KÜTLƏVİ AKSİYALARA HAZIRLIQ BAŞLADILDI (VİDEO)

Regional liderlər Bakıda toplandı; ölkə boyu kütləvi aksiyalara hazırlıq gündəmə gətirildi

Ictimai Palatanın (IP) regional şöbələrinin dünən ümumrespublika müşavirəsi keçirildi. Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında baş tutan tədbirin aparıcısı, IP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirdi ki, müşavirənin keçirilməsində məqsəd regional təşkilatların işinin mərkəzləşdirilməsi, daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılması, təkliflərin irəli sürülməsidir. M.Vəzir həmçinin məlumat verdi ki, Ziyalılar Forumu ilə Ictimai Palata birgə tədbir keçirməyi planlaşdırır. Tədbir ölkədə hakimiyyətin ictimai rəyə qəbul etdirməyə çalışdığı “müxalif fikirli olmaq – xalq düşməni olmaq deməkdir” fikrinə qarşı olacaq. IP Koordinasiya Şurasının üzvü, Regional Təşkilatlanma Komissiyasının koordinatoru Vidadi Mirkamal məlumat verdi ki, indiyədək 42 rayonda IP-in şöbələri yaradılıb. Yerli icra hakimiyyəti və polis orqanlarının regionlarda təşkilatlanmaya ciddi maneələr yaratdığını deyən V.Mirkamal təşkilatlanmanın sürətləndirilməsi üçün təkliflərini də irəli sürdü.

Xalq üçün xalqla…

IP KŞ-nın üzvü, AXCP sədri Əli Kərimli qarşıda duran vəzifələri barədə əhatəli çıxış etdi. O bildirdi ki, bu il üçün qəbul edilən fəaliyyət proqramında regional şöbələrin üzərinə böyük iş düşür. 2012-ci ili ölkə və region üçün olduqca mühüm dövr adlandıran AXCP sədri qeyd etdi ki, ölkədə vətəndaşların narazılığı günü-gündən artır, dünyada gedən demokratikləşmə prosesi sərhədlərimizə çatıb. IP bu ili “Yeni Xalq Hərəkatının başlaması ili” elan etməklə doğru qərar verib.
Bu vaxta qədər Azərbaycan müxalifətinin ləqayətli mübarizə nümunələri yaratdığını deyən və bunu böyük qəhrəmanlıq kimi dəyərləndirən Əli Kərimli təcrübəyə əsaslanaraq bildirdi ki, xalqı avtoritarizmdən xilas etmək, köklü dəyişikliklərin həyata keçməsi üçün daha vacib iş mübarizədə həmrəyliyə nail olmaqdır.

Rejim xalqın qollarında buxov, ayaqlarında yükdür

Əli Kərimlinin sözlərinə görə, yeni xalq hərəkatının başlanması üçün imkanlar getdikcə artır: “Bu gün ölkədə  məqsədyönlü şəkildə elə bir kadr siyasəti aparılır ki, ən mənəviyyatsızlar, ən səviyyəsizlər, ən qeyri-peşəkarlar  seçilib vəzifəyə təyin olunurlar. Ölkənin hər yerində xalqa qarşı saymamazlıq nümayiş etdirən insanlar hökuməti təmsil edirlər. Hər yerdə insanlar sayılmamaqdan, rüşvətdən, saxtakarlıqdan əziyyət çəkir və bu da aktiv hərəkətə keçmək üçün əsaslar yaradır”.
AXCP sədri onu da qeyd etdi ki, Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə ifşası davam edir: “Nüfuzlu media orqanları hər həftə hakimiyyətin repressiyalarından, korrupsiya əməllərindən yazır. Biz görürük ki, rejim təkcə  xalqımızın qollarında buxova yox, həm də ayaqlarında yükə çevrilib”.
Əli Kərimlinin sözlərinə görə, ölkənin imicini bərbad edən Azərbaycan hakimiyyətinə qarşı dünyanın bütün mütərəqqi qurumları çağırış edir, mesajlar verilir. Bu mesajlar xalqın mütləq əksəriyyətinin istəklərilə üst-üstə düşür. Çünki o mesajlarda Azərbaycanın cəngəllik qanunları ilə idarə olunmasına son qoyulması çağırışı var.

Aksiyaların astanasında

AXCP sədri dedi ki, IP-in həftə sonu keçiriləcək sessiyasında aksiyaların dəqiq tarixləri müəyyənləşəcək. O bildirdi ki, bu aksiyalar həm girovluqdakı vicdan məhbuslarının azadlığını, həm də demokratik açılımı sürətləndirməlidir. Əli Kərimlinin fikrincə, 2013-cü il seçkilərinin nəticələrini 2012-ci ildə görüləcək işlər müəyyənləşdirəcək: “Ciddi işləməsək, ölkədə seçki islahatları olmasa, növbəti seçkini gözləməyin mənası yoxdur”.

Quba dərsləri

Quba üsyanından ilk növbədə idarəetmə böhranı keçirən hakimiyyətin dərs götürməli olduğunu deyən AXCP sədri eyni zamanda müxalifətin də o hadisələrdən özü üçün nəticə çıxarmasının vacibliyindən danışdı. O bildirdi ki, hökumət müxalifətin dinc, sivil yolla demokratik dəyişikliklərə dair çağırışlarını qulaqardı etdikcə Azərbaycanın hər yeri günlərin birində Quba olacaq və xalq, dəyişikliyi özü bildiyi kimi edəcək.

“Amma biz istəyirik ki, dəyişikliklər Ictimai Palatanın  təqdim etdiyi ”Yol xəritəsi” üzrə qansız baş versin. Bu isə hökumətlə yanaşı, bizdən də asılıdır. Biz güclü, kütləvi olsaq, daha çox təbəqələri ətrafımıza cəlb edə bilsək, daha çox çalışsaq, hökumət bizi dinləməyə və islahatın önünü açmağa məcbur olacaq”, – deyə AXCP sədri vurğuladı.

Gəncləşməli…

Əli Kərimli bu istiqamətdə təkliflərini də səsləndirdi. Onun sözlərinə görə, IP-in yerli şöbələri proseslərə seyrçi mövqedən yanaşmamalı, tez-tez toplanmalı, keçmiş hərəkatçıları, biznes sahəsində qanunsuzluqlarla üzləşənləri, ziyalıları ətrafına cəlb etməlidir.
AXCP sədri xüsusən, müxalifətin daxildən yenilənməyinin vacibliyini vurğuladı. O bildirdi ki, Bakıda IP ətrafında mütərəqqi, intellektual gənclik formalaşıb və bu proses davam etməkdədir. Regionlarda da analoji prosesin həyata keçirilməsinə çalışılmalıdır.
Əli Kərimli çıxışında IP tərəfdarlarını internet və yeni medianın imkanlarından səmərəli istifadəyə səslədi.

AXCP sədri çıxışının sonunda qeyd etdi ki, Azərbaycan xalqı əsas müxalif mərkəz kimi, Ictimai Palatanı qəbul etməklə onlara qeyri-rəsmi vəzifə həvalə edib. O, bu vəzifənin xalqı ləyaqətlə təmsil edərək qələbəyə çatdırmaqdan ibarət olduğunu dedi. Əli Kərimlinin sözlərinə görə, bunun da yolu xalqla sıx işləməkdən keçir: “Bir halda ki, Azərbaycanın heç bir bölgəsi Qubada baş verənlərdən sığortalanmayıb, ona görə də yerli şöbələrimiz belə situasiyalara hazır olmalıdır. Ictimai Palatanın təmsilçiləri öz regionlarındakı sosial problemlərə önəm verməli, problemlərə sahiblənməlidir”.
Əli Kərimli əminliyini ifadə etdi ki, artıq Azərbaycanda da dəyişikliklər uzaqda deyil: “18 illik mübarizəniz izsiz qalmayıb, xalqımız daxili və beynəlxalq şərtlərə görə bu dəyişikliklərə hazırdır. Bizim işimiz prosesi sürətləndirmək və daha sivil, xalqa yaraşan formada bu dəyişiklikləri həyata keçirməkdir”.

Ictimai Palata ümumrespublika aksiyasına hazırlaşır

IP KŞ üzvü Pənah Hüseyn məlumat verdi ki, IP ümumrespublika aksiyasına hazırlaşır. Bu məqsədlə Bakı Şəhər Icra Hakimiyyətinə müraciət olunacaq.
Sabiq baş nazir Quba hadisələrinə də toxundu. Onun fikrincə, Qubada baş verən etirazların davamı mütləq gələcək.
IP üzvü Seymur Həzi müxalifətin xalqla əlaqəsinin zəifliyindən gileylənərək, bu istiqamətdə tədbirlərin gücləndirilməsini təklif etdi.

IP-in Ismayıllı şöbəsinin üzvü Məzahir Şahvələdov təkcə Qubada deyil, bütün bölgələrdə vəziyyətin acınacaqlı olduğunu, yerli icra hakimiyyətinin adi toplantılara belə, imkan vermədiklərini diqqətə çatdırdı: “Ismayıllıda daha ağır vəziyyətdir. Şəxsən mənə xəbərdarlıq ediblər ki, geri qayıtsan, həbs olunacaqsan. Şəxsi mənzillərdə belə, toplantı keçirməyə polis imkan vermir”.
AXCP sədrinin müavini Asəf Quliyev isə kütləvi aksiyaların keçirilməsinin tərəfdarıdır. Amma hesab edir ki, bu aksiyalar razılaşdırılmış olmalıdır.

IP Imişli şöbəsindən Əli Qasımov isə hesab edir ki, gənclərlə iş gücləndirilməlidir.
Hacıqabul şöbəsindən Zahidağa Səmədov da hesab edir ki, hər an digər rayonlarda da Quba hadisələri təkrarlana bilər.
Lerikdən gəlmiş şəhid atası Əsgər Kərimov, Laçın şöbəsindən Pərviz Məlikov, Saatlı şöbəsindən Namiq Kazımov, Ağstafa şöbəsindən Sövdayar Mursaqulov və digərləri fikirlərini bölüşdülər.

Ölkədə hər gün sosial partlayış gözlənilir

Müşavirədə sonuncu çıxışçı Müsavat başqanı Isa Qəmbər oldu. Dünən Məhəmməd Əmin Rəsulzadənin vəfatı günü olduğundan Isa Qəmbərin təklifilə ulu öndərin xatirəsi 1 dəqiqəlik sayğı duruşuyla yad edildi.

Müsavat başqanı Quba hadisələrinə toxunaraq bildirdi ki, bu olaylar ölkədə baş verə biləcək hadisələrin kiçik bir modelidir. Çünki bütün ölkə bərbad vəziyyətdədir: “Bu ölkədə hər gün sosial partlayış gözlənilir. Bir ildən çoxdur Ictimai Palata bunu deyir, amma hakimiyyət tərpənmir. Bu hakimiyyətin qaldığı hər bir gün Azərbaycana böyük fəlakətlər vəd edir. Sən demə, dövlət başçısı tapşırıbmış ki, xalqa güllə atılmasın… Deməli, Ilham Əliyevin yanında müzakirə olunub ki, xalqa güllə ataq, yoxsa yox. Müzakirə olunubsa, deməli, kimsə belə bir təklif verib. Mən o adamlara xəbərdarlıq edirəm ki, diqqətli olsunlar, axmaqlıq eləməsinlər. Məsuliyyətdən qaça bilməyəcəklər”.
IP-in vəzifələri, regional təşkilatlarının inkişafı barədə müşavirədə irəli sürülən təkliflərin dəyərləndiriləcəyini deyən Isa Qəmbər də yaxın vaxtlarda kütləvi etiraz aksiyalarına başlamağın tərəfdarıdır.
Sonda Mehriban Vəzir bildirdi ki, regional təşkilatlanma və fəallaşma ilə bağlı müşavirədə irəli sürülən təkliflər nəzərdən keçiriləcək və tətbiqi istiqamətində addımlar atılacaq.

~ tərəfindən Patriot 09/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma