HAKİMİYYƏT ALMANİYANI HİTLER REYXİNƏ BƏNZƏTDİ

metbuat

Rəsmi qəzetlərdə bu dövlətə qarşı sərt yazılar dərc edilib; alman səfirinin açıqlamasına PA və XİN-dən də reaksiya gəldi

Azərbaycanla Almaniya arasında “soyuq müharibə” davam edir. Vəziyyət o həddə çatıb ki, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle də hakimiyyətə açıq məktub yazaraq körpü rolunu oynamağa çalışır. Səfir YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzetinə göndərdiyi məktubda 1992-ci ildə qurulan diplomatik münasibətləri xatırladıb, Xocalıda baş verənləri soyqırımı adlandırıb.

Azərbaycanda işləməkdən məmnunluğunu ifadə edən səfir sonra rəsmi mətbuatdakı anti-Almaniya təbliğatına etiraz edib: “Ölkəmə qarşı geniş və dərindən kök salmış müsbət təəssürata rəğmən son həftələr laqeyd qala bilməyəcəyim tək-tək xoşagəlməz notlar səslənir. Əsrlər boyu əsası qoyulmuş bünövrənin üzərində qəfildən buldozerlər işə düşdüyünü görürəmsə, susa bilmərəm. Mən ikitərəfli xoş əlaqələri təhlükə ilə üzləşdirən dağıdıcı qüvvələrə müqavimət göstərəcəyəm. Ahəngdarlığın pozulmasının işarətini nədə görürəm? Azərbaycan haqda Almaniyadakı təəssüratla başlamaq istərdim. Düsselfdorfda “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbəsindən sonra alman mətbuatı ölkənizlə daha çox maraqlanmağa başladı. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri və “Amnesty İnternational”ın Azərbaycan haqda illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci ildə siyahıya aldıqları Azərbaycan haqda əsas tənqidi məqamlar 2 apreldə Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbs olunması, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi Leyla Yunusun evinin sökülməsi, Bakı sakinlərinin öz mülklərindən məhrum etmə prosesində qeyri-şəffaflığı və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. AŞ-nin siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycana buraxılmaması da rol oynayır. Federal hökumətin insan haqları üzrə müvəkkili Löninq 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair üç tənqidi bəyanatla çıxış edib. O, avqustda Bakıya gəlmişdi. Löninq bildirmişdi ki, “Eurovision” iştirakçıları və qonaqları səhnə arxasına baxıb Azərbaycanda insan haqlarının vəziyyəti haqda fikir formalaşdırsın…
Azərbaycan mətbuatı alman mətbuatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri geniş tənqid etməklə reaksiya verir. Bununla da Almaniyanın Azərbaycan haqda fikir söyləmək kimi mənəvi haqqını sual altına qoyur. Digər ölkə ilə bağlı mətbuatın mənfi rəyi əlaqələrin yaxşılaşdırılmasına xidmət etmir, əksinə, uçurumu dərinləşdirir. Nəzərə alaq ki, mətbuat nadir hallarda məsələləri uydurur, o əksər hallarda real məsələlərə toxunur. Anlayıram ki, bir çox azərbaycanlı üçün ölkələri haqda yazılan fikirlər mənfi və birtərəfli görsənir, bu hal onları qəzəbləndirir. Lakin Berlindəki azərbaycanlı həmkarım kimi mən də səfir olaraq mətbuata təsir göstərə bilmərəm. Almaniya hökumətinin Azərbaycanda vəziyyəti işıqlandıran müstəqil və güclü alman KİV-ini müəyyən istiqamətə yönəltmək imkanının guya mövcud olması haqda söylənən fikirləri sual altına qoyuram. Əgər Azərbaycan hökumətinin mətbuata təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin”.
Alman diplomat Azərbaycanla bağlı neqativ materialların bir şərtlə dayandırıla biləcəyinə işarə edib: “Əminəm ki, alman mətbuatında Azərbaycan haqda səslənən tənqidlər tezliklə yoxa çıxacaq. Çünki Azərbaycan hökuməti bu vəziyyətin həlli yolunu müəyyən edib: bu 2011-ci ilin əvvəlində cənab prezident Əliyev tərəfindən elan edilmiş korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsindən ibarətdir”.

***

Alman səfirin məktubu mətbuatda çıxandan sonra da “Yeni Azərbaycan”da növbəti material dərc olunub. Hiss olunur ki, səfirin bir neçə gün öncə Müsavat qərargahında İctimai Palata rəhbərliyi ilə görüşə şəxsən qarışması iqtidar qəzetindəki aqressiyanı daha da artırıb. Qəzet Almaniyanın Fridrix Naumann və Konrad Adenauer fondlarının Azərbaycan müxalifəti ilə təmaslarından, “Sərhədsiz reportyorlar”, “Human Rigts Watch” kimi təşkilatların Berlində Azərbaycanda söz və mətbuat azadlığına dair dinləmələr təşkil etməsi, Almaniyada yayımlanan “Kanal Avropa” telekanalında “Azərbaycan saatı” adlı verilişin yayılması, Almaniyanın xarici işlər naziri Gido Vestervallenin Bakıya səfəri zamanı müxalifətlə görüşməsi, alman ombudsmanın Azərbaycan əleyhinə “aqressiv çıxışları”, AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi, alman K.Ştrasserin fəaliyyəti, Almaniya Yaşıllar Partiyasının Azərbaycana qarşı demarşlarını, “Şpigel” jurnalının Azərbaycan əleyhinə yazılarını, Rəsul Quliyevin Almaniyadakı görüşlərinin təşkilini xatırladıb. Bütün bunlar isə rəsmi Bakının Berlinə qarşı sərt münasibət sərgiləməsinin səbəblərini ortaya qoyur.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Almaniyada müəyyən siyasi-ictimai çevrələr, mətbuat Azərbaycandakı insan haqları, demokratiya, islahatlar, qanunun işləməməsi, mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması problemlərinə diqqət çəkib: “Rəsmi Bakı belə şeyi həmişə qıcıqla qəbul edir. Münasibətlərdəki sərinləşmə alman ombudsman Löninqun avqustda Bakıdakı çıxışından başladı. Onda YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə ombudsmanı kəskin tənqid etdi və tələb etdi ki, o, Azərbaycan xalqından üzr istəsin. Əslində bu tələb gülünc idi ki, Löninq Azərbaycan xalqının hüquqlarının hakimiyyət tərəfindən pozulduğunu deməsinə görə xalqdan üzr istəməlidir. Bəlkə elə Mirzəzadənin üzvü olduğu partiyanın rəhbərliyi xalqdan korrupsiyaya görə üzr istəməlidir. Löninq faktoru alman mətbuatının da diqqətini çəkdi. Çünki Löninq alman siyasətində əxlaqlı bir adam kimi tanınır. Rəsmi Bakı Steynar Gil və Andreas Qrossun Azərbaycandan uzaqlaşmasından sonra belə reaksiya görməmişdi. ”Eurovision”la bağlı bu məsələ bir qədər də aktuallaşdı. Hakimiyyət bunu özünə təhlükə, beynəlxalq təcavüz kimi qəbul etdi və çox qeyri-adekvat reaksiya verdi. Əgər “Azərbaycan”, “Yeni Azərbaycan” kimi rəsmi qəzetlər, dövlət televiziyası Almaniyanın korrupsiyalaşmış, narkomaniya, səfalət içində boğulan ölkə kimi təqdim edirsə, onda Azərbaycan rəsmiləri alman maşınlarından düşsün, alman mallarından imtina edib göstərsinlər ki, onlar Almaniyanı pis dövlət kimi tanıyır, buna etirazlarını bildirirlər. Yoxsa bunu anlamaq olmur ki, Almaniyaya çirkab yağdırır, onu az qala cəngəllik kimi təqdim edirlər. Münasibətlərin bu həddə çatması ən çox Azərbaycana lazım deyil. Soyuqluq rəsmi münasibətlərə təsirsiz ötüşməyib. Hesab etmirəm ki, AzTV, “Azərbaycan” və ya “Yeni Azərbaycan” Əliyevin iradəsinə zidd təbliğat aparır”.
Politoloq Hikmət Hacızadə isə deyir ki, pərdə arxasında böyük məsələlər var, hökumət onu görmək istəmir: “Dünyada bizim kimi rejimlərə münasibət xeyli dəyişib. Qabaq bu rejimlərə min bəhanə ilə dözürdülər. Gah deyirdilər, bunlar elə vəhşi adamlardır ki, onlara demokratiya və insan haqları lazım deyil, gah deyirdilər bunların nefti, aeroportu lazımdır. Amma indi Qərb ictimaiyyəti öz ölkələrindən əxlaqlı siyasət aparmağı tələb edir. Oranın jurnalistləri, ictimai fəalları öz deputat və nazirlərindən başqa ölkələrdə, konkret olaraq Azərbaycanda insan haqları ilə bağlı pozuntulara layiqli münasibət tələb edir. Ona görə də biz hələ çox belə şey görəcəyik. Almaniya da danışacaq, Skandinaviya ölkələri də. Harda demokratik ictimaiyyət güclüdür, biz ordan Azərbaycanda olan vəhşiliklərə təpki gözləməliyik və bu təpkilər güclənəcək”.
Səfirin cavabına “Yeni Azərbaycan”ın baş redaktoru Hikmət Babaoğlunun da mövqeyini öyrənmək istədik. Ancaq redaksiyadan baş redaktorun tədbirdə olduğunu, gələn həftə işə çıxacağını dedilər.
“Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle ”Yeni Azərbaycan”a göndərdiyi məktubda Almaniyadakı yazları, anti-Azərbaycan çıxışları ölkəsində mətbuat azadlığının əlaməti kimi təqdim etməyə çalışıb. Biz də hesab edirik ki, “Yeni Azərbaycan”da Almaniya haqdakı yazılar Azərbaycanda söz azadlığının əlamətidir” – bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Mediaforum” saytına deyib.
YAP rəhbərliyinin, “Yeni Azərbaycan”ın Almaniyanı tənqid edən yazılarına geniş qiymət vermək istəməyən Ə.Həsənov hesab edir ki, bu gün Azərbaycanda siyasi plüralizm, mətbuat azadlığı, demokratiya Avropanın digər ölkələrindən aşağı deyil: “Bəzən Almaniyanın rəsmi nümayəndələrinin, o cümlədən ombudsmanın da Azərbaycanla bağlı müəyyən çıxışları olur. Bunlara da rəsmi münasibət bildirmişik və belə hallar davam edərsə, yenə bildirəcəyik”.
XİN-in mətbuat katibi Elman Abdullayev də “Yeni Müsavat”a dedi ki, mətbuat həmişə azaddır, öz mövqeyini ifadə edir: “Amma mən də alman mətbuatında Azərbaycan haqda qeyri-obyektiv yazıların çox olduğunu görürəm. Qərəzli yanaşma qəbul olunmur. Bunun əvəzinə Azərbaycanın nailiyyətlərini vurğulamaq lazım idi”.

~ tərəfindən Patriot 29/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma