“İNDİKİ İQTİDAR ÇOX SƏVİYYƏSİZDİR”

rustem ibrahimbeyov

Rüstəm İbrahimbəyov xalqı mübarizəyə səslədi

“Azərbaycan vəhşi avtoritarizmdən diktaturaya keçir”

Yazıçı və kino xadimi, Azərbaycan Ziyalılar Forumunun qurucularından olan Rüstəm İbrahimbəyov “Media forum” saytına geniş müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

– Müxalif İctimai Palata ilə Azərbaycan Ziyalılar Forumu əməkdaşlıq niyyətinə gəlib. Bu əməkdaşlıq hansı sahələri əhatə edəcək?

– Hazırda Ziyalılar Forumu və İctimai Palata arasında müzakirələr gedir. Müzakirələr birgə fəaliyyətin hansı formada mümkün olması, birgə nə edə biləcəyimizin müəyyənləşdirilməsi üçün aparılır. Forum fəaliyyətini yalnız İctimai Palata ilə əməkdaşlıqla məhdudlaşdırmaq istəmir. Azərbaycanda olan bütün islahatçı qüvvələrlə birgə addımlamalıyıq, mütləq bir araya gəlib birlikdə işləməliyik, fəallığı artırmalıyıq.
İctimai Palata ilə əməkdaşlığın dəqiq formasını müəyyənləşdirməmişik, konkret sazişlər hələlik yoxdur. Xaricdəydim, Azərbaycana yeni qayıtmışam, tezliklə görüşüb birgə müzakirələr aparıb bir nəticəyə gələcəyik. Ziyalılar Forumu ilə İctimai Palatanın bir çox məsələdə mövqeyi üst-üstə düşür. Ölkədəki ağır duruma, baş verən proseslərə, hakimiyyətə münasibətdə bizim mövqelərimiz çox yaxındır. Mövqelərimiz yaxın olduğuna görə birgə fəaliyyət göstərə bilərik, bunu müzakirə edib birgə addımlar atmalıyıq.

“Siyasətə qarışmağa məcburuq”

Amma Ziyalılar Forumu ilə İctimai Palatanın üsulları tamamilə ayrıdır. Onlar birmənalı olaraq sırf siyasi müxalifətdir. Biz isə Azərbaycanda vətəndaş cəmiyyətini gücləndirmək, ictimai rəy yaratmaq istəyirik. Hakimiyyəti dəyişmək bizim məqsədimiz deyil. Ziyalılar Forumunun əsas məqsədi prinsipləri dəyişdirməkdir. Siyasi mübarizə aparmırıq, amma siyasətə qarışmağa məcburuq. Çünki indiki siyasəti konkret adamlar həyata keçirir. Ölkədə baş verənləri, hakimiyyətin siyasətini, haqsızlıqları tənqid edəndə şəxsiyyətlərin də adını çəkməyə, onlara keçməyə məcbur oluruq. Amma indiki mərhələdə biz prinsiplərlə mübarizə aparırıq.
İndi Azərbaycanda mübarizə vaxtıdır, çünki düşmənlərimiz var, ölkəmizdə güclü, möhkəm hökumət olmalıdır. Ancaq güclü, möhkəm hökumətin olması üçün Azərbaycanda güclü və möhkəm vətəndaş cəmiyyəti yaranmalıdır. Belə vətəndaş cəmiyyəti, institutları olmayanda ölkədə rejim avtoritarzimdən diktaturaya keçir. Bu isə çox təhlükəlidir. Çünki hamı bilir ki, belə olanda gec-tez xalq ayağa qalxır, küçələrə tökülür, üsyan edir və avtoritarizmin, diktaturanın qarşısını almaq üçün hər şeyi dağıdır. Tarix, heç uzağa getməyə ehtiyac yoxdur, müasir tarix də bunu təsdiq edir, hər şey bizim gözümüzün önündə baş verir.

“Bunun axırı çox pis olacaq”

Mən hesab edirəm ki, Azərbaycan üçün ən qorxulu məsələ inqilabdır. Bu bütövlükdə Ziyalılar Forumunun mövqeyidir. Ona görə də bizim əsas məqsədimiz indiki hakimiyyəti islah etməkdir. Düzdür, bu heç də asan deyil, bəlkə heç mümkün də olmadı. Problem ondadır ki, indiki iqtidar çox səviyyəsizdir. Mən Bakıya qayıdanda qəzetləri oxudum və bir daha o qənaətə gəldim ki, indiki hakimiyyət çox səviyyəsizdir. Almaniyanı Azərbaycanın düşməni elan ediblər, bu ölkəni müxtəlif məsələlərdə günahlandırırlar. Hakimiyyət çox dayaz, savadsız siyasət həyata keçirir. Digər tərəfdən isə ölkədə korrupsiya tüğyan edir, insanlar ağır vəziyyətdə yaşayırlar, həyat günü-gündən çətinləşir. Bunun axırı çox pis olacaq.
Ölkədəki ağır vəziyyəti dəyişmək, qanunsuzluqların qarşısını almaq, sonuna çıxmaq üçün vətəndaş cəmiyyətini gücləndirməliyik, ictimai rəy yaratmalıyıq. Hesab edirəm ki, bizim sıralarımız yavaş-yavaş genişlənir, sayımız artır. Bizə dəstək verənlər çoxalır. Ziyalılar Forumu ilə İctimai Palatanın münasibətləri qanunsuzluqlara qarşı birgə mübarizə üzərində qurulub. Çünki onlar da, biz də çox məsələdən narazıyıq.

“Hazırkı iqtidar ölkəni kökündən dağıdır”

– Hakimiyyətin qalması şərti ilə ilk növbədə hansı prinsiplərin dəyişməsini istəyirsiniz?

– Birincisi, oğurluq və korrupsiyanı. Hazırkı iqtidar ölkəni dağıdır, özü də kökündən dağıdır. Çünki ölkədə hər bir sahə başdan-ayağa oğurluq və korrupsiya içindədir. Yalandan da deyirlər ki, korrupsiya və rüşvətxorluqla mübarizə aparırlar. Belə çıxır ki, dövlətin, xalqın pulunu, varını, əmlakını oğurlayırlar və özləri də bununla mübarizə aparırlar. Oğurluqla mübarizənin real və effektiv olması üçün cəmiyyət ayağa qalxmalıdır.
İkincisi, ölkədə yalan ayaq tutub yeriyir, hər şey yalan üzərində qurulub. Yalan cəmiyyəti deqradasiyaya aparır.
Üçüncüsü, söz və mətbuat azadlığı yoxdur, fikrini açıq formada demək mümkün deyil. Jurnalistlər, siyasətçilər, vətəndaşlar sözlərini qorxmadan, cəsarətlə, açıq formada deyəndə hakimiyyət dərhal onları cəzalandırır.
Cəzalandırma metodları isə çox əxlaqsız, vicdansız və iyrənc formadadır. Sözünü deyənləri rüsvay edirlər, tutub həbsxanaya basırlar, işləyənlərin işini əlindən alıb ailəsini, balalarını çörəksiz qoyurlar. Bir sözlə insanı, şəxsiyyəti məhv edirlər.
Azərbaycanda mətbuat, söz, fikir azadlığını bərqərar etməliyik. Amma bunları da həyata keçirmək üçün ictimaiyyət ayağa qalxmalı, sözünü deməlidir.
Mən Azərbaycanda keçirilən seçkilərə inanmıram. Cəmiyyətdəki indiki ağır vəziyyət dəyişməsə, seçki yenə də eyni formada nəticələnəcək. Belə bir vəziyyətdə demokratiya qurmaq mümkün deyil, alınmayacaq. Çünki deyilənlərin hamısı yalan sözlərdir.

“Ziyalıların susmasından dəhşətə gəlirəm”

– Siyasətçilər də, ziyalılar da, ekspertlər də deyirlər ki, cəmiyyət ayağa qalxıb sözünü deməsə, heç nəyi dəyişmək mümkün deyil. Sizcə, cəmiyyət niyə öz sözünü demir? Bəlkə cəmiyyət öz sözünü hansısa formada deyir, amma kimlərisə qane etmir?

– Əgər yüz min ziyalı ayağa qalxsa, üç-dörd ay ərzində hər şey eləmək olar. Ancaq bizim ziyalılar susur. Sanki susmaq ziyalıların əsas funksiyasına çevrilib. Mən bundan dəhşətə gəlirəm. Kiminlə görüşürəm, onların 90 faizi nəinki siyasətə, heç həyat məsələlərinə də qarışmaq istəmirlər. Hamı bir tikə çörək qazanmaqla məşğuldur, bunu edə biləndə sevinirlər. Deyirlər ki, mənə toxunmasınlar, çörəkpulu qazanım, birtəhər ailəmi dolandırım. Bizim evimizi yıxan budur.

– Yəni ziyalıları öz hüquqları uğrunda mübarizəyə, sözlərinin deməyə çağırırsınız?

– Bəli, çünki bu olmasa, heç nə alınmayacaq. 1918-ci ildə müstəqil demokratik dövlət quranda bunu məhz ziyalılara görə edə bildik. Həmin dövrdə ziyalılar olmasaydı, bizim müstəqil dövlətimiz yaranmayacaqdı.
Təəssüflər olsun ki, indi Azərbaycanda bu səviyyədə ziyalılar yoxdur. Biz 60-70 nəfər bir yerə yığılanda buna çox sevinirik. Görün vəziyyət nə qədər acınacaqlıdır ki, Azərbaycan uğrunda, vətən üçün heç olmasa, 60-70 nəfərin bir araya gəlməsinə sevinirik. Amma ötən əsrin əvvəlində bütün çətinliklərə baxmayaraq vətən və millət üçün hər bir əziyyətə qatlaşan, dözən yüzlərlə ziyalı var idi. Ötən əsrin əvvəli ilə müqayisədə əhalinin sayı kifayət qədər artsa da, vətən və millət üçün vuruşan ziyalıların sayı azalıb.

“Ölkə beş-altı nəfər tərəfindən özəlləşdirilir”

– Bəlkə ziyalılar həqiqətən ölkədəki vəziyyətdən və yaşayışlarından razıdırlar.

– Xeyr, razı deyillər. Çünki hansı vəziyyətdə yaşadıqlarını bilirəm. Mən öz yaşayışımı demək istəmirəm. Amma hər halda böyük ziyalı kütləsinin yaşayışı ilə mənim vəziyyətim arasında fərq var. Mən bu cəmiyyətdə yaşayıram, ziyalılarla ünsiyyətdə oluram, hamı narazıdır. Amma qorxurlar. Mənə də deyirlər ki, sənin nə işinə qalıb? Niyə bu işlərə qarışırsan? Oturmusan orada, yaxşı da yaşayışın var. İnsanlar ruhdan düşüblər. On illərdir təzyiq altında yaşayırlar, ziyalıya yaraşmayan bir duruma düşüblər. Ziyalılar var, amma ziyalılıq yoxdur. Bir güc, ictimai təbəqə kimi Azərbaycanda ziyalılıq yoxdur.

– Deyirsiz ki, indiki vəziyyət dəyişməsə, ölkədəki avtoritarizm diktaturaya çevriləcək. Sizcə, Azərbaycan indi hansı mərhələni yaşayır. Diktatura rejiminə çoxmu yaxınlaşmışıq?
– Çox yaxınlaşıb. Azərbaycan vəhşi avtoritarizmdən diktaturaya keçir.

– Bu özünü nədə göstərir?

– Hər şeydə. Əvvəla, bütün məsələlər və proseslər gizlidir. Azərbaycandakı vəziyyətdən heç nə bilmirik. Pullar haradan gəlir, hara xərclənir, bunu heç kim bilmir. Parlament, demək olar, yoxdur. Məhkəmələr iflasa uğrayıb və bir instansiya kimi mövcud deyil. Polis vətəndaşların haqlarını tapdayır. Dövlətin adından istifadə edib xalqın evini, torpağını, mülkiyyətini əlindən alırlar. Hökumət adından bu işləri Azərbaycan Dövlət Neft Şirkəti edir. Bu gün bu qurum xalqın əsas düşmənlərindən birinə çevrilib.
Biz deyirdik ki, ən toxunulmaz şey şəxsi mülkiyyətdir. Amma indi bir anın içində vətəndaşların şəxsi mülkiyyətini əlindən alırlar. Bir müddət sonra Dövlət Neft Şirkəti özəlləşdiriləcək və bu torpaqlar kiçik bir qrupun əlinə keçəcək. İndiki vəziyyət dəyişməsə, yaxın illərdə Azərbaycan tam özəlləşmiş olacaq, çox dar bir dairənin əlinə keçəcək. Ölkə beş-altı nəfər tərəfindən yavaş-yavaş özəlləşdirilir və bu hamının gözünün qabağında baş verir. Kimsə səsini çıxarsa, onu dərhal cəzalandırırlar. Çünki Azərbaycanda ordu və polisdən başqa bir neçə şəxsi ordu yaradılıb. Lazım olanda onlara əmr verilir və xalqa basqın edilir. İstər mitinqləri, istərsə başqa etirazları həmin şəxsi orduların hesabına yatırırlar. Buna nə qədər dözmək olar?

– Ziyalıların hakimiyyətlə müxalifət arasında vasitəçilik etməsi mümkündürmü? Ziyalılar Forumu hakimiyyətə dialoq üçün, hansısa məsələləri müzakirə etmək üçün müraciət edibmi?

– Dialoq üçün birbaşa müraciətlərimiz olmayıb. Çünki biz bilirik ki, onların ziyalılarla, müxalifətlə dialoq aparmaq istəyi olsaydı, bunu özləri təklif edərdilər. Mən ondan dəhşətə gəlirəm ki, onlar bu imkanlardan istifadə etmirlər. Bütün dünyada müsbət proseslər gedir, amma bizimkilər dünyadakı proseslərə zidd gedirlər. Dünyanın hər yerində iqtidar çalışır ki, xalqla, müxalifətlə dil tapsın, müzakirələr aparsın və ortaq məxrəcə gəlsin. Amma bizimkilər bunu etmirlər.
Mən bilirəm ki, Azərbaycan müxalifəti, İctimai Palata çoxdandır dialoq təklifi ilə çıxış edir, buna bağlı mövqeyini ortaya qoyur, ancaq iqtidar bunu etmir, dialoqdan, müzakirədən hər dəfə yayınır. Güman edirəm ki, bu, şəxsiyyətlərlə bağlıdır. Hərdən elə olur ki, şəxsiyyətlər arasında münasibətlər mürəkkəbləşir. Bu mürəkkəbləşmə isə o qədər ciddi olur ki, oturub nəyisə müzakirə etməyə, problemi aradan qaldırmağa mane olur.
Ziyalılar Forumunda hörmətli və nüfuzlu adamlar toplanıb. Heç vaxt siyasətlə məşğul olmamışıq. Biz xalqın istəklərinin səsləndiririk. Hesab edirəm ki, hakimiyyət mütləq bizim hərəkatla maraqlanmalı idi və oturub bizimlə birgə bir çox məsələni müzakirə etməli idi. Ancaq bunu etmədilər. Ona görə etmirlər ki, Azərbaycan avtoritarizmin lap sonuncu mərhələsindədir. Əgər ölkədə mülayim avtoritarizm olsaydı, hakimiyyət mütləq bu imkanlardan istifadə edərdi. Təəssüf, bunlar başqa yol tutublar. Hakimiyyətin siyasəti xalqın iradəsini sona qədər dağıtmağa yönəlib. Bu isə mütləq diktatura ilə nəticələnəcək. Vəziyyət belə davam etsə, Azərbaycanda diktatura qurulacaq. Buna heç kimin şübhəsi olmasın.

“Adlarını ziyalı qoyublar, ancaq ziyalılığa xəyanət edirlər”

– Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib ki, ziyalı adı altında toplanıb siyasətlə məşğul olmaq xəyanətdir. Bu fikri necə qiymətləndirirsiniz?

– Çox gülməli fikirdir və onun savadsızlığını göstərir. Çünki ziyalı mütləq xalqın problemləri ilə maraqlanmalı, onu dilə gətirməlidir, ziyalı xalq üçün çalışmalı, inkişafın yolunda işıq olmalıdır. Məhz buna görə ziyalıya xalqın elitası deyirlər. Xalqın problemləri ilə məşğul olmayan, dərdləri ilə maraqlanmayan ziyalı əsl ziyalı sayıla bilməz. Siyasətlə məşğul olmaq başqa şeydir, ziyalı şineli geyinib deputat olmaq, hakimiyyətdə vəzifə tutmaq bir başqa şey. Bunu edənlər doğrudan da xalqa xəyanət edirlər, çünki xalqın adından danışırlar, lakin məqsədləri yalnız şəxsi mənafelərini təmin etməkdir. Onlar formal ziyalıdırlar. Yəni savadları, elmi dərəcələri, titulları var. Adlarını da ziyalı qoyublar. Ancaq həqiqi ziyalılığa xəyanət edirlər. Ona görə ki, xalqın adından danışırlar, guya xalq üçün danışırlar, əslində isə şəxsi mənafelərini güdürlər.
Biz isə özümüz üçün heç nə istəmirik. Nə vəzifə, deputatlıq, nə də maddi sərvət. Bu bizim prinsipimizdir. Bəzən məndən soruşurlar ki, guya problemlərdən danışa-danışa nəyisə dəyişməyə nail olacaqsınız, buna gücünüz çatacaq? Mən cavab verirəm ki, dəyişib-dəyişməməsindən asılı olmayaraq bizim borcumuz problemləri deməkdir. Biz xalqın ağrısıyıq, həkim deyilik. Xalqın ağrısını dilə gətirməliyik, araşdırıb ortaya qoymalıyıq və hamı, elə hakimiyyət də bunu görməlidir. Siyasətçilər və dövlət işçiləri isə xalqın ağrılarını, problemlərini həll etməlidirlər. Bu, iqtidarda, eləcə də müxalifətdə olan siyasətçilərin işidir.

“Vəziyyəti elə səviyyəyə gətiriblər ki, dünya bizə nifrət edir”

– Bu ay Bakıda “Avroviziya” mahnı yarışı keçiriləcək. Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycanda insan hüquqlarının pozulduğunu vurğulayaraq yarışı boykot etməyə çağırıb. Bu çağırışa münasibətiniz necədir?

– Məsələ ondadır ki, mən indiyə qədər “Avroviziya” yarışına baxmamışam. Heç başqa ölkələrdə keçiriləndə də diqqətimi cəlb etməyib. Bu yarışmanı əhəmiyyətsiz hesab edirəm və ona hörmətim yoxdur. Amma bu yarışma xalqların, o cümlədən azərbaycanlıların xoşuna gəlir. İnsanlar buna bayram kimi yanaşır. Ona görə də mən “Avroviziya”ya etiraz edə, onun boykot olunmasına çağırış edə bilmərəm. Axı bu, xalqımın xoşuna gəlir. Xalq sevinir ki, Azərbaycanda belə bir yarış keçiriləcək. Keçirilir, keçirilsin. Ancaq bunun necə, hansı yollarla, üsullarla keçirilməsi məsələsi də var. Bu yarışmaya görə Milli Parkı genişləndiriblər, bu da yaxşıdır, üç-dörd ildən sonra dağılmasa, daha yaxşı olar. Yarışa görə yeni konsert zalı tikiblər və bu da yaxşı haldır. Bu konsert zalının da ömrü uzun olsa yaxşıdır. Çünki bunlar hər şeyi çox tələsik edirlər. Yolların vəziyyəti yeni tikilənlərə görə sevinməyə imkan vermir. Yolu çəkirlər, növbəti il ora dağılır və yenidən ora külli miqdarda vəsait xərcləyirlər. Yenə də heç nə düzəlmir. Belə olmamalıdır.
Mən Ştrasseri də başa düşürəm. Çünki onun missiyası var və öz borcunu yerinə yetirir. Avropanın, sivil, müasir dünyanın öz demokratik prinsipləri var. Onlar görəndə ki, Azərbaycanda bu prinsiplər aşkar formada tapdanır, başqa yolları qalmır. Ona görə də deyirlər ki, insan hüquqlarının tapdandığı, siyasi, vicdan məhbuslarının olduğu ölkədə belə bir musiqi yarışını keçirmək düz deyil. Bunu başa düşmək olar.
Ölkəmdəki ağır vəziyyətə görə xaricdən belə bəyanatların səslənməsinə bir azərbaycanlı kimi təəssüf edirəm. Vəziyyəti o həddə çatdırıblar ki, bu yarışmanın Azərbaycanda keçirilməməsi fikri formalaşıb. Buna məyus oluram. Vəziyyəti elə bir səviyyəyə gətiriblər ki, dünya bizə nifrət edir. Pis olan budur. İndi biz Ştrasserin üstünə düşək ki, bizim düşmənimizsən? O bizim düşmənimiz deyil. Ştrasser istəyər ki, Azərbaycanda vəziyyət düzəlsin, problemlər həll olunsun, onun məqsədi budur. Biz isə deyirik ki, Ştrasser düşməndir, Adolf Hitlerin davamçısıdır…

– Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 6 may mitinqi üçün yenə də 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionunu ayırıb. Sizcə, orada mitinqlər davam etdirilməlidirmi?

– Mən orada mitinq keçirilməsini qəbul etmirəm. Orada mitinq keçirmək özünə hörmətsizlik etməkdir. Ora getmədən necə hərəkət etmək isə vəziyyətdən asılıdır. Əgər başqa bir yerdə sanballı bir mitinq keçirə bilirlərsə, keçirsinlər. Düzdür, mən siyasətçi deyiləm və belə məsələlərdə məsləhət verə bilmərəm. Mən 20-ci sahədəki mitinq üçün ayrılmış yeri gördüm və aydındır ki, özünə hörmət edən adam orada heç vaxt mitinq keçirməz.

~ tərəfindən Patriot 04/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma