İLHAM ƏLİYEV YOL AYRICINDA

ilham aliyev

«Qərblə münasibətləri kəsmək» bəyanatının arxasında hakimiyyəti qorumaq instinkti durur…

Azərbaycan hökuməti dünyanın “gözünə kül üfürməklə” özünü vəziyyətdən çıxarmağa çalışır. Amma bu dəfə vəziyyət daha fərqlidir. Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib ki, Qarabağ məsələsində Qərbdən real dəstək görməsələr, başqa bir bloka qoşulmaqla bağlı məsələ gündəmə gələ bilər.
Bu bəyanatın Ilham Əliyevin siyasi səbəblərdən Qərb dövlətlərini hədəfə almasından sonra səslənməsi onu deməyə əsas verir ki, söhbət Qarabağ məsələsindən deyil, hakimiyyətə olan təhlükədən gedir. Novruz Məmmədovun belə bir bəyanat verməsi isə prosesin ikinci mərhələyə qədəm qoymasından xəbər verir. Yəni, Azərbaycan hökuməti isterik hücumlarını indi məntiqli arqumentlərlə əvəz etməyə cəhd göstərir. Amma biz bu məntiqin elə də güclü olmadığını əziz oxucumuza çatdıracağıq.

Azərbaycan hara gedə bilər?

Heç şübhəsiz ki, Novruz Məmmədovun bu bəyanatı ciddi addımlarla müşayiət olunma ehtimalından xeyli uzaqdır. Amma biz yenə də durumu gözdən keçirək.
Azərbaycan Qərb blokundan imtina etmək istəyərsə, onun üçün hansı alternativlər var? Öncə yada salaq ki, Azərbaycan “Qoşulmayan Ölkələr Bloku”na qoşulandan sonra bu təşkilatın hər hansı formada varlığı hiss olunmadı. Hələ də təşkilatın baş katibinin hazırda ağır vəziyyətdə mühakimə olunan Misir diktatoru Hüsnü Mübarək olması vəziyyətin “ciddiyyətini” ortaya qoyur.
Başqa bir alternativ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bu qurumda dominant güc Rusiyadır. Ermənistan isə həm bu təşkilatda, həm də ikitərəfli qaydada Rusiyanın ən yaxın müttəfiqidir. Azərbaycan bu təşkilata üz tutarsa, daha məntiqsiz olar. Çünki Azərbaycan hakimiyyətinin təbrincə desək, işğaldan azad olmağa az kömək edən (baxmayaraq ki, Qərb dövlətləri və təşkilatları Almaniya, ABŞ, NATO, Avropa Birliyi, Avropa Şurası ən müxtəlif  yollarla, Rusiyaya bu problemin həlli üçün çağırışlar etmiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etmişlər) tərəfə etiraz edərək, işğalçı tərəfə sığınmaq daha məntiqsiz və ya başqa niyyətin olduğunu göstərir. Günümüzdə Azərbaycanın ərazi bütövlüyünü Qərb dövlətlərindən daha prinsipial şəkildə dəstəkləyən Türkiyə olsa da, Azərbaycan hakimiyyəti bu dövlətlə də yaxşı münasibətdə deyil. Yəni, məntiqli olan Qərbə etiraz edib, Türkiyəyə yaxın olmaq olardı…

Qərbin çətin vəziyyəti…

Qərb dövlətləri Qarabağ məsələsində Azərbaycana yardım etməklə bağlı çətin durumla üz-üzədirlər. Söhbət ondan gedir ki, Azərbaycan hakimiyyəti Ermənistandan fərqlənmək istəmir, amma Qərbdən də özünə fərqli münasibət istəyir. Avro-Atlantik təşkilatlar Azərbaycan xalqının haqlı mövqeyini öz sənədlərində dəstəkləyirlər. Ancaq real addımların atılması üçün Azərbaycan hakimiyyətinin də bir sıra işlər görməsi gərəkdir. Burada insan hüquq və azadlıqlarının təmini,  iqtisadi azadlıqlar və geosiyasi seçim xüsusi yer tutur. Bunu etmədikcə Qərb hazırkı status-kvo qarşısında tərk-silahdır.
Azərbaycan NATO-ya yaxınlaşmaqla Ermənistanı demokratik dünya ilə üz-üzə qoya bilər. Amma Novruz Məmmədovun səbatsız açıqlaması onu göstərdi ki, Azərbaycan hakimiyyəti bəyanatlarında səmimi deyil və bir ayağı qaçaqdır.
Bu şantajın bir xeyri olacağına inanmaq da sadəlövhlük sayıla bilər. Amma söhbət həm də ondan gedir ki, Ilham Əliyev növbəti dəfə Qarabağ məsələsilə alver etmək, daxili ictimai rəyi Qərbə qarşı qoymaq istəyir.
Bir cümlə ilə deyək ki, növbəti seçim Iran da ola bilər. Bu ölkə isə Azərbaycana münasibətdə nəinki ədalətli mövqedə olmaq, heç ölkəmizin müstəqilliyini həzm etmək niyyətində deyil.

~ tərəfindən Patriot 03/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma