“TARİXİ UTANCDAN QAÇMAQ ÜÇÜN 18 OKTYABRI BAYRAM SAYMIRLAR”

musteqillik-tedbiri

“Azərbaycana istiqlalı gətirdiyimiz kimi fərdi azadlıqları da gətirəcəyik”

İstiqlalçı deputatlar, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə xidmətləri olmuş ictimai-siyasi xadimlər 18 oktyabr Müstəqillik Günü münasibətilə bir araya gəldilər. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbir Azərbaycan himninin oxunması ilə başladı. Tədbirin aparıcısı Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirdi ki, 80-ci illəri sonunda vüsət almış xalq hərəkatının nəticəsində 350 deputatdan cəmi 43 nəfəri öz təhlükəsizliyini düşünmədən SSRİ-nin saxlanması əleyhinə – müstəqilliyimizə səs verdilər: “Onlardan 25-i Ali Sovetdə Demblok yaratdılar və həmin vaxtdan Azərbaycanın müstəqilliyinin əldə edilməsi sürətləndi. Nəhayət, avqustun 30-da Dövlət Müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul olundu. Lakin biz istiqlalçı deputatlar bəyannamənin zəif hazırlandığını, müstəqilliyimizə təminat verən müddəaların olmadığını görüb mübarizəmizi daha qətiyyətlə davam etdirməyə qərar verdik. Xalq hərəkatına arxalanmaqla oktyabrın 18-də Konstitusiya Aktının qəbuluna nail olduq.

18 oktyabr tarixini gözdən salmaq meylləri var. 2006-cı ilin 8 dekabrında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məsələ qaldırdı ki, Müstəqillik, Konstitusiya və Dirçəliş günləri iş günləri hesab olunmasın. Həticədə Əmək Məcəlləsinə dəyişiklik edildi. O zaman parlamentdə olan müxalifətçi deputatlar bu təklifə etiraz etsələr də, əksəriyyəti kommersantlardan və yaltaq məmurlardan ibarət olan Milli Məclis anti-milli bir qərar qəbul etdi. Bu, dünyada analoqu olmayan hadisədir, çünki postsovet ölkələri də daxil olmaqla normal ölkələrdə əsas bayram günü müstəqillik günü hesab edilir. Azərbaycanda bu hadisə ona görə baş verdi ki, vaxtilə müstəqilliyimizin əleyhinə səs verənlər sonradan dövlət strukturlarına da soxulub millətimizə qarşı çirkin əməllərini davam etdirdilər”.
H.Əzimov bütün bunlarla bağlı hər il olduğu kimi, bu il də prezidentə müraciət etdiyini dedi.

“Xalq o günə hazır olmalıdır!”

İstiqlalçı deputat Məryəm Həsənova 18 oktyabr münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edərək meydan hərəkatını xalqımızın ən şərəfli tarixi adlandırdı: “O meydanda heç kəs bir-birinə kinlə baxmırdı, çünki ora böyük bir xalq seli gəlmişdi. Çox təəssüf ki, Azərbaycan həmin günün bəhrəsini görə bilmədi. Xalqımız açıq əllidir, bu baxımdan yerinin altındakı sərvətin hara getdiyini bilmir. Ancaq bu açıq əllər bir zaman yenə birləşəcək və həmin azadlıq ruhu bir daha qayıdacaq. Xalq həmin günə hazır olmalıdır!”.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Müstəqillik Gününü yalnız 28 may Respublika Günü ilə müqayisə etmək olar: “Azərbaycanın istiqlalı haqqında danışarkən Rəsulzadə başda olmaq ötən əsrin əvvəllərində ölkəmizə istiqlaliyyət gətirmiş şəxslər xatırlanmalıdır. Şübhəsiz ki, müstəqilliyimizin bərpasında ən böyük rol Azərbaycan xalqına, xalq hərəkatının iştirakçılarına və Elçibəy başda olmaqla prosesə rəhbərlik etmiş insanlara məxsusdur. Təəssüf ki, 1993-cü ildə hakimiyyətə gələn irticaçı qüvvələr başlatdığımız prosesi dayandırdı. Ona görə də biz öz rolumuzu bitmiş hesab etməməliyik”.

“Hər himn oxunanda o günləri xatırlayıram”

İstiqlalçı deputat, alim Firudin Cəlilov 21 il əvvəl Müstəqillik Aktına səs vermələrini ilə fəxr hesab etdiyini dedi: “Hər dəfə himnimiz oxunanda o günləri xatırlayıram. 350 deputatın əksəriyyəti köhnə kadrlar olduğundan indiki himnimizi qəbul etmirdilər. Onlar əvvəlki himnin sözlərinin Səməd Vurğuna, musiqisinin Üzeyir bəyə məxsus olduğunu xatırladıb yalnız partiya sözünü çıxartmaqla onu saxlamaqda israrlıydılar. Sonda biz rəhmətlik Yusif Səmədoğlunu çağırıb kommunist deputatların Səməd Vurğunu bəhanə etdiklərini dedik. O, “dədə mənim deyil, istəmirəm” deyəndən sonra həmin deputatlar geri çəkildi”.

“43 deputat saxta referenduma yox dedi və adını tarixə yazdı”

Müsavat başqanı İsa Qəmbər bildirdi ki, həmin günlərdə istiqlala səs vermək və imperiyanın təzyiqlərinə duruş gətirib mövqeyini sona qədər saxlamaq hər kişinin və hər xanımın işi deyildi: “Onların hər biri unikal şəxsiyyətlərdir və mənim üçün çox əzizdirlər. Bu insanlar bu gün də, sabah da sayğı görməlidirlər. Xüsusən də Məryəm Həsənovanı, Dilarə xanımı, Aydın Məmmədovu xatırlayıram. Eyni zamanda, xalqımızın xidməti danılmazdır. Əbülfəz Elçibəyin qətiyyəti isə hərəkatımızı uğurla nəticələnirdi. Gənclər bilməlidir, SSRİ-nin dağılmasında 6 xalqın mübarizəsinin nəticəsi olub və bunların içində Azərbaycan bəlkə də birincidir. Bir məqam var, 1991-ci ildə 43 deputat saxta referenduma yox dedi və adını istiqlalçı deputat kimi tarixə yazdı”.

AMİP lideri Etibar Məmmədov bildirdi ki, Azərbaycan xalqı müstəqilliyini əldə edib, bundan sonra qarşıda başqa vəzifələr dayanır: “Sıravi vətəndaşdan liderlərə qədər hər kəs millətin ümumi mənafeyinin və milli ideyasının nə olduğunu bilməlidir. Bu gün ən böyük milli hədəfimiz Böyük və Bütöv Azərbaycan olmalıdır. Bundan sonra biz dövlət və millət olaraq dünya qarşısında sözümüzü deyə bilərik”.
VHP sədri Sabir Rüstəmxanlı 43 nəfərlə yanaşı, meydandakı xalqın xidmətlərinində danılmaz olduğunu dedi: “Yalnız millətin sayəsində Müstəqillik Aktı qəbul olundu”.
Deputat Vahid Əhmədov isə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi xatırlayaraq onun yad edilməsini vacib hesab etdi.

“Tarix bizi yeni görəvə səsləyir”

ACP sədri Sülhəddin Əkbər müasir dünyada millətlərin və dövlətlərin inkişafının demokratiyadan keçdiyini xatırladaraq dedi ki, Azərbaycan hələ demokratik inkişaf yoluna qədəm qoymayıb: “Hər birimizin arzuları və xəyalları var. Amma unutmayaq ki, böyük xəyalları gerçəkləşdirən millətlər və insanlar tarixdə qalır. İndi tarix bizi yeni görəvə səsləyir və bizlər buna hazır olmalıyıq”.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirdi ki, Ali Sovetdə İsa Qəmbərlə müstəqilliyin qəbul olunmasını tələb edəndə, onları fitə basmışdılar: “O zaman mandatımızı təhvil verib çıxdıq. Sonra proseslər elə getdi ki, referendum haqqında qərar qəbul olundu və biz aclıq aksiyasına başladıq. Mənim ən şərəfli vəzifəm xalq hərəkatının sıravi üzvü olmağımdır”.

“Əli bəy, sən düz yoldasan ki, hakimiyyət səndən qorxur”

İ.Həmidov çıxışında AXCP sədri Əli Kərimliyə olan hücumları da pislədi: “Əli bəy, sən düz yoldasan ki, hakimiyyət səndən qorxur və üstünə gəlir. Əli bəy kimi insanları itirməyə haqqımız yoxdur. Əli bəyin qədrini bilək”.
Daha sonra H.Əzimov AXCP sədri Əli Kərimliyə söz verərək onun həm Azərbaycanın istiqlalı, həm də hazırda demokratikləşməsi uğrunda qətiyyətlə mübarizə apardığını bildirdi.

“Xalq o boyda imperiyadan müstəqillik alıbsa, bu balaca qruplaşmanın işğalında olan hakimiyyətini alacaq”

Ə.Kərimli çıxışına Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etməklə başladı: “Bu bizim böyük bayramımızdır. Çox təəssüf ki, Azərbaycanda bir çox şeylər kimi, bu tarixi günə də ədalətsiz münasibət var. Bəzi günlərdən süni bayramlar düzəldilir. 15 sentyabr Bakının işğaldan azad edilməsi və 18 oktyabr Müstəqillik Günü kimi əlamətdar günlər isə layiqli qiymətini almır. Heç olmasa bizlər – istiqlal mübarizəsində iştirak etmiş insanlar bu tarixi günə düzgün qiymət verməliyik. Azərbaycan hökuməti niyə bu bayrama – müstəqillik hərəkatına belə ögey yanaşır? Bayramlıqdan tamamilə çıxarmağa cəsarət etməyiblər, amma faktiki bayram kimi qeyd etmirlər. Hakimiyyətdə olanlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasında heç bir rol oynamayıblar. Bu tarixi utancdan qaçmaq üçün bu günü bayram saymırlar və tarixi saxtalaşdırırlar. Hakimiyyətdəkilərin düşüncəsi odur ki, xalq heç kimdir, heç nəyə qadir deyil. Əgər ovaxtkı xalq hərəkatının qələbələrini etiraf etsələr, gərək onu da etiraf etsinlər ki, xalq qadirdir. Xalq o böyüklükdə imperiyadan müstəqillik alıbsa, bu balaca qruplaşmanın işğalında olan hakimiyyətini də ala biləcək. Bax bundan qorxurlar. İstəmirlər ki, xalq özünə inansın, xalqın rolu etiraf olunsun. Hakimiyyəti işğalda saxlayan qüvvələr öz opponentlərinin tarixi xidmətlərini etiraf edə bilmirlər. Azərbaycana dövlət müstəqilliyini qazandıran insanlara gah element, gah satqın, gah düşmən deyirlər. Azərbaycan uğrunda mübarizədə yer almayan, buna heç bir haqqı olmayan insanlar Azərbaycan xalq hərəkatının iştirakçılarını mütəmadi olaraq aşağılayırlar. Əgər tarixi həqiqət ortaya çıxsa, tarix unutdurulmasa, Azərbaycan müstəqilliyi uğrunda mübarizə olduğu kimi indiki və gələcək nəsillərə çatdırılsa, bu yalan ortaya çıxacaq. Məlum olacaq ki, Azərbaycan üçün çöpü çöp üstünə qoymayanlar kimlər olub. Bu gün həmin o İstiqlal ordeni alanların nə dərəcədə Azərbaycanın istiqlaliyyətinə aidiyyəti olub. Məlum olacaq ki, Azərbaycan dövlətini quranlar kimlər olub. Ona görə də tarixi saxtalaşdırırlar. Öz aləmlərində yalançı nəzəriyyə irəli sürürlər ki, SSRİ-nin dağılması obyektiv proses idi, ona görə Azərbaycan azad oldu. SSRİ kimi başqa imperiyalar da var idi. Birpartiyalı sistem niyə Çində yaşayır, niyə Yuqoslaviyada dağıntılar o qədər fəsadlar törətdi, niyə Kuba, Şimali Koreya hələ dözür? Azərbaycan kimi 5-6 ölkənin böyük milli hərəkatı həmin o xalqlar həbsxanasını sarsıtdı. İdarə edə bilmədilər. Rusiyada islahatlara başlayanların məqsədi bizə azadlıq vermək deyildi. Onlar imperiyanı təzələyib davam etmək istəyirdilər. Biz o məqamdan xalq olaraq istifadə etdik, geridönməz proses yaratdıq, Azərbaycana istiqlal qazandırdıq. Bu məsələdə heç bir rolu olmayanlar qorxaqlıqlarına, biganəliklərinə, fərariliklərinə haqq qazandırmaq üçün bu yalanları ortaya atdılar. Azərbaycan xalq hərəkatının adsız qəhrəmanlarını xüsusi qeyd etmək istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin danılmaz rolunu dəfələrlə qeyd etdiniz. O cümlədən sizin – istiqlalçı millət vəkillərinin o prosesdəki danılmaz rolu hər zaman qeyd olunmalıdır. Bu bizim tariximizin şərəfli bir parçasıdır. Amma eyni zamanda hamı etiraf etməlidir ki, bizim 18 oktyabrda əldə etdiklərimiz yüzillik bir prosesin nəticəsi idi. 20-ci əsrin əvvəlindən başlamış, Sibir sürgünlərində, mühacirətdə davam etmiş, 88-ci ildə yüzminlərin iştirakı baş tutmuş böyük xalq hərəkatının nəticəsi idi ki, onun rəsmiləşməsində də sizlər şərəflə iştirak etdiniz. Həmin o adsız qəhrəmanlara hamımızın minnətdarlıq borcu var. Onların bir çoxu bu gün də Azərbaycanın demokratikləşməsi üçün çalışır. Onlara demək istəyirəm ki, narahat olmayın, mübarizənizi davam etdirin. Azərbaycana istiqlalı gətirdiyimiz kimi fərdi azadlıqları da gətirəcəyik”.

Advertisements

~ tərəfindən Patriot 18/10/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma