CƏMİL HƏSƏNLİDƏN SENSASİON SEÇKİ DEBÜTÜ (VIDEO)

cemil_hesenli

Cəmil Həsənli İTV-də hakim ailənin Dubaydakı mülklərindən və ofşorlardakı pullarından danışdı

“Xəstə olmaq millətin sərvətini xaricə daşımaqdır, mömin insanın cibinə narkotik atmaqdır, İslam inancını narkotikə bulaşdırmaqdır…”

Milli Şuranın prezidentliyə namizədi iqtidarı sərt tənqid etdi; hakimiyyətə yaxın digər namizədlər isə Cəmil Həsənlini hədəfə aldılar

Sentyabrın 17-də saat 19.00-da prezidentliyə namizədlərin İTV-də ilk debatı baş tutdu. Gözlənildiyi kimi, ilk teledebat sərt ittihamlarla keçdi. Püşkatmaya əsasən, ilk çıxış edən prezidentliyə namizəd Zahid Oruc qarşılıqlı ittihamlardan yayınmağa, ölkənin və millətin mənafeləri üçün çalışmalara üstünlük verməyə çağırış etdi. Ancaq ardınca müxalifəti komandasız, lidersiz qüvvə kimi səciyyələndirdi. Z.Oruc dedi ki, o, bu seçkidə ASAN hökuməti müdafiə edir.

Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP-ın icra katibi Əli Əhmədov dedi ki, “İlhamla irəli” şüarı ilə seçkilərə qatılıblar, çünki Azərbaycan ötən illərdə bu şüarın uğurlarını görüb. YAP təmsilçisi 1993-cü ildən sonra Azərbaycanın “fəlakətlərdən xilas olduğunu” dedi.
Ümid Partiyasının sədri İqbal Ağazadə 5 il öncə bu tribunadan müraciət edib ölkənin problemlərini sadaladığını xatırlatdı: “Mən hesab etmirəm ki, seçici Azərbaycanda öz yaşayışına baxıb, görür ki, yaxşılığa doğru dəyişib. Mən əminliklə qeyd edirəm ki, Azərbaycan seçicisi öz həyatından razı deyil. Bu gün Azərbaycanda bank sektoruna borclu olmayan bir nəfər yoxdur”. İ.Ağazadə seçicinin dəyişikliklərdən qorxduğunu da vurğuladı və seçiciləri heç nədən çəkinməyərək dəyişikliyə səslədi. Həmçinin ölkə prezidentlərinin dəyişdirilməsini normal addım saydı: “Məgər Amerikada prezidenti 8 ildən sonra ona görə dəyişirlər ki, o prezidentlər pisdir? Xeyr!” İ.Ağazadə seçiciyə xitab etdi: “Dəyişmək lazımdır, dəyişməkdən qorxmaq lazım deyil. Seçkiyə gedib bu hakimiyyətin getməsi üçün seçici səsindən istifadə etmək lazımdır”. Namizəd çıxışını bitirdikdən sonra studiyanı tərk etdi.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimli İ.İsmayılovun parametrlərindən danışdı, onun SSRİ vaxtı yüksək dövlət vəzifəsi tutan “iki azərbaycanlıdan biri, böyük dövlət xadimi olduğunu” dedi.
Prezidentliyə namizəd Hafiz Hacıyev ənənəvi qaydada “milli hakimiyyət və milli müxalifət” məsələsindən danışdı, dedi ki, prezident olacağı halda bu konsepsiyaya üstünlük verəcək. “Bəzi qüvvələr öz taleyini xarici səfirliklərdə axtarır, istəyirlər ki, biz bunları açıb tökək” dedi. H.Hacıyev dedi ki, Cəbhə üzvlərinin də ona səs verəcəyinə inanır: “Onların vahid namizədi mən olsam daha yaxşı olar. Elçibəy komandasının üzvü kimi məni dəstəkləsəydilər daha yaxşı olardı”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “biz məhkumuq ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün hər şeyi edək” söylədi. Partiya sədri gənclərin potensialından istifadə etməyə, onlara, o cümlədən Rusiyada olan 1,7 mln. gəncə sahib çıxmağa çağırdı. Eyni zamanda qalib olacağı halda Azərbaycanın xaricdə olan neft pullarının ölkəyə gətiriləcəyini, gənclərin mənzil, iş problemlərinin həll ediləcəyini bildirdi.
ADP sədri Sərdar Məmmədov (Cəlaloğlu) Z.Orucun müxalifətlə bağlı dediklərinə toxundu: “Bunları eşidəndə düşündüm ki, nə əcəb Zahid Oruc müxalifətə keçmir. Bizim bəlamız da budur. Əslində iqtidarda olan özünün nə etməli olduğunu, müxalifətdə olan da özünün nə etməli olduğunu bilməlidir”. S.Cəlaloğlu ardınca dedi ki, müxalifətin vahid qüvvə şəklində çıxış etməsinin mümkün olmamasından təəssüf edir. O, həmçinin “özünü radikal müxalifət adlandıran” qüvvələrdən fərqləndiyini əsaslandırmağa çalışdı. Azərbaycan vətəndaşlarının ölkədəki sosial problemlər və hüququn vəziyyətinə görə mühacirətə üz tutmasından da danışıb, prezident seçiləcəyi halda ölkədə sosial və hüquqi dövlət quruculuğuna nail olacağını bildirdi.
BAXCP sədri Qüdrət Həsənquliyev dedi ki, ölkədə konstitusion islahatlar aparmadan ciddi dəyişiklik mümkün deyil. O dedi ki, İ.Qəmbər və Əli Kərimli bir-birinə daha çox nifrət edir, nəinki İlham Əliyevə. 
Ardınca o, C.Həsənlini tənqid etdi: “Cəmil müəllim dəyirmi masanı kolxoz idarəsinə oxşatdı. Amma özü gəlib və burda oturub”. Q.Həsənquliyev ardınca C.Həsənlinin kitabından sitat gətirdi: “Bu kitaba ön sözü Azərbaycanın ən bacarıqsız naziri Elmar Məmmədyarov yazıb. Burada Cəmil Həsənli Heydər Əliyevi ümummilli lider kimi təqdim edib”.
Təmkinini pozmadan çıxışa başlayan Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə 30 il ölkədə televiziya verilişlər apardığını, 10 il deputat olduğunu söyləyib geniş təqdimata ehtiyac görmədiyini vurğuladı. Ardınca isə ciddi mesajlar verdi: “Seçkilər yalnız seçkiyə vəd vermək məqamı deyil, eyni zamanda hesabat vermək məqamıdır. 10 il ölkəyə rəhbərlik edən cənab İlham Əliyev bu debatlarda iştirak etməyi özünə sığışdırmır. O, ya prezidentliyə namizədlərlə bir yerdə oturmağı özünə sığışdırmır, ya da bu xalqa sayğılı münasibəti yoxdur ki, ona hesabat vermək istəmir”. C.Həsənli Q.Həsənquliyevə onun kitabından seçmələr oxuduğu üçün təşəkkür etdi: “O kitabı mən yazmışam, dediyimin də üzərində dayanıram. Amma məsələlər tək ondan ibarət deyil. O kitabdan sonra xeyli faktlar aşkarlandı. Bir prezident kimi İlham Əliyev həmin faktlara münasibətini bildirməli idi. Bu gün bir məqam idi ki, o, bizim, bu millətin, bu xalqın sorğularına cavab versin. Məsələn, ona cavab versin ki, prezident olduğu müddətdə 11 yaşlı oğluna Dubayda 75 milyona 9 mülk alıb. Təkcə bu fakt normal bir ölkədə açıqlansaydı, həmin siyasətçi siyasətdən getməli idi. Həmin siyasətçi həmin axşam siyasətdən, ölkənin rəhbərliyindən getməli idi. Azərbaycandan oğurlanmış 48 milyardlıq vəsait barədə sənədli-sübutlu məsələlər ortalığa qoyuldu. Bunun hesabatını Azərbaycana vermək lazımdır. Azərbaycanın büdcəsi cəmi 20 milyarddır. Bu büdcədən lazım olan vəsait necə oğurlanıb? Panama şirkətləri ilə bağlı söz-söhbət dolanır və bunun sənəd-sübutları ortaya qoyuldu. İlham Əliyev üçüncü dəfə prezidentliyə gedən şəxs kimi bu məsələlərə aydınlıq gətirməli idi. Necə oldu ki, onun prezidentliyi dövründə Azərbaycandan bu qədər vəsaitlər çıxarıldı, mənimsənildi? Bu hakimiyyətin ən kasıb naziri hesab olunan kənd təsərrüfatı nazirinin 27 yaşlı oğlunun Londonda 26 mln. dəyərində olan mülkiyyəti var. Bu, yalnız bir nazirin oğlunun mülkiyyətidir”. 
Z.Oruc dedi ki, “Cəmil müəllimin qeyd etdiyi mülk, vəsaitlər iddiası o zaman mediaya çıxdı ki, Amerika Türkiyə və Ermənistan sərhədini açmaq istəyirdi”.
Ə.Əhmədov isə bunun əvəzində C.Həsənlinin 2011-ci ilin 22 iyununda qanunsuz olaraq pensiyaya çıxdığını dedi. O, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirib və onun təqaüdə çıxması məsələsində müəmma olduğunu bildirdi. Ə.Əhmədov Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənlinin iki il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığını bildirdi: “Amma siz 1952-ci ildə anadan olmusunuz və təqaüd yaşınıza hələ iki il var. Belə olan halda dövlət qurumlarını necə aldadıb təqaüdə çıxa bilmisiniz?”
Səlahiyyətli nümayəndə qeyd etdi ki, müvafiq qurumlar onun rəsmi sorğusuna cavab veriblər və bəlli olub ki, C.Həsənli xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb: “Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi vurğulanıb. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. Onun təqdim etdiyi arayışda ancaq yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü də vurğulanıb”.
H.Hacıyev isə C.Həsənlini və müxalifəti ermənilərlə əməkdaşlıqda, “Londonda viski içməkdə” ittiham etdi. O, Elçibəyin zəhərlənərək öldürüldüyünü də söylədi. 
F.Quliyev də C.Həsənlinin dediklərinə qarşı çıxıb ona qarşı fikirlər səsləndirdi. 
S.Cəlaloğlu isə dedi ki, “başqasını alçaltmaqla ucalmaq mümkün deyil, gərək özün ucalasan”.
A.Əlizadə analara dövlət qayğısının göstərilməsindən, müəllimlərə normal maaş verilməsi zərurətindən danışdı. O, orduda peşəkarların xidmət etməli olduğunu dedi.
Q.Həsənquliyev isə C.Həsənlinin iştirakçılardan, xalqdan üzr istəyəcəyini gözlədiyini, ancaq bunu etmədiyini dedi. 
C.Həsənli isə vaxtının qalan hissəsini oradakılara sərf etməyib çıxışına davam etdi: “Milyardları xaricə daşıyanlar insanlara nə pensiya verir? 100-120 manat. Pensiyanın miqdarı o qədər azdır ki, onu hökumətin iclasında manatla deməyə utanırlar, deyirlər vətəndaş 200 dollar alır. Budur sizin analoqsuz inkişafınız? Bu qədər neft pulları gəldiyi halda millətimiz niyə bu qədər yoxsuldur? Ona görə ki, korrupsiya hökm sürür. Korrupsiyaya qarşı mübarizə ona görə nəticəsini vermir ki, bu korrupsiyanın başında bilavasitə respublika prezidenti İlham Əliyev dayanır”. Təhsil, səhiyyə sahəsindəki vəziyyəti tənqid edən C.Həsənli hakimiyyəti xalqa hesabat verməyə çağırdı və Ə.Əhmədovun onu “xəstə” adlandırması ilə bağlı ittihamlarını cavablandırdı: “Sabaha savadsız kütlə hazırlayırsınız. Xəstə olmaq bu deməkdir. Xəstə olmaq millətin sərvətini xaricə daşıyıb aparmaq, mömin insanın cibinə narkotika atıb saxta ittihamlarla onu tutmaq, insanların İslam inanclarını narkotikə bulaşdırmaqdır. Budur xəstəlik, Əli müəllim. Fiziki cəhətdən xəstə olmaq ayıb deyil”. 
Ümumən gərgin ab-havada keçən debatın sonlarında C.Həsənli də sözünü deyərək studiyanı tərk etdi.

~ tərəfindən Patriot 18/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma