ALMAN NAZİR MÜXALİFƏTLƏ GÖRÜŞDÜ

Almaniya XİN başçısı müxalifətlə nələri müzakirə etdi?

Azərbaycanda səfərdə olan Almaniyanın Xarici İşlər Naziri Gido Vestervelle müxalifət liderləri, siyasi ekspertlər və hüquq müdafiəçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşə müxalifət liderləri olaraq AXCP sədri Əli Kərimli və İsa Qəmbər, siyasi ekspertlər qismində İlqar Məmmədov və Ərəstun Oruclu, hüquq müdafiəçiləri kimi isə Leyla Yunus və Eynulla Fətullayev dəvət edilib.

Görüşdə müzakirə olunan məsələlər barədə məlumat almaq üçün AXCP sədri Əli Kərimliyə müraciət etdik.  Ə.Kərimli bildirdi ki, əsasən iki ölkə arasındakı münasibətlər, Azərbaycan Avropa Birliyi əlaqələri, eləcə də ölkədəki hazırkı ictimai-siyasi vəziyyət müzakirə olunub.
“Görüşdə Azərbaycanın demokratik keçmişə sahib olduğu xatırlandı. Qeyd olundu ki, Azərbaycan xalqı öz ərazisində iki dəfə demokratik respublika qurub və hər iki dəfə məhz xarici təzyiqlər nəticəsində həmin demokratik rejimlər devrilib. İndi üçüncü dəfə demokratiyanı bərqərar etmək üçün mübarizə aparırıq. Bu isə o deməkdir ki, Azərbaycan xalqının ciddi demokratik potensialı və ənənəsi var. Azərbaycan xalqı faktiki demokratik dəyişikliklər üçün hazırdır. Amma çox təəssüf ki, mövcud hakimiyyət bu demokratik dəyişikliklərin qarşısını alır», – deyə AXCP sədri bildirdi.
Almaniya XİN başçısının diqqətinə çatdırılıb ki, Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti demokratik dəyişikliklərin məhz dinc, islahatlar yolu ilə aparılmasına tərəfdardır. Görüş iştirakçıları islahatlara mane olan problemlər barədə də fikirlərini bölüşüblər.
Ə.Kərimlinin sözlərinə görə, görüşdə vicdan məhbusları və siyasi dustaqlar, onların taleyi, siyasi partiyalara, vətəndaş cəmiyyətinə, mətbuata olan basqılar xüsusi müzakirə predmeti olub. Vurğulanıb ki, bütün bunlar Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğun deyil.
Görüş iştirakçıları bildiriblər ki, bu gün Avropa mediası və hüquq müdafiə təşkilatları Azərbaycandakı həqiqətlər barədə açıq danışırlar. Yaxşı olar ki, Avropa siyasətçiləri və diplomatları da bu problemləri Azərbaycan rəhbərliyi ilə açıq danışıb, müzakirə etsinlər.
«Görüşdə Azərbaycan cəmiyyətinin demokratik dəyişikliklərə can atdığı vurğulandı və bizim məhz öz gücümüz, daxili potensialımızla ölkədə demokratik dəyişikliklərə nail olacağımızı ifadə etdik. Eyni zamanda Azərbaycanın perspektivinin Avropada təsəvvür olunduğunu və xalqın böyük əksəriyyətinin ölkəni gələcəkdə Avropa Birliyində gördüyünü vurğuladıq», – deyə AXCP sədri qeyd etdi.
Almaniyanın xarici işlər naziri öz növbəsində Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini söyləyərək, ölkəmizin demokratikləşməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildirib ki, Almaniya ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi önəm verir və zaman keçdikcə bu önəm daha da artacaq..

***

Almaniya XİN başçısı Bakıya ilginc mesajla gəldi

Vestervelle: “Eurovision” Mahnı Müsabiqəsindən ölkədə insan haqlarının müdafiəsi üçün istifadə olunmalıdır”

“Bu il Azərbaycanda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsindən ölkədə insan haqlarının müdafiəsi üçün forum kimi istifadə olunmalıdır”. Bu sözləri Cənubi Qafqaza səfərə gələn Almaniyanın xarici işlər naziri Guido Vestervelle martın 14-də, səfərdən əvvəl öz ölkəsinin jurnalistlərinə bildirib.
Xatırladaq ki, Vestervelle martın 14-də Bakıya gəlib və bu gün burada görüşlərini başa vuraraq Gürcüstan və Ermənistana yollanacaq.
Almaniyanın populyar “Spigel” dərgisi yazıb ki, nazir Guido Vestervelle həm bu ilin mayında Azərbaycanda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsindən, həm də iyunda Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatından həmin ölkələrdə sivil hüquqların tapdalanmasına qarşı etirazlar üçün istifadə edilməli olduğunu deyib.
Almaniya XİN başçısının dedikləri haqda “Spiegel”in hazırladığı məqaləni “BBC Azərbaycanca” təqdim edib.
“Spiegel”in yazdığına görə, Vestervelle Almaniyanın başqa bir populyar nəşri “Die Welt” qəzetinə müsahibəsində bildirib: “Biz bu tədbirlərdən öz demokratik dəyərlərimizi irəli çəkmək və insanlarla müzakirələr aparmaq məqsədilə tənqidi ictimai forum yaratmaq üçün istifadə etməliyik”.
Ancaq nazir boykotun əleyhinə olduğunu da deyib: “Mən futbol turniri və mahnı müsabiqəsi kimi tədbirlərin düşünülmədən boykot olunması çağrışlarının əleyhinəyəm”.
“Spiegel” xatırladır ki, naziri Qafqaz regionuna səfərdə müşaiyət edən Almaniya hökumətinin insan haqları üzrə nümayəndəsi Markus Löning əvvəllər rəsmi Bakını insan haqlarının vəziyyətinə görə tənqid edərək Azərbaycanın azad ölkə olmadığını, burada müxalifətə təzyiq edildiyini və seçkilərin azad keçirilmədiyini deyib.
“Süddeutsche Zeitung” qəzetinə fevral ayında verdiyi müsahibəsində Löning Bakıya müraciət edərək mahnı müsabiqəsindən öncə bütün siyasi məhbusları buraxmağa çağırmışdı”, – deyə “Spiegel” qeyd edib.
Məqalədə daha sonra deyilir ki, “Sərhədsiz Reportyorlar” Almaniya XİN başçısını Azərbaycan hökumət rəsmilərilə danışıqları zamanı siyasi məhbusların azad olunmasını tələb etməlidir: “Bu mahnı müsabiqəsi bir Avropa yarışıdır və azadlıq və demokratiya kimi Avropa dəyərlərinə əsaslanmalıdır. Ona görə də, biz Azərbaycanda həmin dəyərlər uğrunda qorxu mühitində və çox zaman həyatlarını təhlükə altına qoyaraq mübarizə aparanlar qarşısında xüsusi məsuliyyət daşıyırıq” – təşkilat nazirə açıq məktubunda deyib”.

~ tərəfindən Patriot 16/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma