MÜXALİFƏT BAKININ MƏRKƏZİNİ YENƏ SİLKƏLƏDİ (VİDEO)

14 may mitinq

Dinc etiraz aksiyayası amansız polis zorakılığı ilə qarşılaşdı

İctimai Palatanın mayın 13-də “Dərnəgül” metro stansiyasının qarşısında mitinq keçirməyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə vermədiyi üçün aksiyaçılar da sərbəst toplaşmaq hüquqlarının pozulmasına etiraz olaraq mayın 14-də paytaxtın bir neçə yerində piket keçirdilər. ATƏT müşahidəçiləri və xarici jurnalistlərin gözləri qarşısında aksiya iştirakçılarına divan tutuldu.

Polisin qəddarlığı…

mixalifer 14 may piketSaat 13:00-a təyin olunan aksiya başlamazdan öncə metronun “İçərişəhər”, “Sahil” stansiyaları, “Axundov bağı”, “Sabir bağı”, “Nizami bağı”, “Fəvvəralər meydanı” polis və mülki geyimlilər tərəfindən nəzarətə götürmüşdü.

Aksiyaçılar piketə “Sabir bağı” ərazisindən başladılar. Onlar “İstefa!”, “Azadlıq!” şüarları səsləndirərək BŞİH-in binasına doğru yürüş etdilər. Tez bir zamanda toparlanan polislər aksiyaçıların önünü kəsdi. Üzərində vicdan məhbuslarının şəkilləri olan köynəklər geyinmiş aksiyaçılar günahsız yerə həbs olunanların azadlığa buraxılmasını tələb edirdilər. Aksiyaya mülkləri əlindən alınan vətəndaşlar da qoşulmuşdular.

Polislər canlı sədd yaradaraq aksiyaçıların BŞİH binası önünə keçməsinə mane oldular. Bunu görən mitinqçilər “Sabir bağı”ndan üzü aşağı hərəkət etməyə başladılar. Bu zaman qarşıdurma yarandı. Polislər və mülki geyimlilər aksiyaçılara hücum çəkərək onları təhqir etdilər. Qanuni haqlarını tələb edən iştirakçılar zorakılıqla üzləşdilər.
AXCP sədrinin müşaviri Şakir Abbasov, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli, AXCP NTK üzvü Arzuman Məcidli, AXCP fəalı İltifat Mehdiyev, İbrahim İbrahimli qəddarcasına döyüldü. “Asayiş keşikçiləri”nin qarın, ayaq, üz nahiyələrinə vurduğu zərbələrə tab gətirməyən Təzəxan Mirələmli və İltifat Mehdiyev bayıldı.

Qadınlara da divan tutdular

Daha da aqressivləşən polislər qadınlara da əl qaldırmağa başladı. Qatmaqarışqılıqdan istifadə edən mülki geyimlilər AXCP sədrinin müavini Gözəl Bayramlıya, partiya fəalları Kəmalə Xəlilovaya, Şəkər İsgəndərliyə, Zərifə Məhyəddinovaya qarşı zorakılıq etdilər.
Bütün bu vəhşiliklərə baxmayaraq aksiya iştirakçıları polis kordonunu yararaq “Fəvvarələr meydanına” doğru yön aldılar. Polis bir neçə cəhddən sonra mitinqçiləri “Nizami bağı”na doğru sıxışdırmağa başladı. Nizami Gəncəvinin heykəli önündə iştirakçıları dövrəyə alan polislər bir neçə dəqiqə onların şüar səsləndirməsinə maneçilik törətmədi. Bakı Şəhər baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun əraziyə gəlməsindən sonra yenidən aksiyaçılara divan tutulmağa başlandı. Əraziyə Çevik Polis Alayı da cəlb edildi. Yoldan ötən 14 saylı marşurutu saxlayan hüquq mühafizə orqanlarının əməkdaşları 10-dan çox aksiya iştirakçısını, o cümlədən Gözəl Bayramlı, Zərifə Məhyəddinova, Kəmalə Xəlilovanı avtobusa mindirib ərazidən uzaqlaşdırdı.
“Azadlıq” hayqıran müsavatçı Elmar Nəbi və bir neçə gənc həbs edilərək polis maşınına mindirildi.

Məktəblini qovub xəsarət yetirdilər

1 saylı məktəbin qarşısındakı yolda bir məktəbli oğlan “İstefa!” şüarı səsləndirəndə polis və mülkigeyimlilər onu qovmağa başladı. Məktəbli oğlan polislərdən canını qurtarmaq üçün özünü yaxınlıqdakı yeraltı qaraja atdı və bu zaman yıxıldı. Dəftəri, kitabı, çantası yerə səpələndi. Onun alnından qan axırdı. Kitablarından oğlanın 8-ci sinifdə oxuduğu görünürdü. Adını açıqlamayan məktəbli aksiyaya öz istəyi ilə qoşulduğunu dedi. Polislər onu tutsalar da, sonradan sərbəst buraxdılar.

Polislər gənclərin üstünə şığıdı

Bir müddət sakitlik yaranandan sonra gənclər toparlanıb növbəti dəfə aksiya keçirməyə başladılar. Kiçik qruplar şəklində toparlanan aksiyaçılar yenidən “Azadlıq!”, “İstefa!” şüarları səsləndirərək hərəkətə keçdilər. Polislər əllərində vicdan məhbuslarının şəkilləri olan gənclərin üzərinə şığıdılar. Polislər gənclərin qaldırdıqları şəkilləri cırdıqca, onlarda əl çantalarından həmən şəkillərin yenilərini çıxarıb qaldırırdılar. Bu zaman müsavatçı gənclər Nigar Yaqublu, Yeganə Hacıyeva, Səxavət Soltanlı və Müsavat başqanı İsa Qəmbərin oğlu, “Nida”çı Turqut Qəmbərə qarşı zorakılıq oldu. Digər gənclər polisin əlindən qurtulsa da, Turqut Qəmbər həbs edildi.

AXCP-dən aldığımız xəbərə görə, 14 may aksiyasında partiya sədrinin müavinləri Asəf Quliyev və Gözəl Bayramlı, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Binəqədi şöbəsinin sədri Akif Babayev, Yevlax şöbəsinin sədri Şəkər İsgəndərli, partiya fəalları Kəmalə Xəlilova, Afina Əliyeva, Zərifə Məhyəttinova , Natəvan,  Səxavət Mehdiyev, Hüseyn Fərhadov, Əhməd Dadaşov, Rəşad Mahmudov, Dəyanət Babayev, Razin Ağasiyev, Ehtiram Mehdiyev, Vüsal Bayramov, Mərdan və Elşən saxlanılaraq polisə aparılıblar. Sonradan onların hamısı sərbəst buraxılıb.
Müsavat Partiyasından da bildirdilər ki, aksiya zamanı bir neçə nəfər partiya üzvü saxlanılıb və sonradan sərbəst buraxılıb.




~ tərəfindən Patriot 15/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: