YAP ALMANİYAYA “SAVAŞ” ELAN ETDİ

Merkel - Aliyev

YAP-ın rəsmi orqanında Almaniya hökumətini “darmadağın edən” geniş məqalə dərc olunub

Hakimiyyət Almaniyaya qarşı “müharibəyə” rəsmən start verdi. Bu gün Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində Almaniya dövlətinini, onun bütün strukturlarını əhatə etməklə, hədəf alan iri məqalə dərc olunub. “Almaniyanın anti-Azərbaycan kampaniyasında rəsmi izlər” başlıqlı məqaləni olduğu kimi təqdim edirik.

***

Bu gün Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır. Rəsmi şəxslər, dövlət strukturları, media, QHT-lər, bir sözlə, bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər
2011-ci ilin mayında Düsseldorfda keçirilən “Eurovision” mahnı müsabiqəsində azərbaycanlı gənclərin – Eldar və Nigarın parlaq qələbəsi milyonlarla azərbaycanlının qəlbini sevinc hissi ilə doldurdu. Bu qələbə həm də Azərbaycanın müasir simasının dünyada tanıdılması, reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin, adət-ənənələrinin, tarixinin təbliği üçün geniş imkanlar yaratdı. Təbii ki, həmin dövrdə heç kim Azərbaycanı istəməyən qüvvələrin bu qədər aktivləşəcəyini və ölkəmizə qarşı aqressiv genişmiqyaslı kampaniyaya start veriləcəyini, hətta mədəni tədbir olan “Eurovision”un siyasiləşdiriləcəyini düşünmürdü.

Azərbaycana qarşı aparılan “İnformasiya müharibəsində” estafeti Almaniya alıb

Hazırda Azərbaycana qarşı elan edilmiş “informasiya müharibəsi”nin təhlili göstərir ki, bu prosesin əsas aktorları ölkəmizdə siyasi-iqtisadi maraqları olan Qərbin müəyyən dairələri, Ermənistan və erməni lobbisi, islamafoblar və radikal müxalifətdir. Bəzi siyasətçilərin, analitiklərin fikrincə, Azərbaycana qarşı təbliğat kampaniyası aparan xarici dairələrlə radikal müxalifətin fəaliyyətində ciddi oxşarlıq, sinxronluq mövcuddur. Əslində, Düsseldorfdan sonra Böyük Britaniya mediasında Azərbaycana qarşı geniş qarayaxma kampaniyasına start verilməsi, daha sonra isə estafetin Almaniyaya keçməsi və bu məkrli prosesin Azərbaycan müxalifəti tərəfindən xüsusi canfəşanlıqla dəstəklənməsi ortaya qoyulan belə iddiaların ciddi əsaslarının olduğunu təsdiq edir.
Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle “Yeni Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində öz ölkəsinin KİV-lərinin Azərbaycana qarşı “səlib yürüşünü” özünəməxsus şəkildə izah etməyə çalışmışdı. Onun fikrincə, Düsseldorfda “Eurovision” mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq onları qabartmağa başladı. Səfir yazır ki, Almaniya Federal Hökumətinin müstəqil və güclü alman KİV-lərinə təsir etmək, onları istiqamətləndirmək imkanı yoxdur.
Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin mülahizələri problemə bu maraqlar çərçivəsində izahat vermək cəhdindən başqa bir şey deyil. Əgər cənab Kvelle məsələyə mühüm transkontinental enerji layihələrinin iflası, Almaniyanın hakimiyyət və digər siyasi dairələrinin Azərbaycan müxalifəti ilə təmaslarının intesivləşməsi, prosesdə Almaniyanın xarici işlər naziri Quido Vestervelle, onun müavini Mixael Linkin fəal iştirakı, bu ölkənin aparıcı siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələri, nəhayət, özünün müxalifət “liderləri” ilə görüşlərində müzakirə olunan mövzular prizmasından yanaşsaydı, əminik ki, tam başqa mənzərə yaranardı, onun problemə yanaşması birtərəfli olmazdı.

Həyata keçirilən çirkin kampaniyanın təşkilatçıları qismində alman fondları çıxış edirlər

Bir müddət öncə Almaniyanın “Şpigel”, ARD kimi aparıcı KİV-lərində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı. Lakin az bir müddətdə bu prosesə Almaniyanın aparıcı KİV-lərinin qoşulması, bu ölkənin Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlarının Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşməsi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri məsələnin arxasında daha ciddi məqamların olduğu barədə şübhələri gücləndirdi. Aparılan araşdırmalar isə şübhələrin heç də əsassız olmadığını təsdiq edən faktları üzə çıxardı.
Məlum olduğu kimi, Cənubi Qafqaz ölkələrindən Gürcüstan NATO-ya inteqrasiya yolunu tutub, Ermənistan isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Azərbaycan yeganə ölkədir ki, heç bir bloka qoşulmur və müstəqil siyasət yürüdür. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın müstəqil siyasətini gözü götürməyən müəyyən Qərb dairələri ölkəmizi öz təsir dairəsinə daxil etmək istiqamətində fəal işləyirlər və bu vəzifə hazırda Almaniyaya həvalə olunub. Almaniyanın artıq dövlət səviyyəsində həm “Eurovision-2012” amilindən, həm də Qərbin standart təzyiqetmə vasitələrindən – demokratiyadan, insan hüquqlarından və s. istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışması da bu amillə izah edilir. Buna görə də ekspertlər hazırda alman fondlarının radikal müxalifətlə təmaslarının güclənməsini heç də təsadüfi hal hesab etmirlər.

Fridrix Nauman Fondu radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparır

Sirr deyil ki, alman fondları ənənəvi olaraq AXCP və Müsavatla ciddi əlaqələrə malik olublar. Mətbuatda bu partiyaların maliyyələşməsində Fridrix Nauman Fondunun xüsusi rolu barədə dəfələrlə materiallar dərc olunub. Fondun Azərbaycan nümayəndəliyi Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, “ictimai palata” adlanan qurumun koordinasiya şurasının üzvü Ərəstun Oruclunun nəzarətindədir. Vaxtilə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini olmuş Mixael Link Fridrix Nauman Fondunun xətti ilə Azərbaycanda keçirilən bütün tədbirlərdə fəal iştirakı ilə seçilib, məruzələrlə çıxış edib. Hətta, mətbuat bəzi hallarda onu fondun eksperti kimi də təqdim edib. Əli Kərimlinin yaxın ətrafının verdiyi məlumata görə, 2012-ci ilin yanvarında M.Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması barədə xəbər müxalifət düşərgəsində, xüsusilə də, AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Əli Kərimli M.Linki “dostumuz” adlandıraraq öz ətrafına bildirib ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində dəstək almasına şərait yaradır.
Fridrix Nauman Fondunun sonrakı dövrdə Azərbaycanla bağlı mövqeyi də kifayət qədər maraqlıdır. Gürcüstanın internet saytlarında gedən məlumata görə, 2012-ci ilin martında Tbilisidə keçirilən tədbirdə Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı ilə bağlı müzakirələr aparılıb. Tədbirdə çıxış edən fondun Cənubi Qafqaz layihəsinin rəhbəri Yasimin Pamuk Azərbaycanı sərt tənqid edib və təmsil olunduğu qurumun həyata keçirmək istədiyi bəzi layihələr barədə danışıb. “Support Free Future” (Azad Gələcəyi Dəstəklə) adlı layihə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları və “siyasi məhbus”larla bağlı kampaniyanın təşkil olunmasını, xüsusi videoçarxın hazırlanması və yayılmasını, müxtəlif Avropa ölkələrində yürüşlərin keçirilməsini nəzərdə tutur.
Hazırda Fridrix Nauman Fondu Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparır. Təsadüfi deyil ki, məhz bu fondun təşkilatçılığı ilə Azərbaycanda səfərdə olmuş Almaniya KİV-lərinin təmsilçiləri AXCP, Müsavat rəhbərləri, fəalları, hakimiyyətə qarşı sərt mövqeləri ilə seçilən QHT təmsilçiləri, media nümayəndələri ilə görüşlər keçirirlər.
Konrad Adenauer Fondu müxtəlif ölkələrdə qarşılaşdığı çətinlikləri Azərbaycanda fəaliyyətini genişləndirməklə kompensasiya etməyə çalışır
Almaniya Xristian Demokratik İttifaqının sədri və bu ölkənin kansleri Angela Merkelə yaxınlığı ilə seçilən Konrad Adenauer Fondu son zamanlar müxtəlif ölkələrdə qarşılaşdığı çətinlikləri Azərbaycanda fəaliyyətini genişləndirməklə kompensasiya etməyə çalışır. Qeyd edək ki, 2011-ci il dekabrın 29-da fondun Misirin paytaxtı Qahirədəki ofisində prokurorluq və polis əməkdaşları tərəfindən axtarış aparılıb və onun fəaliyyəti qadağan edilib. Həmçinin, 2012-ci il martın 22-də fondun Birləşmiş Ərəb Əmirliklərindəki  nümayəndəliyinin fəaliyyəti dayandırılıb.

Almaniyanın Azərbaycandakı səfiri Əli Kərimliyə dəstək verir

Konrad Adenauer Fondunun Azərbaycan nümayəndəliyi rəsmən qeydiyyatdan keçməyib, lakin onun fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayıb. Qurumun Azərbaycandakı təmsilçisi vaxtilə “Azadlıq” radiosunun əməkdaşı olub və Əli Kərimlinin yaxın adamı hesab edilir. Həmçinin, fondun Cənubi Qafqaz üzrə nümayəndəsi Canan Atılqan Əli Kərimli ilə daim əlaqə saxlayır və hər dəfə Bakıya gələndə onunla görüşür. Qeyd edək ki, C.Atılqan müntəzəm olaraq xaricdə keçirilən tədbirlərə Əli Kərimlini dəvət etməklə onun problemlərini beynəlxalq təşkilatlarda qabartmağa çalışır. Məsələnin maraqlı tərəfi isə Almaniyanın Azərbaycandakı səfiri H.Kvellenin bu prosesə qoşularaq Ə.Kərimliyə dəstək verməsidir. Bu ilin fevralında H.Kvelle ilə görüşən AXCP sədri yaxın ətrafına bildirib ki, səfir öz ölkəsinin Avropa  İttifaqı və Avropa Şurasının Azərbaycana ciddi təzyiq göstərməsinə nail olacağını vəd edib.

Fridrix Ebert Fondu AXCP-yə yaxın təşkilatların layihələrinə maliyyə yardımı ayırır

Almaniyanın Fridrix Ebert Fondu özünü neytral təşkilat kimi təqdim etsə də, AXCP-yə yaxın təşkilatların layihələrinə maliyyə yardımı ayırır. Bu fondun Azərbaycan təmsilçisi Rəşad Hüseynli vaxtilə AXCP üzvü olub və Ə.Kərimlinin, həmçinin “Turan” İA-nın rəhbəri Mehman Əliyevin dəstəyi ilə “Soros” Fondunun İdarə Heyətinə üzv təyin edilib. Bu təyinat AXCP ilə əlaqəli QHT-lərə “Soros” Fondu tərəfindən qrant verilərkən, idarə heyətinin üzvləri arasında səs çoxluğunun əldə edilməsi məqsədi daşıyırdı.  İndinin özündə də Fridrix Ebert Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycanda insan haqları və demokratiya məsələlərinə dair tədbirlər təşkil olunur. Qeyd edilməlidir ki, həmin tədbirlərə əsasən müxalifət nümayəndələri və hakimiyyətə qarşı mənfi mövqeyi olan QHT-lər və mətbuat nümayəndələri dəvət olunurlar.
Beləliklə, alman fondlarının Azərbaycanda fəaliyyətinin təhlili onu deməyə əsas verir ki, bu qurumlar müxalifətin maliyyələşdirilməsi, müxtəlif tədbirlər və kampaniyalar vasitəsilə beynəlxalq aləmdə Azərbaycanla bağlı neqativ rəyin formalaşdırılmasında fəal rol oynayırlar. Onların Almaniyanın aparıcı siyasi dairələrinə yaxınlığını nəzərə aldıqda, son zamanlar fəallaşmanın əsasında hansı amillərin durduğu açıq görünür.

Almaniyanın rəsmi şəxsləri də bu çirkin kampaniyaya dəstək verənlərin sırasındadırlar

Lakin Almaniya hökumətinin dəstəyi ilə Azərbaycana qarşı həyata keçirilən kampaniya bu təsisatların fəaliyyəti ilə məhdudlaşmır. Martın 15-də Almaniyanın xarici işlər naziri Guido Vestervelle müxalifət partiyalarının rəhbərləri ilə görüşündə Azərbaycanda mövcud ictimai-siyasi durumun müzakirəsi ilə yanaşı, Almaniyanın müxalifətə dəstək göstərməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb. Bu hadisədən sonra hakim Yeni Azərbaycan Partiyasının, Milli Məclis deputatlarının haqlı etirazlarına Almaniya səfirliyi, bu ölkənin müvafiq orqanları tərəfindən heç bir münasibət bildirilməyib.
Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili  Markus Löninq (qeyd edək ki, onun Fridrix Nauman Fondunun rəhbəri Volfqanq Gerhardla yaxın əlaqələri mövcuddur) Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarındandır. Qeyd edək ki, M.Löninq keçən ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qaldı. Müxalifət nümayəndələri ilə görüşündə, o, bildirmişdi ki, “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”.
Ombudsman bu xətti ardıcıl şəkildə davam etdirərək “Şpigel” jurnalında, Almaniyanın digər mətbuat orqanlarında sərt anti-Azərbaycan xarakterli materiallar dərc edir, müsahibələr verir. Hazırda cənab Löninq xaricdə Azərbaycanla bağlı keçirilən bütün tədbirlərin fəal iştirakçılarından biridir. O, Azərbaycana səfər etmək istəyən rəsmi şəxslərə, siyasətçilərə, jurnalistlərə, musiqiçilərə məktub yazaraq onları Azərbaycana qarşı aparılan kampaniyaya qoşulmağa çağırır.
Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser bu qurumun qondarma “siyasi məhbus” məsələləri üzrə məruzəçisi kimi Azərbaycana səfər etmək planını davamlı şəkildə reallaşdırmaq istəsə də, məlum obyektiv səbəblərdən bu, baş tutmur. Cənab Ştrasser heç cür anlamaq istəmir ki, “siyasi məhbus” mücərrəd anlayışdır, onun beynəlxalq hüquqla müəyyən edilmiş izahı yoxdur. Digər tərəfdən, nəyə görə konkret cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin işində siyasi motivlər yalnız Azərbaycanda araşdırılır? Ermənistanda seçkilər zamanı güllələnmiş şəxslərin, tutulan onlarla mitinqçinin hüquqları bərpa olundumu? İnkişaf etmiş Avropa ölkələrinin özündə də müxtəlif insanların cinayət işinin tərkibində siyasi motiv tapmaq bir o qədər də çətin iş deyil.  Məsələnin digər maraqlı tərəfi həm də Ştrasserin Almaniya Bundestaqının nümayəndəsi kimi yerli mediada Azərbaycana qarşı qərəzli iddialar irəli sürməsidir.

Yaşıllar partiyası da anti-Azərbaycan kampaniyasına qoşulub

Almaniyada ciddi siyasi qüvvə hesab olunan Yaşıllar partiyasının fəallaşaraq anti-Azərbaycan kampaniyasına qoşulması da maraq doğurmaya bilməz. Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədr müavini Viola fon Kramon bu ilin əvvəllərində Almaniyada səfərdə olan Rəsul Quliyevlə görüşərək parlamentin və təmsil olunduğu partiyanın Azərbaycan müxalifətinə dəstəyi məsələsini müzakirə edib. Həmçinin, Kramon R.Quliyevin digər parlament nümayəndələri ilə görüşlərini də təşkil edib. Bu günlərdə Kramon, hətta, “Eurovision” mahnı müsabiqəsinin Bundestaqın gündəliyinə çıxarmaq niyyətini açıqlayıb. O, bildirib ki, Bundestaqın “Eurovision” müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Təsadüfi deyil ki, Yaşılların Almaniya parlamentindəki nümayəndəsi Folker Berq mətbuata açıqlamasında açıq şəkildə bildirib ki, “Bakı “Eurovision”un keçirilməsi üçün münasib yer deyil”.
Həmçinin, “Neue Osnabrücker Zeitung” qəzetinin yazdığına görə, Almaniya hökuməti Yaşıllar partiyasının sorğusuna cavabında iddia edib ki,  guya 2011-ci ildə Azərbaycanda 136 nəfərə işgəncə verilib, onlardan da 3 nəfəri dünyasını dəyişib. Almaniya hökuməti Azərbaycanın müvafiq strukturlarının və yaxud nüfuzlu beynəlxalq təşkilatların deyil, “etimad doğuran” mənbə kimi “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” adlı qurumun qondarma donosuna əsaslanaraq rəsmi müraciətlərə cavab verir. Bu, ən azından Almaniya-Azərbaycan münasibətlərinə hörmətsizlikdir.
Bütün bu hallar bir daha təsdiq edir ki, bu gün Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır. Rəsmi şəxslər, dövlət strukturları, media, QHT-lər, bir sözlə, bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər.
Cənab səfir Herbert Kvellenin qəzetimizdə dərc olunmuş məqaləsinə gec cavab verməyimizin üzrlü səbəbləri var. Çünki, onun demədiyi və ya demək istəmədiyi  həqiqətləri redaksiyamızın gücü ilə axtarıb tapmaq uzun vaxt tələb etdi. Lakin onları təkzib etmək üçün də, yəqin ki, az vaxt tələb olunmayacaq.

“Yeni Azərbaycan”ın Analitik Qrupu

~ tərəfindən Patriot 18/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma