BAKIDA SABAH MİTİNQDİR

Gənclər xalqı meydana səslədi

Sabah 9 gənclər təşkilatının (Gənclərin Hüquqlarını Müdafiə Komitəsi) birgə təşkilatçılığı ilə Bakıda mitinq keçiriləcək. Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmış mitinq Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydanda olacaq. Mitinqdə əsasən AXCP, VHP, Müsavat, ADP, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “İnsan Haqları” gənclər təşkilatlarının fəalları və bitərəf gənclər iştirakı edəcəklər. Lakin mitinq bütün təbəqələr üçün açıqdır və təşkilatçılar arzulayanları aksiyada iştiraka səsləyir.

«Azərbaycan gəncliyinin gücünü göstərməliyik»

Mitinqə hazırlıq görülür

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı mitinqə hazırlıq işlərinin tam başa çatdığını bildirir. Onun sözlərinə görə, sosial şəbəkələrdə təxminən 15 min aktiv istifadəçiyə mitinqdə iştirak üçün dəvət göndərilib, mindən artıq istifadəçi artıq aksiyada iştirak edəcəyini bildirib. «Sabah Azərbaycan gəncliyinin birgə aksiyasıdır. Biz çox istəyirik ki, Azərbaycan gəncliyi gələcəyinin necə olacağını özü müəyyənləşdirsin. Bunun üçün də vətəninin gələcəyinin taleyinə baganə qalmayan hər kəsi aksiyada gözləyirik. Bu aksiya ilə biz Azərbaycan gəncliyinin gücünü göstərməliyik», – deyə Ə.Qurbanlı mitinqin önəmindən danışıb.

«Hamı haqq və ədalət uğrunda meydanlarda olmalıdır»

Mitinqə hazırlıq görülür

Aksiyaya təşkilatlarının tam hazır olduğunu deyən VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli hesab edir ki, gənclərin sabahkı aksiyası yaddaşlarda uzun müddət qalacaq. “Bu ölkə hamımızındır” deyən S.Əsədli vurğuladı ki, bu gün ölkədə baş verənlərə biganə qalmaq olmaz: «Biz dövlət büdcəsinin talan edilməsinə, qanunların pozulmasına, ölkənin avtoritar üsulla idarə olunmasına, evlərimizin başımıza uçurulmasına, təhsil və səhiyyəmizin bərbad gündə olmasına, torpaqların hələ də işğaldan azad edilməməsinə dözə bilmərik. Haqq və hüquqlarımızı tələb etməliyik, onlara sahib çıxmalıyıq. Hamı 17 martda haqq və ədalət uğrunda meydanlarda olmalıdır».

«Vətənini, millətini sevən hər kəs aksiyaya gəlməlidir»

Mitinqə hazırlıq görülür

Müsavat Gənclər Təşkilatının sədr əvəzi Səxavət Soltanlı hazırkı rejimin yürütdüyü siyasətin yaratdığı çətinliklərdən əziyyət çəkən bütün gəncləri aksiyada fəal iştirak etməyə səslədi. Azərbaycan siyasi məhbus probleminin çözülməsini, rüşvətsiz təhsil sisteminin olmasını, insan haqlarının qorunmasını istəyən bütün gəncləri aksiyaya dəvət edən S.Soltanlı bildirdi ki, sabah gənclərin 15.00-da toplaşacağı məkan Azərbaycanın gələcəyini parlaq görmək istəyənlərin yeridir: «Mən vətənini, millətini sevən hər bir Azərbaycan gəncini sabah aktiv olmağa səsləyirəm. Hər bir gənc öz dostları və tanışları ilə aksiyaya gəlməli, ölkəmizin gələcəyi ilə bağlı düşüncələri bölüşməlidir».

«Bu, bir başlanğıcdır»

Yeddi illik fasilədən sonra sabahkı aksiyanın demokratik qüvvələrin ilk aksiyası olacağını deyən “Nida” Vətəndaş Hrəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı bu sükutu məhz gənclərin pozmasını sevindirici hal sayır: «Gəncləri sabahkı aksiyaya səsləyirik. Amma bu aksiyada eyni zamanda yaşlı nəslin nümayəndələri də iştirak edə bilərlər. Bu, bir başlanğıcdır. Sabahkı aksiyadan nəticə çıxararaq, gələcək addımlarımızı müəyyənləşdirəcəyik».

“Azərbaycan gəncliyi gələcəyinə biganə deyil”

Mitinqə hazırlıq görülür

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev də mitinqə yüksək səviyyədə hazırlaşdıqlarını deyir. Gənclər metro stansiyalarının çıxışında, avtobuslarda 17 mart mitinqinə çağırışla bağlı vərəqələr paylayıb, lazım olan başqa tədbirlər görüblər.
C.Hacıyev deyir ki, gənclərin mitinq təşəbbüsü Azərbaycan cəmiyyətinin hazırkı narahat dolu durumundan irəli gəlir: «Biz nümayiş etdirmək istəiyrik ki, Azərbaycan gəncliyi öz gələcəyinə, ölkənin taleyinə biganə deyil. Ona görə aksiyamızın şüarları olaraq «Rüşvətə yox», «Rüşvətsiz təhsil», «Siyasi məhbuslara azadlıq» seçmişik. Düşünürəm ki, sabahkı aksiya gənclərin fəal iştirakı ilə, yüksək səviyyədə keçəcək».

“Bu, bir imkandır, gəlib azadlığı dadsınlar”

«Müsbət Dəyişiklik» İdarə Heyətinin üzvü Rəşad Həsənov da diqqəti uzun müddətdir ölkədə sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya çəkdi. R.Həsənov sabahkı aksiyanı bir fürsək kimi dəyərləndirdi: «Bu aksiya gənclərin mövqelərini cəmiyyətə çatdırmaq üçün bir imkandır. Bununla biz Azərbaycan gəncliyinin ölkəni necə görmək istədiyini nümayiş etdirmək istəiyrik. Mən aksiyaya daha çox 25 yaş altındakı gəncləri dəvət edirəm. Çünki aksiyalara yeddi il əvvəl qadağa qoyulanda onların 18 yaşı var idi.  Qoy bu yaşda olan gənclər gəlib azadlığın necə olduğunu az da olsa dadsınlar».

***

Aksiyaya ciddi hazırlıq gedir, sosial şəbəkələrdə mitinqlə bağlı çağırışlar, videroliklər yayılır

Bakı Şəhər Icra Hakimiyyəti Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin 17 mart mitinqinə icazə verib. Icra hakimiyyəti aksiyanın Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi ilə razılaşıb.
Dünən axşam saatlarında Müdafiə Komitəsinin aksiyaya hazırlıqla bağlı geniştərkibli toplantısı keçirilib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sözlərinə görə, iclasda aksiya ilə bağlı müzakirələr aparılıb və bəzi qərarlar qəbul olunub: “Mitinqimizi saat 15-dən 17-dək Bayıl qəsəbəsindəki sürücülük məktəbinin həyətində keçirəcəyik. Amma aksiya iştirakçılarına tövsiyə edirik ki, vaxtından  əvvəl gəlsinlər. Çünki süni tıxac yaratmaqla aksiyanın kütləviliyinin qarşısını ala bilərlər”.

“17 mart – azadlıq və demokratiya uğrunda”

Mitinqə hazırlıq görülür

Ə.Qurbanlının sözlərinə görə, mitinqə iki minə yaxın gəncin qatılması gözlənilir: “Mitinq üçün şüarlarımız, plakatlarımız hazırdır. Insanların mitinqə gəlməyini asanlışdırmaq üçün marşrutları müəyyənləşdiririk. Mitinqdə növbə ilə gənclər təşkilatlarının nümayəndələrinin çıxışları olacaq. Çıxışçıları artıq müəyyənləşdirmişik. Bundan sonra musiqili hissə olacaq. Hazırda aksiyanıni təhlükəsizliyi məsələsini də müzakirə edirik. Hazırlıq işləri qaydasında gedir. Istəyirik ki, bütün gənclərini diqqətinə və rəğbətinə səbəb olan bir aksiya keçirək. Bu aksiyadan istifadə edib öz mesajlarımızı verək”.
Komitə sədri mitinqlə bağlı sosial şəbəkələrdə keçirdikləri virtual aksiyalara da aydınlıq gətirdi: “Virtual tədbirlərimizi daha da genişləndiririk. Son günə qədər sosial şəbəkələrdə mitinqə çağırışlar edəcəyik. Artıq on mindən çox adama dəvət göndərilib, onların bir hissəsi mitinqə qoşulmaqla bağlı qərarını verib. Sosial şəbəkələrdən ”17 mart-haqqını tələb et!”, “17 mart – azadlıq və demokratiya uğrunda” başlıqlı iki videorolikimiz yayılıb. Orada da mitinqə çağırışlar yer alıb. Gənclərimiz aksiya ilə bağlı maraqlı bloq yazıları da yazıblar ki, bu mitinqləri keçirmək niyə vacibdir. Əminəm ki, bu aksiyada fəal Azərbaycan gəncliyi öz sözünü layiqincə deyəcək”.

“Rüşvətə yox!”, “Siyasi məhbuslara azadlıq!”

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin həmsədri, “Nida” Vətəndaş Hərəkatı Idarə Heyətinin üzvü, Turqut Qəmbər bildirib ki, mitinqdə “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirmək nəzərdə tutulur.
VHP Gənclər Təşkilatının sədri Samir Əsədli isə bildirib ki, aksiyada ölkənin müstəqil və müxalif gənclər təşkilatlarının təxminən iki minə yaxın üzvünün iştirakı gözlənilir.
“Azad Gənclik” müstəqil gənclər qurumunun rəhbəri Ülvi Həsənli isə bildirib ki, hazırda aksiyanın kütləviliyi üçün hazırlıqlar gedir. Onun sözlərinə görə, hazırda bütün müstəqil gənclər qurumlarına bu aksiyada iştirak etmələri üçün  müraciətlər ünvanlanır.
Qeyd edək ki, mitinqi təşkil edən Müdafiə Komitəsində AXCP, Müsavat, ADP və VHP-nin gənclər təşkilatları, “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” qurumları təmsil olunur.

~ tərəfindən Patriot 16/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma