HEYDƏR ƏLİYEVİN QANLI “QIŞ ƏMƏLİYYATI” (TAM MƏTN)

isa sadigov

Mühacirətdə olan polkovnik yaxın tariximiz üzərindəki daha bir sirr pərdəsini qaldırır

Bu kampaniya Heydər Əliyev üçün insan taleyi adlı faktorun heç bir önəmi olmadığını göstərdi…

Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.

Bu, həmin ərəfədə orduya komandanlıq edənlərin avantürasından başqa bir şey deyildi. Həm də cinayətkarcasına bir avantüra idi.
Nəticədə bu əməliyyat bizim ordumuza bütün hərbi əməliyyatlar tarixində heç zaman baş verməyən ağır bir məğlubiyyət yaşatdı. Çoxlu sayda hərbi qulluqçu və əsgər donaraq əl-ayağını itirdi, bundan qat-qat artıq adam da qar uçqunları altında qalaraq həlak oldu.
Bu qış kampaniyası işğal olunmuş ərazilərin tamamilə azad edilməsi, dövlət sərhədlərinin bərpası iddiası ilə başlanmışdı, amma həm ölkə, həm də ordu üçün faciəvi bir şəkildə sona yetdi. Bu kampaniya Heydər Əliyev üçün insan taleyi adlı faktorun, hərbi əməliyyatların nəticələrinin, müharibənin hansı şəkildə başa çatmasının heç bir önəmi olmadığını göstərdi.
Amma bu nəticələri görməmək mümkün deyildi. Sadəcə, Heydər Əliyev bu əməliyyatlara sovet dövründən yadında qalmış  “beş illik” planlar kimi yanaşır, burada da “pripiska” əməliyyatlarının keçəcəyini təsəvvür edirdi. O, yalnız özünə güvənir, boş yerə elə hesab edirdi ki, onun imkanlarından xaric ola biləcək heç bir iş yoxdur. Amma bir faktı unudurdu ki, bu, pambıq yığımı deyil və bu əməliyyatlar sözün birbaşa mənasında ölkənin, minlərlə insanın taleyini həll edir.
Mən artıq qeyd etmişəm və bir daha vurğulayıram ki, onun sərkərdəlik keyfiyyətləri, biliyi, bacarığı yox idi; o, sadəcə, bir sovet KQB məmuru olaraq qalırdı. Hərbi əməliyyatların aparılması zamanı intriqalar işə yaramır, burada cəsarət, təşkilatçılıq bacarığı, sərkərdəlik qabiliyyətləri gərəkdir.
O, qış kampaniyasından əvvəl qarşısına qoyduğu əsas  məqsədlərə çatmışdı: hakimiyyəti tam olaraq ələ keçirmiş və öz mövqelərini möhkəmləndirmişdi. Prezident “seçilmək” üçün öz adamlarını bütün zəruri yerlərə təyin etmiş, Surət Hüseynovun isə bütün müqavimət imkanlarını sıfra endirərək, sındırmışdı. Indi isə o, müharibə işinə son qoymalı idi. O,   bu problemi də ildırım sürətilə tez və ən qısa müddətdə yoluna qoymağı hesablayırdı. Düşünürdü ki, bu məsələnin, yəni, hərbi əməliyyatların uzanması onun hakimiyyətini laxlada, onu hakimiyyətdən kənarlaşdıra bilər. Heydər Əliyev bundan çox qorxurdu. Müharibənin uğurla başa çatması üçün o, sərəncamında olan bütün vasitələrdən, təbii ki, həm də OMON- dan istifadə edirdi.
Təəssüf ki, bir sıra zəruri məsələlər haqqında danışa bilməyəcəyəm, amma qısaca onu qeyd edim ki, OMON müharibənin uğurla başa çatması naminə çox iş gördü, çox fədakarlıq etdi, sadəcə, heç bir nəticə olmadı.
Elə buradaca, həm də onu qeyd etməliyəm ki, bu əməliyyatların başlanğıcında Heydər Əliyevin uzaqgörən siyasətçi olmadığı ortaya çıxdı. O, bizim haqlı savaşımızı dini müstəviyə keçirdi. Bəli, məhz, belə etdi. O, Azərbaycanın dini zəmində savaş apardığını təsdiq etmək üçün rəqiblərimizə ciddi arqumentlər verən bir sıra addımlar atdı.
Milli hakimiyyətin zamanında da bir çox mərhələlərdə imkan vardı ki, ölkə xaricindən əlavə hərbi qüvvə cəlb edilsin. Amma Ali Baş Komandan bunun nəticələrini düzgün dəyərləndirərək, kənar qüvvələrin Azərbaycana cəlb edilməsinə yol vermirdi. Əbülfəz Elçibəy bütün dünyaya nümayiş etdirirdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin etmək üçün haqlı savaş aparır və ərazisini terrorçulardan təmizləyir. Elə buna görə də müharibənin gedişi boyu milli hökumət dünya ictimaiyyəti tərəfindən ciddi mənəvi-siyasi dəstək alırdı. Təsadüfi deyildi ki, Kəlbəcərin işğalından dərhal sonra BMT Azərbaycanın tələblərini dəstəkləyən qətnamə qəbul etdi və Kəlbəcərin qeyd-şərtsiz işğaldan azad olunmasını tələb etdi. Heydər Əliyev isə bütün bu uğurları sıfra endirdi. O, heç zaman siyasətçi olmamışdı və sona qədər də ola bilmədi. Buna görədir ki, onun 10 illik, ondan sonra isə oğlunun 10 ildir davam edən hakimiyyəti zamanında ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu sual altına qoyub. Məhz bu kor siyasətin nəticəsidir ki, hələ də dünyanın ayrı-ayrı ölkələrində bəzi KIV-lər Azərbaycanla Ermənistan arasındakı savaşı Islam və Xristianlıq arasında müharibə kimi təqdim edə bilirlər. Hətta bizim günlərdə də bəzən Norveçdə belə, bir sıra polemikalarda sübut etməyə məcbur oluram ki, bu, Azərbaycanın ərazi bütövlüyü və öz ərazisini terrorizmdən xilas etmək üçün apardığı hərbi münaqişədir. Indi də bəzi müzakirələrdə təkzib edilməsi o qədər də rahat olmayan bu xoşagəlməz əsaslar isə 1993-cü ilin sonlarında Heydər Əliyev tərəfindən yaradılmışdı.
Həmin ərəfədə Müdafiə nazirinin səlahiyyətlərini əvəz edən Səfər Əbiyev bu vəzifədən kənarlaşdırılmış və Müdafiə Nazirliyinin sərəncamına verilmişdi. Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayevin vasitəçiliyilə oralarda Məmmədrəfi Məmmədov adlı hansısa generalı tapıb Azərbaycana Müdafiə naziri təyin etmişdilər. O, bir zamanlar Artilleriya məktəbini bitirsə də, bütün hərbi karyerası boyu təchizat işi ilə məşğul olmuşdu. Hərbçilərin termini ilə desək, “tılovik” idi. Baxmayaraq ki, elə həmin zamanlarda Azərbaycan ordusunda Müdafiə Nazirliyini idarə edə biləcək çoxlu səviyyəli və ləyaqətli generallar, döyüş təcrübəsi olan, hərb işini bilən zabitlər vardı, Əliyev bu seçimi etdi. Amma hər halda, Əliyevin iş üsulunu bilənlər üçün təəccüblənməyə dəyməzdi.

Elə bil müharibəyə yox, məhsul bayramına hazırlaşırdılar

Köhnə texnika alveri

Bu ərəfədə həm də, Heydər Əliyevin çoxlu faizlər qazandığı prezident seçkiləri oldu. Yanlış xatırlamıramsa, 90 faizdən artıq idi. Eyni zamanda, fəal şəkildə hərbi texnika və silah-sursat alınırdı. Amma necə? Ermənilərdə müasir T-72- lər olduğu halda, bizimkilər bütün imkanlarını bitirmiş T-54-lər, T-55-lər alırdılar. Bu texnika alverində kiminlə məsləhətləşirdilər, bunları kim tövsiyə edirdi – bəlli deyildi. Amma hər halda, mütəxəssislərlə heç kimin məsləhətləşmədiyi aşkar görünürdü.
Bu ərəfədə orduya çağırış da təşkil edildi və bu çağırışla onlarla batalyon yaradıldı. Amma səfərbərliyə alınan bu batalyonların komplektləşdirilməsi, döyüşə hazırlığı ilə hərbi komissarlar və icra hakimiyyəti başçıları məşğul olurdular ki, bu da gülünc idi. Belə təəssürat yaranırdı ki, millət müharibəyə deyil, hansısa şadlığa, məhsul bayramına hazırlaşır. Kütləvi informasiya vasitələri indi deyildiyi kimi, vətənşüvənlik verilişləri və Heydər Əliyevin çıxışları əsasında hazırlanan proqramlarla, məqalələrlə dolu idi. Prezident ekranlardan düşmürdü ki, düşmürdü. Biz onunla ciddi hərbi əməliyyatlar planını müzakirə etmək istəyirdik, o isə fəalların və “zəhmətkeşlər”in qulaqlarını hansısa siyasi məsələlərlə doldurmağa üstünlük verirdi.
Bir çoxları eyforiyada idi, baxmayaraq ki, ciddi adamlar bu boş və boğazyırtan bəyanatların arxasında heç bir əməli nəticənin olmadığını dəqiq bilirdilər. Ortalıqda elə adamlar cövlan edirdilər ki, kütlələrə “Heydər Əliyevin adı gələn kimi ermənilər qorxub qaçacaqlar, hətta geniş çaplı hərbi əməliyyatlara da ehtiyac olmayacaq” kimi mənasız təbliğat tezisləri sırıyırdılar. Hər şeyin ətrafında və yanında görülən tədbirlər konkret olaraq hərbi əməliyyatların hazırlığı ilə heç bir halda heç nə ilə bağlı olmurdu. Hətta bu zamana qədər aparılan hərbi əməliyyatlardan qazanılan təcrübi nəticələr də nəzərə alınmırdı. Hər şey onun yuxarıdan verdiyi əmr və göstərişlər əsasında, şəxsən onun istədiyi və arzuladığı kimi müəyyən olunurdu. Təkrar edirəm, şəxsi heyəti döyüş əməliyyatlarına hazırlamaq kimi ən vacib və ən əhəmiyyətli işdən başqa bütün işlər görülürdü. Bunun üçün isə bizim zəruri olan bütün qurğularımız, bazalarımız, poliqonlarımız var idi. Amma təəssüf ki, bununla heç kim maraqlanmırdı.
Sanki kiminsə vecinə deyildi və ya nəzərə almırdılar ki, ərazi bütövlüyünün təmin edilməsi uğrunda planlaşdırılan müharibə əməliyyatları miqyasına görə 1992-ci ilin əvvəllərində başlanan kampaniyadan çox-çox böyük olmalı idi. Dağlıq Qarabağ da daxil olmaqla, ona bitişik olan rayonlar da işğal edilmişdi və bu mühüm detalı hökmən nəzərə almaqla hərbi təlimlər aparılmalı idi. Gözlənilən əməliyyatların həcmini nəzərə almaqla buna uyğun həm texniki, həm canlı ehtiyat qüvvələri olmalı idi və ən başlıcası, ən vacibi bu idi ki, bütün hallarda uzunmüddətli hərbi toqquşma variantı da nəzərə alınmalı idi. Bizim, müharibəni ildırım sürətilə və ya müəyyən zaman daxilində aparacağımızdan asılı olmayaraq, uzunmüddətli hərbi əməliyyat ehtimalı hərb işinin əlifbası olaraq, bütün hallarda nəzərə alınmalıdır. Çox təəssüf ki, bu zəruri ehtimal cinayətkarcasına məsuliyyətsizlik üzündən diqqətə alınmadı.
Bundan əlavə, bu kampaniya hazırlanarkən ilin fəsli planın mühüm elementi kimi diqqətə alınmalı idi: həmin ərəfədə sərt qış vardı, yerli şərait isə bildiyimiz kimi, dağlıq və meşəlik ərazidir ki, bu da hərbi əməliyyatların aparılmasını xüsusilə çətinləşdirir.
Və nəhayət, qeyd etdiyim kimi, zəruri ehtiyatların hazırlanmaması. Bu ehtiyat hissələr təlim poliqonlarında gücləndirilmiş proqram üzrə hazırlanmalı, şəxsi heyət bütün silah növlərilə davranmağı bacarmalı və yalnız bundan sonra döyüş zolağına göndərilməlidir.
Qətiyyən az əhəmiyyət daşımayan bir detalı da vurğulamaq istərdim. Kənardan baxanda belə görünürdü ki, hər şey və hər kəs hərb üçün, uğurlu qələbə naminə səfərbər edilib: amma bütün bunların Əliyevin və onun ətrafındakıların ailə üzvlərinə, yaxın qohumlarına heç bir dəxli yox idi. Müharibə aparan bir ölkə üçün bu, çox vacib bir detaldır.

Heydər Əliyev öz oğlunu bu proseslərdən minlərlə kilometr kənarda saxlayırdı…

h_aliyev-1993Bu yazıda dəfələrlə vurğulamışam ki, müharibə aparan millətin, toplumun və ordunun mənəvi-psixoloji göstəriciləri olduqca mühüm faktordur. Döyüşdə iştirak edən əsgər biləndə ki, onun silahdaşı, səngər yoldaşı Ali Baş Komandanın, hansısa nazirin oğludur, qohumudur, bu əsgəri ruhlandırmaq üçün əlavə arqumentə ehtiyac yoxdur. Amma o zaman orduya, hərbi əməliyyatların hazırlanmasına və aparılmasına münasibət bir qədər fərqli idi. Az qala, hər bir məmur özünün yaxın adamlarını müharibədən yayındırmağı düşmən üzərində təsəvvür etdiyi qələbə qədər əhəmiyyətli sayırdı.
Əlbəttə, kimlərsə bunun əhəmiyyətsiz və ya fərdi məsələ olduğunu güman edə bilər. Amma qətiyyən belə deyil. Oğlu, əziz adamı hərbi əməliyyatlarda iştirak edəcək komandir, hərbi və ya siyasi məmur, eyni zamanda, nəzərdə tutulan,  əməliyyat planlarına daha məsuliyyətlə yanaşar, başqalarının övladlarını bu qədər arxayınlıqla ölümə göndərməz. Axı, məhz məsuliyyətsiz düşünülmüş əməliyyatlar planları üzündən minlərlə Azərbaycan gənci nahaqdan məhv oldu. Amma mənim vurğuladığım halda, itkilərimiz bu qədər çox olmazdı, nəticələr isə daha ürəkaçan olardı.
Hətta bu günün özündə də ordu quruculuğuna məsuliyyətsiz münasibətin əsaslarından biri budur. Yayılan məlumatlara görə, atəşkəs dövründə bizim itkilərimizin sayı hərbi əməliyyatların gedişində olduğundan o qədər də fərqlənmir. Bu itkilərin arasında isə hətta aşağı səviyyəli hansısa məmurun da övladı yoxdur. Onları bizim övladlarımızın taleyi maraqlandırmır: onlardan ötrü bu gənclər başqalarınındır, yaddır. Onların övladları günlərini kart oynamaqla, ayıdan- qabandan əllərinə keçəni yeməklə, bahalı maşınlarda fırlanmaqla,.. keçirməlidirlər. Bu, onların adiləşmiş həyat tərzidir. Və qəribədir ki, biz hamımız bu normalarla olduqca rahat şəkildə razılaşırıq…
Axı tarixdən də bəllidir ki, ta qədim zamanlardan çarlar, şahlar, knyazlar müharibə zamanı öz övladlarını əsgərlərin və ya zabitlərin sırasına qoyaraq, onları güllə qabağına çıxarmaqdan çəkinməyiblər. Tarixin dərinliklərinə baş vurmadan, elə həmin diktatorlar sırasından Stalini nümunə olaraq götürə bilərik. Onun hər iki oğlu (onlardan birini Stalin övladlığa qəbul etmişdi) cəbhəyə getmiş, doğma oğlu Yakov isə almanlara əsir düşmüşdü.
Çeçen müharibəsi zamanı Cövhər Dudayevin oğlu atası ilə birgə müharibədə iştirak etmiş və döyüşlərin birində yaralanmışdı. Aslan Masxadov bütün savaş boyu oğlu ilə bir yerdə oldu. Əhməd Kadırov da döyüş əməliyyatlarına oğlu ilə birlikdə gedirdi.
Ümid edirəm ki, hərbi əməliyyatlarda iştirak edənlər mənim nəyi nəzərdə tutduğumu çox yaxşı bilirlər. Əgər Heydər Əliyev də həmin sərkərdələrdən nümunə götürsəydi, onun qalib gəlmək şansı daha yuxarı ola bilərdi. Amma bütün ölkəyə, ölkədəki bütün valideynlərə səfərbərlik çağırışı ilə müraciət edən Heydər Əliyev öz oğlunu bu proseslərdən minlərlə kilometr kənarda saxlayırdı. Müharibənin onun qohumlarına da heç bir dəxli yox idi. Yəqin, daha doğru davranış bu olardı ki, öz qohumlarına, oğluna da hərbi forma geyindirib döyüş əməliyyatlarına yollayaydı, onları çeşidli vəzifələrə təyin edib gəlir yerlərinə nəzarətçi qoymaz, millətin halal haqqını onların arasında bölüşdürmək fikrinə düşməzdi. Tamamilə mümkün idi ki, öz oğlu Ilham Əliyevin, Vasif Talıbovun, Ilqar Əliyevin,.. bölmə və ya bölük komandirləri qismində həmin Kəlbəcər əməliyyatlarına göndərilməsini təmin edəydi. Amma o, belə etmədi. Öz doğmalarından başqa hamını ora yolladı. Onun yaxın qohumları və doğmaları nəinki hərbi əməliyyatlarda yaralanmaq, həlak olmaq, hətta döyüşən əsgər və zabitlərin sırasında dayanmaq belə istəmədilər. Onun və ətrafındakıların hamısının övladları bu müharibədən kənarda qaldılar; bu, onların Vətən uğrunda savaşı olmadı. Onlar vətənin gəlirləri uğrunda savaşa səfərbər edildilər.
Elə buradaca, Milli hökumət zamanı dövlət vəzifələri tutan insanlarla müqayisə aparmaq yerinə düşər. Prezident Elçibəyin və onun yaxın ətrafına daxil olan insanların səfərbərlik yaşına çatmış övladları yox idi. Amma onların hamısının yaxın qohumları bu döyüşlərdə iştirak edirdilər. Baş nazirin müavini Izzət Rüstəmovu xatırlamaq yetər: onun oğlu Başkənd uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu…
Qısaca desəm, Milli hökumət zamanı təşkil edilən 1992-ci ilin yay kampaniyası və Heydər Əliyevin təşkil etdiyi 1993-94-cü illərin qış kampaniyasının timsalında müharibəyə tamam fərqli münasibət bəslənildiyi ortalıqda idi. Elə buna görə də nəticələr tamam fərqli olmuşdu – 1992-ci il kampaniyası böyük uğurla, 1993-cü il qış kampaniyası isə cinayətkarcasına məğlubiyyətlə başa çatmışdı.
Həmin bu qış kampaniyası idi ki, ərazilərimizin 20 faizinin işğalını dəqiqləşdirdi, minlərlə gənc həlak oldu, yüz minlərlə insan öz ev-eşiyindən didərgin düşdü. Bu, Heydər Əliyevin hakimiyyətə gəlişinin dəyəri idi.
Dekabrın ortalarında Əliyevin çağırışı əsasında 33 batalyon təsis edildi ki, bunların da təlimi ilə bir qədər əvvəl dediyim kimi, hərbi komissarlar və icra başçıları məşğul olurdular. Bu, müharibəyə Əliyevsayağı hazırlıq demək idi.  Həmin günlərdə bizi – Müdafiə nazirinin müavinlərini nazirliyə, hərbi kollegiyaya çağırdılar. Əmr edilmişdi ki, müşavirəyə hazır qərarlarla və döyüş xəritələri ilə gələk. Hərbçilər bunun nə demək olduğunu anlayırlar, başqalarına da aydın olsun deyə, izah edirəm: bu, bütün hissələrin və birləşmələrin müharibəyə tam hazırlığının elan edilməsi demək idi.
Orada general Arif Salahov, mən və müdafiə nazirinin bir neçə başqa müavinləri iştirak edirdik. Məqsəd nazir müavinlərinin hesabatını dinləyərək Qış kampaniyasının planını təsdiq etmək idi…

Ter-Petrosyan Əliyevə zəng vurub xahiş etdi ki…

aliyev-terpetrosyanBurada çox əhəmiyyətli bir məsələni qeyd etməliyəm. Təəssüf ki, hərbi əməliyyatların, demək olar ki, bütün gedişi ərzində bu əməliyyatlar yuxarı səlahiyyətli qərargahlar tərəfindən planlaşdırılmırdı, amma bu, onların birbaşa vəzifəsi idi. Planlaşdırma aşağıya, hərbi hissələrin qərargahları üzərinə atılırdı. Bunu yalnız bir şəkildə izah etmək mümkündür ki, yuxarı səlahiyyətli qərargahlar, o cümlədən Baş qərargah hərbi əməliyyatların aparılması və nəticələrinin məsuliyyətini bölüşmək istəmirdilər, bundan qorxurdular. Bütün uğursuzluqlara görə məsuliyyəti aşağıların boynuna qoymaq kimi yaramaz bir ənənə yuxarıdakıları da, faktiki olaraq, lazımsız bir mərhələyə çevirirdi. Necə deyərlər, “azacıq aşım, ağrımaz başım”. Bu, çox acı təcrübədir, bir çox məğlubiyyətlərin başlıca səbəbidir. Hesab edirəm ki, çoxları mənimlə razılaşar. Bu, bir fakt idi.
Müdafiə nazirinin yanındakı müşavirədə çoxlu ağlasığmaz və inanılmaz təkliflər, planlar müzakirə edildi. Əvvəlcə müavinlərdən biri çıxış edərək, problemin həllilə bağlı öz planlarını təklif etdi. Bu təkliflərin hamısı faciəvi dərəcədə gülməli idi. O, cəmi 7 gün ərzində işğal edilmiş bütün əraziləri azad edərək dövlət sərhədlərinə qədər irəliləməyi təklif edirdi. Bu məruzədən sonra Müdafiə naziri ayağa qalxaraq onu qucaqladı və öpdü. Amma bu general mərasimi başa çatdırıb mənim böyrümdə əyləşəndə mən ondan soruşdum: “Hərbi əməliyyatlara qədərki bu mərhələdə o, hansı işləri görüb və bu planı konkret olaraq necə icra edəcək?”
Nazir müavini bildirdi ki, bu cür çıxış etməyi ona müşavirədən əvvəl tapşırıblar: “Mənə dedilər ki, belə danış”. Yəni, cənab generala əvvəlcədən tapşırıblar ki, başqa nazir müavinlərinə nümunə olmaq üçün belə danışmalıdır.
Həqiqətən də, belə bir planla ortalığa çıxan, işğal olunmuş əraziləri cəmi bir həftəyə geri almağı təntənəli və kövrək şəkildə öhdəsinə götürən generaldan sonra başqa cür danışmaq çox çətin olmalı idi.
Qalanların hamısı, ondan nümumə götürməli və müharibəyə başlamağa hazır olduqları barədə ondan daha dərinə işləyən bəyanatlar verməli idilər.
Ikinci natiq də eyni ruhda danışaraq, üzərinə düşən vəzifəni ən qısa müddətdə başa vuracağını bəyan etdi. Amma xırdaca bir problem vardı – onun tabeliyində olan qoşunları bu “ən qısa müddətdə” ön xəttə daşımaq tələb olunurdu. Bu problemə baxmayaraq, ikinci general da bu problemi yerindəcə söz verməklə “həll etdi”, bütün qüvvələri elə bu müşavirədəcə ön cəbhəyə daşıdı…
Açığını desəm, belə gurultulu çıxışlardan sonra özümü narahat hiss etsəm də, gerçək vəziyyəti təsvir etməkdən və alternativ yollar barədə mülahizələri bildirməkdən vaz keçə bilməzdim. Mən auditoriyanın diqqətini qarşıda dayanan vezifənin həcminə, sərt qışa, ehtiyat qüvvələrin olmamasına və şəxsi heyətin döyüş hazırlığının zəifliyinə yönəltməli idim və mənə söz veriləndə bu məsələlər barədə danışdım. Əlavə etdim ki, bütün bu hazırlıqları təmin etmək üçün mart ayına qədər gözləmək lazımdır; həmin zamana, yəni, istilər düşənə və qar əriməyə başlayana qədər briqadalar üzrə batalyonları, korpuslar üzrə briqadaları komplektləşdirmək gərəkdir; söhbət ən azı yaxşı təlim görmüş və komplektləşdirilmiş 7-8 briqadadan gedir; bu briqadaların zabit heyəti isə döyüş əməliyyatlarında təcrübəsi olan kadrlardan ibarət olmalıdır. Eyni zamanda, bildirdim ki, hücum iki mühüm istiqamət üzrə olmalı, bunlardan biri yanıldıcı olmaqla və aralarında 15-20 gün fərq olmaqla, Füzuli və Ağdərə istiqamətində təşkil edilməlidir.
Sərəncamımızda olan zaman ərzində isə ciddi kəşfiyyat işləri aparılmalı, düşmənin imkanları müəyyən edilməli və dəyərləndirilməlidir. Çünki düşmənin imkanlarını düzgün qiymətləndirmədən heç bir uğurlu əməliyyat aparmaq mümkün deyil. Ən elementar müşahidələr də təsdiq edir ki, bu məlumatlar olmadan aparılan əməliyyatlar bir qayda olaraq, uğursuzluqla nəticələnir.
Əliyevin bütün bu incəliklərdən xəbəri yox idi. O, belə hesab edirdi ki, sovet təsərrüfatının inzibati-amirlik doktrinası hərb işi üçün də keçərlidir, siyasi rəhbərliyin planlaşdırdığı hərbi əməliyyatları hərbçilərin icrasına təqdim etmək kifayətdir.
O zaman birbaşa mənim sərəncamımda olan Qərb zonasına gəlincə, mən əlavə qüvvələr cəlb etmədən aparıla biləcək bir neçə variant təklif etdim. Bunların arasında mənim üstünlük verdiyim başlıca variant ondan ibarət idi ki, biz tarixi Azərbaycan ərazisi olsa da, indi Ermənistan hüdudları daxilində olan bir neçə rayonu götürməliyik. Bunlar Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ilə həmsərhəd olan ərazilər idi. Xəritəyə baxan zaman bu ərazilərin götürülməsinin o qədər də çətin başa gələn iş olmadığını hər kəs təsəvvür edə bilər. Bu planı həyata keçirməklə biz bu uzun təmas xəttində saxladığımız böyük hərbi hissələri də başqa zonalara ata bilərdik. Amma bütün bu əməliyyatlar mərkəzləşdirilmiş qaydada, ciddi hazırlıq aparmaqla 1993-cü ilin dekabr ayında deyil, 1994-cü ilin mart ayından tez olmamaq şərtilə başlaya bilərdi.
yelsin - eliyevBurada bir qədər əvvələ qayıdaraq, qeyd etmək istəyirəm ki, mənim təklif etdiyim bu planı biz 1993-cü ilin dekabr ayının 29-da həyata keçirməyə cəhd etdik. Əməliyyat uğurla gedirdi və tam qələbəyə zərrə qədər də şübhəm yox idi. Amma həmin günlərdə Ter-Petrosyan Əliyevə zəng edərək hərbi əməliyyatların dayandırılmasını israrla xahiş etdi. Elə həmin gün Rusiya Federsiyasının prezidenti Boris Yeltsin də Əliyevə dəfələrlə zəng edərək bu cəbhədə savaşın durdurulmasını xahiş etdi.
Keçən yazılarımda qeyd etdiyim kimi, bu telefon diplomatiyası onunla nəticələnmişdi ki, olduqca operativ şəkildə rusların vasitəçiliyilə Gürcüstan ərazisində ermənilər və Azərbaycan nümayəndə heyəti arasında danışıqlar təşkil edilmişdi.
Bu əməliyyat zamanı ermənilər, sözün həqiqi mənasında cəmi bir neçə saat davam gətirmək imkanında idilər. Mən hücuma keçdiyim ordunun şəxsi heyətinə yaxşı bələd idim: bu heyət yaxşı hazırlanmışdı, müharibəyə tam hazır vəziyyətdə idi, psixoloji hazırlıq da yüksək səviyyədə idi.
Bu arada, onu da qeyd edim ki, Qərb zonasında öz imkanlarımız hesabına bir neçə əla təminatlı poliqonlar yarada bilmişdik. Qərb zonasındakı bütün hərbi birləşmələr və hərbi hissələr əmrə tabe idilər.
Mərəkə də buna görə qopdu. Müdafiə naziri mənim məruzəmin mahiyyəti üzrə və xüsusilə, əməliyyatların zamanı ilə bağlı təkidlərimə görə hisslərini cilovlaya bilməyib üstümə qışqırdı və nazir müavinlərinin iştirakı ilə yetərincə cavab aldığı söyüşlər söyməyə başladı. Sonra isə açıq tekstlə dedi: “Əməliyyatların zamanını Heydər Əliyev müəyyən edib və heç kim bunu dəyişə bilməz!”

“Aşkar görünürdü ki, bizi hansı cinayətlərə sürükləyirlər və bunun sonu nə ola bilər”

Nazir hökm etdi ki, onun işi əmr etmək, mənim işim isə bu əmri yerinə yetirməkdir. O, çılğınlaşmış və özünə nəzarəti itirəcək həddə gəlib çıxmışdı. Mən bir daha öz mövqeyimdə qaldığımı israr etdim və bildirdim ki, onun əmrini bir halda yerinə yetirməyə başlayaram: əməliyyatın zəruriliyini iddia etdiyi şəraitdə və şərtlər daxilində bütün əməliyyat boyu mənim yanımda olsun. Döyüş xəritələrini və əmrləri masanın üzərinə tulladım, bəyanat verdim ki, əgər nazir qış kampaniyası ilə bağlı öz düşüncələrinə əsaslandırdığı uyğun əmr verməsə, mən istefaya gedirəm və nazirin otağını tərk etdim. Aşkar görünürdü ki, bizi hansı cinayətlərə sürükləyirlər və bu cinayətin sonu nə ilə nəticələnə bilər.
Hərbi işlə bağlı heç bir təcrübəsi olmayan Ali Baş Komandanın bu avantürasına kor-koranə qatılmaq minlərlə insanın həyatını risk altında qoymaq demək idi. Əlbəttə, Əliyev müharibəni tez-tələsik, hər hansı nəticə ilə başa vurmaq, ölkənin özəlləşdirilməsi proqramına başlamaq, ailə hakimiyyətini möhkəmləndirmək niyyəti güdürdü. Bütün hallarda, o, hərbi əməliyyatları bərpa etməmişdən əvvəl Müdafiə nazirini, briqada komandirlərini dinləməli, avantürist əmrlər verib bunun məsuliyyətini hərbçilərin üstünə atmamalı idi.
Görünür, heç zaman müharibə görməmiş, hərbi əməliyyatların nə demək olduğunu bilməyən Məmmədrəfi Məmmədovu da ona görə Müdafiə naziri vəzifəsinə gətirmişdilər ki, özünün hər hansı təşəbbüsü olmasın, sadəcə, Əliyevin əmrlərinə “ləbbeyk” desin. Əliyevin planlarına düzəliş verməyə və ya bu planlardan tamamilə imtina etməyə onun heç zaman cəsarəti çatmazdı. Təbii, bu, bütün zamanlarda Əliyevin özünə uyğun saydığı ən davamlı kadr siyasəti olub – istər müharibə zamanı, istərsə də ondan sonra onun kadr siyasəti şəxsi təşəbbüskarlığı olmayan buyruq qullarına hesablanıb.
Kollegiya yığıncağından dərhal sonra istefam barədə raport yazaraq, nazirdən tələb etdim ki, bu raporta rəsmən münasibət bildirsin. Mən bəri başdan bütün faciəvi nəticələri bəlli olan bu avantürada iştirak etmək istəmirdim. Buna görə də nazirlə mənim aramda yaranan münaqişə barədə xəbərlər ən qısa zamanda Nazirliyin divarlarını aşıb yayıldı. Mən bir neçə uyğun dövlət strukturlarında oldum, öz mülahizələrimi əsaslandıraraq bu yanlış qərarın dəyişdirilməsinə cəhd etdim. Amma heç cür mümkün deyildi. “Yuxarı”dan verilən əmr ilahi vəhy kimi hamının gözünü və ağlını tutmuşdu və əməliyyat həmin əmrdə göstərilən gündə və saatda başlamalı idi.
rovsen cavadovBurada bir qədər geriyə ekskurs etmək istərdim. Əvvəlki qeydlərimdə göstərmişdim ki, 1994-cü ildə Rövşən Cavadov Gürcüstanın güc strukturlarından birinin rəhbəri ilə görüşmüş və bu görüşdə mən də iştirak etmişdim. Bu görüş barədə Əliyev məlumatlı idi. O, bu görüşlə bağlı məsələləri müzakirə etmək üçün bizim hər ikimizi dəvət etdi. Orada Heydər Əliyev mənə təklif etdi ki, Müdafiə Nazirliyinin sərəncamında qalmaq şərtilə başqa dövləti əhəmiyyətli işlərlə məşğul olum. Mənə elə gəlir ki, o, bu təklifi nazirlə mənim aramda olan konflikti nəzərə alaraq verdi. Buna görə də mən artıq, 1993-cü ilin yanvar ayından başqa işlərlə uğraşmağa başladım. Görəcəyim çox əhəmiyyətli işlər vardı…
Hər şey mənim proqnozlaşdırdığım kimi baş verirdi: heç bir hazırlıq və zəruri ehtiyatlar olmadan Əliyev qış kampaniyasına start verdi. Bütün istiqamətlər üzrə bütün əməliyyatlar ən qısa müddətdə puç oldu. Az qala, bütün hərbi potensialın istifadə edildiyi Füzuli-Ağdam istiqamətində də qüvvələrin məhv edilməsindən başqa heç nəyə nail ola bilmədilər. Baxmayaraq ki, buradakı relyef və başqa göstəricilərdən yararlanaraq, hansısa uğurlar qazanmaq olardı. Bu da olmadı və bütün bunlar elan edilmiş hərbi kampaniyaya vicdansızcasına hazırsızlığın təbii nəticələri idi.
Füzuli istiqamətində əməliyyatdan sonra Zəngilanı bircə həftəyə almağı söz verən nazir müavini vəzifəsindən atıldı. Bütün problemləri “həll edən”, yalnız dislokasiya məsələsində dirənib qalan başqa bir nazir müavini də əməliyyat üzrə tam məğlubiyyətə uğradığına görə vəzifəsindən çıxarıldı.
Bu çaşqın və məğlub durumda rəhbərlik daha bir hücum əməliyyatı haqqında düşünməyə başlayır və heyrətləndirici haldır ki, Kəlbəcər istiqamətində hücum qərarı verilir. Bu qərarın heç bir izahı yox idi! Əgər düzənlik yerdə döyüş əməliyyatları vəziyyəti bizim xeyrimizə deyişə bilməmişdisə, o zaman hansı ağılla, qarlı qışda bu keçilməz dağlarda savaş aparıla bilərdi?!
Çox təəssüf ki, bu labüd qırğını durdura biləcək kimsə tapılmadı. Kəlbəcər əməliyyatı başlamamışdan əvvəl də bəlli idi ki, “qış kampaniyası” iflasa uğrayıb və hərbi əməliyyatları təxirə salıb ciddi hazırlaşmaq lazımdır.
Elə buradaca, qış kampaniyasının uğursuzluqla nəticələnməsinə gətirib çıxaran və əməliyyat hazırlanarkən nəzərə alınmayan bəzi mühüm göstəriciləri qeyd etmək istərdim.
Birinci mühüm göstərici bundan ibarət idi ki, qışda, dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılması üçün təlim görən şəxsi heyət, onun müvafiq təchizatı yox idi.
Ikincisi, ehtiyat hərbi hissələrin olmaması. Bu cür şəraitlərdə döyüş əməliyyatlarını aparan ön xətt ən çoxu 5-10 sutkadan bir yeni qüvvələrlə əvəz edilməlidir.
Üçüncüsü, dünyanın aparıcı ordularında elmi cəhətdən əsaslandırılmış bir göstərici daha var: əgər bu və ya digər əməliyyat zamanı canlı qüvvənin itkisi 10 faizi keçirsə, o zaman həmin əməliyyat planından vaz keçirlər. Bəzi ordularda bu göstərici 30 faizə bərabərdir. Bizdə isə belə bir göstəricinin yuxarı həddini kimsə müəyyən etmir və deyəsən, belə bir həddin mövcudluğu barədə də kiminsə anlayışı yoxdur. Bu, Kəlbəcər əməliyyatı zamanı da özünü göstərdi. Yəni, döyüş əməliyyatına cəlb edilən hərbi hissələr tamamilə məhv olub qurtarana qədər əməliyyatı davam etdirirdilər.
Səfərbər edilmiş batalyonları briqadalar üzrə paylaşıb ehtiyat hissələr yaratmaq əvəzinə, bu qüvvələrin hamısının tamamilə qırılıb qurtardığı ana qədər döyüş əməliyyatı dayandırılmadı.
Üçüncüsü, dağlıq ərazidə döyüş əməliyyatı üçün zəruri miqdarda xüsusi qurğular təmin edilməli idi: xüsusi silahlanma, qayaları aşmaq üçün xüsusi texnika, əməliyyatın aparılması üçün özünəməxsus taktika, müvəqqəti yolların və keçidlərin qurulması və s. Kəlbəcər əməliyyatında bu göstəricilərin heç biri olmayıb.
Dördüncüsü, düşmənin gücünün və imkanlarının öyrənilərək dəyərləndirilməsi. Lazım olan kəşfiyyat məlumatları həmin vaxt əldə edilməmişdi. Bunu da belə əsaslandırdılar ki, orada qar, çovğun var və buna görə də kəşfiyyatçıları oralara göndərməyin heç bir mənası yoxdur. Amma kəşfiyyatçıların göndərilməsinin riskli olduğu bir istiqamətdə, gücü bəlli olmayan düşmənin üzərinə ordunu yollamaq nə qədər müdrik qərar sayıla bilərdi?!
Bunlar Ali Baş Komandan Heydər Əliyevin hərbi “düha”sının görüntülərindən parçalar idi…

O, ermənilərlə savaşdan imtina edib «daxili düşmənlərlə» savaşa başladı…

Qeyd etdiyim kimi, əməliyyatlara bir neçə gün qalmış briqada komandirlərini işdən alaraq, onların yerinə gənc zabitlərin təyin edilməsi cinayətkarcasına yanlış idi. Buna qətiyyən yol vermək olmazdı. Bu təyinatlar ya əməliyyatlardan xeyli əvvəl, ya da sonra baş verə bilərdi.
Nəhayət, ən ciddi səhvlərdən biri bu idi ki, Heydər Əliyev Kəlbəcərin azad edilməsi uğrunda əməliyyata baş prokuror Əli Ömərovu cavabdeh qismində təhkim etmişdi. Bu, Stalinizmin ən uğursuz formada təkrar edilməsi demək idi. Yəqin xatırlayırsınız ki, Stalin Ukraynadakı hərbi əməliyyatlara partiya nəzarətini həyata keçirmək üçün Xruşşovu təhkim etmişdi. Bu halda, Əli Ömərovun timsalında bizim də öz Xruşşovumuz vardı. Mən Əli Ömərovu şəxsən tanımırdım və onun haqqında ilk dəfə 1993-cü ildə, Gəncədə nəqliyyat prokuroru olduğu zamanlarda eşitmişdim.
Xatırlayıram ki, 1993-cü ilin fevral ayında Qazaxda MI-2 hərbi vertolyotu vurulmuşdu. Vertolyotun iki nəfərdən ibarət ekipajı həlak olmuş və Qazax polisinin rəisi Isaxan Aşurov həlak olan hərbçilər üçün iki qara tabut hazırlatdırmışdı. Vertolyotun vurulması faktı üzrə cinayət işi başlamaq üçün hadisə yerinə prokurorluq əməkdaşları gəlmişdi və Əli Ömərov da onlara rəhbərlik edirdi…
kelbecer 1993Və Heydər Əliyev onu böyük bir cəbhədə – Kəlbəcərin azad edilməsi uğrunda hərbi əməliyyatların gedişinə nəzarət etmək üçün yollamışdı. Bu əməliyyatların gedişini də o, müəyyən edirdi: heç kiminlə və heç nə ilə hesablaşmadan tələb edirdi ki, qoşunlar Kəlbəcərə daxil olmalıdır. Tez-tez silahını çıxararaq, komandirlərin üzərinə çımxırmaq kimi vərdişi vardı. Açığı, mən deyə bilmərəm ki, o, silahdan atəş açmağı bacarırdı, ya yox. Onu da dəqiq bilmirəm ki, Əli Ömərov yanvarın 18-də, yoxsa 19-da doğulub, amma israrla istəyirdi ki, Kəlbəcər onun ad günündə azad edilsin (bu, fevral ayı da ola bilər, yoxlamaq çətin deyil).
Bu cür qeyri-ciddi yanaşma ilə hazırlanan həmin əməliyyatlar bizə çox baha başa gəldi: minlərlə insan həlak oldu, qar uçqunları altında qaldı, şaxtadan əllərini-ayaqlarını itirdi. Həmin əməliyyatda iştirak edənlərin bir çoxunun taleyilə bağlı hələ də məlumat yoxdur. Bu, Azərbaycan əsgərinin, eləcə də Azərbaycan xalqının mənəvi-psixoloji durumunu sarsıtdı.
Hələ bu zamana qədər də rəsmi şəxslər bu dəhşətli əməliyyat haqqında heç nə söyləmirlər, heç bir istintaq aparılmır. Amma biz hərbçilər orada nə baş verdiyini bilirik.
Heydər Əliyevin təhriki ilə zorla başladılan bu qanlı əməliyyatların nəticəsinə baxmayaraq, ordunu toparlayıb Qarabağ uğrunda kampaniyanı davam etdirmək mümkün idi. Kəlbəcər uğrunda gedən döyüşlərin dəhşətli məğlubiyyətlə başa çatması, hələ o demək deyildi ki, biz ermənilərin qarşısında tam süqut etmişik. Azərbaycan ordusunun döyüş və qələbə potensialı hələ də böyük idi. Biz düşməni geri oturtmağa və bizim şərtlərimizlə danışıqlar stoluna əyləşməyə məcbur edəcək gücdə idik. Amma Əliyev yenə də hərbçilərin təkid və təkliflərinə qulaq asmadı. O, hesab edirdi ki, ermənilərlə hərbi əməliyyatların uzanması onun Azərbaycan üzərində hakimiyyətinə təhlükə yarada bilər. Buna görə də ermənilərlə savaşdan imtina edib “daxili düşmənlərlə” savaşa başladı. Bu “daxili düşmənlər” isə onun hakimiyyətə gəlişini təmin edən daxili hərbi-siyasi güclər idi. O, hesab edirdi ki, idarəçilik piramidasının yaranmasında ona mane ola biləcək bütün qüvvələr aradan götürülməlidir.
Bax, bu daxili savaş çox qanlı və qəddarcasına aparıldı. Sadəcə olaraq, həlak olan və həbs düşərgələrində məhv edilən minlərlə OMON-çunu, eləcə də bu proseslərə dəxli olmayan günahsız insanları xatırlamaq kifayətdir.
Amma ermənilərlə hərbi əməliyyatları ən uğurlu şəkildə davam etdirmək mümkün idi. Şimal qonşumuzun başı özünə qarışmışdı və Çeçenistandakı labirintdən çıxa bilmirdi. Bu, hər kəsə aydın idi. Amma Əliyev burada da “müdrik” qərar qəbul edərək bəyan etdi ki, problemi sülh yolu ilə həll edəcək.
Bütün kampaniyalarda olduğu kimi, onun bu qərarı da “ümumxalq dəstəyi” qazanmalı idi. Televiziya ekranlarından, digər kütləvi informasiya vasitələrindən Əliyevin minlərlə Azərbaycan gəncinin həyatını “xilas etməsi” barədə düşük nağıllar sırımağa başladılar. Amma həmin təbliğat vasitələri indi inadla susmaqdadırlar ki, Aliyev-Kocharyan-2002Əliyevin atəşkəsi illərində nə qədər azərbaycanlı gənc məhv edilib və əslində, bu qədər itki ilə Qarabağı ermənilərdən çox rahatca almaq olardı.
Şübhəsiz, hamı bilməlidir ki, Əliyevlərin hakimiyyəti davam etdikcə bizim “atəşkəs itkilərimiz” də davam edəcək və bu qədər itkinin əvəzində isə bir qarış da torpağı azad edə bilməyəcəyik. Çünki bu klan Qarabağ problemini heç bir halda həll etmək iqtidarında, əzmində və istəyində deyil. Bu klanı yalnız xalqın sərvətləri maraqlandırır ki, onu durmadan talan etsin.
Indi bizim iki yolumuz qalır. Birincisi budur ki, Qarabağın həmişəlik itirilməsilə birdəfəlik razılaşaq. Ikincisi isə bu klanı idarəçilikdən və hakimiyyətdən rədd edib, millətin bütün problemlərini həll edə biləcək bir hökumət quraq.
Başqa yol, sadəcə olaraq, yoxdur!

~ tərəfindən Patriot 22/12/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma