DEMOKRATİK DÜŞƏRGƏ SEÇKİYƏ GÖRƏ BİRLƏŞDİ (VIDEO)

Prezident seckisi erefesi

Seçki islahatlarını nəzərdə tutan Memorandum təqdim olundu

“Prezident seçkisi ərəfəsində hüquqi-siyasi mühitin demokratikləşdirilməsi imkanları” mövzusunda Ictimai Forum keçirildi.

“Abşeron” hotelində keçirilən tədbirin təşkilatçıları Seçkilərin Montorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə Hüquq və Inklişaf Ictimai Birliyi idi. Foruma QHT, siyasi parrtiya və media təmsilçiləri, ziyalılar, hüquqşünaslar, seçki ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Tədbirdə iştirakçıların müzakirəsinə Seçki Məcəlləsi və digər normativ aktların təkmilləşdirilməsi üzrə Memorandum təqdim olundu. Təqdimat mərasimində Avropa Birliyinin, ATƏT-in, ABŞ səfirliyinin və Milli Demokratiya Institutunun nümyəndələri də iştirak edirdi.

Tədbiri açan hüquqşünas Vidadi Mirkamal Memorandumun yaranmasının səbəbləri barədə məlumat verdi: “Hüquqşünaslar və seçki mütəxəssisləri qərara gəldi ki, bütün siyasi qüvvələrin, cəmiyyətin mövqeyini əks etdirən müəyyən müddəaları sənəd halına salaq. Sənəddə Seçki Məcəlləsinə 6 istiqamətdə dəyişikliklər təklif olunur. Indiyə qədər bu Memorandumu 70-ə yaxın şəxs imzalayıb. Azərbaycanda 2013-cü il seçki ildir, demokratik düşərgə imkanlardan yararlanmasa, çox çətin olacaq. Biz üzdə olan bütün siyasi qüvvələrin bu Memorandum ətrafında bir araya gəlməsinə sevinirik”.

V.Mirkamal onu da vurğuladı ki, I.Əliyevin 3-cü dəfə namizədliyini irəli sürmək niyyətinin qanunsuz olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. “Ilham Əliyevin namizədliyini növbəti dəfə qanunlara zidd olaraq irəli sürməsinə yol vermək olmaz”, deyə V.Mirkamal vurğuladı.

Ciddi seçki islahatlarına başlamaq üçün ilk addım

Demokratik dusergeDaha sonra Hüquq və Inkişaf Ictimai Birliyinin sədri Hafiz Həsənov memorandumda Seçki Məcəlləsinə təklif edilən dəyişikliklərin nədən ibarət olduğu barədə məlumat verdi:
– Ötən seçkilər göstərdi ki, indiki formatda seçki komissiyaları normal seçki keçirmık iqtidarında deyil. Ona görə də bizim hazırladığımız sənəddə seçki komissiyalarının dəyişilməsi və yeni formatda formalaşdırılması nəzərdə tutulur. Namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı da Seçki Məcəlləsində ciddi problemlər var. Biz hesab edirik ki, namizədlərin qeydə alınması zamanı depozit qoyuluşu bərpa edilməlidir. Hazırkı Seçki Məcəlləsi formal bir qanundur. Düşünürəm ki, bu memorandum ölkədə ciddi seçki islahatlarına başlamaq üçün əsas ola bilər.
2000-ci ildən qanunvericilik mürtəceləşdirilib

SMDTM sədri Anar Məmmədli bildirdi ki, 2013-cü il seçki ili başlamamış ciddi pozuntularla yadda qaldı:
– Yanvarın 12-də Müsavat başqanına qarşı Lənkəranda rüsvayçı olay baş verdi. Biz 2005-ci il hadisələrinin yenidən təkrarlanmasını istəmirik. Bütün namizədlər üçün bərabər seçki mühiti yaradılmalıdır. 2000-ci ildən bu yana seçki qanunvericiliyində ciddi dəyişikliklər edilməyib. Qanunvericilik daha da mürtəceləşdirilib. Məcəllənin ciddi islahatlara ehtiyacı var. Eyni zamanda beynəlxalq təşkilatlarla Azərbaycandakı zəruri islahatlarla bağlı əlaqələrə diqqətlə yanaşılmalıdır. Çünki hakimiyyət yenə də ənənəsinə sadiq qalaraq beynəlxalq təşkilatlardakı lobbi əlaqalərindən istifadə etməyə çalışacaq”.
MSK-nın sabiq üzvü Gülağa Aslanlı bildirdi ki, 2000-ci ildən sonra ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə Seçki Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan 24 təklif verib:
– Bizim işimiz bu təklifləri və siyasi qüvvələrin də irəli sürdüyü təklifləri birləşdirərək, memoranduma daxil etmək olub. Uzun müddətdir birlikdən danışılır. Hesab edirik ki, 68 partiya və QHT bu sənədi imzalamağa razılıq veriblərsə, bu, seçkinin azad və ədaətli keçirmək məsələsində cəmiyyətə mesajdır.

Sənəd beynəlxalq birliyə və cəmiyyətə ciddi mesajdır

AXCP sədri Əli Kərimli bildirdi ki, təqdiredici haldır ki, ölkənin ictimai-siyasi qüvvələri bir məsələdə konsensusa gəliblər. Imzalanan sənədin seçki islahatlarının əsas prinsiplərini müəyyənləşdirdiyini deyən Ə.Kərimli vurğuladı ki, ölkənin, demək olar, tanınan partiyaları, ictimai nüfuzu olan ziyalıları, vətəndaş cəmiyyəti institutları, müstəqil hüquqşünasları bu sənədin ətrafında konsensus əldə edib.

– Bu, kifayət qədər ciddi hadisədir. Bu sənədin hamımızın imzalaması həm Azərbaycan xalqına, həm də dünya birliyinə bir mesajdır. Bu sənədi imzalamaqla belə bir suala cavab vermiş oluruq ki, Azərbaycanda demokratik seçkilər keçirilib, hakimiyyət dəyişikliyi olarsa, indiki hökumətdən başqa yerdə qalan bütün siyasi, ictimai qüvvələr daha seçki saxtakarlığı niyyətində deyillər. Seçki komissiyalarının bərabər əsasla formalaşmasına, qeydiyyat və digər seçki mexanizmlərin tam şəffaflaşmasına, bərabər oyun qaydaları şəraitində halal yarışmağa hazırdılar. Bu, müxalifətin verdiyi çox ciddi mesajdır. Hamı bu məsələdə konsensus əldə edib. Buradan beynəlxalq təşkilatlar üçün də çıxan nəticə ondan ibarətdir ki, Azərbaycanda demokratiyanın, azad və ədalətli seçkilərin qarşısını alan yalnız Azərbaycan hökumətidir. Hakimiyyətdən başqa heç kim demokratik şəraitin bərpasına mane olmur.

Bu sənədin çox mühüm bir dövrdə imzalandığını deyən Ə.Kərimli bildirdi ki, bu günlərdə Avropa Şurasında Azərbaycan üçün olduqca prinsipial bir məsələdə Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı məruzə müzakirəyə çıxarılır:
– Bu müzakirə zamanı məlum oldu ki, Avropanın, Qərbin bütün siyasi dairələrinin həmfikir kampaniya aparmasına, “kürü diplomatiyası”nı ifşa etmələrinə baxmayaraq hələ də Avropa Şurasında kifayət qədər böyük “kürü sevənlər” fraksiyası var. Onlar Azərbaycan hakimiyyətinin bu avtoritar idarəetməsinin yanındadırlar. Onlar hakimiyyətin Azərbaycanı korrupsiya bataqlığına yuvarlaònmasından narahat deyillər. Əksinə, bəzən bu prosesdən qazanırlar. Ona görə onlar Azərbaycan xalqının və dövlətinin yanında olmadılar. Azərbaycan xalqını işğal etmiş bir sülalə hakimiyyətinin yanında oldular. Utanmadan bunu etdilər. Biz hər fürsətdən onları utandırmaq üçün istifadə etməliyik. Uzun müddət cəmiyyətdə beynəlxalq təşkilatlardan gözləntilər çox böyük olub. Bəlkə də bunun müəyyən bir əsasları da olub. Çünki çox da böyük olmayan ölkələrdə keçid dövrlərində xarici dəstək mühümdür. Azərbaycan cəmiyyətində də demokratikləşmə ilə bağlı beynəlxalq təşkilatlardan çox böyük gözləntilər var idi. Məncə, Avropa Şurasının qərarı yalnız bir məsələdə pozitivdir. Bu da ondan ibarətdir ki, Azərbaycan xalqı üçün bu səsvermə soyuq duş effekti verməlidir. Hamı başa düşməlidir ki, heç bir illüziya ilə gözlənti olmamalıdır. Azərbaycan xalqı özü səfərbər olunmayana qədər həmin qurumlardan bizim problemlərin həllini gözləmək sadəlövhlükdən başqa bir şey deyil.

Cəmiyyətdə konsolidasiya ovqatı güclənməlidir

Bu sənədin qəbulunun fonunda gündəmin əsas mövzularının lokal halda baş verən hadisələrin olduğunu deyən Ə.Kərimli bildirdi ki, artıq 3 gündür ki, Ismayıllıda fövqəladə vəziyyətdir. Azərbaycan hökumətinin bir rayon miqyasında xalqla savaşdığını deyən Ə.Kərimli vurğuladı ki, hakimiyyət qeyri-bərabər güc tətbiq edir: – Artıq Ismayıllıda həbs olunanların 150 nəfəri keçdiyini və həbs olunanlara işgəncələr verildiyindən söhbət gedir. Açıq-aşkar hakimiyyət Ismayıllının nümunəsində xalqa mesaj verir ki, heç bir sərbəst toplaşmaq azadlığına dözmək, dəyişikliklərə getmək fikrində deyil. Orta Şərqin digər diktaturaları kimi sona qədər xalqı ilə savaşmağa davam edir. Biz belə bir situasiyada biraraya gəlmişik. Biz çox məsuliyyətli şəkildə üzərimizdəki vəzifəni dəyərləndirməliyik. Bu sənədi imzalamaqla anons etmiş olduq ki, biz demokratik seçki istəyirik. Bu niyyət yaxşıdır. Amma açıq danışaq, biz bu niyyətimizi ifadə etmək, seçki islahatlarında həmrəy olduğumuzu imzamızla təsdiq etməklə bu reformalar olacaqmı? Olmayacaq. Ona görə biz bu gün atılan addıma çox pozitiv, amma ilk addım kimi baxmalıyıq. Bu addım növbəti addımlarla müşayiət olunmalıdır, möhkəmlənməlidir. Azərbaycan cəmiyyətində konsolidasiya ovqatı güclənməlidir. Biz səmimi olmalıyıq və bilməliyik ki, indiki şərtlər, Seçki Məcəlləsi, faktiki şərtlər dəyişməsə, sərbəst toplaşmaq azadlığı təmin olunmasa, cəmiyyət hesablanması zəruri olan gücə çevrilməsə, hakimiyyət 2013-cü il prezident seçkilərini də saxtalaşdıracaq. Ona görə də bu gün konsolidasiya istiqamətindəki addım davamlı olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə dərinləşən addımlar atmalıyıq və açıq siyasi iradəmizi ifadə etməliyik. Biz yalnız seçki islahatları modelində yox, seçki islahatlarının həyata keçirilməsində, demokratik seçki mühitinin yaradılmasında, demokratik dəyişikliklərin həyata keçirilməsində həmrəy olmağı bacarmalıyıq. Və heç bir arqument yoxdur ki, biz bu istiqamətdə fəaliyyət göstərə bilmərik. Kim istəyir özünün partiya, ictimai təşkilat fəaliyyətini istədiyi şəkildə davam etdirsin. Amma ümummilli məsələlərdə biz biraraya gəlməliyik.
Irəli sürülən təşəbbüsü təqdir edən Ə.Kərimli vurğuladı ki, bu tərkib bir daha toplanaraq sülalə hakimiyyətinə son vermək üçün ölkənin ictimai rəyini ortaya qoysun:
– Daha bir konsensus sənədimiz ondan ibarət olsun ki, biz 69-cu ildən Azərbaycanı bu və ya başqa şəkildə idarə edən bir ailə hakimiyyətindən qurtarmaq istəyirik. Ilham Əliyevin Konstitusiyaya zidd şəkildə 3-cü dəfə namizəd olmasına hamımız qarşıyıq. Təkcə Ilham Əliyevin yox, bu ailənin sülalə hakimiyyətinin davam etməsinə qarşıyıq. Aydın mesaj verilməlidir. Məncə, bu məsələdə də konsensus əldə edə bilərik.

Xalq Hərəkatına gedən yol

Ümid Partiyasının sədri Iqbal Ağazadə isə bildirdi ki, Konstitusiyaya dəyişikliklərlə Seçki Məcəlləsinə dəyişikliklər məsələsini qarışdırmaq olmaz. Hazırkı mərhələdə Seçki Məcəlləsinə dəyişikliklər məsələsinin üzərində xüsusi dayanılmalıdır.
Normal seçki mühitinin yaradılması üçün atılacaq addımlara da toxunan sabiq vicdan məhbusu Vidadi Isgəndərli vurğuladı ki, hakimiyyət seçki mühiti yaratmaq niyyətində deyil:
– Çünki seçki mühitinin yaranması onun hakimiyyətdən getməsi deməkdir. Niyə bu tədbirdə YAP, hakimiyyət təmsilçiləri iştirak etmir? Niyə onlar gəlib dialoq tərəfdarı olduqlarını ortaya qoymurlar. Çünki bunda maraqlı deyillər. Onlar bilirlər ki, demokratik seçki mühitində bu hakimiyyət hətta bir taksi sürücüsünə də uduzacaq. Kim seçki oyunu oynamaq istəyir, getsin kənarda oynasın.
ACP sədri Sülhəddin Əkbər dedi ki, demokratik qüvvələrin geniş koalisiyasının vaxtı keçir. Bu olmasa biz heç bir dəyişikliyə, adi bir islahata belə nail ola bilməyəcəyik:
– Ölkədə hadisələr ya dağıdıcı prosesə gedib çıxacaq, ya da dinc məcrada dəyişikliklər olacaq. Dinc, mütəşəkkil səviyyəli dəyişikliklərə nail olmaq üçün böyük koalisiya qurmalıyıq”.
AMIP sədri Yusif Bağırzadə bu sənədə bütün demokratik qüvvələrin bir çətir altında birləşdirən sənəd kimi baxdığını dedi:

– Azərbaycandakı sülalə hakimiyyəti xalqın bütün azadlıqlarını, mülkiyyətini əlindən alır. Seçim azadlığını əlindən alır. Bu vəziyyətə son qoymaq üçün bütün demokratik qüvvələr bundan sonra vahid komanda kimi mübarizə aparmalıdır. 

KXCP sədri Mirmahmud Mirəlioğlu vurğuladı ki, Seçki Məcəlləsi, Konstitusiya və Siyasi Partiyalar Haqqında qanun arasında hüquqi nihilizm var.
ALP sədri Əvəz Temirxan isə bu memorandumu imzalamaqla cəmiyyətə mesaj verilmiş olduğunu dedi.
– Biz bu memorandumla yeni xalq hərəkatına gedə bilərik. Bunu imzalamaqla biz hədəflərimizi, birləşə bildiyimizi nümayiş etdirmiş olduq. Bu proses bundan sonra da davam etməlidir.
3-cü dəfə namizədliyə yol vermək olmaz
ADP sədri Sərdar Cəlaloğlu seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı cəhdi alqışladığını dedi.
VAMBP sədri Hacıbaba Əzimov ərsəyə gələn memorandumun hazırlanmasının və ölkənin aparıcı siyasi qüvvələrinin bir çətir altında toplanmasının ciddi nailiyyət olduğunu dedi:
– Son zamanlar ilk dəfədir ki, demokratik düşərgənin geniş spektri iştirak edir. Istiqlalçı Deputatlar Məclisi də bu sənədi alqışlayır. Biz hamımız biraraya gəlib millətin mənafeyinə xidmət edən seçkilərin keçirilməsinə nail olmalıyıq.
Müsavat Partiyasının başqanı Isa Qəmbərin qənaətincə, bu memorandum daha səmərəli sənəddir və onu siyasi qüvvələrin qəbul etməsi ciddi nailiyyətdir:
– Azad və ədalətli seçkinin əlifbası burada aydın ifadə olunur. Ilk dəfədir ki, seçki sənədi ilə bağlı yekdil mövqeyi cəmiyyət, siyasi, ictimai qüvvələr təqdim edir. Burada ifadə olundu ki, növbəti addım Ilham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməsinin qanuna zidd olduğu barədə vahid mövqeyin ortaya qoyulması olmalıdır. Müsavat Partiyası olaraq seçki ilə bağlı bütün demokratik siyasi qüvvələrlə əməkdaşlığa hazırıq. Bu əməkdaşlıq indlikdə funksional əməkdaşlıq olaraq reallaşa bilər. Indiki funksional əməkdaşlığı davam etdirmək lazımdır.

~ tərəfindən Patriot 27/01/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma