ŞAHVƏLƏD ÇOBANOĞLU: «ALMANLARA TƏŞƏKKÜR EDİRƏM»

Şahvələd Çobanoğlu

Bu hakimiyyətin sözünü deyib Azərbaycanın talan edilən sərvətlərindən pay qoparanlar Almaniyanı söyməkdə davam etsinlər

Mən isə Azərbaycan haqda həqiqətləri deməyə başladıqları üçün almanlara təşəkkür edirəm. Elə məqamlar var, bu zaman gərək insan mövqeyini hökmən bildirsin. Mövqeyimi aydın və sadə şəkildə bildirməyi hətta vətəndaş borcu sayıram.

Azərbaycanla Almaniya arasında müharibə getmir. Heç bir münaqişə də yoxdur.

Almaniya Qarabağ münaqişəsində heç vaxt haqsız mövqe sərgiləməyib. Qənirə Paşayevanın anlayışları ilə yanaşsaq, Fransa kimi ermənipərəst də deyil. Almaniya sadəcə Azərbaycandakı mövcud vəziyyəti öz adı ilə çağırmağa başlayıb. Alman qəzetçiləri, siyasətçiləri, hüquq müdafiəçiləri, sadəcə, Azərbaycanda hakimiyyətin insanlara qarşı elədiyi haqsızlıqları dilə gətiriblər.

Bu pisdirmi? Bunun niyə pisdir?
Ölkədəki rüşvətxorluq pisdir, yoxsa bunu almanların tənqid etməsi?
Burada insanlara haqsızlıq edilməsi pisdir, yoxsa almanların bunu dilə gətirməsi?
Azərbaycanlıların evlərini başına uçurmaq pisdir, yoxsa bunun Almaniya TV-lərində göstərilməsi?
“Azadlıq!” qışqıran insanları həbs etməkmi pisdir, yoxsa onların azad olunmasını istəmək?
Axı siz niyə öz vətəndaşlarınıza qarşı bu qədər ədalətsizlik edirsiniz ki, sonra da bunu başqalarının dilindən eşidəndə inciyirsiniz?

Almanlar Azərbaycanı tənqid edir. Konkret qüsurlara görə. Axı bu qüsurlar var. Axı bu qüsurlar olmasa, Azərbaycan çox dəyişər, çox güclənər. Azərbaycan hətta Almaniya kimi güclü bir ölkə olar. Azadlıqların olduğu, iqtisadiyyatı güclənən, inkişaf edən, Ermənistanı çox-çox arxada qoyan bir ölkə olarıq. Bunu niyə istəməyək?
Niyə Azərbaycanın demokratik bir ölkə olub güclənməsini istəməyək? Almanlar elə bunu deyir. Axı Azərbaycan demokratik ölkə olsa, onu dünyada sevdirmək üçün “Eurovizion” yarışmasına da ehtiyac olmaz. Ölkəni tanıtmaq sizə bu qədər önəmlidirsə, niyə daha faydalı, daha doğru yolu tutmursunuz?

Odur ki, mən almanlara təşəkkür edirəm – bizim barədə həqiqətləri söylədikləri üçün. Həmişə istəmişəm ki, bizim ölkəmiz də demokratik bir yol tutub Almaniya kimi güclü və rifahlı bir ölkə olsun. Həmişə inanmışam ki, biz buna qadirik, bizim buna həm maddi, həm insan resurslarımız var. Bunu indi söz xatirinə demirəm. Internetdə axtarış verənlər mənim illər öncə yazdığım “Azərbaycan Almaniya ola bilərmi?” adlı yazımı oxuya bilər.

Fəlsəfi dünyagörüşümə görə Avropa ekzistensialistlərinə və zen-buddizmə çox yaxınam, yəni mən insanın və insanlığın özünü öz layihəsinə çevirib, istədiyi məqsədə çata biləciyinə inanıram. Hətta almanlardan da dəqiq, nizamlı, peşəkar bir cəmiyyət qura biləcəyimizə əminəm. Əgər biz doğru yolla getsək. Amma biz doğru səmtə gedən yolayrıcını arxada qoyub, yalançı uğurlarla özümüzü ovunduran bir cəmiyyətə çevrilmişik. Biz indi yalan cəmiyyətində yaşayırıq.

Şəxsən mən Azərbaycanın müstəqilliyini heç kimdən az istəmirəm. Amma onu da bilirəm ki, daxili siyasəti yanlış olan hakimiyyət hər zaman aciz duruma qalıb başqa dövlətlərin təsirinə düşə bilər. Belə hakimiyyətin arxasında xalq durmadığı üçün. Digər amil də var. Biz müstəqilik deyə, heç kim bizə bir söz deməsin deyə, bir qrup ədalətsiz siyasəti ilə bu xalqı əzməkdə davam etməlidir? Bu nə məntiqdir? Belə müstəqilliyin mənası və xeyri nədir?
Nəhayət, bilməliyik ki, almanların Azərbaycan xalqını sevməyə borcu yoxdur. Bəs bizim hökumətin bu istəyi hanı? Almanların yalnız həqiqəti deməyə borcu var. Bunu da edirlər. Vaxtilə tədbirlərin birində bu ölkənin bizdəki səfiri ilə mübahisəm olub. O, hər şeyin bizim xalqdan asılı olduğunu və dolayısı ilə kimdənsə mədət ummamağa çağırdı bizi. Mən isə dedim ki, siz sadəcə həqiqəti deyin. Bəli, Azərbaycandakı durumun buralara gəlməsində Avropanın çox günahı oldu. Həqiqəti demədikcə, bizim bu hakimiyyət həqiqətdən, düz yoldan çox uzaq düşdü.

~ tərəfindən Patriot 02/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma