“QARŞIMIZDAKI HƏDƏF XALQI BU REJİMDƏN QURTARMAQDIR”

ali kerimli

Əli Kərimli: “Bilsələr ki, pasportum olsa, ölkəni tərk edərəm, bir günün içində çox məmnunluqla mənə pasport verib ölkədən çıxmağımı təmin edərlər”

Xarici mətbuatda, xüsusilə də Almaniya mediasındakı çıxışları son vaxtlar onu növbəti dəfə hakimiyyətin hədəfinə çıxarıb. İqtidar qəzetləri bu addımı xəyanət sayır, YAP-çı deputatlar isə Azərbaycana qarşı “qərəzli” yanaşmalara məhz bu kimi materialların stimul verdiyini iddia edirlər. AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının (İP KŞ) üzvü Əli Kərimlinin bu haqda “Yeni Müsavat”a geniş müsahibəsini oxuculara təqdim edirik:

– Əli bəy, Almaniya mətbuatında müəllif yazıları, müsahibələrlə çıxış etməyiniz iqtidarda nədən bu qədər narahatçılıq doğurub və bu narahatçılığa bir əsas varmı?

– Təqribən 7 il bundan qabaq hökumət məni pasportdan məhrum edib. Bununla da mənim xarici səfərlərimin qarşısını inzibati yolla, zorla alıb. Amma bəlkə də oxucuların yadından çıxıb ki, hansı hadisələrdən sonra mən pasportdan məhrum edildim. 2005-ci ilin oktyabr ayında Avropa Parlamentində, 2006-cı ilin yanvarında isə AŞ PA-da çıxışım oldu. Azərbaycan hökumətinin bütün nöqsanlarını yüksək tribunadan səsləndirib həmin beynəlxalq qurumlara təklif etdim ki, Azərbaycan hökumətinin könüllü olaraq öz xalqı və Avropa qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün prinsipial mövqe seçmək lazımdır. Xüsusilə o zaman yenicə saxtalaşdırılmış parlament seçkilərinin nəticələri ilə bağlı. Bundan sonra Azərbaycan hökuməti fikirləşdi ki, Əli Kərimlinin xarici səfərləri, beynəlxalq əlaqələri onların rejimlərini ifşa edir, saxtakarlığının dünyaya yayılmasına səbəb olur, ona görə də qərara gəldilər ki, məni blokada etsinlər, dünyadan eləsinlər. Bu məqsədlə məni pasportdan məhrum etdilər. Amma medianın, internetin inkişafı mənə imkan yaradıb ki, bu blokadanı yarım. Evin içində otura-otura dünyanın müxtəlif KİV-ləri ilə əlaqələr yaradıram, bəzən özüm onlara məqalə yazıram, bəzən onlar mənə suallar verirlər. Beləliklə, mənim məqalə və müsahibələrim təkcə Almaniyada deyil, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna, Avstriya, Polşa, İsveçdə çap olunur və hökumət yenidən çox narahat olmağa başlayıb ki, pasportu almağın faydası qalmadı. Yenidən bizim səsimiz dünyaya çatır, yenidən Azərbaycanda indiki vəziyyətlə barışmayan, susdurulması mümkün olmayan bir qüvvənin olduğundan dünya xəbər tutur. Azərbaycan hökumətinin yaratmaq istədiyi saxta imic ifşa olunur. Azərbaycanda əslində real olaraq hansı bir hakimiyyətin olduğu, bu hakimiyyətin xalqın sərvətlərini necə talan etdiyi, bu hakimiyyətin mahiyyətcə Yaxın Şərqdə geniş yayılmış sülalə hakimiyyətlərindən heç nə ilə fərqlənmədiyi bütün dünyaya məlum olur. Ona görə də çox acıqlıdırlar. Hər dəfə hər hansı bir problemləri olan kimi həmin problemin səbəbini öz siyasətlərində axtarmaqdansa, ya hansı hansısa beynəlxalq dairələrə hücum edirlər, yaxud da problemlərin səbəbini mənim xarici mətbuatda gedən yazılarımda axtarırlar. Çox primitiv yanaşmadır. Ölkə hökumətinin problemlərinin kökü öz yarıtmaz və acgöz idarəetmələrindədir. Bu acgözlükdən imtina etsələr, xalqa zülm yox, xidmət göstərsələr, hər şey yoluna düşə bilər. Yəni prinsip etibarilə hələ də onların yaranmış vəziyyətdən çıxış yolları var. Amma çox təəssüf ki, onlar səhv istiqamətdə hərəkət edirlər. Nə mənə və müxalifətə, nə də Almaniya, Avropa, ABŞ-a olan hücumlar hər hansı bir şəkildə problemləri həll etməyəcək. Əksinə, bu hökumət düşdüyü bataqlıqda bir az da dərinə getmiş olacaq.

– Söz düşmüşkən, pasport almaqdan artıq əlinizi üzübsünüz, yoxsa, mübarizə davam edir?

– Bu məsələ bir sıra beynəlxalq dairələr tərəfindən səssizcə, mətbuata məlumat verilmədən müzakirə olunur. Amma mən bilirəm ki, xeyli beynəlxalq dairələr məsələni hökumətlə müzakirə edirlər. Çünki həm Avropa Şurası, həm ATƏT, həm də ABŞ Dövlət Departamentinin rəsmi sənədlərində mənə pasport verilməməsi ciddi bir hüquq pozuntusu kimi qiymətləndirilib. Digər tərəfdən, mənim işlə əlaqədar şikayətim Avropa Məhkəməsinin gündəliyindədir. Ümid edirəm ki, çox keçməz Avropa Məhkəməsi bu işə baxar.

– Qəribəsi budur ki, bir sıra şəxslərin ölkəyə qayıdışına qadağa qoyulduğu halda, sizin ölkədən çıxmağınıza imkan verilmir. Hakimiyyət üçün daha yaxşı olmazdımı ki, Əli Kərimli ölkəni tərk eləsin və hətta bir də geri dönməsin?

– Təbii ki, hakimiyyət üçün yaxşı olardı. Amma mənim ölkədən getmək fikrim yoxdur axı. Bu saat bilsələr ki, pasportum olsa, ölkəni tərk edərəm, bir günün içində çox məmnunluqla mənə pasport verib ölkədən çıxmağımı təmin edərlər. Amma onlara belə bir sevinc yaşatmaq fikrim yoxdur.

– Qaynınızın həbsi sizə qarşı kampaniyanın tərkib hissəsi kimi qeyd olunur. Bu kimi növbəti hadisələrdən sığortalanmaq üçün hansısa variantınız varmı?

– Açığı, elə bir şəraitdə yaşayırıq ki, nə repressiyalardan, nə təzyiqlərdən sığortalanmaq imkanımız yoxdur. Repressiya və təzyiqlərə immunitet yaratmaq lazımdır, sığortalanmaq yox. Bir halda ki, belə ağır bir işin altına girmişik, kimlərlə üz-üzə olduğumuzu bilirik, ona görə də gərək heç nə bizim üçün gözlənilməz olmasın. Mən qohumlarımı, yaxın adamlarımı da mütəmadi olaraq buna hazırlayıram. Onlara izah edirəm ki, çox təəssüf ki, Azərbaycan hökuməti belə bir geridəqalmış təfəkkürə sahibdir və müxalifət liderinin yaxınları da hökumət üçün az qala düşmən kimi görünür. Ona görə də mən qohumlarıma, yaxınlarına hələ neçə illər bundan qabaq təklif etmişəm ki, onlar istəyirlər ya ölkədən getsinlər, ya mənimlə qohumluqdan imtina etsinlər. Yaxud da hər zaman həbs olunmağa hazır olsunlar. İndiyə qədər onlarla yaxınlarım, qohumlarım mənə görə işdən çıxarılıb. İnzibati həbsə alınanların sayı-hesabı yoxdur. Bir neçə il bundan qabaq əmim oğlu həbs olunmuşdu, indi də qaynım həbs edilib. Nəzəri cəhətdən bu proses davam da edə bilər. Amma bu proses nə indiyə qədər mənim siyasi mövqeyimə təsir göstərməyib, nə də bundan sonra təsir göstərməyəcək. Çox təəssüf ki, hökumətin belə bir qəddar siyasəti nəticəsində günahsız insanlar cəzalanırlar.

Hər zaman hökumətə müraciətlə deyirəm ki, sizinlə mübarizə aparan mənəm, sizin rahatlığınıza mane olan mənəm! Yəni rahat şəkildə bu ölkənin sərvətlərini talan etməyinizə, əbədi hakimiyyət planları qurmağınıza mane olan mənəmsə, günahsız adamları incitməyin! Mən hakimiyyət tərəfindən atılacaq istənilən addımlara, şəxsən özüm, hazıram! Amma günahsız, siyasətə aid olmayan, üstəlik, xəstə olan insanlara qarşı bu cür addımların atılması anti-insani hərəkətlərdir. Qalsın onların öz vicdanlarına.

– Belə hadisələr qohumlarınızın sizə qarşı münasibətində dəyişikliyə gətirib çıxarırmı?

– İctimaiyyət bilir ki, hətta məndən, qohumluqdan imtina edənlər də olub. Ən azı bir əmim oğlu haqqında ictimaiyyət məlumatlıdır. Amma böyük əksəriyyət başa düşür ki, mən düzgün yoldayam. Ən azı, mənim hansısa hərəkətim bilavasitə onların repressiya və təzyiqə məruz qalmağına səbəb deyil. Mən öz həyatımı öz ideallarıma, prinsiplərimə, önəm verdiyim dəyərlərə uyğun sürdürmək istəyirəm. Onlar başa düşür ki, mən heç kimə pislik etmək istəmirəm. Əksinə, mən nəinki qohumlarımın, bütövlükdə Azərbaycan xalqının rahat, ədalətli şəraitdə yaşaya bilməsi, hüquqlarının pozulmaması üçün öz həyatımın böyük bir hissəsini qurban vermişəm, rahatlığımdan keçmişəm. Ona görə də onların əksəriyyəti bu nəticələrə görə məni qınamırlar.

– “Eurovision”a qədər 2 aprel məhbuslarının azad olunacağı barədə ümidverici açıqlamalar eşidilməkdədir. Sizdə də bu ümid varmı və əgər iqtidarın belə bir addımı olarsa, o halda İctimai Palatanın qərarlarına yenidən baxması, taktikasında dəyişiklik etməsi mümkündürmü?

– Mən dediyiniz ümidli bəyanatlarla bağlı hər hansı şərh verməyə çətinlik çəkirəm. Əgər hakimiyyətdə azacıq sağlam düşüncə qalıbsa, əlbəttə, bu addımı atmalıdır. Amma digər tərəfdən, yalançının evi yandı, inanan olmadı misalı var. İctimaiyyətə bu ümidləri o qədər veriblər ki, hər ay hansısa vasitələrlə informasiya sızdırıblar ki, bu bayram məhbuslar azad olacaq. Amma indiyə qədər onların hamısı yalan çıxıb. Ona görə də mən çətinlik çəkirəm. Artıq bu hökumətdə yalanla doğru bir-birinə qarışıb. Əlbəttə ki, məhbusların azad olunması bizim keçirdiyimiz tədbirlərin birinci tələbidir. Bu addım ölkədəki vəziyyətə müəyyən bir pozitiv təsir göstərə bilər. Amma bunu edib-etməmək hökumətin məsuliyyətidir. Mən bir daha vurğulayıram ki, əgər bu addımı atmasalar, bu, olduqca böyük səhv olacaq. Bu, həm insani baxımdan iqtidardakıların tərcümeyi-halında qalacaq, qara ləkə olacaq, həm də anti-humanist və şəxsi maraqlara görə Azərbaycan dövlətinin maraqlarını alçaltmağın klassik nümunəsinə çevriləcək. Eyni zamanda, siyasi cəhətdən də böyük səhv olacaq; hökumət “Eurovision” yarışması günlərində bu hərəkətinə görə dəfələrlə peşman olacaq. Ona görə də hökumət bu səhvi düzəltməlidir. Bu səhvin düzəlməsi daha sivil mübarizənin perspektivlərinə, ölkədə dəyişikliklərin daha sivil yollarla gedə biləcəyinə ümid yarada bilər.

– Hakimiyyət mənsublarını çox maraqlandıran və narahat edən bir məsələ də budur ki, müxalifət “Eurovision” günlərində nə edəcək: davamlı aksiyalarmı keçirəcək, yoxsa fasilə elan edib yarışmanın bitməsinimi gözləyəcək…

– Özünüz deyirsiniz ki, bu məsələ hökuməti çox maraqlandırır və müəyyən mənada çox narahat olur. Bir halda ki, bu, belədir, biz niyə bütün planlarımızı bəribaşdan elan edək?

– Almaniyaya qarşı “savaş” davam edir…

(Gülərək) Bəli, Siyavuş Novruzovun və Ziyafət Əsgərovun birlikləri Berlinə yaxınlaşırlar…

– Parlamentin sonuncu iclasında bir taktiki gedişi müşahidə etdik. YAP-çılar dedilər ki, bu, rəsmi münasibətlərdəki gərginlik deyil, ayrı-ayrı alman dairələrin, mətbuatın Azərbaycandakı destruktiv qüvvələrlə birgə yaratdığı problemdir. Bu iddialarla bağlı fikriniz nədir?

– Dünyada böyük dəyişikliklər baş verir. Azərbaycan hökuməti, hökumətdə məsul vəzifə tutan şəxslər belə görünür ki, bu dəyişikliklərin mahiyyətini, fəlsəfəsini başa düşə bilmirlər. Bu dəyişikliklər yalnız onda deyil ki, aşağılar, əsarətdə olan xalqlar artıq köhnə qaydada yaşamaq istəmirlər. Bu, dəyişikliklərin yalnız bir tərəfidir. Dəyişikliklərin ikinci mühüm tərəfi ondan ibarətdir ki, indi artıq dünya siyasətini müəyyənləşdirən dairələrin də dünyagörüşündə ciddi dəyişiklik olub. Amerika, Avropa Birliyinin yönəldiciləri gerçəkdən də inanıblar ki, demokratiya universal dəyərdir. Həm insani, həm də onların praqmatik maraqları baxımdan demokratiyanın daha yeni coğrafiyada, xüsusilə onların sərhədlərində, onları maraqlandıran bölgələrdə bərqərar olması onların həm dəyər və prinsiplərinə, həm də maraqlarına uyğundur. Bax, bunu artıq həmin o Qərb liderləri özü üçün müəyyənləşdiriblər. Uzun illər ərzində Qərb liderləri özləri də etiraf ediblər ki, sabitlik naminə demokratiya, insan haqlarının tapdanmasına göz yumublar. Bunu ən yüksək səviyyədə etiraf edir və bunun səhv olduğunu iddia edirlər. Bu, dünyada birinci dəyişiklikdir.

“Dünyada elə bir vəziyyət yaranıb ki, korrupsionerlərlə oturub-durmaq təhlükəli olmağa başlayıb”

Artıq dünyadakı böyük güc sahibləri gerçəkdən də demokratiyanın bütün xalqların haqqı olduğunu, bütün xalqların demokratiyaya layiq olduğunu və demokratiyanın onların da dəyərlərinə və maraqlarına uyğun olduğunu qəbul ediblər. İkinci böyük dəyişiklik ondan ibarətdir ki, indi artıq dünyada elə bir vəziyyət yaranıb ki, korrupsionerlərlə oturub-durmaq təhlükəli olmağa başlayıb. Dünya mediasının güclənməsi, yeni medianın, internetin inkişafı ona gətirib çıxarıb ki, çox böyük ciddi siyasi karyerası, ictimai nüfuzu olan insanlar çox asanlıqla hansısa korrupsionerlərlə şübhəli əlaqələrinə görə bir göz qırpımında bütün siyasi karyeralarını itirə bilirlər. Fransanın xarici işlər naziri ərəb inqilabları başlayanda nəyin qurbanı oldu? Onun qurbanı oldu ki, Tunisin prezidenti ben Əli ilə müəyyən şübhəli əlaqələri var idi, lüks kurortlarda istirahətini onun hesabına keçirirdi. Hadisələr başlayan kimi ilk vəzifəsini itirənlərdən biri o oldu. İndi Fransa müxalifəti çox ciddi şəkildə Sarkoziyə qarşı onun müəyyən avtoritar liderlərlə əlaqələrini istifadə edir və bu, çox ciddi faktor kimi gündəliyə çıxıb. Böyük Britaniyanın aparıcı universitetlərindən birinin rektoru Qəddafinin oğlundan bonus mükafat aldığına görə dərhal istefaya məcbur oldu. İndi artıq korrupsioner kimi tanınmış, dünya liderlərinin dostu, lobbiçisi olmaq kifayət qədər çətinləşib və bunu Azərbaycan hökumət də başa düşməlidir. Çünki bu hökumətlə yaxın münasibətlərə görə nə qədər avropalı, qərbli siyasətçinin başı ağrıyır? Yəni əgər indiyə qədər Azərbaycan hökumətində ümid var idisə ki, dünyanın hər yerində rüşvətə meylli məmurlar, diplomatlar, siyasətçilər tapıb onlara rüşvət verib keçinmək, problemləri adlatmaq olar, indi artıq o ümidlər yoxa çıxmalıdır. Hələ də bir neçə nəfər qalıb ki, onlar beynəlxalq səviyyədə korrupsiya ilə məşğul olmağa risk edirlər, amma ümumi qlobal tendensiya belədir ki, artıq korrupsioner liderlərin pullarını dünyada almırlar, onlardan rüşvət götürmürlər, artıq onların rüşvət dükanları bağlanıb. Azərbaycan hökuməti bunu hələ də anlamaqda çətinlik çəkir, hesab edir ki, hamını pulla sakitləşdirmək, satın almaq, susdurmaq, mövqeyini dəyişdirmək olar.

– Belə bir yanaşma da var ki, ötən il ərəb dünyasındakı proseslərdə əsas söz sahibi olan Fransanın başı seçkilərə qarışdığından Almaniya Avropa Birliyi adından danışır və Azərbaycana münasibət də nəinki tək Berlinin, hətta Avropa Birliyinin mövqeyidir. Razılaşmaq olarmı?

– Avropa Birliyi hüququn üstünlüyünə inanan, – hətta bu, bir dövlət deyil, 27 dövlətin bir araya gəldiyi, normalar, qanunlar, prinsiplər üzrə idarə olunan bir qurumdur. Bu qurumun Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətləri xüsusi müqavilələrlə, öhdəliklərlə nizamlanır. Bu müqavilə və öhdəliklər indiyə qədər Azərbaycan tərəfindən pozulur. Amma Avropa Birliyi təkcə Azərbaycana münasibətdə yox, Belarusa, Ukraynaya, Ermənistana münasibətdə nümayiş etdirir ki, onlar öz tərəfdaşından məsuliyyətli davranmağı tələb etməyə başlayıblar. Dövlətlərin könüllü şəkildə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini hər yerdə tələb edirlər, bu, tək Azərbaycana aid deyil. Ona görə də Azərbaycan hökuməti başa düşməlidir ki, bu baş verənlər, yəni Bakıdan demokratiya və insan haqlarına hörmət tələbləri hansısa bir neçə alman jurnalistinin, alman mediasının, yaxud bir neçə deputatın özfəaliyyəti deyil. Bu, ümum Avropa da yox, ümum Qərb tendensiyasıdır. Sizi əmin edirəm ki, bu prosesdə ABŞ, Avropa Birliyi də hamılıqla iştirak edəcək. Hansı prosesdə? Azərbaycanın demokratikləşməsinə kömək etmək prosesində. Hər kəs Azərbaycanın demokratikləşməsini istəyir. Azərbaycan hökuməti heç də xalqı aldada bilməz. Həmin o dünya gücləri ki, Azərbaycan xalqına hörmət tələb edirlər, Azərbaycan xalqının nifrətini həmin bu güclərə çevirmək olmaz. Azərbaycan xalqı necə o qüvvələri yad, düşmən hesab edə bilər ki, o qüvvələr Azərbaycanı işğal etmiş bu iqtidardan tələb edirlər ki, xalqına insan kimi yanaş, onun konstitusiya ilə təsbit olunmuş hüquqlarını ver, onun əmlakını bu şəkildə dağıtma. Xalqına imkan ver ki, özünə vaxtaşırı prezident və parlament seçə bilsin. Bunu deyən qüvvələrə Azərbaycan xalqı nifrət edə bilməz. Əksinə, bu qüvvələrin simasında özünün azadlıq mübarizəsində təbii tərəfdaş və müttəfiqlər görür. Azərbaycan hökuməti heç kimin oxumadığı, baxmadığı televiziya və qəzetləri ilə guya Azərbaycan xalqının gözündən, Almaniya başda olmaqla, Qərbi salmaq siyasəti aparır. Amma hər kəs bu təbliğata gülür. Bir özünə, öz problemlərinə bax, ondan sonra Avropanı, Almaniyanı aşağılamaq haqda düşünərsən. Ona görə də nə Azərbaycan xalqını aldada, nə prosesi dayandıra bilməzlər. Azərbaycan xalqı isə bu pozitiv prosesi görüb qiymətləndirməli, amma arxayınlaşmamalıdır. Azərbaycan xalqını xəbərdar etmək istəyirəm ki, bəli, dünənlə müqayisədə bu gün dünyada Azərbaycanın demokratikləşməsini istəyənlər daha çox və qətiyyətlidir. Amma bu, bizim tənbəlliyimizə haqq qazandırmır. Biz özümüz hamılıqla demokratiya üçün fədakar mübarizə aparmasaq, dünyadakı bütün demokratik qüvvələrin simpatiyası da Azərbaycanda öz-özünə dəyişikliyə gətirib çıxara bilməz.

– Sizdə əminlik hardandır ki, 2003-də Azərbaycanda hakimiyyət dəyişikliyinə dəstək verməyən böyük dünya gücləri 2013-də tam əks mövqedən çıxış edəcəklər?

– Artıq indiki şərtlər 2003-cü ilin şərtləri ilə müqayisəolunan dərəcədə fərqlidir. Hər kəs görür ki, bu gün Azərbaycan hökuməti nəinki ciddi qüvvələr tərəfindən dəstək alır, əksinə, bu hökumət özü də etiraf edir ki, bütün onu əhatə edən, regionda marağı olan ciddi qüvvələr bu hakimiyyətin siyasətinə etiraz edir. Ona görə də əgər 2003-cü ildə Azərbaycandakı sülalə hakimiyyəti beynəlxalq birliyin dəstəyi ilə öz hakimiyyətini bərqərar etdisə, indi və bundan sonra bunu gözləmək mümkün deyil. Bundan sonra əlbəttə ki, ölkədə daxili siyasi mübarizə daha həlledici olacaq və hakimiyyətin, seçkilərin taleyini daxili siyasi mübarizə həll edəcək. Çünki artıq Azərbaycanın ailə hakimiyyətinin beynəlxalq havadarları olduqca az qalıb. Hələ “tamamilə yox olub”, demək istəmirəm. Təəssüf ki, qaranlıq işlərə meyl edən siyasətçilər dünyada qalır. Azərbaycan hökuməti də çox məharətlə belələrini axtarıb tapır. Etiraf etmək lazımdır ki, bu işdə onlar çox məharətlidirlər. Amma bundan sonra Azərbaycanla bağlı mühüm beynəlxalq qərarlara həmin dairələrin təsir edəcəyini düşünmürəm.

– Hakimiyyət təbliğatının bir gözləntisi də 2013-cü il seçkiləri ərəfəsində İsa Qəmbərlə Əli Kərimli arasında namizədliklə bağlı problemlərin yaranması ehtimalı ilə bağlıdır. Qarşıdakı seçkidə iki liderin razılaşmaması ehtimalı nə qədər ciddidir?

– Bu, gündəmə tamamilə yersiz gətirilən məsələdir. İqtidar mətbuatına təlimat verilib ki, İctimai Palatanın daxilində mütləq təfriqə salmaq, müxalifət liderləri, partiyaları arasında qarşıdurma yaratmaq lazımdır. Yeri gəlmişkən, görürsünüz də bu haram pullardan nə qədər böyük büdcə ayrılıb, hər gün bir sayt, bir qəzet gündəmə buraxırlar. Tək məqsədləri odur ki, ölkə müxalifətini parçalasınlar, amma bunun bir faydası olmayacaq. Ölkədə seçkinin demokratik keçirilməməsinin səbəbi o deyil ki, müxalifət birləşə bilir, ya bilmir; namizəd bir, yaxud çox olur. Ölkədə, ümumiyyətlə, seçki mühiti yoxdur və bu mühiti yaratmaq əsas məqsədimizdir. Məhz bu il elə vəziyyət yaranmalıdır ki, hər kəs, elə hökumət özü də başa düşsün ki, daha Azərbaycanda seçkiləri saxtalaşdırmaq mümkün olmayacaq. İP-in gündəmində bu məsələ durur. İP seçki kampaniyası aparmır, Azərbaycan xalqını bu rejimdən xilas etməyə çalışır. Bizim qarşımızdakı hədəf hazırda xalqı bu rejimdən qurtarmaqdır, kiminsə seçki kampaniyasını aparmaq deyil.

~ tərəfindən Patriot 05/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma