İLHAM ƏLİYEV “DESPOT” ADLANDIRILDI

aliyev

«Əliyevin lobbi siyasəti daxildə yürüdülən avtoritarizmə «legitimlik donu» geyindirməyə hesablanıb»

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində yayımlanan məqalədə Azərbaycan hakimiyyəti sərt tənqid olunub. Qəzetin əməkdaşı Irina Büşlebin qələmə aldığı yazıda Azərbaycandakı rejimin mahiyyətindən bəhs olunub, ölkənin ciddi demokratik islahatlara ehtiyac duyduğunu vurğulanıb.

“Ilham Əliyev hökuməti keçmiş sovet respublikası olan Azərbaycana demokratik imic vermək istəyir”, – deyə məqaləni Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsəsnovun bu fikrilə başlayan müəllif yazır ki, bununla belə, hakimiyyət təmsilçisi özü də Azərbaycanın hələ demokratiyanın son həddinə çatmadığını etiraf edir.
Irina Büşleb daha sonra ölkədəki ictimai-siyasi durumu təsvir edir: “Azərbaycanda demokratiya sahəsində inkişaf demək olar ki, yoxdur. Ölkədə islahatların aparılması zərurətə çevrilib. Müxalifət, tənqidçi media və müstəqil din xadimlərinin fəaliyyəti tamamilə məhdudlaşdırılıb. Iqtidar formal şəkildə mövcud olan təşkilatlar vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin mövcud olduğu görüntüsünü yaratmağa çalışır. Bununla belə, Avropa və ABŞ-ın bir sıra diplomatları ölkənin demokratiya sahəsindəki inkişafıyla bağlı mütamadi müsbət fikirlər səsləndirirlər. Bunu isə yalnız uğurlu lobbi fəaliyyətinin nəticəsi saymaq olar”.
Müəllifin fikrincə, bu cür təbliğatın məqsədlərindən biri də ölkənin infrastrukturuna vəsait yatırmaları üçün investorların tapılmasıdır. Çünki Azərbaycanda “neft bumu” sona çatsa da, hakimiyyət hələ də qeyri-neft sektorunu inkişaf etdirmək üçün təcrübə qazanmayıb.
Jurnalist yazır ki, lobbi fəaliyyətinin digər və əsas məqsədi isə daxildə yürüdülən avtoritar siyasətə “legitimlik donu” geyindirməkdir: “20 ildir ki, müstəqil olan Azərbaycan olduqca qəliz geosiyasi regionda – Rusiya və Iranın arasında yerləşir. Eyni zamanda, ölkəni narahat edən Qarabağ problemi də hələ həllini tapmayıb. Bütün bunların fonunda xaricdə yaradılan müsbət imic hazırkı hakimiyyətə öz xalqına münasibətdə sərgilədiyi avtoritar siyasətə ”legitimlik donu” geyindirməyə imkan verir. Bu lobbi siyasətinin üzərində xarici piar-agentliklərlə yanaşı, Azərbaycanın yerli təşkilatları da çalışır. Buna misal olaraq, “Azərbaycan Avropa Cəmiyyəti”ni (TEAS) göstərmək olar. Bu təşkilat avropalı siyasətçilər üçün azərbaycanlı caz pianoçusu Isfar Sarabskinin ifası ilə müxtəlif tədbirlər təşkil edir. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, TEAS-ın baş direktorunun atası Azərbaycanın ən varlı sahibkarı və nüfuzlu naziri Kəmaləddin Heydərovdur. Mehman Əliyev deyib ki, “Gilan Holdinq” də fövqəladə hallar nazirinə məxsusdur”.
Məqalə müəllifi həmçinin 2009-cu ildə Azərbaycanda keçirilən referenduma toxunaraq, Avropa Şurasının Azərbaycan Konstitusiyasına edilən mürtəce dəyişikliyə (bir nəfərin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsinə olan qadağanın aradan qaldırılması) birmənalı reaksiya verməməsini təsadüfi saymır: “Avropa Şurası lobbi təşkilatlarının toplaşdığı məkan sayılır. Məsələn, Lüksemburqdan olan deputat Anna Brasser Azərbaycanın müstəqilliyinin 20 illiyilə bağlı Bakıdakı tədbirə hakimiyyətin maliyyə dəstəyilə gəldiyini etiraf edir. Amma məsələn, 4 avropalı siyasətçi 2009-cu ildə Azərbaycanda keçirilən referendumu formal seçki adlandırmışdı. Çünki bu dəyişiklik Ilham Əliyevə prezidentliyə növbəti dəfə namizədliyini irəli sürmək imkanı verir. Həmin avropalı siyasətçilər bu addımı demokratiyanın pozulması kimi dəyərləndirmişdilər”.
Məqalə müəllifi yerli siyasətçilərin də fikirlərinə yer verərək, Avropa Şurasının bu cür siyasətinə Azərbaycanın ictimai-siyasi kəsiminin necə yanaşdığını göstərib: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli və müxalifətdən olan siyasətçi Murad Həsənov hesab edir ki, Avropa Şurası Azərbaycan vətəndaşlarının etimadını itirib. Onlar deyirlər ki, Azərbaycan Avropa Şurasına daxil olmamışdan əvvəl insanlarda ölkənin bu təşkilata üzvlüyünün hakimiyyəti demokratik islahatlara məcbur edəcəyi ümidi var idi. Amma Avropa Şurasının standartları həyata keçmədi”.
Bəzi müşahidəçilərin Azərbaycanda müxalifətin radikallaşacağı haqda proqnozlarına da toxunan Büşerb onu da vurğulayıb ki, neft bitdikdən sonra Azərbaycan cəmiyyətinin sosial tələbləri reallaşmasa, dini radikal qrupların ölkədə aktivləşəcəyi gözlənilir.

~ tərəfindən Patriot 21/11/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin