Şuranın üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidov hakimiyyətin qorxu içində olduğunu bildirərək çıxışa başladı. O, dedi ki “20-ci sahə”dən start götürən etiraz aksiyası indi Yasamala yetişib, tezliklə burdan Milli Məclisin önünə sıçrayacaq, son isə Prezident Aparatında Cəmil Həsənlinin oturması ilə nəticələnəcək.
İsgəndər Həmidov prezidentliyə qeydə alınanan namizədlərin əksəriyyətini İlham Əliyevin vəkilləri adlandırdı və onların teledebatdakı təhqirlərinə adekvat cavablar səsləndirdi. O, sonda İlham Əliyevə də çağırış etdi: “Ya könüllü özün get, ya da biz səni yola salacağıq. Bu il bizim ilimizdir”.

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış etdi. Mitinqə törədilən əngəllərə toxunan İsa Qəmbər onları əbəs saydı və dedi ki, heç bir qüvvə xalqın qarşısını, azadlığın önünü kəsə bilməz: “Bizim qələbəmiz labüddür. Biz mütləq qalib gələcəyik”.
İsa Qəmbər müxalifətə olan iradlara toxunub onları cavabladı: “Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasına gözəştə gedə bilmirlər. İndi də sözlərin dəyişiblər, deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər. Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır, ədalətdir. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik.
Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin!”.
“İlham Əliyevin alternativi yoxdu” kimi iddia, İsa Qəmbərin sözlərinə görə, Cəmil Həsənli tərəfindən ifşa edilib. İsa Qəmbər bildirdi ki, onlar həmişə deyiblər, Azərbaycan xalqının intellektual, mədəni səviyyəsi yuxarıdakı iddianı həmişə yalanlayıb, bu dəfə isə Cəmil Həsənli kimi ləyaqətli ziyalının timsalında bu ifşa praktik olaraq baş verdi: “Cəmil Həsənli həm də Azərbaycan cəmiyyətinin, ziyalısının gücünü nümayiş etdirdi”.
İsa Qəmbər teledebatlarda Cəmil Həsənliyə qarşı namizədlərin hücumunu milli qüvvələrə, eyni zamanda xalqa hücum kimi dəyərləndirərək dedi: “Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast, cəsarətli şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesdən danışdı. Onlarsa bu ittihamları həzm etmək əvəzinə bunu Əliyev aiəsinə hücum kimi qiymətləndirdilər. Onların ləyaqətsiz hərəkətlərindən fərqli olaraq, Cəmil bəyin işi kiminsə ailə məsələlərinə qarşımaq deyildi. Biz nə edək ki, Azərbaycanda hansı korrupsiya əməli araşdırılırsa onun arxasından İlham Əliyevin ya özü, ya da ailə üzvləri çıxırlar? Buna görə kim cavabdeh olmalıdır?”.
Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı: “Bu gün İlham Əliyvə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyini geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, sevmirsənsə, özünü düşünərək, namizədliyini geri götür. İlham, düşün. Sən də bilirsən ki, namizədliyini geri götürsən, xalqın namizədi Cəmil Həsənli qalib gələcək. Bu Azərbaycan üçün də, sənin özün üçün də gözəl bir imkan olacaq. Ölkəmiz ağır böhrandan çıxacaq”.
İsa Qəmbər son olaraq hər kəsə seçkiyə ciddi hazırlaşmaq, qələbə üçün çalışmaq çağırışını etdi.

Sonda söz Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə verildi. Cəmil Həsənli dedi:

“Ey uca millətim, 1918-ci ildə cümhuriyyət qurmuş babaların şərəfli varisləri, bu gün mübarizə gedir. Bu, haqla haqsızlığın, ədalətlə ədalətsizliyin, xeyirlə şərin, milli qüvvələrlə anti-milli qüvvələrin mübarizəsidir. Biz bu mübarizədə sona qədər varıq və birlikdə qalib gələcəyik. Əmin ola bilərsiniz ki, bu istibdad rejiminin axırına çıxacağıq. Ölkəmizdə ədaləti, millətimizin hüquqlarını bərpa etmək üçün şərəfli bir yol gedəcəyik. Milli Şuranın müəyyən etdiyi yol milli birlik yoludur.

Millət yoludur, haqq yoludur tutduğumuz yol
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol

Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Ancaq siz sübut etdiniz ki, biz diriyik, ölməmişik, mübariz millətik.
Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanları olan gənclərimiz, ey gözü yaşlı əsgər anaları, bilin ki, bu ölkədə ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə çatacaq. And olsun şərəfimə ki, qaragünlü millətin ziyalısı, ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrəti Əli deyir ki, zülmün qarşısında susmaq, zalımın yanında olmaq deməkdir. Zülmün kötüyün vətənimizdən kəsmək lazımdır, zalımı barmaqla göstərmək lazımdır. Bunlar bizim şərəfli millətimizi əhaliyə, gözəl vətənimizi əraziyə çevirməyə cəhd edirlər. Millət öz iradəsini ifadə etməlidir, qəddini dik tutmalıdır.
Biz yaşlandıqca, həbs olanlarımız gəncləşir. Tofiq Yaqublu, Qurban Məmmədov, İlqar Məmmədov, NİDA-çı gənclər, inanclı insanlar və digərləri bu hakimiyyətin girovuna çevrilib. Bu adamların günahı nədir? Allah sevgisi, vətən sevgisini Allah sevgisilə birləşdirmələri.
Adamları narkotiklə şərləyib ittiham edirlər. Hakimiyyət buna o qədər aludə olub ki, narkotika Azərbaycan hüquq sisteminin simasına çevrilib.
20 ildir bu hakimiyyət 20 metr torpağı azad edə bilmədi. İlham Əliyev mənimlə debata gəlib, izah etsin ki, niyə 10 il ərzində 10 metr torpaq azad edə bilməyib? Korrupsioner hökumət torpaq azad edə bilməz, korrupsionerin vətən sevgisi ola bilməz. Bunlar Qarabağı hakimiyyətdə qalmaq üçün vasitəyə çeviriblər. Biz bu ölkəni sizlərin rəşadəti, iradəsi, gücü ilə azad edəcəyik.
Azərbaycanın təhsili, səhiyyəsi nə günə düşüb. Burnu qanayandan, barmağı sınana qədər hər kəs ölkə xaricinə qaçır. Azərbaycan səhiyyəsinə etimadı öldürən bu hakimiyyətə ar olsun.
Bir vaxtlar 4 ay əvvəldən seçki başlanırdı. Indi bunu 2 aya, seçki təbliğatını 21 günə endiriblər. Çünki 21 rəqəmi hakim rejimə yaxın rəqəmdi, daim istifadə etdiyi rəqəmdi. Demokrayiyanın limiti 21 günə endirilib. Bu seçki deyil, seçki görüntüsüdür, seçki adına həqarətidir, millətə həqarətdir, onun demokratik ənənələrinə həqarətdir. Mən elan edirəm ki, Hafiz Hacıyev kimi birisin prezidentliyə namizəd etmək, Azərbaycan xalqına təhqirdi.
Bu hakimiyyətin 10 ildə qurduğu piramidanı Milli Şura 10 dəqiqədə dağıtdı. Bunlar xalqda mif yaradırdılar ki, sülalə hakimiyyətinin alternativi yoxdur. Biz bu mifi dağıtdıq. Heç kəs bu ölkəni Şimali Kareyaya çevirə bilməz. Heç kəs bu ölkənin demokratiya tarixinin üstündən xətt çəkə bilməz. Bunlara baxanda dahi Hüseyn Cavidin bir şeri yada düşür:

“Nə əcaib sürü yahu, bunlar
Öndə rəhbərlik edir meymunlar
Rəqsi təlim ediyor axsaqlar
Əzəmət düşkünüdür alçaqlar
Yurdu sarmış qabalıq, yaltaqlıq
Yüksəliş varsa, səbəb alçaqlıq”.

Mən bu mübarizənin önündəyəm. Hamıdan rica edirik ki, arxamızca gəlsin. Gedəcəyimiz yol haqq yoludur, millət yoludur. Səsinizlə tarix yazın, bu vətəni də, özünüzü də qurtarın. Bunlar sizləri, bizləri nökər hesab edirlər, övladlarımızı da öz övladlarına nökər hazırlayırlar. Bu nökərçilikdən qurtarmaq lazımdır. Yaşasın millətimiz, yaşasın xalqımız, yaşasın demokratiyamız”.

***

Mitinq qətnaməni AXCP Gənclər Komitəsinin fəalı İlham Hüseynin oxunması ilə başa çatdı. Qətnamədə siyasi və vicdan məhbuslarının dərhal azad olunması, sərbəst toplaşmaq üçün yaradılan əngəllərinin  götürülməsi, azad və ədalətli seçki kampaniyasının aparılmasına şərait yaradılması və müxalifətə qarşı mənəviyyata zidd hərəkətlərə son qoyulması tələb edilir.

~ tərəfindən Patriot 23/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma