ƏSƏD “UŞAQ QATİLİ” ELAN OLUNDU

Bashar-al-Assad

BMT təmsilçisi Suriya diktatorunun ədalət qarşısında cavab verəcəyini bəyan etdi

Suriyada gərginlik davam edir. Bəşər Əsədin əmrindəki əsgərlər ölkənin mərkəzində yerləşən Kalaat əl-Madik şəhərinə və ətrafdakı yaşayış məntəqələrinə hücum ediblər. Hökumət qüvvələri Kalaat əl-Madiki iki həftə mühasirədə saxladıqdan sonra şəhərə hücuma keçiblər.
Hücuma yüzlərlə hərbçi və zirehli texnika cəlb olunub. Etirazçılar şəhəri tərk etməyərək hökumət qüvvələrilə qarşıdurmaya gedib. Yayılan məlumatlara görə, üsyançılar hökumət qüvvələrinin zirehli texnikasını zərərsizləşdirməyi bacarıblar. Hökumət qüvvələri həmçinin Livan ərazisinə keçən qaçqınların yerləşdiyi bölgələri atəşə tutub.
BMT-nin insan haqları üzrə nümayəndəsi Nevi Pilay “BBC”yə müsahibəsində bildirib ki, Bəşər Əsəd rejimi qəsdən və sistemli şəkildə uşaqları hədəfə alır. Təşkilat rəsmisi təhlükəsizlik qüvvələrinin saxladığı yüzlərlə uşağın taleyindən narahat olduğunu, onların işgəncələrə məruz qaldığını və qeyri-insani şəraitdə yaşadıqlarını söyləyib. Nevi Pilay Bəşər Əsədin və onun əmrindəki təhlükəsizlik qüvvələrinin zorakılıqlarına görə ədalət qarşısında cavab verəcəyini deyib. Nümayəndə onu da əlavə edib ki, BMT Təhlükəsizlik Şurasında Suriya məsələsini Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etmək üçün kifayət qədər mötəbər məlumatlar var.
Kofi Annanın hazırladığı və Suriyadakı böhranın aradan qaldırılmasını nəzərdə tutan planı Bəşər Əsədin qəbul etməsinə münasibət birmənalı deyil. ABŞ dövlət katibi Hillari Klinton Ağ evdə çıxışı zamanı bildirib ki, o, Suriya hökumətinin həqiqətən də atəşkəsə nail olmaq istəyini Bəşər Əsədin real addımlarıyla müşahidə etmək istəyir: “Əsədin bundan əvvəlki vədlərini nəzərə alaraq düşünürəm ki, verilən qərarların səmimi olduğunu sübut etmək üçün hökumət dərhal onları reallaşdırmalı və özünün sülh niyyətini bariz şəkildə nümayiş etdirməlidir”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Əsəd Annan planını qəbul etsə də, o, Suriya diktatorunun səmimiyyətinə inanmır: “Əsədə bundan sonra inanmıram. Çox məsələlərdə bizə çox yalanlar söyləyib”.
BMT-nin baş katibi Pan Gi Mun Bəşər Əsədə müraciət edərək Annan planında göstərilənləri dərhal yerinə yetirməyə çağırıb. Istanbulda keçirilməsi planlaşdırılan “Suriyanın dostları” konfransıyla bağlı Suriya Milli Şurasının iclası baş tutub. Toplantıda çıxış edən Milli Şuranın nümayəndəsi Corc Sabra bildirib ki, yeni Suriya demokratik və daha firavan ölkə olacaq. Onun sözlərinə görə, ölkənin yeni konstitusiyasına əsasən, əhali arasında dinindən və irqindən asılı olmayaraq, hər kəs bərabər hüquqla təmin ediləcək.
Şuranın lideri Burhan Qaliun isə qeyd edib ki, nəhayət, Suriya müxalifəti Bəşər Əsəd rejiminə qarşı vahid mövqedən çıxış etməyə razılıq verib: “Biz rejimə qarşı bir mövqedən çıxış etməyin vacibliyilə bağlı müzakirələr apardıq və Suriyanın gələcəyi naminə birləşməyə qərar verdik. Həmçinin, müxalifətin bütün üzvlərinin Şurada təmsil olunması üçün onun yenidən qurulmasına razılıq verdik”.

~ tərəfindən Patriot 29/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin