AZƏR RÖVŞƏN: “DÖVLƏT HƏR UNİVERSİTET TƏLƏBƏSİNƏ İLDƏ 13 MİN AVRO XƏRCLƏYİR”

azer rovsen

“Almaniyanın inkişafının köklü səbəbi yüksək təhsildir və alman keyfiyyəti deyilən bir anlayışdır”

“Oradan görünən Azərbaycan” rubrikasının bu dəfəki qonağı Almaniyanın Berlindən sonra ikinci böyük şəhəri olan Hamburqda yaşayan soydaşımız Azər Rövşəndir. O, 1998-ci ildən Almaniyada, dünyaca məşhur və XVI yüzillikdə artıq öz birjası və bankçılıq sistemi, donanması olan füsunkar Hamburqda yaşayır. Hamburqda 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədridir. Kiçik ticarətlə məşğuldur. Evlidir, 3 övladı var.

– Almaniya bu gün dünyanın inkişaf etmiş ölkələrindəndir. Sizcə, Almaniyanın bu qədər inkişaf etməsinin köklü səbəbi nədir?

– Almaniyanın ümumi illik büdcəsi 2 trilyon 700 milyard avrodur və bu hər il artmaqda davam edir. Buna səbəb təbii ki, ilk olaraq almanların ağır sənayeyə önəm verməsidir. Almaniyanın iqtisadiyyatı çox güclənib. Bu təkcə ağır sənayedə deyil, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında da özünü göstərir. İnkişafın köklü səbəbi isə ən birincisi yüksək təhsildir və bir də alman keyfiyyəti deyilən bir anlayışdır. Alman keyfiyyətsiz, zay mal istehsal etməyi özünə sığışdırmaz. Hər bir alman təqdim etdiyi məhsulunu rəqabətə davam gətirəcək halda istehsal etməyə çalışır. Almanlardakı bu rəqabəti yaradan səbəb ölkələri ilə qürur duyğusundan, sözün əsil mənasında vətən sevgisindən irəli gəlir.

– Almaniyanın da yerüstü, yeraltı sərvətləri varmı? Bu ölkənin əsas gəlir mənbəyi, ümumiyyətlə, iqtisadiyyatı haqqında nə deyə bilərsiniz?

– Almaniya iqtisadiyyatı sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvələri, inkişaf etmiş infrastrukturlar, böyük həcmdə kapital ehtiyatları var. Bu sistemlərdə baş verə biləcək korrupsiyanın qarşısını dövlət çox ciddi şəkildə alır. Ölkədə korrupsiyanın və rüşvət meyllərinin qarşısının alınması üçün də güclü sistem fəaliyyət göstərir. Göstəricilərə görə, Almaniya Avropada birinci, dünyada 4-cü yeri tutur. Bundan başqa, Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri, külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutur. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. Bunlar avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsullarıdır. Almaniyanın iqtisadiyyatının güclənməsinin bir səbəbi də var. Almaniyada azad iqtisadiyyat var. O ölkələrin iqtisadiyyatı inkişaf etmir ki, onlarda iqtisadiyyatın bütün sahələri monopoliyaya alınıb.

– Bəs Almaniya təhsili barədə nə deyə bilərsiniz? Bu təhsil sistemi sırf alman təhsil sistemidir, yoxsa götürülmədir?

– Alman dövləti illik gəlirlərinin 4,3 faizini təkcə ümumi təhsil ocaqlarına xərcləyir. Burada dövlət universitetdə oxuyanlara ildə adam başına 13 min, texniki peşə və orta məktəbdə oxuyanlara 5-7 min arası avro vəsait xərcləyir. Bu artıq öz-özlüyündə təhsilin hansı səviyyədə olduğunu və dövlətin təhsilə nə qədər önəm verdiyini sübuta yetirir. Almaniyada təhsil hər sahədə yüksək səviyyədə inkişaf edib və etməkdə davam edir. Bu sistemə sirf alman modeli demək olar, buna hətta “Humboldt proyekti” də deyirlər.

– Hər bir xalqın gəncliyi onun gələcəyidir. Almaniyanın gələcəyini necə görürsünüz? Bu ölkədə dövlət gənclərə necə qayğı göstərir?

– Bayaq qeyd etdiyim kimi, almanlar bütün sahələrdə öz işinin ustasıdır və hər zaman gənclərin ali təhsil alması, eləcə də, hər hansı bir peşə sahibi olması, yaşayıb-yaratması üçün bütün lazımı sosial təminatla təmin olunurlar. Hətta ailə quran gənclərə belə maddi yardım verilir. Belə olan halda Almaniyada yaşayan gənclərin gələcəkdə daha da qurucu və çox inkişaf etmiş bir ölkəyə sahib olacaqlarına heç kimin şübhəsi olmamalıdır…

“Hər bir alman vətəndaşı Almaniya üçün önəmlidir”

– Bəs Almaniyada hamilə qadınlara, uşaqlara hansı təzminatlar var? Məsələn, hamilə qadınlara analıq məzuniyyəti necə tənzimlənib? Uşaq pulu nə qədərdir və uşaqlara başqa hansı dövlət təzminatı var?

– Almaniyada nəinki qadınlar və uşaqlar, bütün vətəndaşlar dövlət üçün önəm kəsb edir. Bir sözlə, hər bir alman vətəndaşı Almaniya üçün qiymətlidir. Sözsüz ki, gələcəkdə ana olacaq qadınlar da dövlətin bütün sosial təzminatından bəhrələnirlər. Məsələn, gələcək ananın məzuniyyəti boyunca hər ay onun işlədiyi idarə və ya müəssisənin hesabına aldığı maaşının yarısı qədər vəsait ödənir. Xatırladım ki, Almaniyada aylıq əmək haqqı 1200 avrodan aşağı deyil. Əgər hamilə qadın evdar qadındırsa, kommunal xidmətlərdən başqa, hər ay ona dövlət 365 avro maddi yardım edir. Bu proseslər qanunla tənzimlənir, eyni zamanda uşaq dünyaya gəldikdən sonra ona dövlət 16 yaşına çatana qədər hər ay 185 avro uşaq pulu verir. Ana uşağı dünyaya gətirən kimi ona əlavə təzminat ödənilir ki, bu pulla uşaq arabasından tutmuş, uşağa lazım olan hər bir ləvazimatı almaq imkanı olsun. Bir sözlə, Almaniyada uşaq dünyaya gələndə kilsə belə öz maddi yardımını əsirgəmir…

– Bu ölkənin səhiyyə sistemi haqqında nə deyə bilərsiniz? İndiyə qədər Almaniyanın səhiyyəsindən yararlanmısızmı?

– Mən bunu qısa olaraq belə izah edə bilərəm ki, Norveç, Yaponiya, Qətər və digər ölkələrin ümumi gəliri Almaniyadan daha çox olduğu halda burada səhiyyə sistemi o ölkələrdəkindən daha yüksək səviyyədə inkişaf edib. Almaniya dövləti vətəndaşlarına dünyada ən yüksək səviyyəli səhiyyə xidməti göstərir. Eyni zamanda dünyanın hər bir yerindən Almaniyaya müalicəyə gəlirlər. Alman vətəndaşı dünyanın harasında olur-olsun, ona təcili tibbi yardım lazım olduqda buranın klinikalarında fəaliyyət göstərən xüsusi təcili yardım təyyarələri və helikopterləri hazır vəziyyətdə olur və gərək olduqda uçub həmən şəxsin yardımına yetişirlər. Bununla da almanların səhiyyəsinin hansı səviyyədə olduğuna siz özünüz qiymət verin. Təbii ki, mən də lazım olduqda bu səhiyyədən istifadə edirəm və bundan məmnunam…

– Almaniyanın nəqliyyat sektorunda vəziyyət necədir?

– Almaniyada 12 min km sürət yolu (autobahn) var, 55 milyon avtomobil (bura motosikletlər də daxildir) mövcuddur. Təkcə Hamburq şəhərində 220 metro stansiyası fəaliyyət göstərir. Məndə olan məlumata görə, 10 ildən bir avtomobil yolları, iyirmi ildən bir isə dəmir yolları yenilənir. Almaniyanın ən böyük hava limanı Frankfurtda yerləşir, ildə 53 milyon sərnişinə xidmət göstərir, eyni zamanda hava nəqliyyatı ilə yük daşımada da ən müasir tələblərə cavab verir.

“Bir ağac sındıran 10 ağac əkməli və cərimə ödəməlidir”

– Bu ölkədə yaşıllığa, təbiətə münasibət necədir?

– Statistikaya görə, təkcə Almaniyanın paytaxtı Berlində 420000 ağac var. Əgər hər hansı insan bir ağacı məhv edərsə, o şəxsə bir ağacın yerinə cərimə ödədikdən sonra öz vəsaiti hesabına 10 ağac əkdirirlər. Ümumiyyətlə, Almaniyada insanların ağacı sındırması və ya kəsməsinə rast gəlməmişəm. Buna çox nadir hallarda təsadüf edilə bilər. Almanlar təbiətə çox üstünlük verir və beləliklə də, Almaniyanın hər yeri həqiqətən, yaşıllığa qərq olub, burada yaşayan insanlar yaşıllıqdan zövq alırlar…

– Almanların dəmir kimi möhkəm xarakteri qanunsuzluqlara daha çox meyl edən azərbaycanlı üçün çox çətindirmi?

– Mən deməzdim ki, azərbaycanlılar qanunsuzluqlara daha çox meyllidirlər, xeyr, sadəcə yaşadıqları mühitə uyğun hərəkət etməkdədirlər. Almaniyada isə qanunun aliliyi mövcuddur, kimliyindən asılı olmayaraq, hər kəs bu qanunlara riayət etməlidir. Qanuna riayət etmək çətin deyil. Üstəlik, görəndə ki bütün qanunlar sənin səadətin, sağlamlığın üçündür, buna can-başla əməl edirsən.

– Almaniyadan baxanda Azərbaycan necə görünür?

– Buradan Azərbaycana baxanda düşünürəm ki, Almaniya başqa planetdə yerləşən şəhərdir. Bunu sevinə-sevinə demirəm. Azərbaycan mənim vətənimdir, doğma yurdumdur. Çox istəyirəm ki, Azərbaycan o qədər inkişaf etsin ki, bütün dünyadan baxanlarda da həsəd hissi yaratsın. Orası da var ki, Almaniyanın dövlət kimi formalaşmasından illər keçib. Yəni Almaniya böyük bir tarixə, zəngin mədəniyyətə malik ölkədir.

Arzu Abdulla

Advertisements

~ tərəfindən Patriot 11/08/2012.

2 Cavab to “AZƏR RÖVŞƏN: “DÖVLƏT HƏR UNİVERSİTET TƏLƏBƏSİNƏ İLDƏ 13 MİN AVRO XƏRCLƏYİR””

  1. salam evvala kecmis bayraminiz mubarek men muradov sennan rovsen oglu 6 ildi serbest gulesle mesgulam isterdim almaniyada yasayim ve almaniya bayragi altinda gulesim mene nece komek ede bilersiz diqqetinize gore sagolun

  2. men muradov sennan 96 kq cekide respublikada yoldasliq goruslerinde rayonlar arasi baki cempionatda 5 qizil 4 burunc 1 gumus udmusam aileliyem teze evlenmisem mene komek edin men almaniyada yasamaq isterem 0515911002 mabilni nomremdi orta mektebi xarici dil alman dili olubdu azda olsa uc aya temiz alman dilinde danisa billerem oxudunusa evvelceden tessekur minataram

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: