ERMƏNİ DEPUTATLARININ MİLLİ MƏCLİSDƏ HƏYASIZLIĞI

Düşmən ölkənin deputatları Bakıda da Qarabağın işğalına haqq qazandırıb
Azərbaycanı borclu çıxarmağa çalışdı, amma onlara tutarlı cavab verən olmadı

Aprelin 2-də Bakıda Avronest Parlament Assambleyasının (PA) 2-ci sessiyası öz işinə başladı. Sessiyaya qurumun İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Avropa Birliyi Siyasətləri ilə Uyğunluq üzrə Komitəsinin və Enerji Təhlükəsizliyi üzrə Komitəsinin Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasları ilə start verildi.

Enerji məsələləri ilə bağlı iclasın həmsədri Fuad Muradov giriş nitqi ilə çıxış edəndən sonra gündəliyi elan etdi və müzakirələr başladı. Tədbirdə iştirak edən ermənilər özlərini sərbəst aparmağa çalışsa da bir sıra hallarda narahatçılıqlarını büruzə verirdilər. Sənaye və energetika naziri Natiq Əliyev enerji ehtiyatları ətrafında məruzə etdi.
İqtisadi komitənin iclasında iştirak edən erməni deputat, Avronest PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan isə Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlıq etdi. Bildirdi ki, Azərbaycan və Ermənistan nümayəndə heyəti iki təklifin hazırlanacaq sənəddən çıxarılması barədə centlmen razılaşması əldə edib.
Ancaq sonrakı müddətdə Azərbaycan və Ermənistan nümayəndələri arasında gərginliklər yaşandı. Siyasi, insan hüquqları və demokratiya məsələləri Komitənin iclasında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov ölkənin Avroatlantik məkana inteqrasiya sahəsində gördüyü işlərdən danışdı: “Amma buna qiyməti mən verə bilmərəm ki, Avropaya inteqrasiya sahəsində addımlarımız nə dərəcədə uğurlu olub”.
Azərbaycanın müstəqilliyini yeni əldə etdiyini deyən XİN rəhbəri Avropaya inteqrasiya yolunda bir sıra çətinliklər olduğunu dilə gətirdi: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 milyona yaxın vətəndaşımız öz yurd-yuvasından çıxarılıb və qaçqın-köçkün halında yaşayır. Azərbaycan öz xarici siyasət kursunu yerləşdiyi coğrafi məkana görə müəyyən edir. Ölkəmiz öz qonşuları ilə sıx münasibətlər qurub. Bu yaxınlarda Rusiya ilə əlaqələrimizin 20 illiyini qeyd edəcəyik. İran və Gürcüstanla əlaqələrimiz yaxşıdır. ARDNŞ Gürcüstanda ən böyük vergiödəyicisidir”.
Bu məqamda söz alan erməni nümayəndə heyətinin üzvü Naira Zoqrabyan E.Məmmədyarova etiraz etdi. Nazirlə erməni deputatlar arasında yaranan dialoqu olduğu kimi təqdim edirik.
Zoqrabyan: – Öz müqəddəratını təyin etmək nə zamandan işğal sayılır? Heç bir işğaldan söhbət gedə bilməz. Biz bir işğal faktı bilirik. Bu da Şaumyan və Mardakertin işğalıdır.
Məmmədyarov: – Azərbaycan torpaqlarının işğal olunması bir reallıqdır. Bunu siz qəbul etməyə bilərsiniz. Amma bunu dünya ictimaiyyəti bilir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmur. Biz Ermənistanla münasibətlərimizi düzəltməyə hazırıq. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında münaqişənin həllini istəyirik. Ermənilər Qarabağda bizimlə birlikdə yaşaya bilər.
Safaryan: – Mən diqqəti Azərbaycanda baş verənlərə yönəltmək istəyirəm. Azərbaycan hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarını pozur. Bu yaxınlarda Bakıda baş verənlərə diqqət etmək kifayətdir. Vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlığı təmin olunmur. Avropa İttifaqı ilə əməkdaşlığa gedən Azərbaycan birinci öz daxilində məsələləri həll etməlidir.
Məmmədyarov: – Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında özü maraqlıdır. Biz bu yolu özümüz seçmişik. Təhsilin Bolonya sisteminə keçməsi, ətraf mühitin qorunması və bir sıra məsələlərdə uğurlarımız olub. Azərbaycanda digər məsələlərin həlli üçün də iradə və istək var.
Müzakirələrə qoşulan deputat Qənirə Paşayeva iclasın keçirildiyi gün – aprelin 2-də Kəlbəcərin ermənilər tərəfindən işğal olunduğunu diqqətə çatdırdı. Ermənistanı ittiham edən deputat bu ölkənin işğalçılıq siyasətinin qınanmasını tələb etdi.
Daha sonra ifadə azadlığının durumu ilə bağlı layihə müzakirə olundu. Gürcüstanlı deputat Fataşvili “Şərq tərəfdaşlığı proqramı”na qoşulan ölkələrdə ifadə azadlığının təmin olunmasının əsas şərtlərdən biri olduğunu dedi. Layihə müəlliflərindən olan Flekteyşin də eyni fikirləri bölüşdü. Sənədin digər müəllifi Əli Hüseynli isə dedi ki, demokratiyanın gələcəyi, medianın azadlığı vacib və əhəmiyyətlidir. Onun sözlərinə görə, müxtəlif dilləri, dinləri təmsil edən insanları birləşdirən yeganə dəyər demokratiya və qanunun aliliyidir. Müzakirələrin sonunda sənəd Avronest PA-nın bu gün keçiriləcək plenar iclasına tövsiyə olundu.

Erməni deputat azərbaycanlı nazirin çıxışını kəsdi

Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ombudsman Elmira Süleymanova, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdi. Misir Mərdanov çıxışında təhsil sahəsində görülən işlərdən danışdı. O, təhsilin inkişafından bəhs edərkən Dağlıq Qarabağın işğal altında olmasına da toxundu. Tədbirdə ilk dəfə bu həqiqəti dilə gətirən M.Mərdanov işğal edilmiş ərazilərdən qaçqın düşən uşaqların təhsilinin normal qaydada davam etdirilməsində problemlərin olduğunu diqqətə çatdırdı. Bu zaman iclasa həmsədrlik edən erməni deputat Artak Zakaryan dərhal digər həmsədr İliana Malinovaya iradını çatdırdı. Malinova isə M.Mərdanovun çıxışını kəsərək bu məsələnin müzakirə predmeti olmadığını dedi. Nazir də “üzr istəyirəm” deyə çıxışını davam etdirdi.
“Azərbaycanda, xüsusilə Milli Məclisdə səmimi və isti şəkildə qarşılanmağımızdan çox məmnunuq. Buna görə də Azərbaycan hökuməti və parlamentinə minnətdarlığımızı bildiririk”. Bunu isə Ermənistanın nümayəndə heyətinin üzvü A.Safaryan bildirdi. Azərbaycanın 20 faizini işğalda saxlayan dövlətin təmsilçisinin təhsil naziri M.Mərdanova ünvanladığı sual isə həyasızlığın son həddi sayıla bilərdi. O, “Doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşı qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Bu hesab edirəm ki, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər” – deyə bildirdi.

A.Safaryanın sualına cavabında isə M.Mərdanov bu kimi məsələləri bu cür tədbirlərdə və ya qısa bir zamanda həll etməyin mümkünsüz olduğunu dedi: “Bu məsələni əslində mütəxəssislər bir araya gəlib, müvafiq araşdırma aparıb həll etməlidir. Mən deyə bilmərəm və bu doğru da olmaz ki, bizdə Ermənistana və ermənilərə dost münasibət olsun. Təsəvvür edin, Qarabağ münaqişəsi nəticəsində bir ailə tamamilə məhv olub və onun cəmi bir üzvü qalıb. O, Ermənistana və ermənilərə necə dost münasibət göstərsin? Cəmiyyətlərimiz arasında çox ciddi uçurum var. Bugünkü tədbir də məhz bu uçurumu aradan qaldırmaq yolunda bir addımdır. Mən bilmirəm, sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb. Odur ki, bu məsələyə bir günün içində və ya bir tədbir çərçivəsində çətin ki, cavab tapmaq mümkün olsun. Bu cür məsələlər mütəxəssislər arasında çox ciddi araşdırmalar tələb edir”.
Əslində bu yerdə digər nümayəndələrimizin də kəsərli fikrinə ehtiyac olsa da bunu nədənsə görmədik.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus təhsil nazirinə tarix kitabları ilə bağlı sual verilməsinə toxundu: “Mən özüm tarixçiyəm. Tarix kitabları sovet vaxtında olduğu kimi qalıb. Sovet vaxtında Kommunist Partiyasının iclaslarının harada və nə vaxt keçirildiyi barədə suallara o vaxt kitablar cavab verirdi, ancaq tarixi öyrənmək o kitablardan mümkün deyildi. İndi də eyni şey baş verir. Heydər Əliyevin ailəsi ilə bağlı sualların hansını versəniz, uşaqlar onlara asanlıqla cavab verəcək. Amma tarixlə bağlı suallara cavab verə bilmirlər, çünki digər dərsliklərdən istifadə etmək mümkün deyil”.

L.Yunus dedi ki, Avropa İttifaqı Gürcüstan, Ermənistan və Azərbaycan tarixçilərinə tarix kitablarını hazırlamaq üçün qrant verir: “Amma biz dərsliklər hazırlasaq da nazirlik o kitabların nəşrinə imkan vermir”.
Hüquq müdafiəçisi vətəndaş cəmiyyəti ilə əməkdaşlığın olmadığını da vurğuladı: “Burada müstəqil QHT olmaq çox çətindir. Ombudsmanla isə ümumiyyətlə əməkdaşlıq yoxdur”.
L.Yunus ölkədə siyasi məhbusların, vicdan məhbuslarının olduğunu dedi və 2005-ci ildən etibarən işgəncə nəticəsində hər il insanların öldüyünü vurğuladı: “Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürsə də heç kim cəzalandırılmayıb. 2008-də 10, 2009-da 12 nəfər işgəncədən ölüb. Bakıda 2009-cu ildən bəri 60 min nəfərin evi dağıdılıb. Bu mənada öz ofisimin də dağıdılmasını misal çəkirəm. Bu, müharibədən də pisdir. Ermənistanla müharibə olanda insanlar gedib silahla mübarizə apara bilirdi. Ancaq hazırda polis işgəncə tətbiq edir, onları döyür, evlər dağıdılır”.

Müsavatçı alimdən ermənilərə “tərs şapalaq”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, Müsavat Partiyasının üzvü Qubad İbadoğlu öncə erməni həmsədrin və digər həmsədr aparıcının nazirin çıxışına yersiz müdaxiləsini cavablandırdı: “Mən bir Azərbaycan vətəndaşı, həm də Qarabağın işğal olunmuş ərazisində doğulub boya-başa çatmış bir azərbaycanlı kimi cənab nazirin təhsil problemləri ilə əlaqədar, məcburi köçkünlərin təhsil sahəsində həmin dövrdə çəkdikləri əziyyətdən danışarkən sizin yersiz replikanıza etiraz etmək istəyirəm. Çünki mənim ailəm, ailə üzvlərim də həmin dövrdə məhz o işğala, o münaqişəyə görə təhsildə əziyyət çəkənlərdəndir. Onların sayı yüz minlərlədir. Ona görə də Azərbaycanın yenidən müstəqilliyinin bərpasından sonrakı müasir təhsil sistemindən danışarkən bu faktı unutmamalıyıq. Çünki bunun təhsil problemlərimizin yaranmasında önəmli yeri var”.
Ardınca Q.İbadoğlu “Avronest”in tədbirində vətəndaş cəmiyyətinin müşahidəçi qismində də olsa iştirakına şərait yaradılmasını təqdir etdi. Bununla belə, o, vətəndaş cəmiyyətinin ölkədə problemlərlə baş-başa qaldığını söylədi. İlk öncə qeydiyyat problemindən bəhs etdi: “Bu gün qeydiyyatında süni problemlər olması səbəbindən vətəndaş cəmiyyəti qurumlarının sayı 3 minə də çatmayıb. Təbii ki, bu, ölkənin potensialı ilə müqayisədə çox aşağıdır. İkinci vacib problem odur ki, bütün qrantlar, daxildə ayrılan vəsaitlər fərqinə varmadan mərkəzləşdirilmiş qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Bu da vətəndaş cəmiyyətinə nəzarət imkanları yaradır. QHT-lərin qeydiyyatı da mərkəzləşmiş qaydada yalnız Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir ki, bu da üzv olduğumuz Avropa Şurasının tələblərinə cavab vermir. QHT-lərin fəaliyyətində də çətinliklər var. Xüsusilə də regionlarda QHT-lərin toplaşmaq, tədbir keçirmək azadlığı pozulur. Bunun üçün çox uzun proseduralar tələb olunur, Prezident Administrasiyasından cavab almaq, icra hakimiyyətləri ilə razılaşmaq lazım gəlir”.
Natiq QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bağlı da irad bildirdi: “Dövlət Dəstəyi Şurası son müsabiqəsi ilə də bir daha göstərdi ki, şuradan müsabiqədən qalib çıxan parlament üzvlərinin say baxımından xüsusi çəkisi qalib çıxan QHT-lərin sayındakı xüsusi çəkisindən çoxdur. Dostumuz Azay Quliyevə (QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri-red.) də demək istəyirəm ki, belə getsə, biz vətəndaş cəmiyyəti olaraq bundan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasını ”Parlamentarilərə Dəstək Şurası” adlandırılmasını təklif edəcəyik. Çünki sizin fəaliyyətinizdən aşkar görünür ki, parlament üzvü olanların vətəndaş cəmiyyəti ilə bağlı bütün təşəbbüslərini dəstəkləyirsiniz”.
YAP-çı deputat Məlahət İbrahimqızı da erməni deputatların iddialarına cavab olaraq dedi ki, həm Qubad İbadoğlu, həm təhsil naziri, onların yaxınları Qarabağ münaqişəsinin ağrılarını yaşamış adamlardır. Bu mənada onların fikirlərinə dözümlü yanaşmaq lazımdır. Bununla belə, M.İbrahimqızı məsələnin dialoq yolu ilə çözülməsinə tərəfdar olduğunu vurğuladı.
İclasın həmsədri Zakaryan isə Qarabağın işğalda olması barədə səslənən fikirlərə cavabında əsl erməni həyasızlığ nümayiş etdirərək Qarabağda ermənilərin 2 min ildir yaşadığını və bundan sonra da yaşayacaqlarını iddia etdi.
Bu fikirlərin cavabı dərhal gəlməli olsa da bu, baş vermədi. Yalnız Avronest üzvü Fərəc Quliyev çıxışı zamanı erməniyə cavab verdi. Amma bu cavab kifayət qədər kəsərli olmadı: “Zakaryanın Qarabağ doğumlu ermənilərlə bağlı replikasına cavab vermək istəyirəm. Bəli, Qarabağda doğulan ermənilər burada 2000 il də yaşaya bilər, hətta Bakıda da 20 mindən artıq erməni yaşayır. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordu çıxdıqdan sonra Azərbaycan özünün erməni əsilli vətəndaşlarının bütün, o cümlədən yaşayış hüquqlarını müdafiə etməyə hazırdır”.
Vahan Ovanesyan iclasdan sonra jurnalistlərə dedi ki, Azərbaycan tərəfi dəfələrlə əvvəlki status-kvo vəziyyətinə – münaqişə başlanan dövrə qədərki vəziyyətə qayıtmaq istədiyini deyib: “Azərbaycan bu münaqişənin yalnız Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq qalması şərti ilə həllində maraqlı olduğunu bildirir, bunun müqabilində isə hansısa muxtariyyət məsələsindən söhbət açılır. Bununla isə kompromisə getmək mümkün deyil. Ermənistan münaqişənin həllində irəliyə doğru addım ata bilər, ancaq o şərtlə ki, Azərbaycan bircə dəfə güzəştə getməyə hazır olduğunu desin”.
Qeyd edək ki, bu gün büro iclası keçiriləcək. İclasda prezident İlham Əliyevin çıxışı da gözlənilir. İki gün davam edəcək iclasda Avropa Birliyinin “Şərq tərəfdaşlığı proqramı”nın iştirakçısı olan ölkələr – Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçiləri iştirak edir.

~ tərəfindən Patriot 03/04/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma